Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 064 (Preaching in Cyprus)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
A - BİRİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 13:1 - 14:28)

2. Müjdənin Kipr adasına yayılması (Həvarilərin İşləri 13:4-12)


HƏVARİLƏRİN İŞLƏRİ 13:4-12
4 Müqəddəs Ruhun əmri ilə yola çıxan Barnaba və Şaul Selevkiyaya getdi və oradan da gəmi ilə Kiprə getdi. 5 Salamisə çatanda Yəhudilərin sinaqoqlarında Allahın kəlamını bəyan etməyə başladılar. Yəhya isə onların köməkçisi idi. 6 Adanı başdan-başa gəzərək Pafosa çatdılar. Orada Baryeşu adlı bir Yəhudi cadugər və yalançı peyğəmbərə rast gəldilər. 7 Baryeşu vali Sergi Paula yaxın adam idi. Ağıllı kişi olan vali Barnaba ilə Şaulu çağırtdırıb Allahın kəlamına qulaq asmaq istədi. 8 Lakin adı cadugər mənasını verən Elima, yəni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı. 9 Lakin Müqəddəs Ruhla dolan Şaul, yəni Paul gözlərini Elimaya dikib 10 dedi: «Ey iblis oğlu, ürəyin hər cür hiylə və fırıldaqla doludur. Ey salehliyə tamamilə düşmən kəsilən, Rəbbin haqq yolunu əyri qələmə verməkdən əl çəkməyəcəksənmi? 11 İndi isə bax, sənin üstünə Rəbbin əli gəlir. Kor olacaqsan, bir müddət gün işığı görməyəcəksən». O anda həmin adamın üzərinə bir duman, bir qaranlıq çökdü. Ora-bura gəzərək kimisə axtarırdı ki, onun əlindən tutub yol göstərsin. 12 Olanları görən vali Rəbbin təliminə təəccübləndi və iman etdi.

Müqəddəs Ruh bu iki həvarini göndərib istiqamətləndirdi və kömək etdi, çünki onlar Rəbb İsanın adını izzətləndirirdi. İlk öncə Ruh onları Antakyadan 25 kilometr uzaqlığında yerləşən liman şəhəri Selevkiyaya yönəltdi. Orada bu iki həvari onları müşayiət edən qardaşlarla birlikdə diz çöküb dua etdikdən sonra gəmiyə minib Barnabanın vətəni Kirpə yola çıxdılar. Barnaba o adanı yaxşı tanıyırdı və onlar elə bilmişdi ki, yerli camaat onlardan Müjdəni yaxşı qəbul edəcək.

Kiprin şərqi sahilindəki Salamis şəhərinə gəlib-çatdıqları vaxt bazarda bütpərəstlərlə söhbət etmədilər, amma yəhudi sinaqoqunda Allahın Kəlamını yaydılar. Aralıq dənizinin ən uzaq şərqi hissəsində yerləşən bu adada Allahın qədim xalqından çox adam yaşayırdı. Lakin Kiprdə İsa Məsihə iman gətirmiş, yaxud Onu nifrətlə rədd etmiş yəhudilər haqqında heç nə yazılmayıb. Elə təəssürat yaranır ki, oranın sakinləri içində bu məsihi müjdəçilərə əhəmiyyət verən bir adam belə olmayıb. Kiprlilər adalarına qəribə ideyalar gətirən çoxlu səyahətçilərə öyrəşmişdilər.

Onlar yola davam etdilər, Barnabanın bacısı oğlu Mark da onlarla birlikdə idi. O, Müqəddəs Ruh tərəfindən bu xidmətə çağırılmadan onlara qoşulmuşdu. Onlar təqribən 160 km məsafəyə uzanan adanı gəzərək, Allahın Padşahlığını elan edib xalqı tövbəyə çağırdılar. Kiminsə tövbə etməsi, vəftiz olması və ya bir cəmiyyətin qurulması barədə oxumuruq. Beləliklə, Müqəddəs Ruh tərəfindən seçilmiş qardaşların xidməti ilk baxışdan uğursuz görünürdü.

Axırda Paulun dövründə Kiprin paytaxtı olan Pafosa gəldilər. Orada Roma Valisi Sergi Paulun iqamətgahı yerləşirdi. O adam “konsul” idi, o vaxt konsul qeysərdən bir az aşağı bir titul idi. Bu konsul Sergi adanın tam hakimi idi və dövlətin Ali Şurasına belə cavabdeh deyil idi. Çox ağıllı, savadlı və dərrakəli bir adam kimi o, adasında yeni bir təlimin yayıldığını öyrənəndə müjdəçilərin onun yanına gətirilməsini əmr etdi. Onların təlimini öyrənmək istəyirdi.

Qəribədir, amma onun sarayında Elima adlı bir yəhudi cadugər yaşayırdı. Özünü peyğəmbərlik ənamına malik bir adam kimi qələmə verən Elima həqiqətdə cadu eləyib şeytana qulluq edirdi. Konsula insanlar haqqında hər cür məlumat verən və gələcəyi bildirən bu yalançı peyğəmbərin əsil məqsədi, yalanı ilə konsuldan pul almaqdı. Bu yalançı peyğəmbər pis ruhu ilə adanın hakimini və bütün adanı idarə edirdi.

Elima, adaya yeni Ruhu gətirən Barnaba və Şaulu validən uzaqlaşdırmağa çalışdı. Lakin vali həvarilərə qulaq asdıqdan sonra onların yaydığı Müjdəni bəyəndi. Cəhənnəm ruhuna tutulmuş cadugər Allahın Padşahlığının o bölgəyə daxil olmasına yol verməmək üçün bütün hiyləsini və qüdrətini işlətməyə hazır idi. Bütün adanın məsihiliyi qəbul edəcəyindən qorxan Elima valini həvariləri rədd etməyə inandırmaq və Müjdəni qəbul etməsinin qarşısını almaq üçün əlindən gələni etdi. Müjdənin vəz edilməsi əksər hallarda məhz bu səbəbə görə uğursuz olur. Bəzi ölkələrdə oturan murdar ruh Müjdənin Ruhunun ölkəyə daxil olmasına mane olur. Çünki Ülvi Ruh alçaq ruhla əsla barışmaz. Dinlərin qarışması həmişə yalanla nəticələnir.

Barnaba ilə Şaul tezliklə anladılar ki, Baryeşu adlı bu cadugərdə İsa Məsihə tamamilə zidd olan ruh yaşayır. İsa Müqəddəs Ruhla məsh olunub, cadugər isə şeytanın ruhu ilə dolu idi və Əhdi-Ətiqin həqiqətini təhrif edirdi. Baryeşu dini biliyindən öz yalanları üçün istifadə edirdi. Onun müdrikliyi yalançı idi və açıq-aşkar yalan idi.

Təsadüfən valinin adı həvarininki kimi Paul olub və cadugərin adı İsanın adına oxşayıb (ibranicə Yeşua). Həvarilər bunda Allahın Padşahlığının valinin vasitəsilə bu adaya və bəlkə də bütün Roma İmperatorluğuna gələcəyinə dair bir əlamət görüblər. Ancaq şeytanın hiyləsi ilə Məsihin həqiqətinin açıq-aşkar toqquşduğunu görəndə onlar bu fikirlərinin bir xəyal olduğunu anladılar. Şaul yalançı peyğəmbərin üzündən yalan maskasını çıxarıb onu ifşa etdi. O, cadugəri tövbəyə çağırmadı, bağışlanmağı təklif etmədi. Əksinə, onu İsanın adı ilə məhkum etdi və Rəbbin qüvvətli işinə iman edərək murdar ruhuna qalib gəldi. Müqəddəs Ruh tərəfindən yönəldilən Paul yalançı peyğəmbərə qorxunc zərbə vurdu. Onu cismən öldürmədi, amma İsa Məsihdən aldığı möcüzə yaratma qüdrəti ilə cadugəri kor elədi ki, tövbə etməyə fürsəti olsun. Çünki Paul özü bir gün Dəməşq yolunda kor olub tövbə etmişdi, Rəbbin Kim olduğunu dərk edərək Ona iman gətirib, xilas olmuşdu.

İsa Kiprdə qulu Paulun müjdəçilik fəaliyyəti vasitəsilə bütün ruhların üzərində hökmran və cinlərin üzərində Qalib olduğunu nümayiş etdirdi. Orada olan hər kəs Böyük Allahın təntənəsini gördü. Bundan sonra Həvarilərin İşləri Kitabında bu həvarinin adı həmişə Paul (“Kiçik”) olaraq verilir və Barnabadan öncə işlənir. Çünki Məsihin izzəti üçün səy göstərən bu həvari Xilaskarın adını ucaltmaq üçün səlahiyyət əldə etdi. Müqəddəs Ruhun məqsədi də budur – İsanı izzətləndirməkdir.

Əfsuslar olsun ki, vali sidq ürəkdən iman etməyib, yalnız möcüzəyə görə imanı iqrar edib; buna görə də vəftiz olmaq istəməyib. Onun adı “Paul” olsa da, o, əsil Paul kimi vaiz olmayıb, imana gəlməsinə rəğmən İsanın yoluna bitərəf və ilıq münasibət göstərib və beləcə Allahın Padşahlığının yayılmasını ləngidib. İsanın adından qorxduğu üçün adada Müjdənin yayılmasına icazə verməklə kifayətlənib. Bundan əlavə İmanlılar Cəmiyyətinin tarixi Sergi Paul haqqında heç bir məlumat vermir.

Paul və Barnaba isə bir daha əmin oldular ki, Rəbbin təlimi boş fikir deyil, qüvvədir. Rəbbin Özü onları bu zəfər yürüşündə müşayiət edirdi, baxmayaraq ki, sadiq Barnabanın vətəni olan Kiprdə çoxları tövbə etməmiş və iman gətirməmişdilər.

DUA: Ya Rəbb İsa, Sən hər cinə, şeytana qalib gəlmisən! Səndən diləyirik, bizim bölgəmizdə Müjdənə qarşı çıxan bütün qüvvələri Sən Özün dağıt! Qullarının vəzinə xeyir-dua ver ki, heç kəs Sənin zəfər yürüşünə qarşı çıxa bilməsin! Yalvarırıq, əlini uzat və xidmətçilərini qoruyub, şəhadətimizi təsdiq et!

SUAL:

  1. Paul niyə qəzəbləndi və Rəbbin əli onun sözlərini necə təsdiq etdi?

Dördüncü sual vərəqəsi

Möhtərəm oxucu,
Əgər sən bizim Həvarilərin İşləri Kitabı üzrə şərhimizi oxumusansa, aşağıdakı suallara cavab verə bilərsən. Bu vərəqdəki sualların ən azı 90%-inə düz cavab versən, biz sənə bu seriyadan növbəti kitabçanı göndərəcəyik. Cavab vərəqəndə adını, soyadını və poçt ünvanını əskiksiz qeyd etməyi unutma.

  1. Şaul hələ Cəmiyyətə qəbul olunmamışdan əvvəl, keçmiş dostları tərəfindən təqib olunduğu zaman Məsihdən necə təsəlli aldı?
  2. Məsih Lodda Eneyaya necə şəfa verdi?
  3. Məsihin ölüləri diriltmək əmri şagirdlərinin həyatında necə yerinə yetirilirdi?
  4. Mələyin Korneliyə zühur etməsi nə məna verir?
  5. Allahın Peterə söylədiyi “Allahın halal dediyi şeylərə sən haram demə” sözlərinin mənası nədir?
  6. Niyə romalı yüzbaşı Korneli balıqçı Peterə səcdə etdi və niyə Peter buna yol vermədi?
  7. “İsa Məsih hamının Sahibidir” deyildikdə nə nəzərdə tutulur?
  8. Müqəddəs Ruh insanın ürəyində necə məskən salır?
  9. Niyə məsihilərin içində qanunpərəst olanlar Peterlə mübahisə etdilər?
  10. Antakyadakı məşhur imanlılar cəmiyyəti necə yarandı?
  11. Əsil məsihi kimdir?
  12. Niyə padşah Aqrippa məsihiləri təqib etdi? Bu təqibləri necə planlaşdırdı?
  13. Niyə dua üçün yığılan imanlılar qapıda dayanan Peteri görəndə mat qaldılar?
  14. Allahın Kəlamı təqiblərə baxmayaraq necə yayıldı?
  15. Müqəddəs Ruh Kimdir? Onun Antakyada dua edən imanlılara əmri nə idi?
  16. Paul niyə qəzəbləndi və Rəbbin əli onun sözlərini necə təsdiq etdi?

Sənə Həvarilərin İşləri Kitabını tədqiq etməyi başa çatdırmağı məsləhət görürük, çünki bu yolla sən Allahın Kəlamının əbədi xəzinəsini əldə edəcəksən. Cavablarını gözləyir, sənin üçün dua edirik. Ünvanımız aşağıdadır:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:02 AM | powered by PmWiki (pmwiki-2.3.3)