Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 047 (Saul Baptized at the Hand of Ananias)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

5. Xananyanın Şaulu vəftiz etməsi (Həvarilərin İşləri 9:6-19a)


HƏVARİLƏRİN İŞLƏRİ 9:6-19а
6 «Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək». 7 Şaulla birlikdə yola çıxan adamlar yerlərindəcə susub qalmışdı. Səsi eşitsələr də, heç kimi görə bilmədilər. 8 Şaul yerdən qalxdı, amma gözlərini açanda heç nə görə bilmirdi. Sonra onun əlindən tutub Dəməşqə apardılar. 9 Üç gün ərzində Şaulun gözləri görmədi və o nə yedi, nə də içdi. 10 Dəməşqdə İsanın şagirdlərindən Xananya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə «Xananya!» deyə çağırdı. O cavab verdi: «Bəli, ya Rəbb!». 11 Rəbb ona dedi: «Qalx, “Düz Küçə” adlanan küçəyə get və Yəhudanın evində adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua edir. 12 O, görüntüdə görüb ki, yanına Xananya adlı bir kişi gəlib onun üzərinə əllərini qoyur ki, gözləri açılsın». 13 Xananya cavab verdi: «Ya Rəbb, bu kişi barədə çoxlarından eşitmişəm ki, Yerusəlimdə Sənin müqəddəslərinə nə qədər pislik edib. 14 Burada Sənin adını çəkənlərin hər birinin əl-qolunu bağlamaq üçün başçı kahinlərdən səlahiyyət alıb». 15 Amma Rəbb ona dedi: «Get! Başqa millətlərə, padşahlara və İsrail övladlarına Öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir. 16 Mənim adım uğrunda çəkəcəyi əzabın nə qədər böyük olduğunu ona göstərəcəyəm». 17 Bundan sonra Xananya gedib həmin evə girdi və əllərini Şaulun üstünə qoyub dedi: «Qardaşım Şaul, Rəbb, yəni bura gələrkən yolda sənə görünən İsa məni göndərdi ki, sənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan». 18 O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu. (19 а) Sonra yemək yeyib taqətə gəldi...

Şaul nəinki qorxmuşdu, hətta az qalmışdı ki, ölsün. Çünki onun həyatında önəmli olan iman, şərəf, salehlik, qeyrət, iradə – hər şey ölümdən dirilmiş Şəxsin zühur etməsi ilə bir dəfəlik məhv olmuşdu. Şaul günahkar olduğunu anladı: “Əslində mən Allahın düşməni, şeytanın qulu imişəm! Təhsilimin, möminliyimin heç xeyri yox imiş! Mən dikbaş imansızın biriyəm, həlak olmuşam!” Özünü saleh sayan adamın yıxılması dəhşətlidir. Belə adam öz xəyali “yüksəkliyindən” gerçəkliyə dönür və hər insanın təbiətcə Allahın düşməni olduğunu öyrənir.

Lakin İsa Cəmiyyətini təqib edən bu adamı məhv etmədi, ona tövbə üçün fürsət verdi. Şaul “Nə etməmi istəyirsən?” – deyə dilləndi. O andan etibarən Şaul artıq azad adam olmayıb, öz azadlığından imtina edərək İsanın qulu olub. O, Rəbbini tapdı və öz istəyi ilə qeydsiz-şərtsiz Ona tabe oldu. Rəbb onu ruhani korluqdan və ifrat dərəcədə tövhidə bağlılığından sağaltdı. Şaul İsanın yaşayan Rəbb, Ata və Müqəddəs Ruh ilə birlikdə yeganə həqiqi Allah olduğunu dərk etdi.

Rəbb qəlbi sınmış Şaulun imanını dərhal sınaqdan keçirdi, ona Dəməşqə getməyi əmr etdi. Bir neçə dəqiqə öncə Şaul ata minmiş halda güclü, qeyrətli bir islahatçı kimi paytaxtın qapısından Dəməşqə daxil olmaq əzmində idi. İndi isə o, qorxuya düşmüş yoldaşlarının əllərindən tutaraq, büdrəyə-büdrəyə Dəməşqə girdi. Dəməşqdə dostlarının birinin yanında qaldı. Dostları Şaulun çöl yolunda parlamış ilahi nurdan danışdığına heyrət etdi.

Şaul insanlarla danışmır, təkliyə çəkilib dua edir, oruc tuturdu. Həyat belə gözündə deyil idi və o, dünyəvi həyatdan tamamilə uzaqlaşıb Allaha tərəf yönəldi. Onun yeganə arzusu Allaha itaət etmək, Allahla barışmaq idi. Rəbb İsanın yaşadığını və onu rədd etmədiyini dərk edəndə o, dua edərək İsanın onun günahlarını bağışlamasını və Allahın qəzəbindən xilas etməsini dilədi. Ölümdən dirilmənin mənasını və çarmıxın sirlərini dərin-dərin düşündü və öz həyatını yeni əhd həqiqətləri əsasında qurmağa başladı.

İsa onun bütün tövbə dualarına cavab verdi və Xananya adında imanlıya Şaulun yanına gedib yeni həyata daxil olmasına kömək etməyi tapşırdı. Rəbb böyük bir həvariyə yaxud ehtişamlı mələyə bu tapşırığı vermədi, Allaha güvənən sadə bir insana verdi. Eyni zamanda Rəbb dua edən Şaula Xananyanın onun yanına gəlib İsanın adı ilə başına əl qoyacağını bildirdi, belə ki o gələndə Şaul onu qəbul etsin.

Xananya Rəbbin bu tapşırığına sevinmədi, əksinə, qorxdu. Bütün imanlılar bilirdi ki, Tövratı əla bilən gənc Şaul əsil şeytandır, çox pislik eləyir və Yerusəlimdəki müqəddəsləri təqib edir. Belə cinayətkarın Müqəddəs Ruhla dolması üçün üzərinə əl qoymaq Xananya üçün ağlasığmaz bir iş kimi gəlirdi. İsanı tanımayan və sidq ürəkdən tövbə etməyən bir adamda Müqəddəs Ruh necə yaşayar? Ancaq Rəbb, həyəcanlanmış Xananyanın sözünü kəsib qəti şəkildə “Get!” – deyə buyurdu. Ey qardaş, İsa sənə bir şeyi əmr edəndə get! Danış! Çalış! Dua et! Rəbbin əmrini dərhal və tamamən yerinə yetir! Padşahımız bizi çox uzun gözləməz, tez itaət etməyimizi gözləyər.

İsa Şaula necə zühur etməsi və Şaulun dəyişilməsinin səbəbi haqqında Xananyaya danışmadı, lakin dua edən itaətkar imanlıya Şaulu təyin etməsi və göndərməsinin məqsədini bildirdi: Allah onu Müqəddəs Ruhun qüdrəti ilə dolu “lütf qabı” olaraq seçmişdir. Bəs sən “lütf” sözünün mənasını anladınmı? Allah düşmənini həvarisinə, Ona nifrət edəni Onu sevənə döndərdi. Fanatizmi və qüruru ucbatından kor olmuş adamı xilas etdi ki, sonra milyonlarla insanın ruhani gözlərini açsın. Əvvəllər cinə tutulmuş, indi isə tövbə etmiş bu adamda Müqəddəs Ruh məskən saldı. Rəbb onu dünyəvi üstünlüklərinə bel bağlamaqdan azad etdi, lütfdə və Məsihə olan canlı ümiddə möhkəmləndirdi. Şaul İsanın adını ürəyinə qəbul etdi, dili ilə iqrar etdi, qəlbi və zehni də bu misilsiz ad ilə dolu oldu.

Bilirsən, həqiqi məsihi imanlı kimdir? Sözlərində və əməllərində Məsihin paklıq və həqiqətlə, salehlik və qüvvətlə zühur etdiyi adamdır. Bəs sənin həyatında Məsih açıq şəkildə nur saçırmı?

Paul padşahlar, hakimlər, valiliər qarşısında Məsihə şəhadət verəcəkdi; o, Rəbbi kimi, zəncirlə bağlanmış məhbus olacaqdı. Rəbb onu həmçinin “ellinləşmiş” yəhudilərin yanına göndərdi. Paul həm bütpərəstləri, həm də öz millətini sevirdi və birincilərin cahilliyindən, ikincilərin isə qəzəbindən əziyyət çəkirdi. Paulun Məktublarını oxuyan hər kəs onun İsanın adına görə nə qədər əziyyət çəkdiyini bilir. Buna baxmayaraq, Paul öz əziyyətləri ilə öyünmürdü, çünki heç bir mükafata layiq olmadığını, yalnız lütflə yaşadığını bilirdi.

Xananya Şaulun gələcəyi barədə Rəbbin sözlərini heyrətlə dinlədi. İnandı və getdi. Bəlkə də, Şaulun yolda başına gələn hadisədən xəbər tutmuşdu, çünki kor Şaula müraciət edəndə, yolda ona görünən İsanın adı ilə danışdı. Rəbb İsa Xananyanın keçmiş düşmənini qardaşına çevirdi. Məsihin lütfü insanları büsbütün dəyişdirir, düşmənləri bir-biri ilə barışdırır və Allahın məhəbbət dolu ailəsində qardaşlara döndərir.

Xananya bilirdi ki, Rəbb İsa onu Şaulun yanına yalnız fiziki gözlərini açmaq üçün göndərməyib. O həmçinin bilirdi ki, əllərini başına qoyanda Şaul Müqəddəs Ruhla dolacaq, bağışlanacaq, Allahla barışacaq, xidmətə təyin olunacaq, məhəbbət və həlimlikdə möhkəmlənəcək. Paulun bu məziyyətləri onun öz şəxsiyyətindən, təhsilindən, milli mənsubiyyətindən gələ bilməzdi. Məsih Müqəddəs Ruhla dolu olan sadə bir qardaşı onun yanına göndərdi, belə ki heç kəs öyünməsin.

Təhsilsiz Xananya əllərini alim Şaulun başına qoyan anda, Şaulun gözləri açıldı və o, Rəbbin Ruhu ilə doldu. Paulun həyatında gözlərinin açılmasını həkim Lukadan başqa heç kəs bu cür təsvir edə bilməzdi: “gözlərindən sanki pulcuqlar töküldü”. O anda Şaul dərk etdi ki, Əzəli Hakim onun Səmavi Atasıdır. Çarmıxa çəkilmiş və xor baxılan İsa həlim Allah Quzusudur. Müqəddəs Ruh Allah məhəbbətinin özüdür və ölümdən dirilmiş Məsih tez gələcəyi gözlənilən izzətin ümididir. O anda tövbə edən Şaulda Məsihin xilası tamamlandı və ürəyi nurlandı, sanki dərin qaranlıq tuneldə elektrik lampası yandı.

Müqəddəs Ruhla vəftiz olduqdan sonra Şaul suda da vəftiz oldu. Məsihin bütün sözlərini yerinə yetirməyə çalışan Şaul İmanlılar Cəmiyyətinin üzvləri və bütün dünya qarşısında açıqca şəhadət etdi ki, cansız təlimlərlə dolu köhnə həyatından əl çəkmiş və yeni əhdə bağlanaraq əbədi həyata daxil olmuşdur. Keçmişini dəfn edilmiş sayan Şaul yeni insan oldu və Paul (“kiçik”) adlanmağa başladı.

Ondan sonra sevindirici şeyləri oxuyuruq: xilas olmuş adam həvəslə həmd etməyə başlamadı, başqa dillərdə danışmadı, amma yemək istədi. Üç gün üç gecə oruc tutduqdan sonra o doyunca yemək yedi. Allahla barışandan sonra onun ruhu və bədəni Müqəddəs Ruhla yeniləndi. O, adi insan oldu. Paul artıq zahidliyə, tənhalığa can atmırdı, amma yaşayan Rəbbi üçün yeyirdi, içirdi, yaşayırdı.

DUA: Ya Rəbb İsa, Sənə şükür edirik, çünki Sən Şaulu Müqəddəs Ruhla doldurmaq üçün əllərini başına qoysun deyə Xananyanı göndərdin. Bizi həqiqi tövbəyə yönəlt, qoy biz sidq ürəkdən Sənə tərəf dönək; qoy Sənin həlim Ruhun bizi doldursun; qoy biz Sənin adını və fəzilətlərini uzaldaq!

SUAL:

  1. Şaulun Müqəddəs Ruhla dolmasından nə öyrənirik?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:59 AM | powered by PmWiki (pmwiki-2.3.3)