Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 072 (Collecting Money for Oneself)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
3. Pis niyyətlər üzərində qələbə (Matta 6:19 - 7:6)

a) Pul yığan, şeytana xidmət edər (Matta 6:19-24)


MATTA 6:19-24
19 Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. 20 Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21 Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. 22 Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. 23 Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! 24 Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz.
(Mat. 19:21; Luka 12:33-34; Kol. 3:1-2; Yaq. 4:4)

Bəzi varlı adamlar tamahla özlərinə xəzinə yığırlar. Onlar böyük evlər tikdirirlər, bahalı paltar geyinirlər, əyri yollarla var-dövlətlərini artırırlar. Vəsaitlərindən daha çox gəlir əldə etmək üçün istifadə edirlər. Onların ailələri bu dünyada güclənir, onlar mülklərinin gücü ilə başqa insanlar üzərində hökmran olurlar. Amma oğrular da vaxt itirmirlər. Varlılardan pulu oğurlamaq üçün min cür işlərə əl atırlar. Halal zəhmətlə pul qazanmaqdan utanırlar, gündüz işığından gizlənirlər. İstər varlılar, istər oğrular sərvət sayəsində səadətə, əzəmətə, şöhrətə nail olacaqlarını umaraq çox yanılırlar. Çünki əcəli gələndə bütün insanlar kimi öləcək, dünyəvi sərvətlərindən əbədi olaraq istifadə edə bilməyəcəklər.

Biz müdrik olub yer üzündə heç nəyi xəzinə saymamalıyıq. Çünki dünyada olan hər şey fanidir, müvəqqətidir, xarab olandır. Səmavi xəzinələr isə əsla xarab olmaz, çünki cənnətdə nə güvə, nə pas var. Cənnətdəki xəzinəmizi heç kim bizdən zorla, yaxud hiylə ilə götürməz, oğruların oraya əlləri çatmaz. Bu elə səadətdir ki, bizim zamandan, məkandan, müəyyən şərtlərdən asılı olmayan, pak, çürüməz, solmaz xəzinəmiz vardır.

Xəzinən haradasa, ürəyin də oradadır – ya yer üzündə, ya da göydədir. Buna görə biz gərək özümüzə sədaqət və hikmətlə xəzinə seçək, axı bizim həyatımız xəzinəmiz kimi olacaq – ya cismani, maddi, dünyəvi, ya da ruhani, səmavi olacaqdır. Maqnit iynəni çəkdiyi kimi, gün işığı günəbaxanı cəlb etdiyi kimi, adamın xəzinəsi də onun ürəyini özünə çəkər. Xəzinənin böyük dəyəri var, adamın xəzinəsinə qarşı xüsusi hissləri olur, arzuları, qayələri xəzinəsiylə bağlı olur. Qoy sənin xəzinən Rəbb olsun və bütün fikir və niyyətlərin Onunla bağlı olsun, o zaman sən maddi, dünyəvi şeylərdən azad olarsan və səmavi xəzinəni əldə edərsən.

Yoxsullar varlılardan yaxşı deyillər. Yoxsullar da varlılar kimi gələcəyini dünyəvi dəyərlər üzərində qururlar, ruhani qidaya ehtiyacı olan öz əbədi canlarını düşünmürlər. Allahdan başqa hər şey ötüb-keçəndir. Məsihin bağışlaması bizə kərpicdən, yaxud betondan tikilmiş evdən daha möhkəm təməl verir, çünki partlayış və ya zəlzələ evi yerlə yeksan edə bilər. Sənin imanın şəhadətnamələrdən, diplomlardan, Müqəddəs Ruhda olan məhəbbət bank hesabındakı puldan daha qiymətlidir. Sənin möhtaclara xidmətin Allahı izzətləndirir, lakin ianələrin, sədəqələrin səmavi bankda saxlanan xəzinəni artırmır, çünki Allah Özü bizim payımız, ən qiymətli xəzinəmizdir!

Zəmanəmiz ötən əsrlərdən daha çox materialistdir. İnsanlar get-gedə iqtisadiyyatı inkişaf etdirirlər, kəşflər edirlər, rifaha nail olmağı öz qarşılarına məqsəd qoyurlar, eyni zamanda müqəddəs Allahı və Qanununu yaddan çıxardırlar. Müqəddəs Ruh onlarla deyildir, onlar bu dünyanın murdar ruhu ilə doludurlar. Maddi gəlirə can atan adam qaranlıq ruhlarına tutulmuşdur. Allah səni Öz surətində yaratdı, sən Ona bax və onda izzəti sənin gözlərində əks olunacaq və sən Onun Pak Ruhu ilə dolacaqsan. Ancaq birdən gözün Rəbbindən başqa tərəfə dönsə, birdən sərvətə meyil göstərsən, öz ehtiraslarına, murdarlığına qul olarsan və gözlərə kədər və qaranlıq düşər.

Səndə olan şər təkcə pul və maddə deyildir, həm də Allaha qarşı çalışan ruhdur ki, Məsih onu “mamon” (haqsız sərvət) adlandırıb. Allahda qalmayanlara bu ruh hökmranlıq edir. Həqiqətən də, varlanan adam bu dünyada öz ehtiraslarını yerinə yetirmək üçün çoxlu imkanlar əldə edir. Var-dövlət adamın pis və murdar işlərlə məşğul olması üçün şərait yaradır. Varlı adamlar asanlıqla əxlaqsızlığa düşürlər. Allahın bizə rəhmi gəlir və O, çox pullu adamların şəhərlərdə nə cür iyrənc, qorxunc işlərdən çıxdıqlarını bizə bildirmir. Biz o işləri görsəydik, dəli olardıq. Lakin Allah o qədər səbirlidir ki, murdar insanlara belə dözür.

Rəbb səni Ona tərəf dönməyə çağırır. O səni qəbul edəcək, sərvət bütündən azad edəcək, çünki sən həm Allaha, həm sərvətə qulluq edə bilməzsən. Sən maddi təminatına ümid bağlasan, duaların batil olacaq. Sən ya Allaha, ya da var-dövlətinə ümid bağlayacaqsan; mütləq onların ikisindən birinə üstünlük verəcəksən, birini daha çox arzulayacaqsan. Özünü sına: nə qədər vaxtını Allaha, nə qədərini özünə, avtomobilinə, əyləncələrinə sərf edirsən? Hamımız sərvətin qulu ola bilərik, bu, bütün bəşər üçün ümumi sınaqdır. Əlimizə böyük pul düşəndə biz çox aldanırıq, əllərimizin titrəməsindən, sərvət bütünə pərəstiş etməmizdən heç özümüzün belə xəbərimiz olmur. Allah istəyir ki, sən pulun əsarətindən azad olasan. Canın sərvətə qurban getməsin, Məsihlə sıx əlaqədə ol və Onun xilasını qəbul et. Müqəddəs Olan sənin həyatında ən qiymətli xəzinəndir, buna görə cəmiyyətdə yüksək məqama nail olmağın həvəsinə düşmə, amma Rəbbin xidmətində yüksək məqama can at, sərvətindən yoxsullara da ver, ehtiyac içində olanların yolunda özünü fəda et, necə ki Məsih sənin yolunda Özünü fəda edib.

Bəzi imanlılar, Məsihin bunu imkansız elan etdiyinə məhəl qoymadan, eyni zamanda Allaha və sərvətə qulluq etməyə cəhd edirlər. İzzətli Rəbdən Onu sevməkdə sənə yardım etməsini dilə və o səni də, pulunu da qoruyacaq.

Sən yalnız Allaha qulluq etməyi qəti qərara almısanmı, yoxsa hələ də iki şey arasında tərəddüd edirsən? Məsihə sığın və bil ki, Məsih tərəddüd edən ürəyi qəbul etməyəcək.

Bədənin çırağı gözdür. Çıraq nurun rəmzidir. Deməli, insanın gözü, onun hər şeyi gördüyü nurdur, duyğu, fikir və hisslərinin göründüyü güzgüdür. Bizi sevən insanın baxışlarından sevgi, bizə nifrət edənin gözlərindən nifrət yağır. Ürəyindəki qəzəb, hiddət, kin-küdurət gözündən üzə çıxır. Adamın paxıllıq hiss etməsi, qisas almaq arzusunda olması da gözündən bilinir. Habelə hiylə, qürur və lovğalıq, qısqanclıq, həqarət və digər hisslər adamın gözündən bilinir.

Bəs “gözün sağlam olarsa” sözünün mənası nədir?

Sağlam, Allahın yaratdığı kimi saf deməkdir. Kin, hiylə, şəhvət və ya qürur qatılmadan pak və saf deməkdir. İnsanın günahlı xüsusiyyətləri qatıldıqda göz sağlam olmur.

Əcdadımız Adəm və Həvvanı misal götürək. Onların əvvəllər sağlam gözləri vardı. Xeyir və şəri bilmə ağacı bağın ortasında idi (Yar. 3:3) və Adəmlə Həvvanın, güman ki, hər gün yanında olduqları bu ağac onları sınağa çəkmirdi. Lakin onların sağlam gözlərinə hiyləgər ilanın “xeyirlə şəri bilərək Allah kimi olacaqsınız” (Yar. 3:5) sözləri qatıldıqda, gözləri ilkin paklığını itirdi: “Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir” (Yar. 3:6). O zaman hər şey dəyişdi, gözləri “zəif gördü”, onlar artıq nəinki bu ağaca, bir-birinə belə başqa cür baxmağa başladılar!

Əvvəllər onların gözü sağlam ikən onlar çılpaq idi, ancaq bundan utanmırdılar (Yar. 2:25). Lakin gözləri korlanan kimi, onlar “çılpaq olduqlarını bildilər” (Yar. 3:7) və əncir yarpaqları ilə ayıblarını örtməyə çalışdılar (Yar. 3:7). Onların bu yeni biliyi gözlərini korladı.

Deməli, gözün sağlamdırsa, baxışında şəhvət, hiylə, müəyyən fikirlər yoxdur. O halda bütün bədənin də nurludur. Ancaq gözünə başqa bir şey, məsələn, qəzəb və ya qisas almaq arzusu qatılıbsa, üzün büsbütün dəyişilir, hisslərin bütün bədənə təsir edir və bədənin qaranlıq olur.

Heç kim iki ağaya qulluq edə bilməz” kəlamı yəqin ki, yəhudilər arasında iki tanrıya qulluq etməyin mümkün olmadığı, gec və ya tez onların arasında ziddiyyətin meydana gəldiyi barədə geniş yayılmış bir zərbi-məsəl idi. Nə qədər ki iki ağanın arasında razılıq var, qul onların ikisinə də qulluq edə bilir, lakin aralarında ayrılıq olan kimi qul onlardan birini seçib, o birini rədd etməli olacaq. Bu halda hər ikisini sevməsi mümkün olmayacaq, çünki qul, bir ağasını razı salmaqla, o birisini təhqir edəcək. Bu lap aydın-aşkar bir həqiqətdir.

Sərvət” deyə tərcümə edilən “mamon” ismi arami dilində gəlir, qazanc, maddi sərvət mənalarını verir. Beləliklə, bu ayədə dünya tərəfindən gəlir, qazanc sayılan şeylərin hamısından: cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbürdən bəhs edilir. Bəzilərinin bütü rahatlıq, yuxu, idman oyunları, başqalarının bütü isə hörmətləri, karyeralarıdır. Fariseylərin bütü insanların tərifi idi. Sözün qısası, xudpərəstlik, öz maddi maraqlarına xidmət, cismani ehtiraslar – bütün bunlar bir “tanrı”dır və bu tanrıya pərəstiş edənlər Allaha qulluq edə bilmirlər. Çünki insanın maddi maraqları Allahla rəqabət edir və Allaha zidd olur.

Məsih deməyib ki, biz həm Allaha, həm də sərvətə qulluq etməməliyik. O deyib ki, biz onların ikisinə də qulluq edə bilmərik. Onların ikisini də sevmək, ikisinə də itaət etmək və güvənmək qeyri-mümkündür, çünki onlar biz-birinə ziddir. Allah bizi səsləyir: “Oğlum, ürəyini Mənə ver!” Sərvət tanrısı isə “Yox, mənə ver!” deyə təkid edir. Allah bizə “Əlinizdəki ilə kifayətlən!” deyə öyrədərkən, sərvət tanrısı: “Əlindən gələn qədər çox pul əldə et, qanuni-qanunsuz bütün yollarla pulunu artır!” öyrədir. Allah əmr edir ki, “Adam aldatma! Yalan danışma! Hamı ilə ədalətlə rəftar et!” Mamon isə israr edir ki, “Xeyrinə olsa, atanı da aldat!” Allah bizə buyurur: “Yaxşılıq et, əliaçıq ol!” Mamon isə nəsihət verir ki, “Öz malını heç kimə vermə. Bunun nə xeyri var?” Allah deyir: “Heç nəyə görə narahat olma!” Sərvət tanrısı isə, əksinə, “Hər şeyə görə narahat ol!” deyir. Allah “Şabat gününü təqdis et” deyə əmr edir, mamon isə öyrədir ki, “bu gündən də xeyir əldə etməyə çalış!”

Beləliklə, gördüyümüz kimi, Allah və mamon adamdan tamamilə bir-birinə zidd olanı tələb edirlər və bu səbəbdən sən onların hər ikisinə əsla qulluq edə bilməzsən! Bu gün kimə qulluq edəcəyini özün seç və seçimin ciddi olsun!

DUA: Ey zəngin olan Ata, cismani adamlara səbir etdiyinə görə Sənə səcdə qılırıq. Sərvətə meyil göstərdiyimiz, pulu sevdiyimiz üçün bizi bağışla! Mülkümüzə ümid bağlamaqdan bizi azad et. Qoy biz ancaq Səni sevək və Sənə güvənək, əlimizdə olan hər şeyi Sənə həsr edək və dünyada və axirətdə yeganə xəzinəmiz, arzu etdiyimiz bircə mükafatımız olan Səni əldə edək!

SUAL:

  1. Niyə eyni zamanda həm Allaha, həm də sərvətə qulluq edə bilmərik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:38 AM | powered by PmWiki (pmwiki-2.3.3)