Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- The Ten Commandments -- 13 Conclusion: The Law and the Gospel

Previous Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

13 - NƏTİCƏ: QANUN VƏ MÜJDƏ



Bir dəfə bir ilahiyyatçı İsadan soruşdu: "Qanunda hansı əmr ən böyükdür?" İsa ona iki ayə – Qanun. 6:5 və Lev. 19:18 ilə cavab verdi: "Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev; qonşunu özün kimi sev".

Bu sözlərlə İsa On Əmri mükəmməl surətdə yekunlaşdırdı. On Əmrin ilk hissəsi Allahla münasibətlərimizə aiddir; burada biz Onu Xilaskarımız və Təsəllivericimiz olaraq qəbul edirik; ikinci hissəsi isə başqa insanlarla münasibətlərimizdən bəhs edir və onlara etdiyimiz xidmətləri müəyyən edir.

İsa bu mömin insanın sualına cavabən qadağaları sadalamadı. Nələrdən əl çəkmək lazım olduğunu öyrətmədi. Bunun əvəzinə, O, bu adamı sevinc yoluna yönəltdi, ona Qanunu fəal olaraq yerinə yetirməyi öyrətdi. Beləcə İsa bizə yaraşan işləri qısaca izah etdi. Bu iki Əmri bir şüarla yekunlaşdırmaq olar: MÜQƏDDƏS MƏHƏBBƏT. Özümüzü yoxlayaq və Allahı necə sevdiyimizi, həm də dostlarımızı və hətta düşmənlərimizi nə dərəcədə sevdiyimizi öyrənək. Ondan sonra On Əmri əməli şəkildə nə qədər yaxşı yerinə yetirdiyimizi anlaya biləcəyik.


13.1 - Allahı sevirikmi?

Allahı sevmək ən mühüm əmrdir; biz həqiqətən Onu seviriksə, bütün vaxtımızı, pulumuzu Ona sərf edəcəyik və planlarımızı Ona görə quracağıq. Ruh, can, bədən olaraq nəyimiz varsa, bütün arzu-istəklərimizi və hər şeyi Onun əzəli məhəbbətinə şükür edərək Ona təslim edək. Həyatımızın təməlində, mərkəzində müqəddəs Yaradan, bizə yeni həyat verən Xilaskar olsun. Ondan daha önəmli heç nəyimiz və heç kimimiz olmasın. Çünki Rəbbimiz qısqancdır və O gözləyir ki, biz Onu tam kamil məhəbbətlə sevək. O bu məhəbbəti başqa bir kəslə bölüşməyə əsla razı olmayacaq. Buna görə belə sual doğur: Biz Allahı O bizi sevdiyi kimi sevirikmi? Ona nə qədər məhəbbət bəsləyirik? Təmiz düşüncəmizlə Onu sevirikmi, Onun haqqında fikirləşirikmi, Kəlamı üzərində dərin-dərin düşünürükmü, Onun iradəsini bilib, Onun köməyi ilə yerinə yetirməyə can atırıqmı? Qoy bütün varlığımız Onun lütfünə görə şükür etsin, çünki bu həyatı bizə O verdi! Bütün hərəkətlərimizlə və pis işlər etməməyimizlə Ona həmd edək! Bizə İsa Məsihdə əvəzsiz olaraq bəxş etdiyi lütf ilə çox saylı günahlarımızı bağışladığına görə Ona həmd edək! Sevincinə, sülhünə görə, ürəklərimizə tökdüyü məhəbbətə, təsəlliyə görə Onu mədh edək! Etiraf edək ki, biz özümüz Allahı müqəddəs, kamil məhəbbətlə sevə bilmərik. Bu əmri yerinə yetirmək üçün rəhmli Rəbbimizin köməyinə ehtiyacımız var. Həvari Paul belə şəhadət edir: "Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb" (Rom. 5:5). Səmavi Atamız Öz məhəbbətini bizə verir və buna görə biz Onu həqiqətən sevə bilirik. Müqəddəs Ruh ürəyimizdə yaşayanda, ürəyimiz İlahi məhəbbətlə dolur.


13.2 - Başqalarını özümüz kimi sevirikmi?

Məhəbbət Ruhu bizə ətrafdakı insanları Allahın gözü ilə görməyə kömək edir. Gəlin, İsanın lütfü barədə şəhadət edək, Onun azmışları sevib xilas etdiyindən danışaq, onlara görə dua edək, onlara xidmət edək. Başqalarını özümüz kimi sevsək, qeyd-şərtsiz sevəcəyik. Acmışıqsa, yemək tapmaq üçün əlimizdən gələni edirik. Qorxuruqsa, təhlükədən xilas yolunu axtarırıq. Yorulmuşuqsa, yuxumuz gəlir. Beləcə Məsihin məhəbbəti bizi ilhamlandırır ki, ac olanlara yemək, məyus halda olanlara təsəlli, yorğun olanlara rahatlıq verək. İsa insanları elə sevdi ki, Özü insanların səviyyəsinə endi. O, hökm günündə padşahların Padşahı olaraq gələcəyi zaman, bizə nə cür sual verəcəyini əvvəlcədən bildirdi: "O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”. Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik? Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?” Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”" (Mat. 25:34-40).

İsanın Şəxsində Allaha məhəbbət insana məhəbbət ilə birləşir. İsaya imkan versək, O bizi Öz məhəbbətinə cəlb edəcək və biz Allaha xidmət etdiyimiz kimi, ehtiyac içində olanlara da xidmət edəcəyik. Biz xilas olmaq üçün xidmət etmirik, əksinə, xilas olduğumuz üçün hədsiz sevinc və minnətdarlıqla dolub, Allaha və insanlara xidmət edirik. Müsəlmanların zənn etdiklərindən fərqli olaraq, bizim məhəbbətimiz öz salehliyimizdən qaynaqlanmır, lakin Məsihdə insanlar üçün tamamlanmış xilasdan qaynaqlanır.


13.3 - Qanunun daha dərin mənası

Məsihdə tamamlanmış xilas barədə Müjdə vasitəsilə biz müqəddəs Qanunun daha dərin mənasını dərk edirik. On Əmrin məqsədi belədir: On Əmr Allahdan biz zəif bəşər övladlarına kömək və dəstək olaraq verilib, uçuruma düşməyimizin qarşısını alan bir sədd kimi yolumuza qoyulub. On Əmrə riayət edən hər kəs özünü qoruyar, xoşbəxt olar, doğru yola gələr. İsa varlı gənc adama dedi: "Əbədi həyata qovuşmaq istəyirsənsə, Allahın əmrlərinə riayət et". Allahın əmrlərinə riayət edən və Rəbbi sidq ürəkdən sevən xalq bərəkət içində yaşayar, çiçəklənər, ruhən böyüyər.

Lakin Qanun üzərində çox dərin düşünən adam mütləq öz möminliyinə imanını itirər. Qanun təkcə bu həyata aid zəmanətlərdən ibarət deyildir; Qanunun məqsədi, günahkar adamın günahdan azad olub tam varlığıyla Allaha təslim olmasıdır. Rəbb dəfələrlə söylədi: "Müqəddəs olun, çünki Mən müqəddəsəm". Allah başqa dinlərin təbliğ etdiyi sadə möminlik və dindarlıqla kifayətlənmir. O, biz itaətsiz üsyankarları dəyişdirmək, bizdə Öz surətini bərpa etmək istəyir, belə ki biz sözdə və əməldə Onun sifətlərini əks etdirək. İsa da Öz ardıcıllarına təlim verərkən, bu səmavi dəvəti təsdiq etmişdir: "Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun" (Mat. 5:48). İsa bunu dediyi zaman, ilk növbədə, düşmənlərimizi sevərək, layiq olmayan insanlarla mehriban rəftar edərək Səmavi Atamızın bizə göstərdiyi məhəbbəti əks etdirməyimizi nəzərdə tuturdu.


13.4 - Qanun həlak olmamıza səbəb olurmu?

Müqəddəs Allahın bu tələblərinə qulaq asan və sidq ürəkdən onları yerinə yetirməyə çalışan adam dəhşətə düşüb, "aramızda kim Allah sevdiyi kimi sevə bilər və Allah kimi müqəddəs olduğunu elan etməyə kim cürət edər?" soruşur. Qanun gizli tərəflərimizi açır, Allahın güzgüsünü qarşımıza qoyur, bütün nöqsanlarımızı üzə çıxarır. Qanun, rahat həyat sürən, özlərindən arxayın və razı olan günahkarları yuxudan oyadan tərbiyəçidir. Biz dərk etməliyik ki, Allah günah edən hər insanı ölümə və həlaka məhkum edir. Kim Qanunun hamısına riayət edərək birində büdrəyərsə, o bütün Qanuna qarşı təqsirkar olur.

Öz həyatını On Əmr baxımından sınaqdan keçirən adam həyatında çoxlu böyük və kiçik bütləri, Rəbbin adını tez-tez boş yerə dilə gətirdiyini, Şabat gününü pozduğunu anlayacaq; özünün çoxdan ölümə məhkum olunduğunu dərk edəcək. İnsan özünü Məsihin paklığıyla müqayisə etsə, qəlbi sınacaq və o, Qanunun bütün insanları əbədi həlaka məhkum etdiyini başa düşəcəkdir.

Qanun pisliyimizi üzə çıxararaq, bizi daima tövbəyə yönəldir. On Əmri həqiqətən yaxşı anlasaq, lovğalığımız, qürurumuz tamamən yox olacaq. Qanun bizi müqəddəs Allahın önünə gətirir və biz Onun önündə lərzəyə gəlirik. Buna görə biz öz salehliyimizə əsla arxalanmarıq, ancaq Onun böyük mərhəmətinə sığınarıq.

İsa Öz şagirdlərini seçəndə, günahlarını etiraf edə-edə Vəftizçi Yəhya tərəfindən İordan çayında vəftiz edilənlərdən seçdi. İsa, Qanunu yerinə yetirdikləriylə qürrələnənləri, möminlikləriylə öyünənləri seçmədi. O, günahlarını etiraf edib Allahın ədalətli hökmündən xilas olmaq istəyən, köhnə mənliyini inkar edib vəftiz suyuna təslim edən adamları seçdi. Belələrini İsa böyüdüb Qanunun hökmündən azad edə bilirdi. Onlar ürəkdən tövbə etdikdən sonra, İsa onları Qalileya dağlarına apardı və orada onlarla ünsiyyətdə oldu. İsa Qanunun tələblərini yerinə yetirdi. Qanun verən Şəxs Özü bəşəriyyətin təqsirlərini Öz üzərinə götürdü. İsa bizim üçün Qanunun bütün tələblərini yerinə yetirdi. Buna görə İsanı sevənlərin hamısı Ona daima həmd və şükür edəcəkdir! Rəbb bizimlədir, Kamil Olan nöqsanlı olanların yanına gəldi. Hakim Özü Xilaskar oldu, Həyat verən Şəxs ölümə məhkum olanlara tərəf əyildi.


13.5 - İsanın Qanunu yerinə yetirməsi

İsa Musanın Qanunuyla nə etdi? O, Qanunu kamil şəkildə yerinə yetirdi. Nə İsadan əvvəl, nə də sonra Ondan başqa heç kəs bunu etməyə qadir olmamışdır. İsa həlim və təvazökar idi, həmişə əlində olana qane idi. Sərvətin Ona təsir etməsinə əsla yol verməzdi. Həmişə Atasını izzətləndirərdi. Dörd Müjdədə İsa Ata adını ən azı 168 dəfə dilə gətirmişdir. İsanın həyatının mərkəzində Ata durur. Atanın məhəbbəti ilə Oğulun məhəbbətinin vəhdətini İsanın bu sözlərində görə bilirik: "Mən və Ata birik" (Yəh. 10:30); "Mən Atadayam, Ata da Məndədir" (Yəh. 14:11); Atanın məhəbbəti və müqəddəsliyi İsada zahir oldu. İsa dedi: "Məni görən, Atanı görmüş olur" (Yəh. 14:9).

İsa Öz anasını da həmişə sevirdi və Onunla birlikdə olduğu müddətdə ona itaət edirdi. Quran da təsdiq edir ki, İsa qəddar, zalım deyil idi, lakin həmişə saleh idi və anasına kömək edirdi (Məryəm surəsi 19:32).

İsa düşmənlərini sevirdi və onlara şər atmırdı, lakin lütf və məhəbbətlə onlara həqiqəti danışırdı. Davuddan və ya Məhəmməddən fərqli olaraq, İsa evlənmədi, çünki çoxlarını satın almaq üçün Öz canını fidyə verəcəyini bilirdi. O, günahsız olub, sözdə və əməldə daim müqəddəs həyat sürdü. Bununla belə, O, günahkarlarla, vergi yığanlarla oturub-dururdu, onları tövbəyə yönəldirdi. İsanın xüsusi evi olmamışdır. Eşşəyə minib Yerusəlimə girmək üçün dostundan Ona eşşəyini verməsini xahiş etməli idi. İsa heç bir yalan, şəhvət, xudbin niyyət ilə Öz müqəddəsliyini əsla ləkələməmişdir. O günahsız qaldı, düşmənləri də daxil olmaqla bütün insanları hər zaman sevdi, onlara yaxın oldu və onların günahlarını Öz üzərinə götürüb onların uğrunda öldü. İsanın insanlar uğrunda Özünü qurban verməsiylə Qanun tamamlandı: "Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz" (Yəh. 15:13).

İsa Allahın Ruhundan müqəddəs Körpə olaraq doğuldu və bütün insanlar üçün Qanunun tələblərini yerinə yetirdi. Buna görə təmiz Allah Quzusu kimi ölməsi mümkün idi. O, dünyanın günahını Öz üzərinə götürdü və Qanunun sonu oldu; həvari Paul yazdığı kimi: "Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın" (Rom. 10:4). İsanın qurbanı ilə xilas olanların üzərində Qanunun səlahiyyəti yoxdur! Onlar İsa Məsihə iman edərək Qanunun bütün ittihamlarından azad olurlar. Oğulun azad etdiyi adam həqiqətən azad olur və Allahın ədalətli qəzəbinə məruz qalmır. İsanın ardıcılları saleh sayılırlar və özlərinin saleh Vasitəçisi olan İsanın sayəsində qorxunc qiyamət günündə saleh sayılacaqlar. Məsih Ona məxsus olanları tək qurbanla müqəddəs etmişdir.

Məsihin qurban ölümünü qəbul etməyən insan Qanun altında qalır və öz salehliyinə güvənir. Onun qiyamət günündə Vasitəçisi olmayacaq. O gündə inkar etdikləri İsanı görəcəklər, İsa onları mühakimə edən Hakim olacaq. Onlar dağlara və qayalara deyəcəklər: "Üstümüzə qopub düşün və bizi taxtda Oturanın üzündən, Quzunun qəzəbindən gizlədin" (Vəhy 6:16; Luk. 23:30). Həlim Allah Quzusunu şüurlu şəkildə rədd edən adam Qanunun altında qalır və Qanuna görə məhkum ediləcək.

Məhəmməd öz ardıcıllarının cənnətə düşüb-düşməyəcəklərini deyə bilmirdi. O, əzəli Hakimin – Allahın qəzəbini hiss edirdi və bu səbəbdən hər müsəlmanın öz əməllərinə görə cəhənnəmə gedib bir müddət qorxunc alov içində cəza çəkəcəyini öyrədirdi (Məryəm surəsi 19:71). Heç bir müsəlmanın xilas ümidi yoxdur, çünki bütün ümidləri, kamil surətdə yerinə yetirə bilmədikləri Qanuna əsaslanır. Lakin İsa dedi: "Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır" (Yəh. 3:36).

Bəs məsihi imanlılar necə olurlar? Məgər onlar müsəlmanlardan və tövbə etməyən daşürəkli insanlardan yaxşıdırlar? Məsihilər günahlarını etiraf edib peşman oldular, onları tərk edib tövbə etdilər. Onlar əvvəllər kim olduqlarını xatırlayırlar, qəlbləri sınıqdır. Qürurları Allahın Oğlunun axıtdığı qana görə əzildi. Onlar İsanın qanıyla əbədi olaraq saleh sayıldılar və əbədi həyata nail oldular.


13.6 - Daxilimizdə olan Məsihin Qanunu

Çox şükür! Qanunu yerinə yetirən İsa Öz ardıcıllarına mərhəmət göstərib əbədi Qanunu onların zehinlərində yazdı və ürəklərinə Öz Ruhunu qoydu. Onlar saleh sayılandan sonra qanunsuz qalmadılar, lakin yeni qanunların qulu da olmadılar. Çünki İsa Öz ardıcıllarının ürəklərinə yeni nizamını qoydu: "Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz" (Yəh. 13:34-35). İsa bu əmriylə On Əmri yekunlaşdırdı; İsanın əmri real olaraq yerinə yetirilə bilər. Həvari Paul Rom. 13:10-da yazdığı kimi: "Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır".

İsanın bu misli olmayan əmri şagirdlər üçün ağır yük və ya yerinə yetirilməz bir əmr əsla olmamışdır, çünki bu əmri yerinə yetirmələri üçün onlara İsa qüvvət verir. Tövrat alimi olan həvari Paul bu həqiqəti bu cür izah edirdi: "Həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi" (Rom. 8:2). Allahın Ruhu İsanın ardıcıllarında "məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq" kimi Rəbbə məqbul səmərələri hasil etdirir. Məsihin qüvvəsi nur övladlarında "hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür" (Qal. 5:22; Ef. 5:9).


13.7 - Məsihin Müjdəsini elan etməyin əhəmiyyəti

Lütflə xilas olanların hamısı Məsihin məhəbbəti ilə yaşayır. Onlar artıq özləri üçün yaşamırlar, lakin bütün insanlara Məsihin əvəzsiz olaraq bəxş etdiyi salehliyi çatdırırlar. Məsihin Şəxsiyyəti barədə Müjdəni yaymaq, ibadət və xidmət etmək ilə yanaşı, İsanın məhəbbətindən ilham aldığımız əsas fəaliyyətlərdən biridir. Məsihin şagirdləri bütün dünyanı dolaşıb Qanunu və Müjdəni yayırlar. Qanun insanın günahkar halını göstərir, insanın məhkum olmağa layiq olduğunu açıqlayır. Digər tərəfdən, Müjdə ürək gözlərimiz önündə İsanın surətini çəkir. Müjdə İsanın bizi Qanunun hökmündən azad etdiyini öyrədir. İsa bizim əvəzimizə Allahın ədalətinin tələblərini yerinə yetirdi və lütfüylə bizə Öz salehliyini bəxş etdi. Buna görə biz itmiş, ümidini itirmiş olanlara əbədi ümidi elan edirik. Biz, Nehemyanın şəhadət etdiyi həqiqəti müsəlmanlar və yəhudilər ilə bölüşürük: "Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir" (Neh. 8:10). Bilin və agah olun ki, xilasınız artıq sizin üçün hazırdır! Xilası qəbul edin! Artıq Qanunun lənəti altında həlak olanlardan olmayın! Məsihə iman edən adam üzərində cəhənnəmin səlahiyyəti yoxdur! İsa bütün ittihamı, lənəti və qəzəbi Öz üzərinə götürdü. "Rəbb salehliyimizdir!" (Yer. 23:6). Onu tanıyın! Ona iman edin! Onunla bir olun! O, Qanunun mücəssiməsidir. Onun qanı bizi hər günahdan təmizləyir. O bizə həyatverici məhəbbətiylə Allahı və insanları sevmək üçün qüvvəti bəxş edir. "Məhəbbət Qanunun tamamlanmasıdır" (Rom. 13:10).


13.8 - Suallar

Əziz oxucu,
Əgər sən bu kitabı diqqətlə oxumusansa, aşağıdakı suallara cavab verəcəksən və biz sənə mükafat olaraq növbəti kitabı göndərəcəyik. Xahiş edirik, adınızı, soyadınızı və poçt ünvanınızı tam və əskiksiz şəkildə yazasınız.

  1. On Əmri bir-bir yaz və hər əmrin istinadını (fəslini və ayəsini) göstər.
  2. Niyə məsihilər On Əmrə ehtiram və riayət edirlər?
  3. Birinci Əmrdəki “Rəbb Mənəm” sözlərinin dərin mənası nədir?
  4. “Allah” və “Elohim” adları nə məna verir?
  5. İsrail övladlarının Misir köləliyindən qurtarmasının ruhani mənası nədir?
  6. "On Əmr, lütflə azad olunanları qoruyan səddir". Bu cümləni şərh et.
  7. Cəmiyyətindəki bəzi müasir bütləri sadala.
  8. Əhdi-Ətiq Üçlüyün vəhdəti barədə nə deyir?
  9. Quranda Məsihin ilahiliyini təsdiq edən ayələr varmı? Bir neçə misal gətir.
  10. Məsihin surəti Onun ardıcıllarında necə əks olunur?
  11. Rəbbin adını boş yerə dilə gətirməklə əlaqədar olaraq bir necə misal gətir.
  12. Hansı dualar şübhəlidir?
  13. İsrail övladları arasında öz valideynlərini söyən uşaqlar necə cəzalanırdılar?
  14. Rəbbin gününə riayət etməkdən nə cür xeyir-dua alırıq?
  15. Rəbbin gününə necə riayət etməliyik?
  16. Niyə məsihilər şənbə günündə deyil, bazar günündə ibadətə yığılırlar?
  17. Ataya və anaya hörmət etməyin xeyir-duası nədir?
  18. Valideynlərin İsaya iman etməyinə etiraz etsəydilər, sən nə edəcəkdin?
  19. Dünyada ən birinci qətl cinayəti necə oldu? Səbəbi nə idi?
  20. Altıncı Əmr qarşısında müharibədə döyüşən əsgərin məsuliyyəti nədir?
  21. İnsan özünü zina günahından necə təmiz saxlaya bilər?
  22. Əhdi-Cədidə görə ailə quran ər-arvadın üstünlükləri nədir?
  23. Niyə Davud: "Ey Allah, məndə təmiz ürək yarat" diyə dua edirdi?
  24. Müasir oğurluq növlərini sadala.
  25. Erkən məsihilər sərvətləriylə nə etmişdilər? Həvari Paul onlara nə cür yardım göstərdi?
  26. Həvari Paul oğurluq xəstəliyindən sağalmaq üçün nə cür əlac məsləhət görmüşdür?
  27. Həvari Yaqub bizi tövbəyə yönəldən üç faydalı misal gətirdi. Bu üç misal nə idi?
  28. Tamahkarlıqdan necə xilas ola bilərik?
  29. Yeni ürəyə və yeni ruha necə nail ola bilərik?
  30. On Əmri necə yekunlaşdırmaq olar?
  31. Allahı bütün ürəkdən və qonşunu özümüz kimi necə sevə bilərik?
  32. Niyə biz artıq Qanun altında deyilik, lakin İsanın lütfü altındayıq?

Cavablarınızı bu ünvana göndərin:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on September 21, 2015, at 06:49 AM | powered by PmWiki (pmwiki-2.2.109)