Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- The Ten Commandments -- 12 Tenth Commandment: Do Not Covet Your Neigbor's House

Previous Lesson -- Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

12 - ONUNCU ƏMR: HEÇ KİMİN EVİNƏ TAMAH SALMA



ÇIX. 20:17
Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma.


12.1 - Müasir dünyadakı sınaqlar

Televizora baxan adam aldadıcı reklamlardan sınağa düşә bilәr. Birdәn ayılar ki, o artıq sığorta şirkәtlәri ilә müqavilә bağlayıb, bahalı әşyalar, әtirlәr, paltarlar, maşınlar vә s. vә i. alıb. Reklamlar hәyat üçün guya zәruri olan saysız-hesabsız şeylәri göstәrir. Ancaq Mәsihin sadә mәslәhәtini siz heç bir reklamda əsla eşitmәzsiniz: "Özünü inkar et vә әlindә olana qane ol!" Reklamlar bunun әksini öyrәdər: "Çatışmayan hәr şeyi arzu et vә satın al!"

Bir qәzetdә oyuncaqlarla dolu bir otaqda sanki oyuncaqların içindә üzәn oğlan uşağının şәklini veriblәr: yumşaq ayılar, cürbәcür heyvanlar, maşınlar, oyunlar – hәr istәdiyi vardır. Arzularından heç biri ürәyindә qalmayıb. Necә dә yazıq uşaqdır! Әtrafdakılar onun nazlarıyla oynadı, lakin axırda onu böyük faciә gözlәyir. O, öz uşaqlığının dünyasında batır!

Sәnaye cәhәtdәn inkişaf etmiş ölkәlәrdә insanlar On Әmrә tamamilә zidd olan dәyәrlәrlә yaşayırlar. Mәsәlәn, әr-arvad arzu etdiklәri evi tikdirmәk üçün illәr uzunu zәhmәt çәkirlәr. Hәddәn artıq yolururlar, arvad da işә düzәlir, uşaqlarına vaxtı qalmır; daha çox pul qazanmaq mәqsәdilә hamı özünü öldürür. Әr-arvad çox qәhvә içir, enerjilərini artırmağa çalışırlar. Nәticәdә taqәtdәn düşür, borc içindә batır, öz aralarında dava edirlәr. Niyә? Çünki ailә lazımsız şeylәrә çox pul xәrclәyir vә öz orta gәlirindәn daha yüksәk sәviyyәdә yaşayır.


12.2 - Mülkiyyət olmalıdırmı?

İsa dedi: "İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var?" (Mat. 16:26). O hәmçinin belә dedi: "Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək" (Mark 8:35). Müharibәdә bir an içindә sәkkiz mәrtәbәli binanı yerlә yeksan etmәk üçün bircә bomba kifayәtdir. Milyonlarla qaçqın bir an içindә var-yoxundan mәhrum olmuşdur. Kommunist ölkәlәrindә evin, yaxud digәr әmlakın yiyәsi eyni әmlakın kirayәsindәn dә artıq vergi ödәmәlidir. Nәticәdә belə adamın maddi vәziyyәti heç әmlakı olmayanın vəziyyətindən daha betәr olur. Allah bizi Özünә tәrәf döndәrmәk vә Onun gözləriylə maddi sәrvәtә baxmağı öyrәtmәk istәyir. Ruhani hәqiqәtlәr, maddi şeylәrlә müqayisә edilmәz dәrәcәdә daha çox qiymәtlidir.

Mirası bölüşdürәrkәn bu prinsipə әsaslanmaq lazımdır; çünki qohumlar pul vә digәr maddi sәrvәtlәr üstündә bir-birinә düşmәn olsalar, mirasın xeyri nәdir? İsa dedi: "Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver" (Mat. 5:40). Paul vermәyin almaqdan daha böyük bәxtiyarlıq gәtirdiyini öyrәdirdi. Bu, İsanın yolunda әsas mühüm prinsipimiz olmalıdır. Adamın əmlakını әlindәn almaq yaxşı deyildir. Saxta sәnәd düzәldәn vә ya adamın sadәlövhlüyündәn istifadә edip nәyisә әlindәn alan hәr kәs Allahın qәzәbinә uğrayacaqdır, çünki Allah dul qadınların vә yetimlәrin müdafiәçisidir.


12.3 - İnsanların sınağa düşüb aldanması

Onuncu Əmr təkcə mülkiyyətlə bağlı deyil, o həmçinin işçiləri, qulluqçuları və ya dostlarımızı kiməsə qarşı qaldırmağımızı qadağan edir. Əgər bir işçinin rəhbərləri ona əziyyət verirsə, yaxud o, müəyyən çətinliklər çəkirsə, o demək deyil ki, bizim o işçiyə onu incidənlərdən ayrılmağı məsləhət verməyə haqqımız var. Əksinə, biz onu, hətta başqa yerə keçməsi bizə sərf eləsə belə, öz yerində qalması üçün təşviq etməliyik. Biz eləcə də imanlılar cəmiyyətində, məktəbdə, xeyriyyə fondlarında Onuncu Əmri yerinə yetirməliyik. Çünki bacı-qardaşlarımıza yaxud iş yoldaşlarımıza bir kəslə əlaqə kəsməyi məsləhət verdiyimiz zaman, onları xeyir-duadan məhrum edirik.

Bir adam başqa ailənin işlərinə qarışıb əri və ya arvadı boşanmağa inandırırsa, bunun axırı çox pis ola bilər. Nə dəyişikliklər arzusu, nə anlaşmazlıq, nə də böyük davalar bu qədər dəhşətli işə haqq qazandıra bilər. İsa Özü dedi ki, "Allahın birləşdirdiyini insan ayırmasın". Bir adamın ağlına kiminsə ailəsini dağıtmaq və ya öz həyat yoldaşından başqa bir kəslə intim əlaqə qurmaq fikri gəlirsə, o, dərhal tövbə etməli, bu fikri başından atmalı və öz ailəsi üçün məsuliyyət daşımağa hazır olmalıdır. O zaman belə insanın həyatı yenidən məna ilə dolar və o hər cür günahı qəti surətdə rədd etməyi öyrənər. O artıq başqasıyla bir gecə qalmaq və ya müvəqqəti olaraq ər-arvad olaraq yaşamaq kimi pis fikirləri ürəyinə yaxın buraxmaz. Müqəddəs Ruhun qüvvəsini aldıqdan sonra o, əksinə, günahdan uzaqlaşar; axı insan yalnız Müqəddəs Ruhun qüvvəsiylə yaxşı iş görə bilir.


12.4 - Arzularımızın səbəbi nədir?

Onuncu Əmr arzu edilə bilən hər cür əmlakdan bəhs edir. Qədimdən insanlar tarlalar, evlər, qullar, heyvanlar arzusunda idilər; bu gün biz bunlara maşınlar, musiqi alətləri, paltar yuyan maşınlar, soyuducular və dəbdəki paltarları da əlavə edə bilərik. İnsan başqalarında gördüyü şeyləri əldə etmək istəyir. Həyat səviyyəsinin yüksəlməsi əslində insana pis təsir edir və yoxsullaşmasına səbəb olur. İnkişaf edən ölkələr borc alıb mürəkkəb layihələrə başlayırlar və axırda faizləri ödəyə bilmirlər. Çox bahalı avadanlıq satın alırlar, lakin işlədə bilmirlər, çünki onu təmir edən mütəxəssis yoxdur və ehtiyat hissələri tapılmır. Məsihin həvariləri əlində olana qane olmağın və canla bədəni həlaka aparan borclardan azad olmağın vacib olduğunu bilirdilər. İsa dedi ki, "Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun" (Mat. 20:26-27).

İsanın cəmiyyəti dünyamızda müxtəlif ali dəyərləri bərpa edir. Dünyanın qiymət verdiyi şeylər Allahın nəzərində heçdir. İsa belə dua edirdi: "Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi... Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki mənim boyunduruğum rahat və yüküm yüngüldür" (Mat. 11:25-30).

Həvari Paul Korinfdəki imanlılar cəmiyyətinə Allahın hər cür qüruru və lovğalığı dağıdacağını yazırdı, lakin o cəmiyyətdə varlı və adlı-sanlı adamlar az idi. Erkən məsihilərin həyatı dəyişirdi, yeni məqsədləri olurdu; buna görə onlar həyatda yeni məna tapırdılar.

Onuncu Əmr bizə nəinki pis işlər görməyi qadağan edir, həm də, daha önəmlisi, gizli niyyətlərimizi mühakimə edir. Bu dünyadakı məhkəmələr yalnız insanın qanunsuz işlərini mühakimə edə bilər, cinayətkarları məhkum edə bilər. Lakin adamın ürəyini bir Allahdan başqa bilən yoxdur. Adam özü belə öz ürəyini dərk edə bilmir. Arada biz dostlarımızın niyə bu və ya digər yolla davrandıqlarını anlaya bilmirik. Çox vaxt biz öz-özümüzə müəmma oluruq. Müqəddəs Kitabda yazılıb ki, "yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir" (Yar. 6:5). Əgər biz özümüzü İsanın müqəddəsliyi ilə müqayisə etsək, nə qədər murdar və pozğun olduğumuzu görəcəyik. "Hamı günah edib, Allahın izzətindən məhrum olub" (Rom. 3:23). Öz istədiyinə nail olmaq üçün qışqıran uşaqda belə bu həqiqətin təsdiqini görürük. Balaca uşaqlar belə biclik işlədib bir-birini aldadırlar. Biz gözümüzü açıb, onların həyatında irsi günahı görsək, uşaqların günahsızlığı nəzəriyyəsini rədd edəcəyik. Uşaq böyüdükcə müxtəlif arzulara təslim olur və çox vaxt özünü inadkar və xudbin aparır. Əlbəttə, pis fikirlər ilə pis işlər arasında böyük fərq vardır. Biz sınaqlardan qaça bilmərik, lakin pisliyə qarşı durmaq üçün var gücümüzlə səy göstərməliyik. Martin Lüter demişdir: "Mən quşlara başımın üstündə uçmağı qadağan edə bilmərəm, lakin saçımda yuva qurmasına yol verməyə bilərəm". Sınaq gələn kimi, biz ondan ehtiyat etməli, ona qarşı durmalı, onu məğlub etməliyik. Həvari Paulun Məktublarında "Əsla!" ifadəsinə tez-tez rast gəlinir. Bunu dedikdə Paul "Qoy belə fikir əsla ürəyimə belə gəlməsin!" nəzərdə tuturdu. Həvari Yaqub öz Məktubunda sınağın mənbəyini nəzərdən keçirmişdir. Birinci fəsildə sınağın Allahdan gəlmədiyi və Allahın heç kəsi pisliklə sınağa çəkmədiyi yazılmışdır. İnsan sınağa düşəndə öz ehtiraslarıyla – "ətindən və qanından" gələn xudbin arzularıyla aparılır. Bu ehtiraslar "boylu qalıb günah doğurur, günah da yetişəndə ölüm doğurur". Həvari imanlıları öyrətməyə davam edərək yazır: "Ey sevimli qardaşlarım, aldanmayın: hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir. O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmamıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq" (Yaq. 1:16-18).

İmanlı hər gün Allahın Kəlamını oxuyub Kəlamın onun arzularına, məqsəd və niyyətlərinə, ümidlərinə təsir edib düzəltməsinə imkan verməlidir. Pis fikirlərimizə qalib gəlmək üçün biz özümüzü tamamilə İsaya və uca lütfünə həsr etməliyik və bu sözlərlə imanla dua etməliyik: "Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas et" (Mat. 6:13). Biz məsihilər əminik ki, günahlarımız Məsihin axıdılmış qanı sayəsində bağışlandı; biz Məsihin salehliyinin Ona iman edənlərə əvəzsiz olaraq bəxş edildiyinə inanırıq və bu salehliyə bağlı qalırlar. Buna görə məsihilər bilərəkdən günah etməzlər, çünki Müqəddəs Ruh onların fikirlərini və hisslərini təqdis edir. İsa ürəyimizdəki fikirlərdə qalib gələn Rəbb olmaq istəyir. O, həyatımızda mübarizə aparmaq və bizə qələbə vermək istəyir. Bu "cihad" bir adama yaxud xalqa qarşı deyil, nəhəng xudbinliyimizə və bizə xaricdən hücum edən sınaqlara qarşıdır. İmanla dua edək: "Ey yaşayan Rəbb, qüdrətli Xilaskar, məni xilas etdiyinə görə Sənə şükür edirəm. Yalvarıram, yenə bu günaha batmağıma və hətta yaxınlaşmağıma belə yol vermə! Daxilimdəki bütün şərdən məni xilas et! Qoyma hiyləgər iblis mənə qalib gəlsin və ya üzərimdə hökmran olsun. Mənə Sən hökmran ol, ya Rəbb, və Sən əbədi olaraq daxilimdə yaşa! Öz qanınla fikirlərimi təmizlə və Ruhunla məni təqdis et ki, bütün iradəm və arzularım Səni razı salsın!"


12.5 - Yeni ürək və yeni ruh

Daxilimizdə olan pisliyə qarşı ruhani mübarizə apardığımız zaman İsanın "ürəkdən pis fikirlər çıxar" sözlərinin mənasını dərk edə bilirik. Məsələ onda deyil ki, insan yalnız pis işlərdən uzaq olsun və ya konkret günahlarla mübarizə aparsın. İş bundan daha dərindir – bizə təmiz vicdan, açıq zehin və yeni ürək lazımdır. Buna görə İsadan yardım istəyək ki, O, Müqəddəs Ruhun qüvvəsiylə bizdə Öz iradəsini həyata keçirsin və biz ruh, can və bədəndə tam şəkildə təqdis olunaq. Təkcə bədənimizdə deyil, ruhumuzda və canımızda da şər vardır. Onuncu Əmr insanın yenidən doğulmasının, ruhunun, zehninin və hisslərinin yenilənməsinin zərurətini aşkara çıxarır. Yeremya Peyğəmbər itaətsiz xalqı üçün çox əziyyət çəkdi, lakin o, Allahdan bu əzəmətli vədi aldı: "«O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir. «Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam»" (Yer. 31:33-34).

Buna oxşar vədi Yezekel Peyğəmbər də aldı. Rəbb Yezekele bu sözləri elan etdi: "Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm. Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz" (Yez. 36:26-27). Bu peyğəmbərlik sözlərindən illər öncə Davud belə dua edirdi:

Məhəbbətinə görə, ey Allah, mənə rəhm et,
Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
Təqsirimi tamamilə yu,
Günahımdan məni təmizlə.
Çünki qanunsuzluqlarımı bilirəm,
Günahım daim gözümün qarşısındadır.
Sənə, yalnız Sənə qarşı günah işlətmişəm,
Gözündə pis sayılanı etmişəm.
Mənə görə çıxarılan hökmündə ədalətlisən,
Məni məhkum etməkdə haqlısan.
Mən doğulandan bəri günahkaram,
Ana bətnindən belə, təqsirkaram.
Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən,
Mənə daxilən hikmət öyrət.
Məni züfa ilə pak et, təmiz olum,
Məni yu, qardan da ağ olum.
Mənə şadlıq, sevinc səsini eşitdir,
Qırdığın sümüklərim xoşhallansın.
Üzünü tut, günahlarımı görmə,
Bütün təqsirlərimi sil.
Ey Allah, məndə təmiz ürək yarat,
Daxilimə yenidən sədaqət ruhunu ver.
Məni Öz hüzurundan atma,
Müqəddəs Ruhunu məndən götürmə.
Xilasının sevincini mənə qaytar,
İtaətkarlıq ruhu verib mənə dayaq ol.
Qoy Sənin yollarını qanunsuzlara öyrədim,
Günahkarlar Sənə sarı dönsünlər.
Ey Allah, məni azad et,
Qan tökmək təqsirindən məni qurtar,
Dilim ədalətini mədh etsin.
Ey Xudavənd, Sən dilimi aç,
Ağzımla Sənə olan həmdlərimi bəyan edim.
Sən qurbanlardan zövq almazsan,
Yoxsa kəsərdim.
Yandırma qurbanlarından razı qalmazsan,
Allaha məqbul olan qurban sınmış ruhdur,
Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!
(Zəb. 51:1-17).

Davudun bu nümunəvi duasıyla dua edən adam Allahdan hökmən cavab alacaq. İsa bu peyğəmbərliyi yerinə yetirdi. O dedi: "Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq" (Yəh. 8:12). Bundan əlavə, O dedi: "Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz" (Yəh. 15:5).

İsa ruani xidmətinin erkən günlərində Nikodim adlı ağsaqqala "Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz" (Yəh. 3:5) dedi. Həvari Peter də Əllinci gündə üç min nəfərə müraciət edərək bu vədi təsdiq etdi: "Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız" (Həv. 2:38).


12.6 - Ruhani “cihad”

Müqəddəs Ruh insanın daxilində məskən salanda, insan sınaqlardan azad olmur, amma onun ruhu cisminə qarşı, cismi də ruhuna qarşı durur; beləliklə, məsihi imanlının daxilində həvari Paulun "bədənin pis əməllərini Ruhun vasitəsilə öldürmək" (Rom. 8:13) sözləriylə təsvir etdiyi mübarizə gedir. Ef. 4:22-24-də həvari Paul belə öyrədir: "Əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın, ruhən və əqlən yeniləşin, əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün". Köhnə mənliyi kənara atmaq öz günahlı arzularına nifrət edib onları rədd etmək deməkdir. Yeni mənliyə bürünmək isə yeni paltar geyindiyimiz kimi İsanı "geyinmək" deməkdir; təbiətimizdəki xudbinlikdən azad olmaqda bizə yalnız İsa kömək edə bilir.

Müqəddəs həyat sürmək üçün apardığımız bu "cihadda" arabir məğlubiyyətlərimiz olur, lakin biz yıxılanda dərhal ayağa durub İsaya tərəf dönməli və öz günahlarımızı Ona açıqca etiraf etməliyik. Qürurumuz sınanda biz təzədən İsayla birləşirik və zəifliyimizdə Onun qüvvətini görürük. Yalnız bu yolla insan öz daxilindəki şərin üzərində qələbə çala bilər və Rəbdən qüvvət ala bilər. Müqəddəs Kitab əbəs yerə demir ki, "Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır" (Rom. 8:14). Bu iman mübarizəsində biz həvari Paulun şəhadətindən təsəlli alırıq: "Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur. Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi" (Rom. 8:1-2). Əhdi-Ətiq Qanunu istər pis niyyətləri, istərsə də pis işləri qadağan etdiyi halda, Əhdi-Cədid bizə həmçinin günahkar halımızı dərk etməyi və İsa Məsihə iman edərək Allahın salehliyini əldə etməyi öyrədir. İsa bizə Müqəddəs Ruhu qəbul etmək və əqlən yenilənmək üçün qabiliyyət verir. Musanın Qanunu bizi yıxılmaqdan saxlamaq üçün verilib, lakin İsa bizə Allahın Əmrlərini yerinə yetirmək üçün lazım olan salehliyi və Müqəddəs Ruhun qüvvəsini verir. Əhdi-Ətiq bizə pis niyyətlərimizə görə həyatımızda meydana gələn xaosu göstərdiyi halda, Əhdi-Cədiddə səmavi Atamız bizə vahid Oğlu İsa Məsih vasitəsilə salehliyi və günahlarımızın cəzasından azadlığı bəxş edir və bizi əzəli Ruhunun qüvvəsiylə təmin edir ki, biz şər üzərində qələbə çalaq. Üçlükdə vahid olan Allah, bizdə yaşayan məhəbbətinin qüvvəsiylə bizi günahdan salehliyə, məğlubiyyətdən qələbəyə aparır.


12.7 - İslam və tamah

İslam imanla saleh sayılma yolu ilə Qanunun tamamlanmasını və ya Ruhda həyat vasitəsilə cismani zəiflik üzərində qələbəni tanımır. Quran deyir ki, "insan zəif yaradılmışdır" (Nisa surəsi 4:28). Beləliklə, islam günahın məsuliyyətini qismən Allahın üzərinə yükləyir. Buna görə Məhəmməd kişilərin dörd arvad almasına və eləcə də cariyələriylə evlənməsinə icazə verdi ki, onlar sıxıntıya düşməsinlər (Nisa surəsi 4:25). Məhəmməd özü övladlığa götürdüyü Zeydin arvadıyla evləndi. Bu halda Məhəmmədin aldığı xüsusi vəhyə əsasən, o, Zeydin arvadıyla və ümumiyyətlə "özünü ona bağışlayan" hər hansı bir qadınla evlənə bilirdi (Əhzab surəsi 33:37,50,51).

Quran təkrar-təkrar deyir ki, Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir (İbrahim surəsi 14:4; Fatir surəsi 35:8). Buna görə, insanın özündə heç o qədər mənəvi məsuliyyət qalmır.

Müqəddəs cihadda da, adətən, talan və qənimət hər şeydən daha çox önəmliydi. Bəzi vuruşlar ona görə uğursuzluqla nəticələndi ki, döyüşçülər vaxtından əvvəl qəniməti yığıb evə aparmağa tələsirdilər. Bəzən onlar qənimət üstündə öz aralarında dava edirdilər. Maddi qazanc arzusu, müxtəlif ehtiraslar və tamah müsəlmanın həyatında böyük rol oynayır. Səlahiyyət və şərəf indiyədək müsəlmanlar arasında Allahın xüsusi lütfünün əlaməti sayılır. Cah-calal və güclü hakimiyyət xəlifələrin həyatında əlamətdar olduğu kimi, indiki müsəlman hakimlərinin əlaməti olaraq qalır. Məsihin həlimliyi və təvazökarlığı isə islama yad gəlir.

İslamda qanlı qisas, “diyə” ödənmədiyi təqdirdə, qadağan deyildir. Məhəmməd özü öz adamlarını düşmənlərini öldürməyə göndərirdi. İslam insanı xudbin arzularından azad etmir, ancaq islamı qəbul edən şəxs Məsihin verdiyi xilasa qarşı ürəyini bağlayır. Müsəlmanlar arasında Ata Allaha iman bağışlanmaz günahlardan biri sayılır. Müsəlman özünü yaxşı əməlləriylə xilas etməyə çalışmalıdır. Özü də yaxşı işlər dedikdə, ilk öncə xeyriyyə deyil, kəlmeyi-şəhadətini oxumaq, gündə beş dəfə namaz qılmaq, Ramazan ayında gündüz vaxtı oruc tutmaq, zəkat vermək, Məkkəyə həccə getmək, Quranı əzbərləmək, islamın yayılması üçün müqəddəs cihadda vuruşmaq kimi dini tələblər nəzərdə tutulur. Aydındır ki, müsəlman adam ürəyin yenilənməsi barədə heç nə bilmir. İslamda yeni yaradılış ümumiyyətlə mümkün iş deyildir, çünki islam həqiqi Müqəddəs Ruhu tanımır (İsra surəsi 17:85 – "Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”"). Müsəlmanlar Müqəddəs Ruhu Allahın yaratdığı bir varlıq olaraq anlayır və adətən Onun baş mələk Cəbrayıl olduğuna inanırlar. Onlar Müqəddəs Ruhu Allahın Özü olaraq qəbul etmirlər. Bu səbəbdən bütün islam mədəniyyəti və sivilizasiyası cismani təbiətin əməllərindən ibarətdir. Ruhun səmərəsi olan məhəbbət, sevinc və sülh isə islamda tanınmır, çünki islam bu səmətənin əsasında duran çarmıxa çəkilmiş Məsihin lütfüylə günahların bağışlanmasını rədd edir.

Müsəlman olmaq asandır, çünki bunun üçün dəyişmək lazım deyil, əvvəlki kimi həyat sürmək olar. İslamı qəbul edən afrikalılar və ya asiyalılar çoxarvadlılıqdan əl çəkməli deyillər. Cənnətdə belə cismani və maddi zövqlər: yemək və içki, cinsi əlaqə və s. vəd olunur. Müsəlmanın əbədiyyət barədə təsəvvüründə insanın maddi arzuları əks olunur (Vaqiə surəsi 56:16-37). Lakin Allah Özü cənnətdə heç olmayacaqdır. İslamda Ata Allahla ünsiyyət və ya şəriklik üçün bir zərrə qədər ümid yoxdur, necə ki, İncildə tapdığımız ruhani yenilənmə və xudbinliklə mübarizə (əsil ruhani cihad) islamda yoxdur. İslam mənəvi baxımdan Əhdi-Ətiqin səviyyəsindən aşağı durur, o ki qaldı Məsihin Müjdəsi və təliminin səviyyəsinə, bunu Quranın səviyyəsi ilə müqayisə etdikdə, göy ilə yer qədər fərq görürük!


12.8 - Məsih yeganə ümidimizdir!

Biz müsəlmanları və yəhudiləri əsla təhqir etməməliyik. Həqiqətdə heç bir məsihi öz-özlüyündə başqalarından yaxşı deyildir. Yalnız Məsihə imanla biz salehliyə və müqəddəs həyat sürmək üçün lazım olan qüvvəyə nail oluruq. İsa Meynədir, biz də budaqlarıq; Onda qaldığımız zaman biz qürurdan azad oluruq və Müqəddəs Ruhun səmərəsini verə bilirik. İsasız bizdən heç yaxşı iş çıxmaz. O bizim üçün meyardır. Bizim layiq olmadığımız xilası O Özü bizdə tamamlayır. Musanın Qanunu qarşısında insan azmış və itmiş halda görünür, lakin İsa bizi bu vəziyyətdən xilas edir və əbədi həyat üçün qoruyur!

www.Waters-of-Life.net

Page last modified on March 11, 2014, at 10:41 AM | powered by PmWiki (pmwiki-2.2.109)