Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 007 (Paul’s Desire to Visit Rome)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Giriş: Allaha şükürlər və Məktubun əsas ideyası olaraq “Allahın salehliyi” mövzusunun açılması (Romalılar 1:1-17)

b) Həvarinin Romanı ziyarət etmək arzusu (Romalılar 1:8-15)


ROMALILAR 1:13-15
13 Ey qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, başqa millətlərdən olan digərləri arasında etdiyim kimi sizin aranızda da əməyimin bəhrəsini götürüm deyə dəfələrlə yanınıza gəlmək niyyətində olmuşam, amma indiyədək maneələrə rast gəldim. 14 Mən həm Yunanlara, həm də barbarlara, həm aqillərə, həm də cahillərə borcluyam. 15 Bu səbəbdən mən Romada yaşayan sizlərə də bacardığım qədər Müjdəni yaymağa həvəsim var.

Paul bu Mətubda Romadakı imanlılar cəmiyyətinə ürəyini açır və dəfələrlə onları ziyarət etməyi planlaşdırdığını etiraf edir. Amma Allah hər dəfə onun bu planlarını dəyişdirərək böyük həvariyə öyrətmişdi ki, Allahın fikirləri onun fikirləri kimi deyildir və göy yerdən uca olduğu kimi, Allahın yolları onun yollarından ucadır! Planları ona yaxşı, faydalı və müqəddəs gəlsə də, Məsihin Ruhu onların gerçəkləşməsinə mane olmuşdu. Romaya səfər etməsi üçün yaxşı fürsət düşəndə belə, Allah Paulun bu arzusunun həyata keçməsinə mane olmuşdu.

Bütün dünyada Müjdəni yaymaq fikri Paulun ürəyində dərin kök salmışdı. O hələ sağ ikən Romada və başqa yerlərdə Allahın Padşahlığını qurmaq istəyirdi. Özündə Məsihin xüsusi xeyir-duasının fəal olduğuna inanan həvari yalnız ayrı-ayrı imanlıların ruhani inkişafı barədə düşünmürdü, bütöv xalqlara təsir etməyə çalışırdı, çünki o izzətli Rəbbi öz gözləri ilə görmüşdü. O əmin idi ki, bütün dünya padşahların Padşahına məxsusdur və Onun qələbəsi şübhəsizdir!

Millətlərin həvarisi özünü bütün insanlara borclu sayırdı. O heç kəsdən borc pul götürməmişdi, onun borcu başqa növ borc idi. O inanırdı ki, Məsihdə seçilmiş olanlara xidmət etməsi üçün ona Allahdan xüsusi qüdrət və qüvvət verilib. Doğrudan da, hamımız bu günə kimi Allahın Paula bəxş etdiyi ənamlardan faydalanırıq, Onun Məktubları vasitəsilə Allahın qüvvəsinə şərik oluruq! Bu mənada biz sizə borcluyuq, siz də ətrafınızda olan hər kəsə borclusunuz. Bizdə fəal olan Ruh təkcə bizə məxsus deyil, çoxlarının ürəyində məskən salmağa hazırdır.

Paul çox oxumuş yunanların arasında zəhmət çəkirdi və Rəbb onun zəifliyində xidmətinə qüvvət verirdi. Paul Aralıq dənizinin yunan bölgəsində cəmiyyətlər qururdu. Bu Məktubu yazdığı zaman, Paul Fransa, İspaniya və Almaniyadakı “barbar”ların arasında işləməyə qərar verdi. O hər yerdə yaşayan hər kəsə Allahın Oğlunun bizi çarmıxda xilas etməsindən danışmağa can atırdı! Məsihə görə şövqü, həvəsi o qədər güclü idi ki, Paul hər an Rəbbin onu göndərdiyi yerə uçmağa hazır olan raketə bənzəyirdi. Barbarları sevən Paul romalı imanlıları da başqa xalqlara Müjdəni yaymaq işinə cəlb etməyə çalışırdı. O, Romadakı imanlıların müjdəçi kimi xidmət etmələri üçün onlara xoş xəbəri öyrətmək istəyirdi, axı xilas olan adam başqalarını da xilas etmək istəyir. Paul Romadakı imanlılar cəmiyyətini Müjdənin bütün dünyada yayılacağı bir mərkəz, yaxud uçuş meydançası olaraq görürdü.

Lakin Allah həvarinin duasına başqa cür cavab verdi. O, elçisini birbaşa Romaya göndərmədi, öncə Yerusəlimə dönməsini istədi, orada Paul həbs edilib zindana atıldı və əziyyət dolu uzun illər keçəndən sonra zəncirə vurulmuş Məsihin qulu olaraq Romaya aparıldı. Ancaq bütün bu əziyyətlər onun daxilində olan Allahın qüvvəsini heç azaltmayıb, o, zəncirlənmiş halda belə, Məktubları vasitəsilə dünyada Müjdəni yaymışdır! Paulun Romalılara Məktubu bu günədək bütün dünya xalqlarına Müjdəni çatdırır!

Bu gün biz, Paulun Müjdəni yaymaq istədiyi o “barbar” millətlərin nəsli, Paulun bizə çatdırdığı Müjdəni sevinclə yayırıq. Çox güman ki, Paulun ağlına belə gəlməzdi ki, onun Müjdəni bütün dünyada yaymaq arzusu, Romalılara Məktubu vasitəsilə gerçəkləşəcək! Yəhya Müjdəsi istisna edilməklə, Ruhun çoxlu duaları və iniltiləri ilə yazılmış olan bu Məktub qədər çox dünyanı dəyişdirən, dünyada ruhani inqilab törədən ikinci bir əsər yoxdur!

DUA: Ya Rəbb, Sən Padşahsan, qullarını Öz iradənlə haqq yola gətirirsən! Sənin iradənə uyğun gəlməyən bütün niyyət və qərarlarımız üçün bizi bağışla! Qoy biz canlarımızı tamamilə Sənə tabe edək, məhəbbət planından bir addım belə, uzaqlaşmayaq, lakin Sənin Ruhunun əmrlərinə əməl edək, hətta əgər onlar bizim təsəvvürə gətirdiyimiz kimi olmasa da! Ey Allahım, Sənin yolun müqəddəsdir və biz Sənin məsləhətinə təslim oluruq. Mərhəmətindən uzaq düşməyimizə yol vermədiyin üçün Sənə şükür edirik!

SUAL:

  1. Allah Paulun planlarına necə və neçə dəfə mane oldu?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:43 AM | powered by PmWiki (pmwiki-2.2.109)