Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 256 (They Cursed Themselves and Their Children)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

22. Xalq özlərinin və övladlarının üzərinə lənəti gətirir (Matta 27:24-26)


MATTA 27:24-26
24 Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişaşın gücləndiyini görərək su götürüb xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın qanı üçün təqsirkar deyiləm, qoy sizin boynunuzda qalsın». 25 Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!» 26 Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.
(Qanun. 21:6; Həv. 5:28)

Pilat İsanın təqsirsiz olduğunu bilirdi və təqsirsizliyini dəfələrlə elan etmişdi. İsanı çarmıxa çəkdirmək istəməyən vali xalqın önündə əllərini yuyub, Məsihin qanı üçün təqsirkar olmadığını elan etdi. Bütün təqsiri xalqın boynuna atdı. Buna baxmayaraq, vali İsanı azadlığa buraxmamaqla Ona qarşı ədalətsizlik etdi.

Pilat əllərini yuduqdan sonra xalq “Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!” deyib öz başına lənət gətirdi. Onlar Məsihin qurbanına iman edərək bu sözləri desəydilər, xilas olardılar. Ancaq bu sözləri lənət kimi söylədilər. Allah, təqsiri sübut edilməmiş Adamın ölümə məhkum edilməsi, qanının axıdılması üçün bu xalqın və övladlarının bütün haqsızlığının qisasını verəcək idi. Yəhudilərin özlərinin və övladlarının üzərinə gətirdikləri bu lənət İsanın ölümündən sonrakı tarixlərinin sirrinin açarıdır. Yəhudi xalqını anlamaq istəyən adam, İbrahimin nəslinin öz istəyi ilə başına gətirdiyi bu Allahın lənətini dərk etməlidir. Yəhudilərin tarixi Allahın salehliyi və ədalətini sübut edir.

Yəhudilər nəsillər boyunca bu günahın cəzasını çəkdilər. Allah Özü lənəti üçüncü və dördüncü nəsillə məhdudlaşdırdığı halda, o adamlar hələ doğulmamış övladlarının nəsillərinə qeyri-məhdud lənəti cəlb etdilər. Saysız nəsillərinə bu cür lənəti gətirmək əsil dəlilik idi!

Pilat yəhudilərin ondan Roma hakimiyətinə şikayət edəcəyindən qorxub İsanı çarmıxa çəkdirdi. Valinin bu haqsızlığında bütün xalqlar iştirak etmişdir, çünki biz də bəzən öz rahatlığımızı, çörəyimizi başqalarının haqqını müdafiə etməkdən daha çox önəmli sayırıq. Öz haqqımız üçün son nəfəsimizədək mübarizə aparırıq, lakin başqalarına əziyyət verən haqsızlıqdan boyun qaçırır və özümüzü yalandan təqsirsiz göstərərək “əllərimizi yuyuruq”. Əgər İsa bu gün məhkum edilsəydi, sən camaata qarşı çıxıb Onu müdafiə edərdinmi, hökümətdən Onun azad edilməsini tələb edərdinmi? İsanı çarmıxa çəkməyə aparmazdan əvvəl Roma adətinə görə qamçıladılar. Romalılar qamçılara dəmir və ya sümük parçaları bağlayardı və hər vuruş bədəninin ətini parçalayardı. Allahın günahsız Oğlu bütün əzabkeşlərin yerini aldı və Yeşayanın peyğəmbərliyini yerinə yetirdi: “Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, vurulub iztirab çəkdiyini zənn etdik.Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı, onun yaraları ilə biz şəfa tapdıq”.

DUA: Ya Rəbb İsa Məsih, Sən Padşahım və Rəbbimsən, mən Sənə məxsusam. Özümü Sənin sərəncamına verirəm. Öz canımı Sənin əlindən qapmağa çalışmışamsa, məni bağışla! Fikirlərimdə, sözlərimdə, əməllərimdə olan hər cür haqsızlıq üçün məni bağışla. Evdə, məktəbdə, iş yerimdə qardaşlarımla haqsız davranmışamsa, məni bağışla. Vicdanıma Müqəddəs Ruhunun düzgünlüyü və itaətində yaşamağı öyrət. Sən bizim uğrumuzda çarmıxda ölmüş yaşayan Allahsan, biz Səni öz günahlarımızla ölümə məhkum etmişik, bizi bağışla!

SUAL:

  1. Niyə Pilat İsanı çarmıxa çəkilməyə məhkum etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:18 AM | powered by PmWiki (pmwiki-2.2.109)