Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 231 (The Judge’s Judgment on the Evil Ones)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi'

16. Hakimin pislər üçün mühakiməsi (Matta 25:41-46)


MATTA 25:41-46
41 O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! 42 Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz; 43 qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”. 44 Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?” 45 O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”. 46 Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək».
(Yəh. 5:29; Yaq. 2:13; Vəhy 20:10, 15)

Son məhkəmə ilə əlaqədar belə sual doğa bilər: Məgər salehlər hər vaxt kamil şəkildə saleh olurlar və pislərdə heç yaxşılıq yoxdur? Məgər salehlər günah etmirlər və pislər arada yaxşı iş görmürlər?

Əziz oxucu, bütün salehlər təbiətcə pis idilər, lakin imanla Məsihin qanı sayəsində saleh oldular və Allahın Ruhu onları salehlik və yaxşı əməllər ilə doldurdu. Onları xilas edən, əməlləri deyil, imanlarıdır.

Onlar Məsihə iman edərək saleh və məqbul oldular, Məsih onların günahları üçün öldü və onları qanı ilə təmizlədi, onlar Müqəddəs Ruhun ənamı ilə dəyişilib müqəddəs oldular. Onlar saleh sayılandan sonra təqsirlərindən əsər-əlamət qalmadı. O zaman Müqəddəs Ruh onlarda yaxşı əməllər meydana gətirdi və Məsih onları ömür boyunca gündən-günə təmizləməyə davam edir.

Pislər isə pis olaraq qalırlar, axı hər insan Allahın müqəddəsliyi ilə müqayisə edildikdə pisdir. Pislərə xilas olmaq fürsəti verilib, Məsih onlara görə də ölüb, lakin pislər Xilaskarı və Onun qurbanını rədd ediblər və Allahın məhəbbət Ruhuna ürəklərini açmayıblar. Onu rədd edərək təqdis gücündən məhrum olub, ruhani şəfaya xor baxıblar. Buna görə onların əməlləri əvvəlki kimi xudbin olaraq qalıb və möminlikləri ikiüzlülükdən başqa bir şey deyildir.

Məsih pisləri mühakimə edərkən, Onu sevmədiklərini, O ac, susuz, xəstə, paltarsız, məhbus olanda Ona qulluq etmədiklərini söylədi. Onlar etiraz edərək, biz Səni heç vaxt ehtiyac içində görməmişik – dedilər. Rəbb isə onlara elan etdi ki, ehtiyac içində olan insanlara etinasız yanaşaraq Onun Özünə etinasız yanaşmış oldular. Buna görə onların əməlləri nöqsanlı və pis idi, onlar özləri üçün daha çox qayğı çəkdilər, nəinki Məsih və ardıcılları üçün. Həyatlarının mərkəzində Məsih deyil idi, özləri, pulları, cəmiyyətdəki vəzifələri və ad-sanları idi.

Xilaskarı rədd edən adam Allahın məhəbbət Ruhuna qarşı ürəyini kütləşdirir. Belə adamı şeytan qürurla doldurur və özünün murdar ardıcıllarından birinə döndərir. Məsih belə adamlara “pis insan” demir, onları “iblisin mələkləri” adlandırır. Necə dəhşətli sözdür! O onları həmçinin “lənətə gəlmişlər” adlandırdı, çünki onlar şeytanın qulları və övladları kimi yalan, əxlaqsızlıq, hiylə, nifrət və qisas almaq arzusu ilə dolu həyat sürürlər.

Göylər həyatdır, tam səadətdir. İnsan ruhunun həyatı İsa Məsihdə Allahla birləşməsindən qaynaqlanır, necə ki insan bədəninin həyatı onun ruhu ilə birləşməsindən asılıdır. Səmavi həyat Allahı görməkdən, Allah haqqında eşitməkdən, Allahın hüzuruna gəlməkdən, Allahla tam fasiləsiz şəriklikdən qaynaqlanır. Məhz bu cür həyata “əbədi” demək olar: ona nə ölüm son qoyar, nə qocalıq ləzzətinə xələl gətirər, nə də kədər onu korlayar.

Beləliklə, qarşımıza həyat və ölüm, xeyir və şər, bərəkət və lənət qoyulub. Seçmək bizə qalır. Bu seçimimizdən əbədi taleyimiz asılıdır!

Əziz qardaş, Məsih dünyanın yeganə Xilaskarıdır. O sənin günahlarını əfv edib. Onun qüdrətinə iman et və qoy Onun məhəbbəti sənin xudbinliyini məğlub etsin və səni Allahın bir nuru, bir övladı eləsin. Onda sən şərəf, rahatlıq axtarmazsan, lakin özünü aşağı tutub önəmsiz sayarsan, düşmənlərinə görə Allaha dua edərsən. Müqəddəs Ruh səni sülhyaradan adama döndərəcək və əbədi həyatda möhkəmləndirəcək. Ümidsizliyə qapılmaqdan, həlak yolundan əl çək! Bil və agah ol ki, salehlər Məsihdə günəş təki parlayacaqlar, çünki Məsih onlarda yaşayır və onları Öz məhəbbəti, həqiqəti və müqəddəsliyi ilə əhatə edir. Onlar Məsihin hüzuruna gələndə, O onları sevinclə qəbul edəcək, çünki Allahın əzəli surəti onlarda əks olunacaq və Allahın izzəti bütün dünyanı dolduracaqdır!

DUA: Ey ölümdən dirilmiş Rəbb İsa Məsih, Səni ucaldıb həmd edirik, çünki Sən bizi satın alıb təqsirlərimizdən xilas etmisən! Şeytan bizim üzərimizə hökmran deyildir! Sən bizim fani bədənlərimizdəki ölüm toxumunu məğlub etmisən, bizi gümüş və qızıl ilə deyil, Öz iztirabların, ölümün ilə satın almısan. Belə ki biz Sənə məxsus olaq və bütün müqəddəslərlə birlikdə tam qüdrətinlə Sənin Padşahlığında yaşayaq. Sən ölümdən dirilmisən, yaşayırsan, Ata və Müqəddəs Ruh ilə vahid Allah olaraq əbədi hökm sürürsən! Qoy biz bütün qonşu, dost və düşmənlərimiz üçün vəsatət edək ki, onlar tövbə edib Sənə iman gətirsinlər və lütfünlə yenilənsinlər!

SUAL:

  1. Niyə hökm günündə salehlər günahsız olacaq, pislər isə pis olaraq qalacaqlar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:12 AM | powered by PmWiki (pmwiki-2.2.109)