Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 225 (Parable of the Wise and Foolish Virgins)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

12. On qız məsəli (Matta 25:1-13)


MATTA 25:8-13
8 Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”. 9 Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”. 10 Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı. 11 O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər. 12 O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”. 13 Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.
(Mat. 7:23; 24:42, 44; Luka 13:25)

Məsih gözlənmədiyi vaxt göydən gələcək. Onun qəfil gəlişi imanlıları sarsıdıb yuxudan oyadacaq, çünki bütün imanlılar Məsihin tez gələcəyini və dünyanın axırının yaxın olduğunu bilirlər.

Lakin çoxları inanmır ki, Məsihin gəlişi və hökm günü bizim zəmanəmizdə baş verəcək. Allahın çarmıxa çəkilmiş və dirilmiş Oğluna iman etməyən, Allahın Kəlamı və Ruhu ilə dolu olmayan adamlar qorxuya düşəcəklər, çünki o anda heç təsəlli tapmayacaqlar, özlərində iman və dua etmək üçün güc tapmayacaqlar, bacı-qardaşlarla barışmadıqları, onlara hələ də kin bəslədikləri üçün o həlledici anda həyatdan, məhəbbətdən, paklıqdan, salehlikdən məhrum olduqlarını dərk edəcəklər. O vaxt bu nöqsanlarını tez-tələsik aradan qaldırmaq istəyəcəklər, lakin insan Allahın surətini, ruhani məziyyətlərini bir anda qapıb əldə edə bilməz. Nə qədər ki vaxt var, bunları “satın almaq” lazımdır, bunlar çox baha qiymətə satılır – İsa Məsihin qanı bahasına! İsa, çıraqlarımız üçün yağ olan Müqəddəs Ruhun qüvvəsini bizə vermək üçün tam bahasını ödəmişdir. Biz Ona şükür edirik, özümüzü inkar edərək həyatımızı Ona həsr edirik ki, O bizi həqiqətən təqdis etsin. Paul həvari ola-ola müqəddəs həyat sürmək üçün vicdanını məşq etdirib, imanlılar cəmiyyətlərində itaətkarlıq, sevinc, fədakarlıq və məhəbbətdə birinci olmaq məqsədilə “müqəddəslik yarışı”nda var gücü ilə çalışıb səy göstərdi. Sən də Məsih kimi səleh və müqəddəs həyat sürmək üçün özünü inkişaf etdir. Ancaq öz gücünlə yox, daxilində məskən salmış Rəbbin Ruhunun köməyi ilə bunu et, onda ərtafındakı insanlar üçün yaxşılıq, lütf və sevinc nümunəsi olarsan. Sən bu qaranlıq dünyada Məsihin nuru olmaq istəyirsənmi?

İmanlı özü üçün yaşamaz, Allah üçün yaşayar, necə ki gəlin özü üçün deyil, bəy üçün bəzənər. Biz də cənnəti qazanmaq üçün deyil, bizim yolumuzda ölüb salehliyini, sülhünü və göylərin bütün xeyir-dualarını əvəzsiz olaraq bizə bəxş edən Məsihi sevdiyimiz üçün müqəddəs həyat sürürük. Minnətdar olduğumuz üçün ürəyimizi Ona təslim edirik, həyatımızı Ona veririk ki, Öz sifətləri ilə doldursun. Məsih, xilasına görə şükür edən və Rəbbin Kəlamına bağlı olan imanlıları Öz gəlişində qoruyub qəbul edəcək. Onlar öz bədənlərində Məsihin adını və surətini daşıyırlar, Onun çarmıxının bəhrəsi olublar. Həmd və şükür onları İsanın məhəbbətində birləşdirir. Həyatımızın məqsədi, bizi qiymətli qanı ilə təmizləyən Məsihlə ruhani vəhdətə nail olmaqdır.

Ürəyində İsanın məhəbbəti olmayan, əfvindən imtina edən, ilahi qüvvədən məhrum olan hər kəs Allahın Oğlunun gəlişində Onun yanında olmayacaq. Onların müqəddəs olmaq cəhdləri əbəsdir, çünki onlar Məsihin fədakarlığı əsasında həyat qurmayıblar, Məsihə bürünməyiblər.

Şübhəsiz ki, iman vasitəsilə Məsihlə birləşməyən adamların önündə göylərin qapısı bağlanacaq! Məsih onları tanımayacaq, onları Özünə yad sayacaq. Rəbb adil olduğuna görə Ruhu vasitəsilə Ona gəlməkdə hamı üçün bərabər imkanlar yaradır. Onu rədd edənlər unikal fürsətlər əldən buraxırlar. Əziz qardaşım, bəs sən Məsihin Ruhu ilə yaşayırsan, yoxsa yox? Ruh səndə səmərəli şəkildə işləyirmi?

Bu məsəldə evdəkilərin təhlükəsizliyi üçün, pis adam evə soxulmasın deyə, bəy evə girən kimi arxasından qapı bağlandı. İmanlılar Allahın evində sütunlar kimi dayanmalı və heç vaxt o evdən bayıra çıxmamalıdırlar (Vəhy 3:12). İzzətlənmiş müqəddəslər səmavi cənnətə girən kimi qapı bağlanacaq. Onda müqəddəslərin və günahkarların əbədi taleləri həll olunmuş olacaq və artıq dəyişilməsi mümkün olmayacaq. Bayırda qalan, əbədi olaraq orada qalacaq. Bu gün qapı hələ açıqdır. Doğrudur ki, bu qapı dardır, amma açıqdır! Bəy gələndən sonra qapı əbədi olaraq bağlanacaq, cənnət ilə cəhənnəm arasında keçilməz uçurum əmələ gələcək. Necə ki Nuhun gəmisinin qapısı bağlanandan sonra artıq heç kəs gəmiyə daxil ola bilməyib, İsanın gəlişində də belə olacaq. Gəmiyə vaxtı-vaxtında girənlər xilas olub, girmək istəməyənlər isə həlak olublar.

DUA: Ey Səmavi Ata, Oğlunun gəlişi ilə bizə verəcəyin bol sevinc üçün Sənə şükür edirik. Bizə kömək ol ki, iman vasitəsilə İsada möhkəm duraq! Atəşin məhəbbətinlə daş ürəklərimizə qalib gəl, qoy biz düşmənlərimizi sevək və İsanın gəlişinə hazırlaşaq! Bizi tamamilə təqdis et, qoy biz itmişləri sevək və həlak olmasınlar deyə onları İsanı tanımağa və qarşılamağa dəvət edək!

SUAL:

  1. Niyə ağılsız qızlar Məsihin gəlişindən əvvəl son anda Onun salehliyini və müqəddəsliyini “satın ala” bilmədilər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:11 AM | powered by PmWiki (pmwiki-2.3.3)