Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 196 (The Great Commandment)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)

8. Allahın ən böyük əmri (Matta 22:34-40)


MATTA 22:34-40
34 Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar. 35 Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu: 36 «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» 37 İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. 38 Bu, böyük və əsas əmrdir. 39 Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. 40 Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».
(Mark 12:28-31; Luka 10:25-28; Rom. 13:9-10)

Yəhudilər öz imanlarının mahiyyətindən uzaqlaşıb ayrı-ayrı qanunların içində ilişib qalmışdılar. Müxtəlif qayda-qanunlara riayət edərək Allahı razı saldıqlarını zənn etmiş və onların möminliyi son dərəcə formal və mürəkkəb olmuşdu. Öz ehkamlarının ucbatından Qanunun mahiyyətini dərk etməmiş, imanın əsasından bütpərəstlərdən də çox uzaqlaşmışdılar.

Bəs Qanunun mahiyyəti nədir? Məhəbbət dolu, müqəddəs Allahın Özüdür. Allahın kamil və müqəddəs məhəbbəti Qanunun əsası, mahiyyəti, meyarıdır. Allah Musaya bu səmavi ayəni verdi: “Müqəddəs olun, çünki Mən müqəddəsəm”. İsa bizə bu ayənin yeni əhdə görə mənasını belə izah etdi: “Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun” (Mat. 5:48). Bu iki əmr barəsində yaxşı düşünən adam dərk edir ki, onun Allaha və insanlara olan məhəbbəti çox zəifdir. Çünki biz Allahı bütün qəlbimizlə, varlığımızla, düşüncəmizlə sevmirik və başqalarını lazım olduğu kimi sevmirik. Öz bəşəri gücümüzlə mərhəmətdə və xeyirxahlıqda Allahın kamilliyinə çata bilmərik, çünki Yaradanda olan kamillik yaradılışda ola bilməz.

Bu əmri yerinə yetirən yeganə insan Məsihdir, çünki O, izzətli Atanın vahid Oğludur. İsanın həyatı başdan-başa məhəbbət və müqəddəslikdə kamil olmaq əmrinin ifadəsi olub. Məsih Öz sözləri, əməlləri, ölümü və dirilməsi ilə Allaha və insanlara olan məhəbbətini ifadə edib. O, Allahı bütün qəlbi, varlığı, ağlı və qüvvəsi ilə sevib və biz günahkarları Özü kimi sevib. Məhəbbətimiz zəif olsa da, Onun qurbanı sayəsində “Allahın övladları” adlanmağa layiq olmuşuq. İsa bizə ilahi qüvvə ilə O bizi sevdiyi kimi sevmək qüdrətini verib. Müqəddəs Ruh bizdə məskən salanda bizi Allahın məhəbbətinə yönəldir ki, biz nəinki hisslərlə, habelə əməl, xidmət və fədakarlıqla sevək. Müqəddəs Ruh bizi Allahın kamilliyi ilə kamilləşdirir, Xilaskara olan məhəbbətlə sevmək qabiliyyətini verir. Həvari Paul dediyi kimi: “Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb” (Rom. 5:5). Bu ilahi “cövhər” bizi dəyişdirir, xudbinlikdən sevən adama döndərir. Bütün ürəyi, varlığı və düşüncəsi ilə Allahı sevən, Allahın surətini daşıyan insanları da sevir. Biz Allahı sevdiyimizi iqrar edir, amma başqalarını sevmiriksə, yalançı çıxırıq.

Bütün Qanun tək sözdə yekunlaşdırılır – “məhəbbət” (Rom. 13:10). İtaət məhəbbətdən başlayar və yalnız məhəbbətlə tamamlandıqda məqbul olar. Məhəbbət əsasdır, bütün sifətlər onun üzərində qurular. Buna görə məhəbbət əldə etmək hər şeydən önəmlidir. İnsan məhəbbət üçün yaranmışdır. Məhəbbət ürəyə rahatlıq və səadət verər. Bu doğru yolu tutmuşuqsa, canlarımıza rahatlıq taparıq.

Allahda nifrət, intiqam yoxdur. Allah adil məhəbbətlə doludur. O, günahkarları xilas etmək üçün Öz Oğlunu belə əsirgəmədi. Biz də günahkarları sevməliyik, amma günahlarını rədd etməliyik. Məsih səni Onun Səmavi Atası ilə şərikliyə dəvət edir. Belə ki, sən qüvvətlənib Onun məhəbbəti ilə dolasan. Məsihin qüvvəti səni yenə qüvvətləndirəcək. Onun məhəbbəti sənin məhəbbətini təqdis edəcək. Onun biliyi sənin ürəyini sevinclə dolduracaq və həyatın Allaha şükür ifadəsi olacaq.

Sən Allahı sevirsənmi? Onu alqışla, ucalt, xidmət et, öz mühitində daim əməli surətdə Onun məhəbbətini yay. Rəbbin məhəbbəti ilə davranmaq üçün Ondan əzm, hikmət, ayırd etmə qabiliyyəti dilə. Allahı və insanları sevmək əmrini dərin-dərin düşünsən görəcəksən ki, Allah sənin ürəyini, düşüncəni, bədənini Ona təslim etməyini istəyir. O zaman sən tamamilə Allaha bağlandığına görə, artıq səndə xudbinliyə yer olmayacaq.

Allahı kamil məhəbbətlə sevməlisən: “bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə”. Bəziləri bu üç sözünün eyni mənanı – Allahı var gücümüzlə sevməyi ifadə etdiyini düşünür. Başqaları isə qəlb, varlıq və düşüncə sözlərini iradə, hisslər və zehin olaraq anlayırlar. Allaha olan məhəbbətimiz səmimi olmalıdır. Biz bəzi adamlar kimi yalnız dillə sevməməliyik və Allahı sevdiyini söyləyən, lakin ürəyi Ondan uzaq olanlar kimi olmamalıyıq. Məhəbbətimiz qüvvətli olmalıdır, yəni biz Allahı var gücümüzlə, bütün varlığımızla (Zəb. 103:1) sevməliyik. Rəbb bizə kömək olsun! Qəlbimiz bölünməsin, lakin büsbütün Allah məhəbbətində birləşsin. Biz nə qədər çox sevsək də, Allaha məhəbbətimiz hələ də az olacaq. Buna görə biz bütün varlığımızla Onu sevməyə səy göstərməliyik.

Hər insan kiçikliyindən xudbin və qürurludur, ancaq Rəbb bizə dəyişib başqalarını sevməyi əmr edir. O istəyir ki, biz çoxları uğrunda canını fəda edən Məsihdən nümunə götürək.

DUA: Ey müqəddəs Ata, biz Səni sevirik, çünki Sən əzəmətli məhəbbətsən. Sən bizi yaratdın və əbədi olaraq təmizləyir, təqdis edir, qoruyursan. Biz yaşayaq deyə uğrumuzda ölən Oğlunun qurbanına görə şükür edirik. Səni sevirik və özümüzü Sənin xidmətinə həsr edirik. Həyatımız uca lütfünün izzətinə xidmət etsin! Qoy evlərimizdə, məktəblərimizdə, həyatımızın bütün sahələrində xeyirxahlığın, mərhəmətin hökm sürsün! Bizə kömək et ki, sözlə yox, əməl və həqiqətlə sevək!

SUAL:

  1. Allahı və insanları həqiqi məhəbbətlə necə sevə bilərik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:04 AM | powered by PmWiki (pmwiki-2.3.3)