Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 187 (The Unfruitful Fig Tree)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)

3. İsa barsız əncir ağacını lənətləyir (Matta 21:18-22)


MATTA 21:18-22
18 Səhəri gün İsa şəhərə qayıdanda acmışdı. 19 Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu. 20 Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər. 21 İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq. 22 İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız».
(Mark 11:12-14, 20-24; Luka 13:6; Mat. 17:20)

Yerusəlimə geri qayıdan yolda Məsih acdı. Bəşər Oğlu olaraq O, bəşəri təbiətin zəiflikləri ilə yaşadı, insan olaraq O, işini o qədər böyük səylə edirdi ki, yemək yadından çıxırdı. Allahın evinin qeyrəti Onu həqiqətən yandırıb-yaxırdı. Onun qidası, Atanın iradəsini yerinə yetirmək idi. O, yoxsul insan olduğundan bu vaxt səhər yeməyinə əncir yeyəcək idi.

İsanın acması da ali bir məqsədə xidmət edirdi: O, aclığına görə möcüzə yaratdı. Barsız əncir ağacını lənətləyib qüdrət və ədalətini göstərdi. Biz də bundan ibrət dərsi götürməliyik.

Məsih şagirdlərinə xalqın ruhani nöqsanlarını konkret bir misalla izah etmək istədi. Əncir ağacında yarpaqdan başqa bir şey tapmadığına görə onu lənətlədi. Məsihin o ağaca dediyi sözlər əslində yəhudilərin gələcəyinə dair peyğəmbərlik idi və eləcə də bütün xalqlar üçün xəbərdarlıq idi: bilik və şəhadətlərinə uyğun olaraq yaşamayan, Allaha meyvə verməyən xalqlar üzərinə Allahın mühakiməsi gələcək.

İsanın bizdə axtardığı yaxşı meyvələr nədir? İman, məhəbbət və ümiddir. Biz bu meyvələri Məsihlə yaşayaraq veririk.

Məsih bizdə fəlsəfi ideyalar, mürəkkəb əqidələr axtarmır, Qanunun hərfinə riayət etməyimizi, ayələri əzbər öyrənməyimizi tələb etmir. Onun istədiyi budur ki, biz xilas olaq, dünyadakı pozğunluqdan qaçıb Onun ilahi təbiətinə şərik olaq, məhəbbətlə Allaha və insanlara xidmət edərək pak və müdrik həyat sürək.

İsa barsız əncir ağacını lənətləyərək, bütün ikiüzlülərə mühakimə elan etdi. Biz bu hadisədən öyrənirik ki, yarpağı olanın mütləq meyvəsi də olmalıdır. Məsih mömin kimi görünənlərdə bu yolun gücünü görmək istəyir. Onun ürəyi bizim meyvələrimiz üçün acıb! Zahirən çox yaxşı görünən adamlardan haqlı olaraq gözlədiyini tapmamaq Məsihi kədərləndirir. O, çoxlarının yanına gəlib meyvə axtarır, amma yarpaqdan başqa bir şey tapmır! Çoxlarının adı var ki, guya diridirlər, əslində isə ölüdürlər. Onlar mömin kimi görünüb bu yolun gücünü inkar edənlərdir!

Həqiqi iman təkcə qənaətdən deyil, həm də Məsihin gücünə şəriklikdən ibarətdir. Məsihlə yaşayan və Onun iradəsinə uyğun olaraq dua edənlərdən Onun qüvvəsi axar, çünki onların həyatı Rəbləri ilə sabit olaraq keçir. Onlar Rəbbin düşündüyü kimi düşünər, iradəsi nədirsə, onu istəyər, qüvvəsini başqalarına çatdırarlar.

Allahın Kəlamı ilə dolu adamların duaları müqəddəs Olana məqbuldur. “Atamız” duasından ilk üç xahişi yaxşıca öyrən və gecə-gündüz onları yerinə yetir. Onda Məsih sənin vasitənlə günah və nifrət dağlarını tərpədəcək.

Məsih gözləyir ki, sən Onun mərhəmətinə iman edəsən, qayğısına ümid bağlayasan, sözünü dinləyəsən və həlimliklə Ona tərəf dönüb yaxınlaşasan. O səni səsləyir, sən Onu sadiq Xilaskar kimi qəbul et. O zaman İsa səninlə əbədi əhd bağlayacaq və sən Onun qüvvəsini, müdafiəsini, izzətli lütfünü dadacaqsan. İman Məsihlə birləşmək deməkdir və Məsih səni əsla tərk etməz. Sən həyatını Ona həsr etsən, Onda qalsan, Onun məhəbbəti sənin zəifliyində tam olar. Çünki O, Xilaskardır, O hələ də qüdrət və mərhəməti ilə dünyanı xilas edir.

DUA: Ey Ata, Öz Oğlunda bizimlə bağladığın yeni əhd üçün Sənə şükür edirik! Səndən xahiş edirik, qoy Ruhun bizdə və başqalarında çox-çox meyvə yetişdirsin; qoy hər cür kin-küdurət və yalan evimizdən yığışsın, qoy aramızda Sənin sülhün və sevincin hökm sürsün! Millətimizə Sənin Oğlunun ilahiliyinə həqiqi imanı bəxş et, qoy Sənin Müqəddəs Ruhunun bütün istədikləri bizdə tam olsun və biz lənətə gəlməyək, amma Sənin müqəddəs adının izzəti naminə çox meyvə verək!

SUAL:

  1. Niyə İsa barsız əncir ağacını lənətlədi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:02 AM | powered by PmWiki (pmwiki-2.2.109)