Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 186 (Jesus Cleanses the Temple)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)

2. İsa məbədi təmizləyir (Matta 21:10-17)


MATTA 21:14-17
14 İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi. 15 Lakin başçı kahinlər və ilahiyyatçılar Onun etdiyi heyrətamiz işləri və məbəddə «Davud Oğluna hosanna!» deyə bağıran uşaqları gördükdə acıqlandılar 16 və Ona dedilər: «Bunların nə söylədiyini eşidirsənmi?» İsa da onlara dedi: «Bəli. “Körpələrin və çağaların ağzından kamil həmd aldın” sözünü heç oxumamısınızmı?» 17 İsa onları tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi.

Məsih Özü Allahın məbədidir, çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. Allah Onun vasitəsilə bir çox adamları xilas etmişdir. Məsih həmçinin həqiqi Baş Kahin, Müqəddəs Ruhun xeyir-duasının tam bütövlüyünü əldə etməyimiz üçün Özünü qurban verən Allah Quzusudur. Buna görə, İsa Özü həm Məbəd, həm Baş Kahin, həm də dünyanın günahları üçün verilən kəffarə qurbanıdır. İnsanı Allahla barışdıran Vasitəçinin xidməti üçün tələb olunan bütün şərtlər İsada cəmlənmişdir.

Məsih olan yerdə xariqələr baş verir. O, xəstələrə, korlara, topallara şəfa verərək Öz ilahiliyini göstərməklə yanaşı, xalqın nəzərini ölü daşlardan inşa edilmiş dünyəvi məbəddən çəkirdi ki, xalq Onun Allahın diri Məbədi olduğunu görsün.

Kor və topalların Davudun sarayına girməsi qadağan idi (2Şam. 5:8), amma Allahın evinə girməsinə icazə verilirdi, çünki Allahın məbədinin izzəti dünyəvi izzətdən fərqlidir. Soylu adamlar kor və topalları saraylarına yaxın buraxmazdılar, Allahın məbədində isə tövbə etməyən, yalançı və murdar adamlara yer yoxdur!

Məbəd bazara çevriləndə murdarlanar, xəstəxanaya çevriləndə isə şərəflənər. Allahın evində pul qazanmaq yox, yaxşılıq etmək lazımdır.

Bəzən uşaqlar böyüklərdən daha tez insanın kim olduğunu anlaya bilərlər. Bu parçada uşaqların “Davud Oğluna hosanna!” deyə nida etdiklərini görürük. Güman ki onlar şüurlu olaraq İlahi Padşahı alqışladıqlarını dərk etmirdi, sadəcə olaraq insanlara şəfa verən şəfqətli Adamı alqışlamaq istəyirdilər.

Uşaqlar nə görür və eşidirlərsə, onu edir və danışırlar, buna görə biz onlara pis nümunə olmamaq üçün çox ehtiyatlı olmalıyıq. Latınca bir məsəl var: “Balacalarla ünsiyyətdə olarkən son dərəcə ciddi və dəqiq ol!” Uşaqlar əlaqədə olduqları insanlardan ya söyüş söyməyi və lənəti, ya da dua və həmd etməyi öyrənərlər. Yəhudilər öz övladlarına çardaqlar bayramında palma budaqları götürüb “Hosanna!” nida etməyi öyrədirdilər, bu olayda isə uşaqları bu sözü Məsihə deməyi öyrədən Allahın Özü idi.

Bunu görən xalqın dindarları, rəhbərləri qəzəbə gəldilər. Onlar siyasi və milli zəmində iğtişaşlardan ehtiyatlanaraq diqqətlə İsanı izləyirdilər. Görəsən, O, hakimiyyəti ələ keçirmək üçün güc tətbiq edəcəkmi? – deyə maraqlanırdılar. Lakin heç bir fövqəladə olay baş vermədi, göydən enib romalıları məğlub edən mələklər görünmədi. O zaman onlar İsaya yaxınlaşıb sual verməyə başladılar: “Şagirdlərin Səni Davud Oğlu adlandırırlar. Sənin buna münasibətin necədir?” İsa onlara cavab verdi ki, soylu adamları və rəhbərləri Ona səcdə qılmasalar, Müqəddəs Ruh uşaq və körpələrin dili ilə danışacaq. Beləliklə, İsa yəhudi başçıları könüllü olaraq Onun izzəti qarşısında səcdə qılmağa çağırdı. Lakin onlar səcdə qılmadılar, əksinə, Ona qəsd etmək qərarına gəldilər. Onda İsa Yerusəlimdən çıxıb Bet-Anyaya yollandı.

DUA: Ey Ata, quldur yuvası olmamaq üçün təmizlənməyimiz, ruhən oyanıb dirçəlməyimiz üçün Sənə ehtiyacımız var! Sənin məhəbbətinə, xeyirxahlığına zidd olan bütün fikirləri bizdən qov! Ürəyimizi yükləyən qayğıları dağıt, qoy biz Sənin Oğlunun qanı ilə təmizlənək, Müqəddəs Ruhun bizdə məskən salsın və biz bütün ürəyimizlə və dilimizlə Sənə nəğmə oxuyaq, çünki Sən həmişə həmd edilməyə layiqsən!

SUAL:

  1. Məbəddə İsaya həmd edən uşaqlar qəzəbli başçı kahinlər və ilahiyyatçılardan necə fərqlənirdilər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:02 AM | powered by PmWiki (pmwiki-2.2.109)