Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 127 (Jesus’ True Relatives)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

i) İsanın həqiqi qohum-əqrəbası (Matta 12:46-50)


MATTA 12:46-50
46 İsa camaatla söhbət edəndə anası və qardaşları bayırda durub Onunla danışmaq istəyirdilər. 47 Bir nəfər İsaya dedi: «Budur, anan və qardaşların bayırda dayanıb Səninlə danışmaq istəyirlər». 48 Amma İsa bu sözü söyləyənə cavab verib dedi: «Mənim anam və qardaşlarım kimlərdir?» 49 Əlini şagirdlərinə doğru uzadaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır. 50 Çünki kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».
(Mat. 10:37; 13:15; Mark 3:31-35; Luka 2:49; 8:19-21; Rom. 2:11; 8:29)

Məsih fariseylərlə söhbət etməyin faydasız olduğunu anlayıb onlarla söhbət etməkdən əl çəkdi. Lakin sadə camaatla söhbəti davam etdirdi, çünki onlar, özlərini bilikli sayan fariseylərdən fərqli olaraq, öyrənməyə can atırdılar.

İsaya qarşı olan təqiblər zirvəsinə çatdı, yəhudilər İsanın ailə üzvlərinə təzyiq göstərdilər ki, Onun vaizlik fəaliyyətinə mane olsunlar. Əks halda onlar cəzalandırılacaq, xalqdan qovulacaqdılar. İsanın qardaşları Onunla söhbət etməyə gəlmişdilər. Anası da, güman ki, mübahisəni sakitləşdirmək üçün gəlmişdi. Lakin İsa bu problemi qəti şəkildə həll etdi – ailəsini sevməyə davam edərək, camaat qarşısında onlardan ayrıldığını elan etdi. Bu əhvalatda İsanın ruhani uzaqgörənliyini görmək mümkündür. İsa artıq dünyəvi ailəsinə bağlı olmadığını, şagirdləri ilə Müqəddəs Ruhda daha sıx əlaqədə olduğunu açıqladı. İsa şagirdlərini Allahın ailəsi kimi qəbul edirdi. O Özünü o qədər aşağı tutmuşdu ki, onları qardaş adlandırmaqdan utanmadı! Allahın Oğlu bizi Öz ev əhli adlandırmaqla necə şərəfləndirir! Rəbbin Duasında İsa Allaha “Atamız” deyə müraciət edir və beləcə təsdiq edir ki, biz Müqəddəs Ruhu qəbul edəndə Allahın övladları olmuşuq. İsanın sənin Qardaşın olduğuna inanırsanmı? Sənə verilən bu şərəfə görə Ona necə şükür edirsən? Məsihin Səmavi Atasının iradəsini yerinə yetirən hər kəsi Özünün qardaşı və ya bacısı adlandırması adamın ürəyini heyran edir. Ancaq Allahın iradəsi nədir? Müjdəçi Yəhya İsanın bu sözlərini qələmə alıb: “Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun” (Yəh. 6:40). Həvari Paul da deyib ki, Allahın iradəsi müqəddəs olmağımızdır (1Sal. 4:3). Beləliklə, Allahın iradəsi adamın xilas olub müqəddəs həyat sürməsidir.

Məsih söhbəti kəsib ailəsi ilə görüşməyə çıxmadı. O, xidmətinə böyük əhəmiyyət verir və nəyinsə Onun xidmətinə mane olmasını istəmirdi. “Mənim anam və qardaşlarım kimlərdir?” sualı ilə Məsih bizə qohum-əqrəbamızı sevməməyi, yaxud saymamağı heç vəchlə öyrətmir. O öyrədir ki, hər şey “öz vaxtında gözəl”dir (Vaiz 3:11) və aradabir mühüm bir vəzifə daha az önəmli vəzifəni rədd etməmizi tələb edər. İnsanlarla münasibətlərimiz Allahla aramızı pozursa, yaxınlarımız Rəbbə xidmət etməymizə mane olurlarsa, Levi kimi Atamız üçün “Onlara nəzər salmadım” (Qanun. 33:9) deyə elan etməliyik. Bəzən Məsihə olan məhəbbətimiz ən yaxın insanlarla münasibətlərimizə əhəmiyyət verməməmizi tələb edir. Allahın qarşısında olan vəzifələrimiz hər şeydən üstün olmalıdır.

Heç kimin öz gücü ilə Allahın iradəsini yerinə yetirməyə gücü çatmaz, əks halda insan Allaha bərabər olardı. Biz Məsihə Oğul, Allaha Ata kimi iman edəndə Məsihin qanı bizi yuyub təmizləyir və Ruhu bizə müqəddəs həyat sürmək üçün qüvvət verir, elə o zaman biz Allahın iradəsini yerinə yetiririk.

Məsihin təliminə iman edərək hər şeyi qoyub ardınca gedən şagirdləri Ona qan qohumlarından da yaxın oldular. Məsih də şagirdləri üçün qohum-əqrəbalarından üstün oldu. Onlar atalarını qoyub İsanın ardınca getdilər. Buna görə İsa onlara bol-bol məhəbbət verdi və Öz ev əhlindən də üstün saydı. Həqiqətən, onlar yüz dəfə artıq şərəf aldılar (Mat. 19:29).

Bütün itaətkar imanlılar İsa Məsihin qohumu sayılır, Onun adı ilə çağırılır, surətini daşıyır, təbiətinə şərik olur, ev əhlinə məxsus olurlar. İsa onları sevir və onlarla qohum-əqrəba kimi rəftar edir. O onları süfrəyə dəvət edir, lazım olan hər şeylə təmin edir. İsa öləndə onlara böyük miras qoyub getdi. İndi O, göydədir və onlarla əlaqə saxlayır; axırda O onların hamısını Öz yanına götürəcək. İsa mütləq vədini yerinə yetirəcək və onlara sadiq Qəyyum olacaq (Rut 3:13). İsa kasıb qohumlarından əsla xəcalət çəkməz, lakin insanlar, mələklər və Atası qarşısında onları iqrar edər.

DUA: Ey müqəddəs Ata, biz Sənin müqəddəs adını qorxu və minnətdarlıqla dilə gətiririk. Bizə kömək ol ki, Sənin ruhani ailəni bütün dünyəvi əlaqələrdən daha önəmli sayaq, imandan dönməyək, ilahiliyini inkar etməyək, amma həmişə Sənin iradəni yerinə yetirək!

SUAL:

  1. İmandan dönən ilə Allahın ev əhlinə məxsus olan arasındakı fərq nədir?

www.Waters-of-Life.net

Page last modified on May 11, 2023, at 03:45 AM | powered by PmWiki (pmwiki-2.3.3)