Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 107 (Division)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

d) Müjdənin vəz edilməsinin səbəb olduğu ayrılıqlar (Matta 10:34-39)


MATTA 10:34
34 Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm.
(Mik. 7:6; Luka 12:51-53)

İsa Sülh Hökmdarıdır, ardıcılları da sülhyaradanlardır. İncildə "sülh", "əmin-amanlıq", "barışıq" mənasında işlənən bir yunanca kəlmə demək olar ki 100 dəfə işlənmişdir. Bəs niyə İsa sülh deyil, qılınc gətirməyə gəldiyini söyləyib? İsanın bu kəlamını belə anlamaq lazımdır:

Birincisi, günaha qarşı amansız mübarizəyə qoşulan hər kəs öz nəfsi üçün ölür, özünü inkar edir. Həm Allaha, həm də özünə xidmət edə bilməzsən. Ya Allaha xor baxıb özünü razı salarsan, ya da özünü inkar edib Allaha bağlanarsan. İsa sənin iradəni səfərbər etmək istəyir ki, sən Rəbbin qüvvəsi ilə günahından əl çəkməyə əzm edəsən.

İkincisi, İsanın qılıncını daşımaq düşmənlərimizi qırmaq mənasına əsla gəlməz, çünki İsa Özü heç vaxt əlinə qılınc almayıb və heç kəsin qanını axıtmayıb. Həvarilərin İşləri Kitabında Allahın Padşahlığının qoşunlarının yəhudi və ya bütpərəstlərlə vuruşması barədə bircə əhvalat belə, yoxdur. Bu tarixi Kitab, dünyəvi hakimlərin dindarları və təəssübkeşləri razı salmaq üçün İmanlılar Cəmiyyətinə qarşı qılıncdan istifadə etdiyini nəql edir.

Məsihə gəlincə, O əsla adam öldürməyə, adamın qanını axıtmağa icazə verməyib. İnancımız qılınc dini deyildir, sevgi və sayqı üzərində qurulmuşdur. Bu təməl prinsipi pozan hər məsihi məhkum olunacaq. İsa mübarizədən qaçmayıb, əksinə, şagirdlərini pis ruhlara qarşı amansız müharibəyə hazırlaşdırıb. Şagirdlər bu ruhani “cihad”ı görəndə döyüşdən qaçmamalı idilər. Həvari Paul da yazıb ki, biz iman və məhəbbətlə şərin “qalalarını” dağıdacağıq. Rəbdən insanlara zərər verən, onları bədbəxt edən bu qalaları tamamilə dağıtmasını xahiş edirik.

Bir gün sənətkarlardan biri istehza və təhqir məqsədilə məşhur vaiz Çarlz Sperceni əxlaqsız bir tamaşanın premyerasına dəvət edib. Vaiz dəvəti qəbul edib, din adamı kimi rəsmi paltarda teatra gəlib. Tamaşanın premyerasının açılış mərasimi başlanmaq üzrə idi ki, vaiz ayağa qalxıb və camaata müraciət edib: “Möhtərəm xanımlar və cənablar, siz məni bu premyeranın açılış mərasimində iştirak etməyə dəvət etmisiniz və mən dəvətinizi qəbul edib gəlmişəm. İcazə verin, bu iclası dua ilə başlayım”. Camaat məəttəl qalıb, insanlar təəccüblə baxışıblar. Vaiz isə vaxt itirməyib, heç kəsə əhəmiyyət vermədən dua etməyə başlayıb: “Ya Rəbb, Sən hər yerdə var Olansan, bu insanları tanıyırsan, onların nə etmək istədiklərini bilirsən. Sənə yalvarıram, gəl, Öz qüvvətinlə bu ağılsız işi dayandır ki, onlar bizim cəmiyyətimizdə gənclər və yaşlılar arasında bu günahı yaymasınlar!” Spercen “Amin, ya Rəbb!” deyib duasını başa çatdırıb, camaatla xudahafizləşib və çıxıb gedib.

Bu duadan bir il keçməmiş teatrın rəhbərliyində fikir ayrılığı ucbatından mübahisələr baş verib və teatr bağlanıb, əxlaqsız tamaşalar dayandırılıb.

Bu gün Spercen kimi vaizlər hanı? Hazırda çoxları televiziyada əxlaqsız verilişlərlə mübarizə etmək üçün heç bir iş görmür, bəzi vaizlər müasirləşdiyini bəhanə gətirərək əxlaqsızların mərasimlərində belə iştirak edirlər. Rəbbin onlara verdiyi məsuliyyəti yaddan çıxardırlar: “Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz” (Mat. 5:13).

İsanın vəzlərində dediklərinin çox hissəsi həvarilərinin düşmən hücumlarını dəf edə bilmələri üçün öyrətdiyi təlimdən ibarət idi. Məsihin nəzərdə tutduğu qılınc, insanları hədələyən, onların üzərində hökmran olmağa çalışan şər qüvvələri ilə mübarizənin rəmzi idi.

Yəhudilər elə bilirdi ki, Məsih ardıcıllarına bu dünyada sərvət və qüdrət verməyə gəlib, lakin Məsih buna cavabən “Mən sizə dünyəvi sülh gətirməyə gəlməmişəm, səmavi sülh gətirməyə gəlmişəm” dedi. Məsih bizə Allahla sülh verməyə gəlib və eləcə də öz vicdanımızla və qardaş-bacılarımızla sülh verməyə gəlib, dünya barəsində isə deyib ki, “dünyada əziyyətiniz olacaq”.

MATTA 10:35-37
35 Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. 36 “İnsanın düşməni öz ev əhli olacaq”. 37 Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil.
(Qanun. 13:7-12; 33:9; Luka 14:26-27)

İsa, adını qəbul edərək Ona bağlananları tanıyır, onları öz ailələrinə, doğma yuvalarına, xalqlarının mədəniyyətinə həddindən artıq bağlı olmaqdan qurtarmağa çalışır. O bilir ki, qohumluq əlaqəsi çox vaxt ən güclü və qiymətli əlaqə olur. Adamın adət-ənənələri, dini, qohum-əqrəbası İsanın ardınca getməsinə mane olur, insanlar İsada yenidən doğulmaq istəmirlər, yalan və murdarlıq içində yaşamağa üstünlük verirlər.

Zəif cinsin təqiblərdə böyük rolu olacaq. Ana, imanlı qızına qarşı duracaq; hər cür münaqişənin həll olunmasına, ailənin bölünməsinin qarşısının alınmasına kömək etməli olan təbii ailə məhəbbətinin də xeyri olmayacaq. Gəlinlə qayınanası arasındakı münasibətlərin pisləşməsi heç təəccüblü deyildir, çünki onların araları onsuz da çox vaxt soyuq olur və hər cüzi məsələ üstündə münaqişələr baş verir. Ümumiyyətlə, insanın düşməni öz ev əhli olacaq və insana dost olması gözlənilən adamlar məsihi inancına görə ona düşmən kəsilirlər; ələlxüsus məsihilərin təqib edildiyi zəmanədə Məsihə iman gətirmiş olan adamın qohum-əqrəbası təqib edənlərin tərəfini tutur.

İsa İlahi Padşahlığın yayılması barədəki vəzində bu həyatda adamın başına gələ biləcəyi ən böyük əziyyətin İsanın adı uğrunda ailəsi tərəfindən rədd olunması olduğuna iki dəfə şəhadət edir. Biz dünyəvi ailəmizdə qalmaqdansa, Allahın ailəsində olmağa üstünlük veririk. Əgər sənin valideynlərin, qohum-qonşuların İsanın ardınca getməyinə mane olmağa çalışsalar, sən insanlardan çox Allaha itaət etməlisən. Məxluqa itaət etmək üçün Xaliqə itaətsiz olma! Bəzən əksinə, valideynlər onları İsadan uzaqlaştırmağa çalışan övladlarından əziyyət çəkirlər. Lakin Allahın məhəbbəti hətta duyğularımıza belə, qalib gəlir.

Belə sınaqlardan keçən imanlıların bizim dualarımıza, hər tərəfli dəstəyimizə, şərikliyimizə ehtiyacları var, çünki onlar ev əhli tərəfindən rədd olunduqdan sonra biz imanlılar onların yeni ailəsi olmuşuq.

DUA: Ey müqəddəs Ata, bütün insanları, xüsusilə Oğlun İsaya iman etdiklərinə görə təqib olunan, söyülüb-döyülən imanlıları sevdiyi üçün Sənə şükür edirik. Sən ruhən onlara Ata olmusan. Onlara qohum-əqrəbaları ilə necə hikmət və həlimliklə davranmağı öyrət, qoy onlar xidmət edib Məsihin Ruhu ilə yaşasınlar. Təqib olunan balalarına yol aç ki, Sənin ilahi ailənlə ünsiyyətdə olsunlar və evdən qovulmuş adamlar kimi tənha qalmasınlar, lakin müqəddəslərin şərikliyində məhəbbətlə hifz olunsunlar!

SUAL:

  1. Təzəcə imana gələn adam, İsaya iman etdiyinə görə onu təqib edən ailəsi ilə necə rəftar etməlidir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)