Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 095 (Two Blind Men and a Dumb Man Healed)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

11. İsa iki kor və bir lal adama şəfa verir (Matta 9:27-34)


MATTA 9:32-34
32 Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. 33 Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». 34 Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur».
(Mat. 12:24-32)

İsanın şəfa verdiyi korlar çıxıb gedən kimi, imanlılar cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. Güman ki, bu adamın lallığı ruhlarla və cadugərlərlə əlaqəsinin nəticəsi idi. Fikir verin, Məsih necə yorulmadan yaxşılıq edirdi, bir xeyirli işdən dərhal sonra başqa bir iş etdi. Heyranedici mərhəmət xəzinəsi Məsihdədir. Bəşəriyyət bu tükənməz xəzinədən faydalana bilər, onun həddi-hüdudu yoxdur!

Bu xəstə adam şeytanın hökmü altında olduğuna görə danışa bilmirdi. Bu dünyanın müsibətlərini düşün, insanlar necə cürbəcür bəlalardan əziyyət çəkirlər! Gözləri açılmış korların əhvalatını oxumağı qurtarmamış, lal adamın Məsihdən yardım istəməsi əhvalatı başlayır. Görmə qabiliyyəti, danışma qabiliyyəti kimi ənamlar üçün Allaha nə qədər çox minnətdar olmalıyıq! Şeytanın bəşəriyyətə qarşı nifrətinin dərəcəsini düşün və bu nifrətin necə cürbəcür yollarla təzahür etdiyinə diqqət yetir.

Şeytanın hakim olduğu adam yaxşılıq üçün lal olur; şeytanın nifrət etdiyi dua və həmdlər üçün ağzı bağlanır. Bu yazıq biçarəni Məsihə gətirdilər, çünki Məsih təkcə Ona imanla yaxınlaşanları deyil, həm də dostlarının imanı ilə gətirilənləri qəbul edirdi.

Bir məsihi imanlı və ya imanlılar cəmiyyəti zəmanənin ruhunu, liberal ilahiyyatı, yaxud təkəbbürlü dünyəvi ideyaları qəbul etdikdə, bununla Xilaskar İsaya şəhadəti sona çatır. Biz Allahın Kəlamını oxuyub dərin-dərin düşünməkdənsə, daha çox qəzetləri, müasir kitabları, mütəfəkkirlərin əsərlərini oxuyuruqsa, bu ruhların bizə hakim olmasına heç təəccüblənməməliyiq. Məsihin Ruhu ürəyimizdə mərkəzi yeri tutmaq istəyir və bunun üçün biz Məsihin sözləri, kəlamları üzərində düşünməliyik. Bu səbəbdən, ruhları ayırd et və ayıq ol, axı sən Məsihin Ruhundan başqa hər hansı bir ruha təslim olsan, o ruh sənə hakim olacaq və ürəyindəki Məsihin məhəbbətini yox edəcək.

Lal adamı gətirən imanlıların xahişi Məsihə toxundu. Məsih lal adamdan pis ruhu qovub, adamın dilini açdı. Sən müntəzəm surətdə dua etməyə başlayanda Məsih sənin cəmiyyətindəki imanlıların dillərini açacaq və zəmanənin təkəbbür və yalan ruhunu qovacaq. O zaman onlar asan anlaşılan sözləri və nümunəvi davranışları ilə İsanın xilasına şəhadət edəcəklər. İsaya bağlan və Onu əsla tərk etmə, qoy İsa daha çox lal adama şəfa versin və bizim zəmanəmizdə Məsihin qurbanına şəhadət edən müqəddəs şahidlər etsin.

Bəziləri lallara az qala heyvan kimi yanaşırlar, amma bu, səhvdir. Lal adam da bizim kimi insandır, Məsihin xilasına dəvət olunmuşdur. Məsihdə hamı bərabərdir. Buna görə biz lalların qayğısına qalmalıyıq, onlara hörmətlə yanaşmalıyıq, necə ki Məsih bu lal adama qayğı göstərdi və onu bütün ürəyi ilə sevdi.

Bu əhvalatdan sonra insanların Məsihə verdikləri ziddiyyətli təpkilərə təəccüblənmə. Sadə insanlar Məsihi imanlıları təmizlədiyinə və Öz qüdrətini göstərdiyinə görə ucaltdılar, dindar adamlar isə onların ənənələrinə uyğun olmayan tərzdə və onların iştirakı olmadan baş verən bu ruhani oyanışa görə qəzəbləndilər və saleh olan İsanı cinlərin başçısı adlandırdılar. Beləliklə, kin və nifrət dolu bu adamlar Məsihin şəfa verən Ruhunu rədd edib kor oldular.

Etiraz edənlər deyirlər ki, Mat. 9-da cinə tutulmuş lal adamın əhvalatı qələmə alınıb, 10-cu fəsildə İsanın şagirdlərinə cinləri qovmaq və şəfa vermək səlahiyyətini verib xidmətə göndərməsi, sonra başqa möcüzələri nəql edilir və İsanın görünüşünün dəyişilməsi əhvalatı 17-ci fəsildə yer alır. Lakin Luka Müjdəsində İsanın həvarilərə möcüzələr yaratmaq səlahiyyətini verməsi 9-cu fəsildə yer alır, ondan sonra İsanın görünüşünün dəyişilməsi əhvalatı, 10-cu fəsildə və 11-ci fəslin ilk hissəsində digər möcüzələr nəql edilir və cinə tutulmuş lal adamın şəfa tamması əhvalatı bunlardan sonra gəlir. Bu iki Müjdəni müqayisə etdikdə, olayların fərqli ardıcıllıqla verildiyini görürük.

Bunu belə izah etmək olar ki, müjdəçilərdən biri xüsusilə Məsihin yəhudilər üçün etdiyi möcüzələri təsvir edib və Məsihin həvariləri xidmətə göndərərkən verdiyi nəsihətləri daha sonra yazıb. Matta olayları bu ardıcıllıqla nəql edib. O biri müjdəçi isə İsanın öncə nitq və nəsihətləri, sonra isə möcüzələri barədə yazıb. Bundan asılı olmayaraq, Məsih görünüşünün dəyişilməsi əhvalatından əvvəl də, sonra da çoxlu möcüzələr yaradıb və İncildə yazıldığından qat-qat daha çox cinlər qovub, çünki Onun möcüzələrinin hamısını bir kitabda nəql etmək qeyri-mümkündür.

DUA: Ey əzəmətli Ata, bizi Öz Müqəddəs Ruhunla doldur, qoy biz eşitmə və danışma qabiliyyəti üçün asan anlaşılan sözlərlə Səni izzətləndirək! Hər murdar ruhu bizdən uzaq elə, qoy biz yaşayan Xilaskarımız İsa Məsih barəsindəki açıq şəhadəti bu dünyada yayaq! Ateizm ruhuna və digər müasir ideyaların ruhlarına tutulmuş bir çox insanlara, falçıların, cidarların, ruhlarla əlaqə quranların təsirində olanlara şəfa ver! O vaxt lal adama şəfa verdiyinə görə Sənə şükür edirik! Bu gün Sənin ayağın altına gətirdiklərimizə də şəfa ver!

SUAL:

  1. Lal adamın şəfa tapması nə məna verir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:42 AM | powered by PmWiki (pmwiki-2.3.3)