Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 047 (The Beatitudes)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi

a) Nə bəxtiyardır (Matta 5:1-12)


MATTA 5:9
9 Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq.
(İbr. 12:14)

İlahi sevinc zənginin yeddinci çalınması səni sülh yaratma xidmətinə çağırır. İmanlı insan özü üçün yaşamaz, tənbəlliyinə, xudbinliyinə təslim olmaz. O, Allah ilə insanlar arasında bir vasitəçi kimi səy göstərər, həlak olanları Allahla barışmağa dəvət edər. Səmavi sülhün ürəyində necə məskən saldığından insanlara danış və onları imana və ümidə dönməyə çağır. O zaman sən Məsihin qardaşlarından biri olaraq, Onun Ruhu ilə vəhdətə qovuşarsan. Öz ölümü ilə dünyanı müqəddəs Olan ilə barışdıran Məsih sülhünün dünyanın hər yerinə yayılmasını istəyir. Allah ilk əvvəl uca məhəbbəti ilə səni Öz səmavi ailəsinə qəbul edir, sonra da insanlar arasında baş verən münaqişələri, müharibələri dayandırmaq üçün səni onların yanına göndərir. Ancaq bunu heç vaxt unutma ki, İsanın çarmıxı olmadan sülh qeyri-mümkündür. Sülh Hökmdarından ayrı olaraq sülh yaratmağa cəhd edənlər bu işdə uğursuz olmağa məhkumdurlar.

Sülhyaradanlar Allahın övladları adlanacaqlar. Çünki Allah Özü sülh qaynağıdır, Allahın Oğlu Sülh Hökmdarıdır, Allahın Ruhu da övladlıq Ruhu, sülh Ruhudur; beləcə sülhyaradanlar Allaha oxşayırlar. Allah bizə Özünü hamımızla barışmağa hazır olan Rəbb kimi tanıtdığına görə, başqalarına nifrət və düşmənçilik edən, barışmaq istəməyənlər Allahın övladı olduqlarını söyləyə bilməzlər. Əgər sülhyaradanlar bəxtiyardırsa, sülhdən məhrum olanların vay başına deyə bilərik!

Məsih, inancının qılıncla, odla, yaxud qanunlarla yayılmasını, şagirdlərinin təəssübkeş, mübariz ruhla davranmalarını nəzərdə tutmamışdır. Bu dünyanın övladları bulanıq suda balıq tutmağı sevirlər, lakin Allahın övladları “sülhyaradanlar” və “ölkənin dinc sakinləri”dirlər (Zəb. 35:20).

Bəziləri bu ayənin İsanın başqa bir sözü “Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm” (Mat. 10:34) ilə təzad yaratdığını iddia edirlər.

Sülh Hökmdarı olan Məsih buyurmuşdur: “düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin”, “sağ üzünə şillə vurana o birini də çevir”, “sizə deyirəm ki, pis adama qarşı durma” (Mat. 5:38-48). Buna bənzər daha çox ayələr sitat gətirmək olar.

Bununla belə, İsa “Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm” də dedi. Bu kəlamın mənası təfriqələrin salınması, davaların törədilməsi, məhəbbət və sülhdən imtina edilməsi deyil, İsanın müqəddəslik ilə murdarlıq arasında ayırd etməsidir. Pak və doğru məsihi inancı ilə yolunu azmış, yalançı, həqiqəti rədd edən, günahlı dünya əhlinin prinsipləri arasında ortaq bir şey ola bilməz. İsanın gəlişi həqiqət ilə yalan, nur ilə qaranlıq arasındaki münaqişəyə səbəb oldu. İnsanın ən böyük müharibəsi öz nəfsi ilə olur, lakin məsihi imanlı həm də onu haqq yolundan döndərmək istəyən qohum-əqrəbası, dost-tanışı ilə mübarizə aparmalı olur. Neçə-neçə imanlılar xilas yolunu tutmaq üçün ata-anaları ilə münasibətlərini belə fəda etmişlər. Daha yaxşı, əbədi şeylərə baxan imanlıların Müjdəyə iman etməsi çox vaxt qohum-əqrəbalarının, valideynlərinin qəzəblənməsinə səbəb olur.

SUAL:

  1. Sən Məsihin yolunda olan xidmətinlə necə sülh yaradırsan?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:34 AM | powered by PmWiki (pmwiki-2.3.3)