Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- The Ten Commandments -- 05 Third Commandment: Do Not Take the Name of God in Vain

Previous Lesson -- Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

05 - ÜÇÜNCÜ ƏMR: ALLAHIN ADINI BOŞ YERƏ DİLİNƏ GƏTİRMƏ



ÇIX. 20:7
"Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz".


05.1 - Allahın adı

İnsan Yaradanından ayrı yaşaya bilməz. Biz Allahın surətində yarandıq, amma sonra Allahı tərk etdik. O zamandan bəri biz bu dünyanın səhrasında dolaşırıq və itirdiyimiz əsil vətənimizi həsrətlə axtarırıq. O zamandan bəri adam özünə minlərlə tanrı yaratdı və özünün qorxularını, dərin həsrətini bu tanrıların sifətlərində əks etdirdi. İnsanlar gündən-günə sehr və cadu, fal və bürclər üçün külli miqdarda pul sərf edirlər, ancaq bunlardan nə təsəlli, nə də yardım əldə edirlər. Müsəlmanlar qara daşı ehtiramla öpürlər, sanki o, göydən yerə enən ruhdur. Buddistlər, gülümsənən Buddanın qızıl heykəlləri önündə səcdə edirlər.

İtmişlərin axtarışı hələ Əhdi-Ətiq dövründə başa çatmalıydı, çünki Allah Özü insanlara yaxınlaşıb "Allahın Rəbb Mənəm" dedi. Allahın yanıb qurtarmayan kolda zühur etməsi tarixi hadisəydi, çünki Rəbb Özünü izhar edərək insanlara adını açdı. Onun zühur etməsi ilə insan Allahı daha yaxından tanıdı. Əhdi-Ətiq və Əhdi-Cədid Kitablarında Allah haqqında çox məlumat verilir. Müqəddəs Kitabda Üçlükdə vahid olan Allahın 638 adı və xüsusiyyəti verilir. Sami dillərdə hər sifət yeni bir ad təşkil edir. Allah sadəcə olaraq saleh deyildir; Onun adı Salehdir, yəni bütün salehlik Ondadır. O sadəcə olaraq müqəddəs deyildir, adı Müqəddəsdir, yəni müqəddəsliyin dolğunluğu Ondadır. Allahın hər bir adı Şəsxindən parlayan ehtişamının bir şüasına bənzəyir. Lakin Əhdi-Ətiqdə ən çox işlənən adı Yahvedir (6220 dəfə). Yahve adının mənası belədir: hər şeyə Qadir, Sadiq, müqəddəs Hakim, tarix üzərində Hökmran, əsla Dəyişməyən.


05.2 - Əhdi-Cədiddə Rəbb

Əhdi-Cədiddə Rəbb Özü Nazaretli İsanın Şəxsində bəşər olmuşdur. Mələklər, həvarilər və bütün imanlılar bir ağızdan iqrar edirlər ki, "İsa Rəbdir". Lakin İsa Özü Öz adını ucaltmadı və hər zaman Səmavi Atasının adını şərəfləndirdi. O bizə belə dua edməyi öyrətdi: "Ey göylərdə olan Atamız. Adın müqəddəs tutulsun!" Bu duada biz Allahın başqa adlarından daha çox Ata adının şərəfləndirilməsi, izzətləndirilməsi, müqəddəs tutulması üçün rica edirik. Ata Allahı Oğlu İsada tanıdığımız zaman, Allahı tanımağın ən yüksək səviyyəsinə çatırıq. İsa Özündə kamil həlimliyi, itaətkarlığı təcəssüm etdirmişdir. Çarmıxda ölməsiylə O Müqəddəs Rəbb ilə günahkar insanları barışdırdı. "Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin" (Fil. 2:9-11). O vaxtdan bəri Müqəddəs Ruh İsanın əsil adını izzətləndirir – "Rəbb". Bundan əlavə, Ruh bizi Üçlük həqiqətinə, Ata, Oğul və Müqəddəs Ruh arasında kamil vəhdətə inandırır. Bu məhəbbət dolu vəhdət Allahımızın Özünü kamil surətdə vəsf edir.


05.3 - Allahın adını tanımaq nə deməkdir?

Yad bir şəhərə düşən adam orada yaşayan bir tanışının adresini tapanda sevinər, çünki lazım olsa ona zəng edib danışa bilər, yardım etməsini xahiş edə bilər. Allahın əsil adını və "səmavi telefon nömrəsini" bilən adam nə bəxtiyardır! Səmavi nömrə Zəb. 50:15-dir: "Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, sən də Məni şərəfləndirəcəksən". Rəbbimiz göylərdə yaşayır. O əsla yuxuya getmir, lakin bizim "ruhani zənglərimizi" həvəslə gözləyir. Allahla hər ruhani "zəng"imizdən sonra biz günahkar, tənha və itmiş halımızı daha yaxşı anlayırıq. Onun uca müqəddəsliyi yanında əxlaqımızın nə qədər səthi, yalançı humanizmimizin nə qədər alçaq olduğu aşkara çıxır. Allahın lütfü bizi günahlarımızı etiraf etməyə vadar edir, Onun həlimliyi içimizdə qürurun zəhərini ifşa edir. Özünü alçaldan insanlar Allahın adını tanıyaraq Onunla şəxsi ünsiyyət qura bilirlər.

Ata Allaha imanda artaraq biz Üçüncü Əmrdə möhkəm kök salırıq, çünki O deyir: "Allahın Rəbb Mənəm". Burada “Allahın” sözündəki ikinci şəxs şəkilçisi (-ın) bunu göstərir ki, müqəddəs Allah günahkar, nöqsanlı, heç nə başarmayan məxluqlarıyla əlaqə qurur və Ona iman etdikləri təqdirdə onlara sadiq qalacağını və onları hifz edəcəyini vəd edir. Əhdi-Cədiddə yazılana görə, Səmavi Atamız, bizimlə bağladığı əhdə əsasən bizi Öz ailəsinə qəbul edir və Məsihin ruhani bədəninə daxil olduğumuzu müjdələyir. Bu bədənin Başı İsadır, biz isə üzvləriyik. Ata Allah Öz övladları ilə bir Ruhda, bir fikirdə olmaq və şərlə dolu bu dünyada onların vasitəsilə işləmək istəyir. Allah onlara Öz mərhəməti ilə Onun adından danışmağa və işləməyə səlahiyyət verir.


05.4 - Rəbbin adını boş yerə dilinə gətirmək barəsində

Bizim yaşadığımız dünya Müqəddəs Kitabda yazılan İlahi Vəhyin təsirinə məruz qalmışdır. Bəşəriyyətin yarısı Allahın adını bilir, lakin sidq ürəkdən Allaha inam bağlamış insan azdır. Allahın hüzurunda yaşamayan adam istər-istəməz Allahın adını boş yerə dilinə gətirməyə başlayacaq. İnsanlar Allahın adını düşünmədən dilə gətirirlər, sanki xırda pul xərcləyirlər. Hətta yenidən doğulmuş məsihilər belə yüngül danışıqlarıyla düşünmədən Allahın adından istifadə edərək Müqəddəs Ruhu kədərləndirirlər. Üçüncü Əmr bizə əmanət edilmiş İlahi adı boş yerə çəkmək barədə ciddi xəbərdarlıq edir.

Qəribədir ki, bir çox imansızlar Allahın adını tez-tez dilə gətirirlər və ona heç əhəmiyyət vermirlər. Onlar Allahı heç düşünmədən "Ay Allah! Vallah!" və s. ifadələrdən istifadə edirlər. Onlar telefonla oynayan uşaqlara bənzəyirlər. Bir adamın nömrəsini yığırlar, amma o, dəstəyi götürəndə, onunla danışmırlar. Belə oyun təkrarlansa, o adam hirslənib onların zənglərinə cavab verməyəcək. Biz Allahın adını dilə gətirəndə, Allah bizi eşidir. Sən Allahın adını çəkəndə, nə haqda düşünürsən? Əgər sən Onun adını düşünmədən dilə gətirirsənsə, deməli sənin həyatında Onunla yaxın münasibət son dərəcə zəifdir.


05.5 - Müsəlmanların Allahın adını dillərində zikr etməsi

Müsəlmanlar Allahın adını təkrar-təkrar zikr etməlidirlər, çünki onların etiqadına görə Allahın adını zikr etməklə adam saleh olur, sadiq və etibarlı görünür. Müsəlmanlar inanır ki, Allahın adını nə qədər tez-tez zikr etsələr, o qədər çox günahları əfv olunar. Bu inanc islamda Allahın adının boş yerə dilə gətirildiyi səthi ibadət formasını meydana gətirdi. Burada daha bir amilin – müsəlmanın Allahla şəxsi münasibətinin olmamasının mühüm rolu vardır. Müsəlmanın Allahla söhbəti bir qulun yüksək yerdə oturan uca və qorxunc ağasına müraciət etməsinə bənzəyir – qul, ağasının onu dinləyib-dinləmədiyini bilmir.

Bundan əlavə, müsəlmanların gündə beş dəfə namaz qılarkən oxuduqları dualar hərfi şəkildə təkrar edilən rituallardan ibarətdir. Çoxları bu duaları düşünmədən söyləyirlər. Beş dəfə namaz qılan müsəlman Fatihə surəsini (ən önəmli duanı) dəfələrlə təkrarlamalıdır. Bütün dünyada təqribən 1 000 milyon müsəlman ərəb dilində Fatihəni oxuyur, lakin onlardan 800 milyonu ərəbcə başa düşmür. Nəticədə Fatihə düşünmədən, boş yerə oxunan duaya çevrilir. Bununla belə, bəzi kilsələrdə həmçinin ibadət vaxtı “Atamız” duası düşünmədən təkrarlanır.


05.6 - Şübhəli dualar və faydasız mübahisələr

Təkcə müsəlmanlar düşünmədən dua oxumazlar, xristianlar da çox vaxt bu cür dua edərlər. Bu, ələlxüsus, körpəsini yatırtmaq üçün laylay deyən ana kimi dualarını nəğməylə oxuyanlara aiddir. Allahdan cavab gözləmədən Onu çağırmağa kim cürət edər? Allahla danışa-danışa eyni zamanda pul və ya yemək kimi xırda işləri düşünməyə kim cəsarət edər? Dövlət başçısıyla ikilikdə görüşməyə fürsətimiz olsaydı, nə edərdik? Yəqin ki, hər sözümüzü qabaqcadan hazırlayardıq, danışarkən ağılsız yaxud səhv sözlərdən ehtiyat edərdik. Məgər Allaha hörmətimiz insana hörmətimizdən azdırmı? Düşünmədən dua edən, Allaha hörmətsiz yanaşar.

İlahiyyatçılar Üçüncü Əmri pozmağa daha çox meyillidirlər və bəzən Müqəddəs Ruhu kədərləndirirlər. Çünki onlar Müqəddəs Kitabı araşdırarkən Allahın sifətlərini və ecazkar işlərini elmi təcrübə aparırmış kimi, hüzurunu hiss etmədən tədqiq edirlər. Allahdan “qərəzsiz”, “obyektiv” danışmaq olmaz, axı Allah sırf bir ideya yaxud maddə deyil! O, hər zaman bizimlə olan, yaşayan Şəxsdir, bütün danışdıqlarımızı eşidən Şahiddir. O, bütün fikirlərimizi əvvəlcədən bilir. Allah qorxusundan məhrum olan hər hansı ilahiyyat tədqiqatları Üçüncü Əmrin pozulmasına gətirir.


05.7 - Allahın adının pisliklə çəkilməsi

Allahın Kəlamını bilə-bilə təhrif edən, lağa qoyan, zarafata çevirən adamın vay başına! Belə adam Allah qorxusunu itirib, bütün adlardan üstün olan adı pisliklə dilə gətirir. Buna görə biz Allahın Kəlamına lağ edənlərə qoşulub gülməməliyik. Əksinə, belə rişxəndçilərə xəbərdarlıq edərək, Allahın şərəfini qorumalıyıq. Kitabların və ssenarilərin müəllifləri dini sözlərin insanlara güclü təsirini dərk edir və “günah”, “cəhənnəm”, “həlak” kimi anlayışların həqiqi mənasını təhrif edərək, çox vaxt bunları məcazi mənada işlədirlər. Onlar öz sözləri ilə mühakimə ediləcəklər.

Bəzən insanlar qəzəbli halda başqalarını söyərkən "Allah", "İsa" və s. adları çəkir, "cəhənnəm" kimi sözləri, həqiqi mənasını düşünmədən dilə gətirirlər. Bir fəhlə söyüş söyərkən, yanından keçən bir keşiş "Sən həmişə belə ucadan dua edirsən?" deyə ondan soruşdu. Fəhlə mat qaldı: "Mən heç dua etmirdim". Onda keşiş ona dedi: "Bəs mən eşitdim ki, sən Allahı adı ilə çağırırsan. Allah sənə mütləq cavab verəcək". Bu sözləri eşidən fəhlə pərt oldu.

İnsanlar bir-birinə, hətta qohumlarına belə nə qədər söyüş söyürlər! Bütün bu söyüşlərin arxasında kin-küdurət və niftər durur! İsa hər cür söyüşü adam öldürməsinə bərabər sayır, çünki söyüş insanda Allahın surətini pozur.


05.8 - Allahın ciddi cəzası barəsində xəbərdarlıq

Üçüncü Əmrə ciddi xəbərdarlıq daxildir: "Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz". Bu xəbərdarlığa baxmayaraq, bəziləri öz pis işlərini təmizə çıxarmaq üçün bilə-bilə Allahın adından istifadə edirlər. Allahın adını boş yerə - öz yalan və riyakarlığını ört-basdır eləmək üçün - dilə gətirən adamın vay başına! Bu gün insanlar artıq bir-birinə inanmırlar, çünki Allahın adını çəkərək and içənlər belə həqiqəti söyləmirlər! İsa ümumiyyətlə and içməyi qadağan etdi: "Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır" (Mat. 5:37). Yalandan and içən təkcə insanlara yox, Rəbbə də yalan danışır. Üçüncü Əmrdəki "Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz" xəbərdarlığı yalançı andlara da aiddir. Bu səbəbdən Müqəddən Kitab "Rəbb qorxusu hikmətin başlanğıcıdır" (Zəb. 111:10) deyə öyrədir. Günaha batmamaq üçün hamımıza Rəbb qarşısında müqəddəs qorxu ilə hərəkət etmək lazımdır.

Allahı və adını bilən, amma dar gündə Onu çağırmayan, Ondan cavab gözləməyən, əksinə, boş yerə Allahın adını çəkən və keçmiş, indiki və gələcək zamanın sirlərini bildiyini iddia edən falçılara müraciət edənlərə Rəbb nifrət edir (Qanun. 18:9-12). Çünki Rəbb dedi: "Mənə xəyanət edərək cindarlara və ruh çağıranlara tərəf dönən hər kəsdən üz döndərib xalqın arasından qovacağam" (Lev. 20:6). Bu qadağalara həmçinin ölülərlə əlaqə qurub onlardan məlumat almağın qadağan edilməsi daxildir. Bu kimi pis işlər insanları Rəbdən uzaqlaşdırır və ürəyini iblis üçün açır. Rəbb buna zina kimi baxır, yəni başqa qadınla əlaqədə olub, öz vəfalı arvadına xəyanət edən adama bənzədir. Buna görə Rəbb bu cür işləri ruhani mənada "xəyanət" (Lev. 20:6) adlandırır və belə insanlara vəfasız nəsil deyir.

Afrika və Asiyada insanlar şərdən, xata-baladan qorunmaq üçün həmaillər daşıyırlar. Ümid bağladıqları bu həmaillərə çox pul sərf edirlər. Ticarətdə uğur qazanmaq və ya sevdikləri adama özlərini sevdirmək üçün xüsusi yazılar yazdırırlar. Bu cür hərəkət edən xalqlar həqiqətdə Allahı tanımayıblar. Bəzi ölkələrdə televiziyada sehrbazlığı, cadugərliyi, ruhları çağırmağı öyrədən verilişlər göstərilir. Biz məsihilər düşünürük ki, bu cür verilişlər vasitəsilə şeytan sadəlövh tamaşaçılara hücum edir. Adamı azdıran bu cür verilişlərə baxanda, elə bil ki, cəhənnəm qapılarının taybatay açıldığını görürük. Rəbb bizə bu təhlükələr barəsində açıqca xəbərdarlıq edir. Belə iyrənc işlərlə məşğul olan adam Allahdan uzaqlaşır. Yalnız İsa insanı bu cür mənəvi köləlikdən azad edə bilir. Bürclərə baxan, ovuc içindəki xətləri oxuyan, ruhları çağıran və buna bənzər okkult işlərlə məşğul olan adam cəhənnəm yoluna düşür. Hindistanın mehmanxanalarına gələn qonaq, adətən, ona taleyini danışmaq istəyən falçılara rast gəlir. Orta Şərqdə uşaqları bəd nəzərdən qorumaq üçün göz muncuğu taxırlar. Göz dəyməsin deyə, maşınlara da muncuq şəklini yapışdırırlar. Bəziləri öz evlərinə uğur gətirmək üçün evin qapısından at nalı asırlar. Bütün bunlar guya adamı xata-baladan saxlayır. Rəbb belə şeylərə nifrət edir, çünki bunlara əl atan insanlar Yaradanın inayətindən daha çox başqa şeylərin qüvvətinə arxalanırlar və nəticədə bu dünyanın rəisinə əsir düşürlər.


05.9 - Allaha küfr edənlər

Allahın adını boş yerə dilə gətirməyin son həddi, şüurlu olaraq Allaha və Məsihə küfr etməkdir. Bu həddə çatan adamlar Ata, Oğul və Müqəddəs Ruh adının əleyhinə olanlara qoşulur. Şeytan, Allahın ən birinci düşmənidir. Allaha küfr edən, şeytanın hakimiyyəti altına düşür. Məsihə və ardıcıllarına qarşı küfrlərlə dolu məktublar oxusaydıq, cəhənnəmin iyrənc qoxusunu duyardıq. Lev. 24:14-16-da belə yazılmışdır: "Lənət edəni düşərgədən kənara çıxar; qoy bu lənəti eşidənlər əllərini o adamın başına qoysunlar. Sonra qoy bütün icma onu daşqalaq etsin. İsrail övladlarına belə de: “Allahına lənət edən hər kəs öz günahının cəzasını çəkəcək; Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin; istər yadelli, istər yerli olsun, Allahın adına küfr etdiyinə görə öldürülməlidir".

Küfr edən adama qarşı danışanda böyük həlimlik və ehtiyatla davranmalıyıq. Cinə tutulmuş adamların əksəriyyəti o dərəcədə kordurlar ki, Allaha xidmət etdiklərini düşünürlər. Halbuki onlar Allaha və Məsihə qarşı kəskin mübarizə aparırlar (Yəh. 15:19-21; 16:1-3). İsanı ölümə məhkum edənlər müdrik və imanlı ağsaqqal adamlar idi. Onlara elə gəlirdi ki, İsa Allaha küfr edir. Onlar çox müdrik olsalar da, İsanın yaşayan Allahın Oğlu olduğunu dərk edə bilməmişdilər. Öz müdriklikləriylə Allaha və müqəddəs Məsihinə küfr edən bu adamlar Məsihin üzünə tüpürdülər, başına vurdular. Əhdi-Ətiq xalqının başçıları onların yanına gələn Rəbbi tanımadılar. Onu rədd edib çarmıxa çəkdilər. Təəssüflər olsun ki, onlar bu günə qədər Onu tanımırlar.

Həm Yaqubun nəsli, həm də müsəlmanlar Məsihin ilahiliyinə və çarmıxda ölməsinə iman etməyi Allaha qarşı küfr sayırlar. Müsəlmanlar Üçlükdə vahid olan Allaha qarşı imansızlığı yəhudilərdən irs aldılar. Onlar çarmıxa çəkilmiş Allahın Oğluna hədsiz dərəcədə nifrət edirlər. Onların Ata, Oğul və Müqəddəs Ruh olan Allaha qarşı küfr etmələri Müqəddəs Üçlük əqidəsinə qarşı bəslədikləri nifrətdə təzahür edir. Hinduistlər isə Məsihi çoxlu allahlardan biri hesab edərək, Onun müstəsna səlahiyyətini inkar edirlər.

Bəşərin asiliyi o yerə çatır ki, bəzi məsihilər belə imandan dönüb şeytana pərəstiş edirlər. Şeytana pərəstiş edərkən əxlaqsızlıq edir, qurbanlar gətirir, “Atamız” duasını əyərək lağ edirlər. Məsihin xilasını rədd edən hər kəs beləcə zülmətin əlinə düşür. Biz isə cəhənnəmin əsla qalib gələ bilməyəcəyi Məsihə sığınırıq. Yaxşı Çobanımız belə demişdir: "Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. Mən və Ata birik" (Yəh. 10:27-30).

Yəhudilər Üçüncü Əmri yerinə yetirməyə çalışarkən İlahi adı səhvən boş yerə dilə gətirməmək üçün xüsusi bir çarə tapdılar. Məlumdur ki, “Yahve” adı ibrani dilində dörd samit hərflə yazılır – “YHWH”. B.e.ə. 300-cü ildən bəri bu müqəddəs adı dilə gətirməkdən ehtiyat edən yəhudilər onun əvəzində Rəbb mənasına gələn "Adonay" sözünü oxumağa başladılar. Zamanla “YHWH” samitlərinə "Adonay" kəlməsindəki saitləri (a-o-a) qoydular və nəticədə "YaHoWaH" (Yehova) adı meydana gəldi. Beləliklə, iki ibranicə addan (YHWH və ADONAY) süni bir ad yarandı – “Yehova”; heç də Allahın əzəli adı olmayan “Yehova” adı, çox güman ki, 1520-ci ildən sonra yaranmışdır. Bir çox alimlərin qənaətincə, əsil "YHWH" adı “Yahve” olaraq səslənirdi.

Belə suallar doğur: Allahın adını heç dilə gətirməmək yaxşıdırmı? Məhkum olmamaq üçün Allahın adını necə düzgün çəkməliyik?


05.10 - Allahın adını düzgün çəkmək barəsində

Üçüncü Əmr Allahın adını çəkməyi qadağan etmir. Rəbbin adını imanla, məhəbbətlə, şükürlə dilə gətirən adam bunu boş yerə etmir. Rəbb imanın barədə şəhadət etməyini gözləyir və bu şəhadətinlə dost-tanışlarına bol əfv və yeni həyat gətirmək istəyir. Rəbbin adı qeyri-məhdud qüvvəyə malikdir. Həvari Peter şikəst adama buyurdu: "Nazaretli İsa Məsihin adı ilə qalx, gəz". Daha sonra o, xalqın başçılarına elan etdi ki, bu adam "Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub" (Həv. 3:6, 16; 4:10).

Biz cəsarət və müdrikliklə Ata, Oğul və Müqəddəs Ruh olan Allahın adını iqrar etməliyik. Bütün Əhdi-Cədid mətnini əzbər bilən məşhur isveçrəli alman ilahiyyatçı Adolf Şlatter ömrünün sonuna yaxın "Biz İsanı tanıyırıqmı?" başlıqlı əsər yazmışdır. İsadan yüngül danışmaq olmaz, Onu həmişə daha yaxşı dərk etməyə can atmaq lazımdır. Onun Kəlamını dua edərək öyrənməliyik! Hər kəlmə üzərində düşünməliyik, o zaman Rəbb bizə Öz Kəlamı vasitəsilə danışacaq və Onun Sözü ürəklərimizdə kök salacaq. Həm Əhdi-Ətiqdən, həm də Əhdi-Cədiddən ayələri və hətta bütöv fəsilləri əzbərləmək bizə İsaya şəhadət etməkdə kömək edəcək, çünki Allahın Kəlamında Müqəddəs Ruhun hikməti və səmavi qüvvə vardır. Ürəyini və zehnini Allahın Kəlamı ilə dolduran, Kəlamı yaddaşında saxlayan adam nə bəxtiyardır! Bundan əlavə, möminlərin həyatlarında baş verən əhvalatlar, şəhadətliklər Allahın adını və işlərini daha yaxşı tanımağımıza kömək edə bilir, bizi imanda möhkəmləndirir. Biz müntəzəm olaraq Allahın Kəlamı üzərində düşünsək, xoşbəxt olacağıq və imanımız barədə şəhadət etsək, dostlarımızı xoşbəxt edəcəyik.

Allahın Kəlamına diqqətlə qulaq asan adam artıq tənha yaşamır, çünki öz Rəbbini get-gedə daha çox tanıyır. Onun Ata adını tanıdıqdan sonra Onunla birbaşa ünsiyyətdə ola bilir. Səmavi Atamız bizə Müqəddəs Kitab vasitəsilə danışır, biz də Ona dualarımızla cavab veririk. Bizə inanılmaz şərəf verilmişdir! Biz kainatı yaradan Şəxsə bütün qayğılarımızdan, günahlarımızdan, əziyyətlərimizdən, xəstəliklərimizdən danışa bilirik və O bizi eşidir! O bizə bütün həkimlərdən və psixoloqlardan daha yaxşı məsləhətlər verə bilər. O bizi ən yaxın adamlardan belə daha çox sevir. O, İsanın ölümü sayəsində bütün günahlarımızı bağışlayır və Müqəddəs Ruhu ilə bizdə məskən salaraq bizə əbədi həyatın qüvvəsini bəxş edir.


05.11 - Allaha həmdlər olsun!

Sən böyük Allaha sidq ürəkdən həmd və şükür edirsənmi? Yadda saxlayaq ki, Qadir Allah Atamızdır, Onun Oğlu Xilaskarımızdır, Müqəddəs Ruh da Təsəllivericimiz və qüvvətimizdir. Biz Allaha narahat bir qorxu və lərzə ilə səcdə etməməliyik. Bunun əvəzində biz, bu lütfkar Şəxsə görə uşaq kimi sevinməliyik. Günah içində ölü qalmamalı, Məsihlə birlikdə dirilib əbədi yaşamalıyıq. Kim gözəl səslə xorda oxumağı bacarmırsa, qoy təklikdə həmd oxusun; kim diliylə oxuya bilmirsə, ürəyində həmd oxusun. Dua edərkən və ilahi oxuyarkən Ata, Oğul və Müqəddəs Ruh adını imanla dilə gətirən hər adam bir Allahımızı şərəfləndirir və həmdləriylə Onu razı salır.

Allahı tanımayan, gizli günahlarla vicdanını öldürən inadkar adam həvari Peterin sözlərini qəbul etməlidir: "Rəbbin adını çağıran hər kəs xilas olacaq" (Həv. 2:21). Biz İsanın adı ilə bilavasitə Allahın Özü ilə danışa bilərik. Allah bizə cavab verir. Allaha yaxınlaş, çünki O sənə yaxınlaşdı. Allahın "Ata" adı bizi inandırır ki, bütün səmavi nemətlər bizim üçün hazırdır. İsanın adı cəhənnəmin təməlini sarsıdır, çünki İsa günahı, ölümü və iblisi məğlub etdi. Müqəddəs Ruh Allahın Oğlunu izzətləndirir, çünki Onun adı bizə əbədi həyat və İlahi qüvvə verir. Bundan əlavə, Allah bizə əmin-amanlıq, paklıq, sevinc və sülh bəxş edir. Günəş gündən-günə yer üzünə şüalarını göndərdiyi kimi, Üçlükdə vahid olan Allahın adı da bizə lütf üstünə lütf verir. Ataya kim şükür etməz, Oğula kim həmd etməz, Müqəddəs Ruhun qüvvətində kim dua etməz? Ürəyini Təsəlliverici Rəbbinə aç və dua edib cavab almağı, Atanın qəbul etdiyi surətdə həmd etməyi öyrənəcəksən. Ona şükür et, həmd et, çünki O səni əbədi olaraq sevdi, satın aldı və diriltdi!


05.12 - Başqaları üçün iman şəhadəti

Ürəyin həmd-səna ilə dolandan sonra necə susa bilərsən? Allahın hər kəsin xilas olmasını istədiyini biləndən sonra xilası başqalarıyla necə bölüşməyə bilərsən? İsa bizə Müjdəni yaymağı əmr etdi. Həlak olanlara müjdəni danışmaq ağlımıza gələn maraqlı bir fikir deyildir, lakin Rəbb Özü bizə əmr edir ki, biz Onun adını hər yerdə şöhrətləndirək. Çünki İsa Məsihin zəfəri və əzəməti hər yerdə elan edilməlidir. Həvari Peter yazmışdır: "Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır olun" (1Pet. 3:15). İsa da bizə belə xəbərdarlıq edir: "İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm" (Mat. 10:32-33).

Həvari Paul Allahın düşmənlərinin hücumlarından yorulub ruhdan düşdüyü zaman, Rəbb gecə görüntüsündə onu ürəkləndirdi: "Qorxma, danış, susma. Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur" (Həv. 18:9-10). Rəbb Paulu xidmətə çağırarkən inamla vəd etdi ki, "Səni öz xalqından, həm də başqa millətlərin əlindən qurtaracağam. Səni o millətlərin yanına göndərirəm ki, onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman etməklə təqdis olunanlar arasında irsə nail olsun" (Həv. 26:17-18).

İsa, dirildiyi günün axşamı qapını qıfıllayıb qorxu içində oturan şagirdlərinə belə dedi: "«Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır»" (Yəh. 20:21-23). Bu ayələri əzbərləyib imanla qəbul edən adama dindar bütpərəstlər və Allahı inkar edənlər arasında hikmətli və fəal müjdəçi olaraq Rəbbin onlara əvəzsiz olaraq əbədi xilası hazırladığını bəxş etdiyini öyrətmək üçün qüvvət verilir və doğru yol göstərilir.


05.13 - Rəbbin adına yaraşan əməllər

Rəbb Öz Kəlamı vasitəsilə bizə xitab etdiyi və biz Ona duamızla, həmdimizlə cavab verdiyimiz və həm dostlar, həm də düşmənlər önündə müqəddəs adını iqrar etdiyimiz zaman, bu addan qaynaqlanan qüvvənin şahidi oluruq. Həvarilər İsanın adı ilə xəstələrə şəfa verir, cinləri qovur, ölüləri dirildirdilər. İsa Özü bir söz söyləyib dənizdə fırtınanı sakitləşdirir, şükür edib az çörəyi çoxaldıtdı. O, tövbə edənlərin günahlarını bağışlayır, ardıcıllarına əbədi həyat verirdi. İsa deyirdi: "Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm" (Yəh. 5:17). Nəinki biz Onun adı ilə danışırıq, O Özü bizim vasitəmizlə iş görür. Allahın övladlarının zəif olmalarına baxmayaraq, birinin ürəyində Ata, Oğul və Müqəddəs Ruh yaşayanda, Allah onun həyatında möcüzələr və əlamətlər yaradır. Bu işləri görən insan deyil, Rəbb özüdür!

Yaşayan Rəbbə fəal şəhadət və Onun adı ilə görülən işlərin hamısı Onun ardıcıllarının həlim həyat tərzi əsasında durur. Dilimizlə lənət yağdırıb, eyni dilimizlə Allaha həmd edə bilmərik. Müqəddəs Ruh bizi pak həyat sürməyə ilhamlandırır, O müqəddəs olduğu üçün bizi təqdis edir. İsa “Atamız” duasının birinci xahişi olaraq "Adın müqəddəs tutulsun!" sözlərini təyin etmişdir. Biz dilimizlə və əməlimizlə Atamızın adını ucaltmalıyıq. Həyatımız Allahın qüvvətini inkar edirsə və həlim davranışımız vasitəsilə İlahi məhəbbətinə şəhadət etmirsə, duamız yalan və şəhadətimiz saxta sayılır.

Şübhəsiz ki, biz istəmədən dönə-dönə günah edirik. Müqəddəs Rəbbin hüzurunda gərək özümüzü alçaldaq, çünki günahlarımız, təqsirlərimiz Allahın nəzərində heç də önəmsiz deyildir. Biz öz təqsirlərimizlə Onu kədərləndiririk. Lakin Müqəddəs Ruh tövbə edən adamı oyadır və təsəlli verir, İsanın qanının onu hər günahdan təmizlədiyinə iqna edir (1Yəh. 1:19). Atanın Kəlamı bizi imanda ruhlandırır və biz Üçlükdə vahid olan Allahın adıyla yaşayaraq, hədsiz səbri və məhəbbəti sayəsində təqdis olunuruq.

Sən Allahın adını tanıyırsanmı? Onun adı sənin dilində səslənirmi? Rəbb sənin qəlbində yaşayırmı? Əgər belədirsə, sən dərin ehtiram və məhəbbətlə Ata, Oğul və Müqəddəs Ruh adını dilə gətirə bilirsən. Yaşayan Rəbb səni Onun adını boş yerə dilə gətirməkdən saxlasın və səni sevinclə həmd etməyə və şadlıqla mədh etməyə yönəltsin!

www.Waters-of-Life.net

Page last modified on March 11, 2014, at 10:35 AM | powered by PmWiki (pmwiki-2.3.3)