Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 030 (Peace, Hope, and Love Dwell in the Believer)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
C - Saleh sayılmış olanların Allahla və insanlarla yeni münasibətləri (Romalılar 5:1-21)

1. İmanlılarda iman, ümid və məhəbbət yaranır (Romalılar 5:1-5)


ROMALILAR 5:1-2
1 Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. 2 Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.

İnsan təbii olaraq Allahın düşməni kimi yaşayır, əslində bütün insanlar müqəddəs Olana qarşı itaətsizdirlər, axı günahlarımız itaətsizlikdən başqa bir şey deyildir. İtaətsizlərin üzərinə isə Allahın qəzəbi gəlir!

Ancaq çarmıxda ölən Məsih insanları Rəbb ilə barışdırdı, bizim üçün sülh dövrünü açdı, çünki Oğul bizi Allahdan ayıran günahı Öz üzərinə götürdü – Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. Xilaskar Məsihin yolu ilə Allaha iman edənlərin həyatında nə böyük xeyir-dua, sevinc və əmin-amanlıq var! Pislərin üçünsə sülh yoxdur, çünki insan yalnız çarmıxa çəkilmiş İsaya iman edərək ürək rahatlığı tapar!

Qədim əhddə yalnız baş kahin ildə bir dəfə xalqın təqsirlərinə görə qurban verib vəsatətçilik etmək üçün Ən Müqəddəs Yerə daxil ola bilərdi. Yeni əhddə isə Məsih bizi təmizləyib təqdis etmiş, bu şərəfli hüququ hər imanlıya vermişdir. Məsih öldüyü anda Ən Müqəddəs Yerin girişində asılmış qalın pərdə ortadan parçalandı və biz müqəddəs Olanın hüzuruna daxil olmaq hüququnu əldə etdik. O bizi artıq cəsarətlə Ona yaxınlaşmağa dəvət edir! Beləliklə, biz bəzilərinin səhvən təsəvvür etdiklərinin əksinə, Allahın bizdən əlçatmaz dərəcədə uca və uzaq olan, günahkarı həlak edən qorxunc varlıq olmadığını anladıq. Allah Atadır, Xilaskardır, məhəbbət və mərhəmət doludur. O, dualarımızı gözləyir, yalvarışlarımıza cavab verir, Oğlunun çarmıx qurbanı ilə əldə edilən xeyir-duanın hər kəsə çatdırılması üçün bizi Müjdəsini yaymaqda iştirak etməyə dəvət edir.

“Allahla barışmış oluruq” ifadəsi Məsihin dirildikdən sonra şagirdlərinə təkrar-təkrar söylədiyi “Sizə salam” ifadəsinə oxşayır. Çünki ibranicə “salam” (şalom) sözü əslində “sülh” və ya “barışıq” mənasına gəlir. Beləcə İsanın salamı iki mənada başa düşülə bilər:

  1. Allah Məsihin iztirabları naminə bütün təqsirlərinizi əfv etdi!
  2. Durun, gedin, ilahi sülhü, barışığı yayın! İsa sənə belə deyir: “Ata Məni göndərdiyi kimi, Mən səni göndərirəm”. İsaya iman edənlər özləri Allahla barışıb rahatlanmaqla qalmazlar, başqalarını da Allahla barışdırmaq üçün səy göstərərlər və beləcə Məsihin bəxtiyar elan etdiyi, “Allahın həqiqi övladları” adlandırdığı sülhyaradanlar olarlar!

Saleh sayılmış insanın Allahla barışması, ürəyinin sülhlə dolması, müqəddəs Olanın taxtına yaxınlaşmaq hüququ və lütfü yaymaq missiyasından bəhs etməklə yanaşı, Paul həmçinin hər ağıldan, dərrakədən üstün bir ümidə nail olduğumuzu elan edir. Allah bizi Öz surətində yaratdı, lakin biz günahlarımız üzündən bizə verilmiş izzətdən məhrum olduq! İndi isə Müqəddəs Ruhun vasitəsilə ürəyimizdə ümid yarandı! Allah Özündə olan və Oğlundan nur saçan izzətini bizə qaytarır. Bəs sən Allahın izzətinə ümid bağlamağınla fəxr edirsənmi? Sənə verilən ümiddən möhkəm tutursanmı? Gələcəyimiz təkcə fikirdə, gümanda, arzu-istəkdə deyildir; daxilimizdə olan Müqəddəs Ruhun qüvvəsi ilə o artıq gerçəkləşmişdir, çünki Müqəddəs Ruh gələcək ümidimiz üçün qoyulan girovdur!

ROMALILAR 5:3-5
3 Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm, 4 dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır. 5 Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.

Biz göydə yaşamırıq, yer üzündə yaşayırıq. İsa dönə-dönə əzab-əziyyət çəkdiyi, təqib olunduğu kimi, biz də iman yolunda böyüyüb bəhrə verdikcə, insanların hücumlarına, xəstəliklərə, şeytandan gələn pis fikirlərə məruz qalarıq. Paul bu həqiqəti düşünəndə nə ağlayır, nə də ah çəkir, əksinə, çəkdiyimiz əziyyətlərlə də fəxr etdiyimizi söyləyir, çünki bunlar İsanın yolu ilə getməyimizi təsdiq edir və biz əziyyət çəkərək Məsihin ardınca gediriksə, Onunla birgə izzətə gəlib çıxacağıq! Buna görə hər şeyi gileysiz, şikayətsiz et, çünki Rəbbimiz yaşayır və lütf taxtı üzərində Oturanın qərarı olmadan heç bir şey baş verə bilməz!

Bu dünyada daşıdığımız ağır yük bizə kömək edir: onun sayəsində biz xudbinliyimizdən əl çəkir, incikliyimizə qalib gəlir, məqsədlərimizi dəyişdirir və öz iradəmizi İsanın rəhbərliyinə tabe edirik. Dözümümüz artır, İsaya ümid bağlayırıq və köməyini səbirlə gözləyirik. Əziyyətlər məktəbində biz özbaşımıza heç nə edə bilmədiyimizi öyrənirik və İbrahim kimi dərk etməyə başlayırıq ki, bizim zəifliyimizə, uğursuzluğumuza rəğmən Allah axırda qalib gələcəkdir.

Əslində, bu iman mübarizəsində İbrahimdən daha çox üstünlüyümüz var, çünki lütf dövründə Allahın məhəbbəti, bizə verilən və Allahın Özü olan Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb! Beşinci fəslin beşinci ayəsi necə də gözəl və əzəmətlidir! Bu kəlamın izzəti və əzəməti o qədər böyükdür ki, onu dilimizə gətirməkdən belə qorxuruq! Müqəddəs Kitabdakı nadir incilərdən biri olan bu ayəni əzbərlə və yay! Ürəklərimizə bəşəri məhəbbət və ya mərhəmət tökülməyib, Allahın əbədi, qüvvətli, pak məhəbbəti – Allahın Özü tökülüb, çünki Allah məhəbbətdir! Bu ilahi məhəbbət ürəyimizə enməyib, amma tökülüb! Öz salehliyimiz üçün yox, İsa Məsihin qanı bizi təmizlədiyi üçün! Bu səbəbdən Müqəddəs Ruh bizdə məskən salıb, fani bədənlərimizi Allahın məbədinə çevirə bilmişdir! Bu səmavi Varlıq Allahın Öz Varlığıdır, Məsihin Ona iman edən hər kəsə verdiyi müqəddəs qüvvəsidir. Allahın məhəbbət Ruhunu qəbul edən hər kəs yenidən doğulur, təzələnir, əbədi həyata nail olur! İlahi Ruhun bizdə məskən salması təkcə bizim ürək rahatlığımız üçün deyildir, həmçinin dözümümüzü artırır və bizə güc verir ki, inadkar insanlara sevinclə səbir edək, əməldə düşmənlərimizi sevək, həyatımızda ciddi problemlərlə üzləşdikdə ruhdan düşməyək. Məsih bizi yetim qoymayıb, amma qüvvəsini, məhəbbətini və gələcək izzət barədəki vədini verib.

DUA: Sənə səcdə qılırıq, ey Ata, Oğul və Müqəddəs Ruh, çünki biz aciz, fani qurdlar olsaq da, Sən bizi rədd etməmisən, fani bədənlərimizə müqəddəs məhəbbətini tökmüsən, bizi Müqəddəs Ruhun qüvvəsi ilə sevən və inanan, həyatımızla uca mərhəmətini əks etdirən insanlar etmisən! Sənə həmd və şükür edirik, ürəklərimizdə olan hüzuruna görə sevinirik. Hikmətlə məhəbbətinə görə davranmaqda bizə kömək ol!

SUAL:

  1. Allahın sülhü həyatımızda necə gerçəkləşir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:46 AM | powered by PmWiki (pmwiki-2.3.3)