Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 017 (He who Judges Others Condemns Himself)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)
2. Yəhudilərə qarşı Allahın qəzəbi aşkar olur (Romalılar 2:1 - 3:20)

a) Başqalarını mühakimə edən, özünü məhkum etmiş olur (Romalılar 2:1-11)


ROMALILAR 2:6-11
6 Allah hər kəsə əməlinə görə əvəzini verəcək: 7 dözümlə yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat, 8 özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlığa baş əyənlərə isə qəzəb və hiddət göndərəcək. 9 Pislik edən hər kəsə – əvvəlcə Yəhudiyə, sonra da Yunana əziyyət və sıxıntı, 10 yaxşı əməl sahibi olan hər kəsə isə – əvvəlcə Yəhudiyə, sonra da başqa millətdən olana izzət, hörmət və sülh verəcək. 11 Çünki Allah insanlar arasında tərəfkeşlik etməz.

Əziz qardaşım, sən Allahın mühakiməsinin əsas şərtlərini bilirsənmi? Dünya sonuna yaxınlaşır və ağıllı insanlar böyük Hakimin qarşısında durmağa hazır olmaq üçün ciddi və qəti addımlar atırlar. Lütf həvarisi Paul çox açıq şəkildə öyrədir ki, son gündə insanlar yaxşı və pis işləri əsasında mühakimə olunacaqlar! Matta Müjdəsinin 25-ci fəslində Məsih bizə birmənalı şəkildə göstərdi ki, Allahı razı salan işlər bizim rədd edilmiş, təhqir olunmuş, yoxsul və fağır insanlara əməldə göstərdiyimiz məhəbbətdən ibarətdir! Məsih yaxşı əməllər arasında oruc, dua, müqəddəs yerlərə ziyarət və zəkatdan bəhs etməyib, möhtaclara əməli mərhəmət göstərməyi buyurub.

Gizlində etdiyin məhəbbət əməllərin onu sübut edir ki, sən daşürəkli, məğrur, sadə camaatın, dul və yetimlərin önündə qürrələnən adam deyilsən, əksinə, şəfqətli və mərhəmətlisən, Məsihin məhəbbətindən ilham alaraq, bu məhəbbəti gerçəkləşdirən adamsan. Son mühakimədə sən dini mərasimləri, ibadətləri yerinə yetirdiyin üçün yox, yalnız məhəbbət əməllərin üçün mükafat alacaqsan!

Paul Allahın məhəbbətinin ürəyimizə tökülməsi üçün yeganə yolu bizə göstərir: bunun üçün biz fikrimizi Allahın izzətinə yönəltməliyik, dünya malına və keçib-gedən şan-şərəfə can atmamalıyıq, Allaha yaxınlaşmalıyıq. Həqiqətən Allahın izzətini axtaran adam qürurunu sındırır və özü üçün şərəf qəbul etmir. Tövbə edib Allahın əfvinə nail olur, güclü qalxan kimi Allahın mərhəmətindən yapışır! Özünün fani olduğunu anlayan, əbədi həyata can atan, onu imanla qəbul edən hər kəs əbədi Ruhun məqsədlərində iştirak edir! Özünü gözlə, sən əməllərinlə xilas olmursan, zəifliyində Allahdan qüvvət alırsan, Onun məhəbbəti sənin varlığına qalib gəlir və sən Onun məhəbbətinin ilhamı ilə yaxşı işlər görürsən! Gəl, indi Allahı axtar və əbədi yaşa!

Pislik etmək heç kəsin ağlına yazılmayıb, Rəbb heç kəsə qəzəb üçün doğulmaq taleyini verməyib. Pislik edənlər sadəcə olaraq haqqa itaət etmək istəmirlər! Pis işlər, cinayətlər, bir qayda olaraq, qəfildən törədilmir, müntəzəm olaraq edilən səhvlərin nəticəsidir! Biz yaraşmayan tərzdə davrandığımız hər dəfə vicdanımız bizi tənbeh edir və xəbərdarlıq verir ki, biz Müqəddəs Ruhu kədərləndirməyək. Lakin inadkar olan, Allahın səsini rədd edən, itaətsiz ruhlara uyan adam, vicdanını boğaraq, utanmadan cinayət işlədir! Pis əməllərimizin səbəbi, pis kitablar oxumağımız, pis filmlərə baxmağımız, pis yoldaşlıqlarımızdır. Biz sınağa düşürük, hətta ürəyimizdə pis fikirlərə yer veririk!

Allahın Ruhunun cəlb etməsinə qarşı duran adam məhkumiyyətə düçar olur, çünki ürəyini daşa döndərib, Allahın ənamlarını rədd edir, Haqq-Taalaya xor baxır! Bütün itaətsiz və asi insanların Allah tərəfindən cəzalandırılması, əzab-əziyyət çəkməsi labüddür. Bəs sən Məsihin qüvvəsində və uca məhəbbətində yaşayırsanmı, yoxsa ədalətli Hakimin qəzəbi altında əzilirsənmi? Bu suala cavab verməkdən boyun qaçıra bilməyəcəksən. Xeyir ilə şər arasında ayırd edəcək o günə hazır ol!

Paul əvvəlcə yəhudilərin mühakimə ediləcəyini dedikdə bunu nəzərdə tuturdu ki, qədim əhddə yəhudilərə çox böyük məsuliyyət verildiyindən, Allah əvvəlcə onların haqq-hesabını çəkəcək. Onların içində Müqəddəs Ruhun əməlləri ilə Allaha yaxınlaşanlar əbədi izzətə qovuşacaqlar, amma yəhudilərin içində ürəyini daşa döndərən, inadkarlaşdıran kəslər isə hamıdan öncə odlu cəhənnəmə atılacaqlatr, çünki öz itaətsiz ruhlarını Allahın Ruhuna tabe etməmişdilər!

Bütün xalqlar: yunan, monqol, zənci və digərləri – hamı Allahın önündə dayanacaq, çünki bütün xalqları yaradan Allah insanların meydana gətirdiyi mənfur irqçilikdən uzaqdır. Allahın qarşısında hamı eynidir. Allahın izzət və calalının şöləsi yanında varlı-sanlı adamların, dünyanın ulduzlarının parıltısı sönəcək, çünki biz hamımız kainatın Yaradanı qarşısında heçik! Mehriban anaların və sadə qardaşların izzəti dünyanın siyasi və dini rəhbərlərinin, böyük və şöhrətli adamlarının izzətindən üstündür!

Allah bizi Öz məhəbbəti əsasında qiymətləndirəcək. İlahi məhəbbət miqyasına görə dəyişilməsinə yol verən adam qəbul ediləcək. Ürəyini daşa döndərib, başqalarından artıq özünü sevənlər isə Allahdan uzaqlaşacaq və əziyyət çəkəcəklər. Rəbb doğrudan da ədalətli və sadiqdir, əsla tərəfkeşlik etməz!

Həqiqətən, heç kəs öz-özlüyündə Allah kimi saleh və rəhmli deyildir. Lakin məhəbbət quyusundan su çəkən adam saleh olur, çünki Səmavi Atanın qüvvəsi Onu axtaran hər kəsi dəyişdirir. Lakin sən düşünmə ki, bu dəyişikliklərə və mərhəmət işlərinə tez hazırlana bilərsən, axı məğrur mənliyə qalib gəlmək üçün xeyli vaxt lazım olur. Yıxılanlara xidmət etmək istəyən adamlar da azdır. Buna görə İsa bizə nümunə göstərdi: zinakarlar və vergiyığanlar ilə birlikdə süfrəyə oturdu. O istəyirdi ki, biz daş ürəklərimizi rədd edib yumşaq ürək əldə edək və günahkarları Allah sevdiyi kimi sevək!

Böyük səbirlə məhəbbət işləri edənlərin necə mükafatlandırılacağını eşitmisənmi? Allah lütf Ruhuna açıq olan hər kəsə xüsusi izzətini bəxş edəcək! Beləliklə, Allahın son məqsədi ilk məqsədindən heç də əskik deyildir! Allah insanı Öz surətində yaratdı və onu qab kimi Öz izzətli varlığının bütün sifətləri ilə doldurmaq istədi! Haqq-Taala qovulmuş insanları şərəfləndirir, salehlik uğrunda qovulmuş hər kəsin ürəyində Onun sülhü vardır!

Mühakimənin məqsədi, Allahı sevən və Onun sevinci ilə izzətə nail olan kəsləri ürəyini daşa döndərən, Müqəddəs Ruhun cəlb etməsinə xor baxan və əbədi əzaba gedən kəslərdən ayırmaqdır! Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək!

DUA: Ya Rəbb, məhəbbətim az, xudbinliyim isə çoxdur. Mən özüm, ailəm və dostlarım – hamımız Sənin önündə murdarıq! Təqsirlərimdən keç və gözlərimi aç, qoy Sənin məhəbbətinin işlərini görüm! Məni fədakar həyata yönəlt və yaxşılıq edim deyə, mənə qələbə ver, çünki mənim özümdə heç yaxşılıq yoxdur. Məni özümdən qurtar! Qoy Sənin məhəbbətin ürəyimə dolsun və mən alçaldılmış insanları axtarım, cahil adamlarla oturum, onları sevim və onlara xeyir-dua verim, necə ki Sən itmişləri xilas etmək üçün axtardın!

SUAL:

  1. Son məhkəmənin nə cür ilahi şərtləri vardır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)