Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 119 (Moving to Sidon and Then to Crete)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
F - QEYSƏRİYYƏDƏN ROMAYA DƏNİZ SƏYAHƏTİ (Həvarilərin İşləri 27:1 - 28:31)

1. Paul Sidona və oradan Kritə gedir (Həvarilərin İşləri 27:1-13)


HƏVARİLƏRİN İŞLƏRİ 27:1-13
1 İtaliyaya doğru yelkən açmağa qərar veriləndə Paulu və bəzi başqa məhbusları İmperator alayından Yuli adlı bir yüzbaşıya təhvil verdilər. 2 Asiya vilayətinin sahilindəki limanlara gedən bir Edremit gəmisinə minərək dənizlə getdik. Salonikdən Makedoniyalı Aristarx da yanımızda idi. 3 Ertəsi gün Sidona çatdıq. Paulla dost kimi rəftar edən Yuli ona izin verdi ki, lazımi kömək almaq üçün dostlarının yanına getsin. 4 Oradan yenə dənizlə getdik. Küləklər bizə əks istiqamətdə əsdiyi üçün Kipri külək tutmayan tərəfdən keçdik. 5 Dəniz yolu ilə Kilikiya və Pamfiliyanı keçib Likiyanın Mira şəhərinə gəldik. 6 Yüzbaşı orada İtaliyaya gedən bir İsgəndəriyyə gəmisi tapıb bizi o gəmiyə mindirdi. 7 Xeyli gün aşağı sürətlə, çətinliklə üzərək Knid şəhərinin qarşısına çatdıq. Külək bizə yol vermədiyi üçün Salmoni burnundan dolanaraq Kritin külək tutmayan tərəfi ilə getdik. 8 Sahil boyunca çətinliklə irəliləyərək Laseya şəhəri yaxınlığındakı Gözəl Limanlar adlanan körfəzə gəlib-çatdıq. 9 Xeyli vaxt itirmişdik, hətta oruc günü də keçib-getmişdi. Artıq bu mövsümdə dəniz yolu ilə getmək təhlükəli idi. Odur ki, Paul onlara xəbərdarlıq edərək 10 dedi: «Ağalar, görürəm ki, bu səfər yalnız yük və gəmiyə deyil, canımıza da çox ziyan və bəla gətirəcək». 11 Lakin yüzbaşı Paulun dediklərini dinləməkdənsə gəmi sükançısının və sahibinin sözlərinə uydu. 12 Liman qışlamaq üçün əlverişsiz idi. Buna görə gəmidəkilərin əksəriyyəti oradan dənizə çıxıb imkan olarsa, Finiksə çataraq qışı orada keçirmək qərarına gəldi; Finiks Kritdə olan, cənub-qərbə və şimal-qərbə baxan bir liman idi. 13 Cənubdan zəif bir külək əsməyə başlayanda gözlədikləri anın gəldiyini zənn edərək lövbərləri çıxartdılar. Krit sahili boyu üzərək irəlilədilər.

İki uzun il keşmişdi, Paul hələ də həbsdə idi. Bu illər ərzində o, dua etdi, dərin düşündü, məktublar yazdı, insanlarla söhbət etdi. Axırda vali Paulu Romaya göndərdi. Həvari gözəl bir gəmi ilə, hörmətlə göndərilmədi, arenalarda ac şirlərə atılacaq romalı olmayan məhbuslarla birlikdə bir cinayətkar kimi yola çıxdı.

Paul tək deyil idi, həkim Luka və sadiq Aristarx onu müşayiət edirdilər. Bu yerdən Luka hekayəti təkrar “biz” ilə nəql edir. Əzab-əziyyətlər müqəddəslərin şərikliyinə mane olmadı, əksinə, ölüm təhlükəsində onların şərikliyi daha da qüvvətləndi. Paulun məhbus olduğu iki il ərzində Luka Həvarilərin İşləri Kitabı üçün şahidlərdən məlumat toplamışdı. Məsihin ayrı-ayrı kəlamlarını qələmə aldı və uzun, təhlükəli səyahətlərdə bu bənzərsiz və qiymətli xəzinəni özü ilə daşıdı. Özü haqqında bir kəlmə söz yazmayan müjdəçi Müjdə Kitabını göz bəbəyi kimi qoruyurdu. Bu üç adamın məhəbbət ünsiyyətini, Roma yolunda duaları ilə bütün maneələrə qalib gəldiyini görüb təsəlli alırıq.

Onlar dəniz yolu ilə Sidona getdilər. Sidonda məsihi bir cəmiyyət var idi. Paulu hələ Qeysəriyyədəki həbsindən tanıyan və ona inam bəsləyən insansevər yüzbaşı Yuli onun sahilə çıxmasına izin verdi. Çox güman ki, o vaxt Paulun əli Roma nizamına görə br əsgərin əlinə zəncirlənmişdi. Lakin bu zəncir Paulun Müjdəni yaymasına mane olmurdu.

Onlar Anadoluya tərəf üzdükdən sonra külək əks istiqamətə əsməyə başladı. Yelkən sabit vəziyyətdə qaldığı və dönmədiyi üçün gəmi küləyə qarşı üzə bilməzdi. Buna görə yelkəni yığıb axınla getməkdən başqa çarə yox idi. Külək Romaya tərəf qərb istiqamətində əsmədiyi halda, onlar Kipr dağlarının himayəsində üzməyə davam etdilər. Axırda Anadoluda yerləşən Mira şəhərinə çatdılar və Romaya buğda aparan böyük bir yelkənli gəmi tapdılar. Məhbusları o gəmiyə mindirib paytaxtın tələb etdiyi yükü tamamladılar. Çünki paytaxt əhli çörək və tamaşa istəyirdi, yəni müstəmləkələrdən ucuz çörək və arenalarda qanlı oyunlar üçün qullar lazım idi. Beləcə qeysər tənbəl romalıları razı salırdı, romalılar da öz növbəsində onun əxlaqsız hakimiyyətini dəstəkləyirdi. Bu gün bəzi ölkələrdə eyni prinsipin hakim olduğunu görürük: xalqı yetərli miqdarda çörəklə və eləcə də darıxmasınlar deyə tamaşalar və əyləncələrlə təmin etmək lazımdır.

Külək əks istiqamətdə əsirdi, sanki şər ruhlar Paulun son səyahətinə və Müjdənin Romada yayılmasına mane olurdu. Cəhənnəm hiddətlə Paula və yol yoldaşlarına qarşı hücuma hazırlanırdı. Həvari qaranlıq qüvvələrinin onun üzərinə qalxdığını hiss etdi və onları gözləyən fəlakəti barədə yüzbaşına, gəmi sükançısına və sahibinə əvvəlcədən xəbər verdi, yola davam etməmələrini, Kritin Gözəl Limanlar adlanan kiçik körfəzində qalmalarını məsləhət gördü. Gözəl Limanlar heç də gözəl deyil idi. Gəmidən məsuliyyət daşıyan adamlar qış fırtınasına düşəcəklərini bilsəydilər, Romaya səfərdən imtina etməyə qərar verə bilərdilər. Lakin qışı bu kiçik kənddə deyil, rahat bir şəhərdə keçirmək istədiklərinə görə, cənubdan külək əsməyə başlayan kimi şəraitin üzmə üçün əlverişli olduğunu güman etdilər. Həqiqətdə isə bu, şeytanın tələsi idi. Şeytan onların hamısını dənizin dibinə atmaq, bütün yükü və sərnişinləri məhv etmək istəyirdi. O nəinki Müjdənin yayılmasına mane olmaq, hətta bütün yer üzündə Müjdəni və məsihi imanlıları tamamilə yox etmək istəyirdi.

DUA: Ey mərhəmətli Rəbb, bizə kömək ol, qoy biz həmişə Sənin səsinə qulaq asaq və nə öz canlarımızı, nə də dostlarımızın canlarını məhv edək! Səsinə qulaq asmağı və himayəndə qalmağı bizə öyrət!

SUAL:

  1. Romaya birlikdə səyahət edən üç nəfər Allah adamları kimlər idi?

www.Waters-of-Life.net

Page last modified on March 10, 2014, at 09:03 AM | powered by PmWiki (pmwiki-2.3.3)