Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 083 (Founding of the Church in Thessalonica)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

5. Salonikdə imanlılar cəmiyyətinin qurulması (Həvarilərin İşləri 17:1-9)


HƏVARİLƏRİN İŞLƏRİ 17:1-9
1 Onlar Amfipolis və Apolloniyadan keçərək Salonikə gəldi. Burada bir Yəhudi sinaqoqu var idi. 2 Paul adətinə görə Yəhudilərin yanına gedib üç Şənbə dalbadal onlarla Müqəddəs Yazılar üstündə mübahisə etdi, 3 şərh və sübut göstərdi ki, Məsihin əzab çəkərək ölüb ölülər arasından dirilməsi lazım idi və dedi: «Sizə elan etməkdə olduğum bu İsa Məsihdir!» 4 Yəhudilərdən bəziləri, mömin Yunanların böyük bir hissəsi, bir çox nüfuzlu qadınlar buna əmin oldu və Paulla Silaya qoşuldu. 5 Yəhudilərin buna paxıllığı tutdu. Meydana yığılan camaatın içərisində olan bəzi şər adamlardan bir izdiham toplayıb şəhərdə qarışıqlıq saldılar. Paulla Silanı xalqın önünə çıxarmaq məqsədi ilə Yasonun evinə hücum etdilər. 6 Onları tapmayanda Yasonla bəzi imanlı qardaşları sürüyə-sürüyə şəhər başçılarının qarşısına gətirib hay-küy saldılar: «Dünyaya çaxnaşma salan bu adamlar gəlib buraya da çıxdı. 7 Yason onları öz evinə qəbul edib. Bunların hamısı qeysərin fərmanlarının əksinə gedib deyir ki, İsa adlı başqa bir padşah var». 8 Bu sözləri eşidən izdiham və şəhər başçıları lərzəyə düşdü. 9 Nəhayət, başçılar təminat alaraq Yason və digərlərini azad etdi.

Salonik şəhəri indiyədək kommersiya mərkəzi olaraq qalır. Filipidən 150 km uzaqlığında yerləşən bu şəhərin əhalisi yarım milyona yaxındır. Paul Salonikə gəlib-çatanda ilk öncə yəhudi sinaqoquna getdi, çünki orada bir Allahı sevən və axtaran, Kəlamına qulaq asan adamlar var idi. Hakimiyyət yəhudi dininə rəsmi icazə verdiyi halda, yeni dinlərin yayılmasına icazə vermirdi. Paul Yerusəlimdən gəlmiş dini alim kimi üç şənbə günü sinaqoqa gəlib onlara sübut edirdi ki, Allahın Məsihi səmavi qüdrəti ilə bütün dünya üzərində hökmranlıq edəcək olan əzəmətli padşah kimi gəlməyib, lakin tövbə edən insanların ürəklərini təzələmək üçün gəlib. O, rədd edilib, bir müddət iztirab çəkib, rüsvay edilib, ölüb və ölümdən dirilib.

Bu, yəhudilər üçün yeni və yad bir fikir idi, axı yəhudilərin gözlədiyi “məsih” xalqlar üzərində hökmranlıq edəcək olan qüdrətli hökmdar idi və onlar həlim Allah Quzusunu tanımamışdılar. Paul ona qulaq asanlara başa saldı ki, Nazaretli İsa Allah məhəbbətinin mücəssəməsidir. İzdihamlar İsanın sözlərini eşitməyə, şəfa və digər möcüzələrinə tamaşa etməyə yığılırdı və axırda yəhudilərin Ali Şurasının üzvləri İsaya həsəd aparıb ilahiliyini rədd etdilər, Ona qarşı hiylə qurdular, Onu təqib etdilər, məhkum etdilər və axırda romalıların əlləri ilə Onu çarmıxa çəkdirdilər. Amma Onun ölümü Allahı razı salan və təqsirlərimizi aradan götürən bənzərsiz bir qurban oldu. Paul ilk öncə Əhdi-Ətiqə görə Məsihin ölməsinin zərurətini sübut edirdi. Tövratdan əlavə, o, Öz Müjdəsi ilə dünyanı dəyişdirən yaşayan Məsihdən birbaşa vəhy almışdı və buna görə Məsihin səlahiyyətli şahidi idi.

Bəzi yəhudilər xilas Müjdəsinə iman gətirib, ilahi Məsihi – İsanı qəbul etmiş və həvari Paulun vəz etdiyi təlimə itaət etmişdi. Bir çox mömin yunanlar da Paulun Tövrat şərhinin təsiri ilə imana gəlib Paulla Silanın cəmiyyətinə qoşulmuşdular. Həmçinin çoxlu hörmətli qadınlar da iffət, həqiqət və müqəddəsliklə Müjdəni qəbul etmiş, Məsihin Müqəddəs Ruhuna ürəklərini açmış, xilasına bağlı qalmışdılar. Beləliklə, Salonikdə canlı bir cəmiyyət qurulmuşdu və Paul, Sila və Timotey sədaqətlə oradakı imanlıları öyrətməkdə idilər.

Paulun Saloniklilərə 1-ci Məktubunu (1-2-ci ayələri) diqqətlə oxusan, tezliklə görəcəksən ki, Salonikdə Müjdəni yayan Məsihin elçilərində nə qədər lütf, qüvvət və həvəs olub. Saloniklilərə 1-ci Məktubunun yunan dilində yazılmış Əhdi-Cədidin ən qədim hissəsi və Müjdə Kitablarının dördündən də çox qədim bir mətn olduğunu bilirsənmi? Bu Məktubda Paulun iman uğrunda mübarizəsinin ilk mərhələlərində Müjdəni yayma üsulunu və bütün şəhərləri, xalqları fəth edən Müjdəsinin məzmununu görə bilirik. Sən o Məktubu diqqətlə oxusan, Həvarilərin İşləri Kitabını daha yaxşı başa düşəcəksən.

Yəhudi Ali Şurası İsaya həsəd apardığı kimi, Salonikdəki yəhudilər Paula həsəd aparıblar, çünki əvvəlcə sinaqoqlarına gələn adlı-sanlı yunanlar Paulun yolunu tutmuşdular. Bu həvarinin həyatı, şəhadəti qüsursuz olduğu, təlimi də Tövrata uyğun gəldiyi üçün, ondan şikayət etməyə qadir olmayan yəhudilər küçədəki izdihamı ona qarşı qızışdırıblar, qarışıqlıq salsınlar deyə şərəfsiz adamlara rüşvət veriblər. Bütün şəhəri təlaşa salıb, məsihilərin əleyhinə ayağa qaldırıblar.

Böyük izdiham Yasonun dəbdəbəli evinə tərəf hərəkət etdi. Şəhərin varlı və hörmətli adamlarından biri olan Yason Paulla Silanı öz evində qəbul etmişdi. Lakin izdiham Yasonun evi üstünə gəldiyi zaman həvarilər orada deyil idi. Camaat evə girib hər bir guşəsini axtardı, amma həvariləri tapmadı. Onda Yasonla bəzi imanlı qardaşları tutub şəhər hakimlərinə apardılar və İsa “bidətindən” şikayət etdilər. Maraqlıdır ki, onların həvarilərə qarşı ittihamı, Yerusəlimdəki yəhudi Ali Şurasının təqribən iyirmi il ondan əvvəl Məsihi vali Pilatın önündə mühakimə edərkən işlətdiyi eyni sözlərdən ibarət idi. Onlar dedilər ki, Paulla Sila İsanı bütün xalqları özünə tabe edəcək böyük padşah kimi elan edirlər, bu isə Roma İmperatorluğunun dağılmasına səbəb olacaq. İttiham Roma İmperatorluğuna qarşı təhdid olaraq son dərəcə ciddi idi. Yəhudilər ruhani Padşah olan İsanın həqiqi surətini pozaraq, bu həlim və itaətkar Adamı bütün xalqları özünə tabe etmək istəyən qiyamçı kimi qələmə verdilər.

Həqiqətən, Məsih padşahların Padşahı və rəblərin Rəbbidir! O yaşayır və Atanın sağında oturur, Onunla birlikdə aləmlər üzərində hökmranlıq edir. Hakimiyyəti dünyəvi deyildir, silahlar, vergilər, zorakılıq üzərində qurulmayıb, amma Rəbbə itaət edənlərin ürəklərində Allahın ruhani hökmranlığını yaradan Müqəddəs Ruhun səmərəsi üzərində qurulub. Allahı inkar edənlər öz-özlərini məhvə aparırlar və gözəl dünyamızı zibilliyə, qırğın yerinə, həbs düşərgəsinə, kabusa və böyük zindana döndərirlər.

Şəhər hakimlərinin içində ağıllı olanlar qarışıqlığın səbəbini anladı, Roma dövlətinin onlara bu qarışıqlığa görə problem törətməsindən qorxaraq, izdihamı sakitləşdirdi və Yasonu cərimələdikdən sonra azad buraxdı. Yason da onlara məsihilərin heç siyasi planları olmadığını, əksinə, hər məsihi imanlının bir zorakılıq və ya ədalətsizlik etməkdənsə, Məsih kimi ölməyə hazır olduğunu izah etdi. İsanın Padşahlığı ruhanidir və yalnız Məsih ikinci dəfə izzətlə gələcəyi zaman, bu dünya keçib-gedəndən sonra Padşahlığı gələcək. Paulun siyasi fəaliyyətlə məşğul olmadığını bilən Yason onları Paulla yoldaşlarının şəhəri dərhal tərk edəcəklərinə inandırmağa müvəffəq oldu.

Məsihin Padşahlığı məsələsi İmanlılar Cəmiyyətinin tarixi boyunca xalqların, hökmdarların, qeysərlərin və papaların qərarlarına dəfələrlə təsir etmişdir. Paul adətən çarmıxa çəkilmiş İsanı müjdələmişdir. Lakin onun xələflərinin çoxu bütün dünyaya hökmranlıq edəcək qeysəri istəyib və unudublar ki, Məsihin Padşahlığı bu dünyadan deyildir və yalnız insanların tövbə ilə sınmış ürəklərində qurulur. Həqiqətdə Məsih bütün qeysərləri, generalları, dünya rəhbərlərini qürurdan, lovğalıqdan imtina etməyə və həlimliyə, razılığa, mərhəmətə tərəf dönməyə çağırır. Çünki Məsihin dini qılınc, yaxud üsyan üzərində qurulmayıb, amma xilas haqqındakı Xəbərə və məhəbbət qüvvəsinə əsaslanır. Ancaq Məsih yer üzünə gələcəyi zaman Allaha zidd olan bütün qüvvələr üzərində qələbə çalacaq və ondan sonra nə ölüm, nə qəm-qüssə, nə günah sınağı olacaqdır. Bu yeni yaradılış Ata Allahın izzətli Padşahlığıdır!

DUA: Ya Rəbb İsa Məsih, ürəklərimizin və bütün mülkümüzün yeganə Sahibi olan böyük Padşahımız, həyatımızı Sənə həsr edirik və Sənə yalvarırıq, sədaqətlə Sənə xidmət etməyimiz üçün bizə hikmət ver! Əbədi olaraq Sənin sülhündə yaşasınlar deyə çoxlarını Öz Padşahlığına çağır!

SUAL:

  1. İsa Məsih Özünü padşahların Padşahı və rəblərin Rəbbi kimi necə göstərir?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)