Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 005 (Christ’ Ascension)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

2. Məsihin göyə qalxması (Həvarilərin İşləri 1:9-12)


HƏVARİLƏRİN İŞLƏRİ 1:9-12
9 İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi. 10 İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub 11 soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq». 12 Bundan sonra həvarilər Zeytun dağı adlanan yerdən Yerusəlimə endi. Bu dağ Yerusəlimin yaxınlığındadır, oraya olan məsafə Şənbə yolu qədərdir.

Şagirdlər dərk etdilər ki, Məsih yaşayır, Onun təbiət qanunlarından asılı olmayan ruhani bədəni var – O, həqiqi İnsan və həqiqi Allahdır! O, qırx gün boyunca şagirdlərinin yanında qalıb, onları nurlandırdı, Onun ölümü və dirilməsinə dair Əhdi-Ətiq peyğəmbərliklərinin mənasını izah etdi. Axırda O bütün təlimlərini yekunlaşdıraraq, həvarilərə çox yaxında Ruhun onların üzərinə töküləcəyini və onları qüvvə ilə dolduracağını vəd etdi.

Bu İsanın yer üzündə söylədiyi son sözlər idi. Ondan sonra İsa göyə qalxdı və artıq başqa bir sözə ehtiyac qalmadı, çünki Məsihin işini Müqəddəs Ruh tamamlayacaqdı. Məsih son qırx gün ərzində gizlicə kilidli qapıdan və ya divardan keçir və sonra qəfildən qeyb olurdu, lakin göyə qalxması gizli şəkildə baş vermədi. Ölümdən dirilmiş Rəbb şagirdlərin gözü önündə izzətli şəkildə yavaş-yavaş göyə yüksəldi. Yerin cazibə qüvvəsinə üstün gələn İsa işıqdan yüngül oldu və məhəbbət qüvvəsi ilə Onun mənbəyi olan Atasının yanına götürüldü. İzzətli müqəddəs Allahı əhatə edən bulud Onu şəfqətlə örtərək göyə qaldırdı. İşini tamamlayan Məsih insani sahəni tərk edərək, gözəgörünməz Atamız Allahın izzətinə daxil oldu.

Şübhəsiz ki, Əzəli Yaradan yuxarıdakı göydə yaşamır, çünki yer kürəmiz durmadan fırlanır və bizim göy olaraq gördüyümüz məkan gah üstümüzdə olur, gah altımızda. Əslində günəş belə üstümüzdə deyildir, çünki o, fəzalarda naməlum istiqamətə hərəkət edən çoxlu günəşlərdən biridir, nəhəng odlu kürədir. Bəs onda Allah haradadır və Məsih harada? Rəbbimiz bu suala qəti şəkildə cavab vermişdir: “Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm!”

Allah nə üstümüzdə, nə də altımızdadır. O ətrafımızdadır, hər yerdədir, çünki O, zaman və məkanla məhdud deyildir. İnsan Allahın izzətinin əzəmətini dərk edə bilmir. Məsih şagirdlərinin düşüncə səviyyəsinə uyğun olaraq gözləri önündə göyə qalxdı, çünki onlar göylərin yuxarıda yerləşdiyini düşünürdülər. Bu yolla Məsih şagirdlərinə onlardan həmişəlik ayrıldığını və Atasının yanına qayıtdığını öyrətdi. Ondan sonra Məsih Atasının sağında oturub Onunla əbədi vəhdətdə hökmranlıq edəcəkdi. Məsih və Ata birdir. Oğul Atada və Ata Oğuldadır. Məsihi görən, Allahı görür. Biz vahid Allah olan Müqəddəs Üçlüyə - Ata, Oğul və Müqəddəs Ruha iman edirik. Heç bir insan bu üçlü birliyin sirrini kifayət qədər yaxşı izah etməyə qadir deyildir. Lakin İncil bizi öyrədir ki, Məsih ölümdən diriləndən qırx gün sonra göyə qalxdı, bəşəri dünyamızı tərk etdi və Allahın Oğlu kimi göyə daxil oldu. Hal-hazırda O kamil izzət, uca məhəbbət və böyük qüdrət içində Atası ilə birlikdə lütf taxtında oturur.

Şagirdlər, İsanın göyə qalxması ilə həyatlarının və xilas tarixinin köklü surətdə dəyişdiyini bilir və sevimli Rəbb İsanın bulud içində qalxdığı göyə diqqətlə baxırdılar. Biz də gözlərimizi Məsihin Atası ilə birlikdə olduğu göyə diksək və ürəklərimizi Məsihə yönəltsək, yaxşı olar. Çünki həyatımız göydədir və vətənimiz Atamız Allahın yanındadır.

Yaşayan Rəbb şagirdlərinin bütün vaxtı yalnız göy və axirət barədə düşünüb, dini xəyallara qapılmasını istəmədi. Onları yer üzündə möhkəmləndirmək istədi. Tezliklə iki mələyi onların yanına göndərdi və onlar gözəgörünməz dünyanın pərdəsinin arxasından tam paklıqla zahir olub təsdiq etdilər ki, İsa həqiqətən göyə qalxmışdı və bu olay göz aldanması deyil, həqiqətdir.

Eyni zamanda Məsihin bu iki elçisi imanlılara ümid verdi ki, Rəbb getdiyi kimi buludlarda gələcək. Rəbb İsa təkrar gələcək! Dünya tarixinin məqsədi bu sözlərdə yekunlaşdırılır. Məsihilər bu inancdan möhkəm tuturlar. Rəbbimiz yaşayır, O gələcək, çünki O bizi sevir və bizə can atır. Onun gəlişinin vaxtını bilmirik, amma tez gələcəyini bilirik və bundan heç şübhə ola bilməz. Sən İsanı gözləyirsənmi? Onun haqqında düşünürsənmi? Məsihi sevirsənmi? O, gündə neçə dəfə sənin yadına düşür? Ona dua edirsənmi? Gəlişini gözləyirsənmi? Yalnız Rəbbi gözləyənlər müdrik və ağıllı yaşayırlar.

Şagirdlər ürəkdən sevinərək Qidron vadisinə endilər və Yerusəlimə yeridilər, çünki Rəbb göyə qalxanda onlar Zeytun dağında, bir zamanlar Rəbb İsanın Allahın qəzəbindən əzab çəkdiyi və onların yuxuya getdikləri Getsemani dağına yaxın bir yerdə idilər. O vaxt əsgərlər gəlib Rəbbi tutmuşdular, indi isə o gecənin dəhşətindən əsər-əlamət qalmadı, ürəkləri Məsihin zəfər sevinci ilə doldu. İki mələyin elan etdiyi müjdə böyük zənglər kimi zehinlərində və ürəklərində cingildəyirdi: Rəbb gələcək, həqiqətən gələcək! Rəbb tez gələcək!

DUA: Ya Rəbb İsa Məsih, Sən yaşayırsan və bütün düşmənlərin göyə qalxdığını bilirlər! Sən qalibsən, Ata Allahda qalırsan. Sən gələcəksən. Səni sevinclə gözləməyi bizə öyrət, qoy bizim əllərimiz və ürəklərimiz Kəlamınla hərəkət etsin və qoy biz bu dünyanı Sənin gəlişinə hazırlayaq!

SUAL:

  1. İki mələyin sözünə görə, İsa necə təkrar gələcək?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:44 PM | powered by PmWiki (pmwiki-2.3.3)