Previous Lesson -- Next Lesson
c) Rəbbi tanıyan başqalarını deyil, özünü mühakimə edər (Matta 7:1-6)
MATTA 7:1-5
1 Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. 2 Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. 3 Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 4 Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” 5 Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. (Yeş. 33:1; Mark 4:24; Rom. 2:1; 1Kor. 4:5)
İsa şagirdlərində və bütün xalqında olan inadkar ürəyə, ikiüzlülüyə, qürura görə əziyyət çəkirdi. O onlara heç kəsi mühakimə etməməyi, ancaq ilk əvvəl özlərini mühakimə etməyi öyrətdi. Məsihin Qanunu bizim pis, murdar niyyətlərimizi və eləcə də onların səbəblərini və onlardan qaynaqlanan qərarları ifşa edir. İsa ilk öncə fikirlərimizin qaynağını düzəltmək, ürəklərimizi təzələmək istəyir; fikrimiz, sözümüz, əməlimiz bərabər şəkildə düzəlməlidir.
- Biz qardaşımızı mühakimə etməkdənsə, özümüzü və öz əməllərimizi mühakimə etməliyik. Əgər başqalarının bizə hökmran olmasını haqlı saymırıqsa, onda bizim kiməsə hökmran olmağa haqqımız olduğunu da zənn etməməliyik! Rəbb bizə bir-birimizə tabe olmağı əmr etdi.
- Özümüzü hakim yerinə qoymasaq yaxşıdır, hər kəs bizim sözümüzə baxmalı deyildir.
- Mühakimə etməyə tələsməməliyik və ciddi əsası olmasa, qısqanclığımızdan, paxıllığımızdan, pis xasiyyətimizdən ötəri qardaşımız haqqında mühakimə yürütməməliyik.
- Başqalarına mənfi tərəfdən baxmamalı, sözlərində gizli mənalar axtarmamalı, pis niyyətli olduqlarını güman etməməliyik.
- Mühakimə edərkən, mərhəmətsiz, məhəbbəsiz şəkildə, adamdan qisas almaq və ya zərər vermək arzusu ilə etməməliyik.
- Adamın təkcə bir davranışına, yaxud şəxsən bizə qarşı münasibətinə görə xasiyyəti barədə mühakimə etməməliyik, çünki biz özümüzə sərf eləyən tərzdə mühakimə etməyə meyilliyik.
- Başqa adamın ürəyi və niyyətləri barədə mühakimə yürütməməliyik, çünki bir Allah ürəkləri bilir və biz bizə aid olmayan məqamı mənimsəməməliyik.
- İnsanların əbədi taleyi barədə mühakimə yürütməməliyik, onları ikiüzlü, əxlaqsız, həlak olmuş adlandırmamalıyıq. Bununla biz mühakimədə həddimizi aşırıq.
Əgər biz başqalarını mühakimə etməkdə haqlı olduğumuzu iddia ediriksə, özümüzün də eynilə bu cür mühakimə ediləcəyimizi gözləməliyik. Nizam pozan adam məhkəmə qarşısında durar və insanlar tərəfindən mühakimə olunar. Adətən başqalarını ən çox tənqid edənlər özləri də ən çox başqalarının tənqidinə məruz qalarlar. Hər kəs belə insana daş atmaq istəyər. Başqalarının üstünə əl qaldıran, səsini ucaldan adamın üstünə hamı əl qaldırar və səsini ucaldar. Başqalarının adını hörmətdən salan adamın özünün adı hörmətdən düşər.
İnsan başqasını çox tələsik mühakimə edir, onu zəif və ya güclü, pis və ya yaxşı, faydalı və ya zərərli sayır, nifrətlə rədd edir, ondan pis danışır. İnsan özünü elə aparır, sanki o, əzəli Hakimdir! Başqalarını mühakimə edir, özünü isə yaxşı adam bilir, başqalarını anladığını və mühakimə yürüdə biləcəyini fikirləşir. Məsih aşağıdakı səbəblərə görə bu cür fikirləri qadağan edir:
- İnsanın daxili vəziyyətindən, keçmişindən, başqalarından irs olaraq aldığı xüsusiyyətlərdən və eləcə də kiçikliyindən bəri mühitin ona necə təsir etdiyindən xəbərsizik. Başqalarını haqsız yerə mühakimə edən adam eyni ölçü ilə özünü mühakimə edir. Bir kəs barəsində tələsik mühakimə yürütməkdən özünü gözlə, çünki başqasını mühakimə etdiyinə görə öz canını həlak edə bilərsən! Lakin bu demək deyil ki, biz günah və pislik içində yaşayan insanları və pozğun mühitlərini ifşa etməməliyik. Bəzi dostlarımız yalançı və pozğun həyat sürə-sürə, pis mühitlərini təqsirləndirirlər. Belə qardaş-bacılara sözümüz budur: “Dünya sizi yox, siz dünyanı dəyişdirməlisiniz, insanlara təsir etməlisiniz!” Ondan da betər, dünya ilə ayaqlaşaraq günlərini qumarda, eyş-işrətdə, zinada keçirən qızlar vardır. Onlardan soruşanda ki, niyə bu cür həyat sürürsünüz, deyirlər ki: “Başqa cür mümkün deyil. Ailə qurmazdan əvvəl bir-birimizə uyğun gəlib-gəlmədiyimizi dəqiq bilmək üçün bir yerdə yaşamalıyıq. Axı toydan sonra iş işdən keçmiş olacaq”. Buna cavabımız belədir: “Haradan bilirsən ki, toydan sonra həyat yoldaşın sənə sadiq qalacaq? Bəlkə sənə doyandan sonra başqasını tapacaq, necə ki bal arısı bir çiçəkdən toz yığandan sonra başqa çiçəyə uçur?” Burada bəlkə də belə bənzətmə daha uyğun olar: sağlam arının əməyi faydalı olduğu halda, xəstə arı öz xəstəliyini yayaraq zərər verir.
- Allah hamıdan çox mərhəmətlidir. O hətta günaha batan zinakarları, oğruları sevir və xilas etmək istəyir. Əgər bir insanı mütləq mühakimə etməlisənsə, kobudluq və nifrətlə yox, məhəbbət və ədalətlə et. Digər tərəf sənin sözlərindən və əməllərindən onu sevdiyini, ona hörmət etdiyini hiss etməlidir.
- Əgər sən özünü, Allah səni tanıdığı kimi tam kamil şəkildə tanısaydın, öz murdarlığından, qürurundan, simicliyindən, cahilliyindən, dar düşüncəndən və zəifliyindən xəcalət çəkərdin. Hər insan ilk öncə özünü Allahın müqəddəsliyinin işığında yoxlayıb, alçalmalı və əbədi ölümə layiq olan günahkar olduğunu qavramalıdır. Onda o özündən iyrənər, qürurlu ruhunu sındırar və artıq heç vaxt başqalarını mühakimə etməz, yalnız hər kəsdən öncə özünü mühakimə edər. Hər gün özündən imtina edərək çarmıxını daşıyıb İsanın ardınca gedən insan nə bəxtiyardır! Onun qüruru yox olur, o artıq heç kəsi mühakimə etmir, özünün nə qədər pozğun olduğunu anlayır və etiraf edir. Tövbə məhəbbətə və qarşılıqlı anlaşmaya yol açır. Qəlbi sınan hər adam mehribanlığı və mərhəməti ilə qəlbi sınmamış adamlara kömək edə bilir, onları sevən Xilaskara, ən böyük Həkimə gətirə bilir.
- Məsih, başqalarından daha yaxşı vəziyyətdə olduğunu zənn edən hər kəsi ikiüzlü cahil adlandırır, çünki belə adam özünün həlak olduğunu anlamır. Hər kəsi qəbul etməyə hazır olan Xilaskar Məsihə sığınan adama gəldikdə isə, Məsih onu özünü aldatmaqdan xilas edərək məhəbbət diyarına gətirir. Allahın Oğluna iman edən hər kəs mühakimə olunmaz, Allahın Oğluna iman etməyən isə əbədi mühakimədə onun müdafiə edə biləcək Xilaskarı rədd etdiyi və aləmlər üçün hazırlanmış olan kəffarəsinə xor baxdığı üçün artıq mühakimə olunub.
Başqalarının günahlarına ciddi yanaşan adam özü günaha batırsa, ikiüzlü olduğu bəllidir. O nə deyir-desin, düşmənçiliyinin günaha qarşı deyil, qardaşına qarşı olduğu aydındır. Çünki o, öz günahına ciddi yanaşmır. O, qardaşına nifrət edir və buna görə qınanmalıdır. Öz həyatını düzəltmədən qardaşının həyatını düzəldə bilməzsən. Ey həkim, əvvəlcə özünü sağalt!
DUA: Ey əzəli Hakim, mən günahkara rəhm et! Çox adamı mühakimə etmişəm, həqarətlə baxmışam, Sən qürurumu bağışla və məni lovğalıqdan təmizlə, qoy mən dəyişilib hamıya mərhəmət göstərim, necə ki Sən bizə mərhəmət göstərirsən! Əgər mən vəzifəmə görə kiminsə taleyini həll etməli olsam, Sən mənə müdriklik, məhəbbət, səbir ver ki, əvvəlcə Sənin iradəni bilim! Mənə kömək et ki, ilk öncə özümü mühakimə edim və hər gün özümüdən imtina edərək, çarmıxımı daşıyıb Sənin ardınca gedim!
SUAL:
- Niyə Məsih bizə başqalarını mühakimə etməyi qadağan etmişdir?