Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 029 (The Faith of Abraham is our Example)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
B - İman vasitəsilə yeni salehlik bütün insanlara verilir (Romalılar 3:21 - 4:22)
3. İbrahim və Davud imanla saleh sayılmanın misalıdır (Romalılar 4:1-24)

d) İbrahimin imanı bizim üçün misaldır (Romalılar 4:19-25)


ROMALILAR 4:19-22
19 Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı. 20 Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi. 21 Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir. 22 Buna görə də imanı ona salehlik sayıldı.

İbrahim Allahın gələcəyə dair söylədiyi sözü eşidib. Allah ona çoxlu millətlərin atası olacağını bildirəndə, onun hələ qanuni bir oğlu olmamışdı. Doxsan doqquz yaşı olmasına baxmayaraq, bu vəhy sözlərinə gülmədi, inamsızlıqla başını yırğalamadı, lakin Allahın bəşəri ümid tükəndiyi zaman belə yeni ümid verdiyinə inandı! İbrahim artıq bir dəfə iman mübarizəsində uğursuz olmuşdu, cariyəsindən oğlu olmuşdu – İsmail. Lakin o, yaşlı arvadının ona uşaq doğmasının mümkünsüzlüyünü anlasa da, təbii gerçəkliklərə baxmadı, bütün təbii qanunları yaradan və lazım gəldikdə dəyişdirməyə qadir olan Allaha baxdı. İbrahim arvadı Saranın ona övlad doğmasının mümkünsüzlüyünün ona hökmranlıq etməsinə yol vermədi, lakin imanda qüvvətləndi, Allahın Kəlamına bağlandı, əbədi həqiqətinə güvəndi. Nəticədə o gördü ki, izzətli Rəbb yalan söyləməz və Öz vədini yerinə yetirməyə qadirdir, hətta əgər insanın ağlı vədin necə yerinə yetirilə biləcəyini dərk etməsə belə!

İbrahimin bu mübarizədə Allahın sədaqətinə olan imanı ona salehlik sayıldı (Yar. 15:1-6; 17:1-8).

Bu gün Məsih səni eynilə belə ruhani mübarizəyə çağırır. Biz özümüzə diqqətlə baxanda, məsihi cəmiyyətlərimizi dərindən düşünəndə, taqətdən düşmüş, zəif, ruhən ölü halda olduğumuzu görürük; amma Məsih mənim imanım və sənin imanın vasitəsilə milyonlarla insana əbədi həyat vermək istəyir! O, şəhadətimizə xeyir-dua vermək istəyir, bizim əməllərimiz vasitəsilə Öz məhəbbətini göstərmək istəyir! İsa sənə iman sözləri ilə xeyir-dualı nəsil verəcəyini vəd etdi, sən Onun bu vədinə və dəvətinə inanırsanmı? Onun sənin gücsüzlüyünə qalib gələ biləcəyinə, imanlılar cəmiyyətini dirildə biləcəyinə, daşürəkli insanlardan Özünə ruhani övladlar yarada biləcəyinə inanırsanmı? Vəftizçi Yəhya da bəyan edib ki, insanlar tövbə etməsələr, Allah səhradakı daşlardan Özünə İbrahimin nəslini yarada bilər. Sən Allahı şərəfləndirirsənmi? İzzətli Rəbbə güvənirsənmi və ölgünləşmiş cəmiyyətinin xəstə halını görməkdən bədbinliyə, məyusluğa qapılmaq əvəzinə Ona ümid bağlayırsanmı? Sən uğursuz olsan da, Rəbb sənə lütf verir və hökmranlığını çox insana çatdırmaq üçün səndən istifadə edir! İbrahimin Allahı və Paulun Rəbbi dünən, bu gün və əbədi olaraq eynidir – buna inan! O səndən iman gözləyir, çünki iman dünya üzərində qələbə çalır! Sənin iman mübarizən illərlə, onillərlə davam edirsə belə, təslim olma və yuxuya getmə! İbrahim də həlim İshaqın kiçik bir bəhrəsinin yetişməsini illərlə gözləmişdi. Allah İbrahimin ruhunu qüvvətləndirdi, onu peyğəmbərlərin atası etdi. Bəli, Rəbb yaşayır! O sənin imanınla saleh sayılmağını istəyir. Ürəkli ol, yorğun əllərini qaldır, zəifləmiş dizlərini gücləndir, çünki Rəbb yaşayır və ruhani cihadında sənin köməyinə gəlir!

ROMALILAR 4:23-25
23 «Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb; 24 Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır. 25 İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi.

İbrahimə verilən biliyə nisbətən bizim imana dair biliyimiz çox artmışdır. Bu gün Allah yalnız böyük, qadir, gözlə görünməz Şəxs kimi Özünü tanıtmır. O, Allahı məhəbbətində Ata kimi tanıyaq deyə, bizə Oğlu İsanı göndərdi. İnanılmaz bir olay baş verdi – Allahın vahid Oğlu günahlarımızı aradan qaldırmaq üçün öldü! Müqəddəs Allah günahkarları pis işləri üçün öldürmədi, amma bizi – pis insanları xilas etmək üçün Özü ölümə getdi. Allahımız belədir – rəhmli, sevən, Özünü fəda edən, bizə lütf verən, səbirli, mərhəmət və şəfqət doludur!

İsa ölümdən dirildikdən sonra Öz qurbanının zəfərini göstərdi! Ata, çarmıxa çəkilmiş qüsursuz Quzuya qəzəbini tökəndən sonra Onu tərk etmədi, amma Onu diriltdi və Onun ilahi iradəsi ilə Özünü qurban verdiyini açıqca elan etdi. Beləliklə, Məsihin dirilməsi bizi inandırır ki, biz həqiqətən saleh sayılmışıq! Lakin Məsih bəzilərinin iddia etdiyi kimi dəfn olunmadan səmaya qalxıb, Allaha yaxın olanlardan biri olubsa, onda saleh sayılmamız qeyri-mümkündür. Bu, belə deyildir. Allah həqiqətən İsa Məsihi ölümdən diriltdi və biz tamamilə əmin ola bilərik ki, çarmıxda Allah ilə dünya barışmışdır!

Bu gün İsa Allahın sağında oturur. O bizim yeganə Vəsatətçimizdir, müqəddəs Olanın önündə bizə görə vəsatətçilik edir. Biz imanda sarsılmayaq, möhkəm duraq deyə, O Öz qurbanı ilə əldə etdiyi hər şeylə bizi təmin edir. Çünki Məsih onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır və Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir!

Həyatında problem, qorxu, təhlükə olduğu zaman, imanın hanı? Allahın Padşahlığının gəlməsi və milyonlarla insanın yenidən doğulmasına dair ümidin hanı? Məsih bizi Allahla barışdırmışdır. O bu gün yaşayır və bizim üçün vəsatətçilik edir, buna görə biz saleh sayılırıq. İmanından qaynaqlanan diri suların ölü ürəklər səhrasına axacağına inan! Şübhə etmədən inan, çünki Məsih həqiqətən yaşayır!

DUA: Ya Rəbb Allah, Sən yaşayırsan və bizi dünyada Müjdəni yaymağa göndərirsən! Sənin qulun İbrahim Sənə iman etdi, bədəni ölüyə bənzəsə də, Sənin mərhəmətinlə yaşlı arvadı Saradan ona bir oğul verə biləcəyinə və o oğul vasitəsilə bütün dünya millətlərinin xeyir-dua alacaqlarına inandı! İman azlığımıza Sən üstün gəl, inamımı gücləndir və qoy biz imanlılar cəmiyyətinin zəifliyinə rəğmən bütün sınaqlarda hər zaman Sənə ümid bağlayaq! Qoy Sənin qüvvən bizim zəifliyimizdə tam olsun! Bizi milyonlarla insanın ruhən yenidən doğulacağına inandırdığın üçün Sənə şükür edirik! Çünki Sən yaşayırsan və əbədi olaraq hökm sürürsən!

SUAL:

  1. İbrahimin iman mübarizəsindən nə öyrənirik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:46 AM | powered by PmWiki (pmwiki-2.3.3)