Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 253 (Jesus Before the Roman Civil Court)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

20. İsa Roma məhkəməsi qarşısında: İsanın Padşah olduğuna dair şübhələr (Matta 27:11-14)


MATTA 27:11-14
11 İsa valinin önündə dayanmışdı. Vali Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa da ona dedi: «Sənin dediyin kimidir». 12 Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri vaxt İsa heç bir cavab vermədi. 13 Onda Pilat Ona dedi: «Sənin əleyhinə edilən bu qədər şəhadəti eşitmirsənmi?» 14 İsa onun heç bir sözünə cavab vermədi. Vali buna çox heyrətləndi.
(Yeş. 53:7; Mat. 26:63; Yəh. 19:9)

İsa dünyəvi məhkəməni idarə edən Roma valisi və Fələstinin hökmdarı Pilatın önündə dayanmışdı. Pilat qəddar adam idi, xalqa həqarətlə baxırdı, xalq da ona nifrət edirdi. Pilat işlə əlaqədar olaraq heç kəsin rəyini almadan, birbaşa İsadan dini məhkəmənin ittihamları barədə soruşdu: “Sən bu xalqın yeni Padşahısanmı?” Hiyləgər ağsaqqallar Roma valisinə İsadan şikayət edəndə sadəcə olaraq dini qanunlarını pozduğunu söyləməmişdilər, vali onların tələbini yerinə yetirsin deyə, İsanı siyasi təxribatda ittiham etmişdilər. Çünki onlar Pilatın önündə İsanı Musanın Qanununu pozmasında ittiham etsəydilər, Pilat onların işinə baxmazdı.

İsa yəhudilərin Padşahı olmadığını desəydi, bəlkə də tezliklə buraxılacaqdı. Lakin O, yeganə ilahi gözlənilən Padşah olduğunu açıqca təsdiq etdi və bu cavabı ilə əsil Padşah və hər şeyin Sahibi olduğunu elan etdi. Onun mütləq hökmranlıq haqqı vardır! Bəs sən Padşahın sənə hökmran olmaq haqqına necə cavab verirsən? Onun əmrlərinə riayət edirsənmi?

Pilat eşidəndə ki, İsa Padşah olduğunu təsdiq edir, gülümsəyib düşünüb ki, bu Nazaretli gənc də dindar xəyalpərəstlərdən biridir. Pilat İsanın padşahlıq qurmaq üçün hazırlıq etmədiyindən xəbərdar idi – İsanın ordusu yox idi, O, qiyam qaldırmaq niyyətində deyil idi. Pilatın casusları ona İsanın xəstələrə şəfa verməsi, həlim xasiyyətdə olması, müqəddəslik, məhəbbət və həqiqət yolunu öyrətməsi barədə məlumat vermişdilər. İsa paytaxta girəndə, eşşəyə minmişdi və silahsız idi. Belə adam Roma İmperatorluğuna zərər verə bilməzdi.

Pilat tezliklə anladı ki, İsa heç bir siyasi cinayət törətməyib. Onun yer üzündə padşahlıq qurmaq məqsədi güdmədiyi, qiyamçı olmadığı bəlli idi. Buna görə Pilat Onu sərbəst buraxmaq istədi.

Ağsaqqallar Pilatın İsanı buraxmaq istədiyini anlayan kimi bağırıb səs-küy saldılar, İsanın xalqın içində asayişi pozduğunu, qeysərin ən böyük düşməni olduğunu qışqırmağa başladılar. Məsih onların ittihamlarına cavab vermədi. Vali Ona Özünü müdafiə etmə fürsətini verəndə dinmədi. İsa Pilatın hər şeyi başa düşdüyünü bilirdi. Pilat ədalətli qərar verməkdən özü məsuliyyət daşıyırdı. Məsihin susması hökmdarın vicdanını haqq-ədalət ilə mühakimə edərək, İsanı təqsirsiz olduğuna görə sərbəst buraxmağa səsləyirdi.

DUA: Ey həlim Allah Quzusu, Sən həqiqətən Yəhuda qəbiləsindən olan Aslansan, vəd olunmuş Davud Oğlusan və eyni zamanda Allahın Oğlusan. Sən Özünü müdafiə etmədən həqiqəti təsdiq etmisən. Səbrinə, dözümünə, ölməyə hazır olduğuna görə Səni ucaldırıq. Günahkarlar uğrunda kəffarə ölümün bizi lənətdən və cəzadan azad etmişdir. Ölümün bizə həqiqəti sevən hər kəsə Sənin sülh Padşahlığını yaymaq, xeyirxahlığını elan etmək qabiliyyətini verir!

SUAL:

  1. İsanın həqiqi Padşah olduğunu iqrar etməsinin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:17 AM | powered by PmWiki (pmwiki-2.2.109)