Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 251 (The Traitor's End)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

18. Xainin ölümü (Matta 27:3-5)


MATTA 27:3-5
27:3 O zaman İsaya xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü başçı kahinlərə və ağsaqqallara geri gətirib 4 «mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi. Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər. 5 Yəhuda gümüş pulları məbədin içinə atıb oradan çıxdı, gedib özünü asdı.
(Mat. 26:15; Həv. 1:18-19)

Müəlliminin siyasi çevriliş etmədiyini görən Yəhuda qorxdu və etdiyi işə görə peşman oldu. İsanın ölümə məhkum edilməsinin baiskarı olduğunu dərk etdi. Lakin ondan sonra artıq peşmanlığın xeyri yox idi. Qardaşı Habili öldürən Qabil də bu cür peşman olmuşdu. Belə peşmanlıq adamı məyusluğa aparır. Doğrudan, Yəhuda başçı kahinlərin qarşısında öz günahını etiraf etdi, amma onlardan mərhəmət tapmadı. İsanın təqsirsiz olduğunu etiraf edən ilk yəhudi, Yəhuda idi; bundan əlavə o, xəyanətinin pulunu qaytardı, məbədin içinə atdı. Bununla belə, onun etirafı həqiqi tövbənin başlanğıcı deyil idi, öz pisliyindən qorxuya düşmüş adamın etirafı idi. Yəhudanın təqsirləri ağır yük təki, dağ təki üstünə basırdı və axırda onu intihar etməyə vadar etdi. O özünü asandan sonra ip qırıldı, cəsədi oradan kəlləmayallaq aşıb qarnı yırtıldı və bağırsaqları töküldü (Həv. 1:18).

Yəhuda nə etdiyini düşündükcə peşmançılıq çəkir, məyus olur, özünə qəzəblənir, qəm-qüssə və dərin iztirab çəkirdi. O əvvəl-əvvəl Müəllimini satmaq fikrinə düşəndə otuz gümüş pul par-par parıldayaraq onun gözünü qamaşdırırdı. Lakin xəyanətin pulunu alandan sonra bu gümüş pul onun gözündən düşdü, ilan kimi sancdı, əfi ilan kimi zəhərlədi! Bundan sonra vicdan əzabı başladı: “Mən nə eləmişəm! Necə də axmağam, alçağam, yeganə səadət mənbəyi olan Rəbbimi bu qədər ucuz satmışam! Ona qarşı edilən bütün bu pis işlər, təhqirlər üçün mən cavab verəcəyəm!”

O anda Yəhuda özündə saxladığı pul sandığını da, əvvəllər çox arzuladığı pulu da, əlbir olduğu başçı kahinləri də, hətta doğulduğu günü belə lənətlədi. İsanın xeyirxahlığı və mərhəməti, onun – Yəhudanın əhəmiyyət vermədiyi xəbərdarlıqları yadına düşdü, dözülməz məhkumiyyət hissi qəlbini çulğadı. Rəbbinin “o adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı” sözlərinin nə qədər doğru olduğunu Yəhuda o vaxt anladı.

Allahın lütf ənamı yalnız məhdud bir müddət içində qəbul oluna bilər və çox pulu olan adam belə, bunu dəyişdirə bilməz. Yəhudanın aqibəti bir çox “ilıq” imanlıların ürəkdən tövbə edib Rəbbə dönməsinə səbəb olmuşdur.

DUA: Ya Rəbb İsa Məsih, Sənə xəyanət edən adama “dostum” dediyinə görə Səni ucaldırıq. Sən sonuncu şam yeməyində onun tövbə edib haqq yola dönməsi üçün ona xəbərdarlıq etdin, lakin o, pis niyyətindən əl çəkmədi, Sənə qulaq asmaq istəmədi və günahını etiraf etmədi. O ölənə qədər Səndən çox pulu sevirdi, səlahiyyət, vəzifə əldə edəcəyini umur, şeytanın ona və fikirlərinə hökmran olmasına yol verirdi. Sən bizi bağışla və bir qardaşa yaxud bacıya qarşı pis fikrimiz varsa, bizi ondan təmizlə! Qoy biz nə qəsdən, nə də təsadüfən heç kimə heç vaxt xəyanət etməyək! Qoy heç bir qardaş və ya bacıdan üz döndərməyək, lakin dərdlərində onların yanında olaq və onlara nifrət edənlərin qarşısında onları müdafiə edək!

SUAL:

  1. Niyə Yəhuda Peter kimi tövbə etmədi, lakin özünü asdı?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:17 AM | powered by PmWiki (pmwiki-2.3.3)