Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 245 (Jesus Heals His Attacker)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

14. İsa Onu tutan adamın qulağını sağaldır (Matta 26:51-56)


MATTA 26:51-54
51 Onda İsa ilə birlikdə olanlardan biri əl atıb qılıncını çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı. 52 İsa ona dedi: «Qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq. 53 Yoxsa elə düşünürsən ki, Atamdan yardım istəyə bilmərəm? İstəsəm, dərhal Mənə on iki legiondan artıq mələk göndərər. 54 “Bunların olması gərəkdir” deyən Müqəddəs Yazılar onda bəs necə yerinə yetərdi?»
(Yar. 9:6; Mat. 4:11)

Peter vəd etdiyi kimi, Səmavi Padşahlığı qılıncla, zorakılıqla müdafiə etməyə hazır idi. Lakin Məsih onun zor tətbiq etməsinə mane oldu, çünki Onun Padşahlığı yalnız lütf, səbir və məhəbbətlə gəlir. Beləcə Məsih, xaçlı səfərlərini və hər cür zorakılığı, Onun məqsədinə, məhəbbət və hörmət əmrlərinə zidd olduğu üçün rədd etmişdir. Rəbb, sərəncamında olan on iki mələk ordusunu köməyinə çağırmadı, dünyanın xilası üçün ölüb dirilməsinin vacib olduğunu bəyan edən Müqəddəs Ruhu sınağa çəkmədi. İsa düşmənlərini sevdi və dünən, bu gün və əbədi olaraq eyni olduğunu elan etdi. Sən də heç vaxt öz fikirlərini zorla yeritməyə cəhd etmə. Bunun əvəzinə səbir elə, işini Rəbbə tapşır və düşmənini sona qədər sev.

Döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, ruhani silahlardır. Məsihin xidmətçiləri döyüşür, amma cismani təbiətə görə döyüş aparmırlar (2Kor. 10:3-4). Bu demək deyil ki, Məsihin Qanunu xalqların qanun-qaydalarını pozur, nə qədər ki bu qanun-qaydalar insanlardan vətəndaş hüquqlarını, etiqad azadlıqlarını müdafiə etməsini tələb edir. Lakin Məsihin Qanunu ümumi əmin-amanlığın, nizam-intizamın qorunması üçün insanlara hakimiyyətlərə qarşı durmamağı əmr edir. Məsih bizə ümumiyyətlə pisliyə qarşı durmamağı əmr etmişdir (Mat. 5:39). Məsih ardıcıllarının silah gücü ilə din yaymalarını istəməz. Latın bir məsəl var: “Dini zorla qəbul etdirmək olmaz; adam başqasını öldürərək deyil, özü ölərək dinini müdafiə edər”. Öz şagirdinin “ədalət qılıncı”nı işlətməsinə yol verməyən Məsih (Mat. 20:25-26) bizə həmçinin qılıncdan istifadə etməyi qadağan etdi.

İsa Peterin vurduğu qulun qulağını sağaltdı ki, o yenə Allahın kəlamını eşidə bilsin. O qulun heyrətini təsəvvür edin! Onu öldürməyə gücü çatan “Düşmən” kəsilmiş qulağını qaytarır, ona şəfa verir! Bu şəfası ilə İsa düşmənlərini də lütf ilə bağışladığını, onların üzünə Allahın Padşahlığının qapısını açdığını təsdiq edir.

MATTA 26:55-56
55 Həmin vaxt İsa camaata dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub təlim verirdim, heç Məni tutmadınız. 56 Amma bunların hamısı peyğəmbərlərin Yazıları yerinə yetsin deyə baş verdi». Onda bütün şagirdlər İsanı atıb qaçdılar.

İsa Ona hücum edənləri sevirdi. O, həqiqəti danmadı, ancaq onları mehribancasına məzəmmətlədi, ikiüzlülük və qorxaqlıqlarını onlara göstərdi. İsa onlara elan etdi ki, Onun üzərində heç səlahiyyətləri yoxdur. Yalnız Allah əvvəlcədən peyğəmbərlər vasitəsilə bildirmişdi ki, Onu başqa millətlərin əlinə təslim edəcəklər, O onları murdarlıqlarından azad edəcək, Rəbb Çobanı vuracaq və qoyunlar pərən-pərən olacaqlar.

Şagirdlər o anacan İsanın yanında olmuşdular. Lakin Allahın Özünün İsanı düşmənlərinin əlinə təslim etdiyini eşitdikdə, qaranlıq gecədə məyus halda Ondan qaçdılar!

DUA: Ya Rəbb İsa, Sən həlim və qəlbən itaətkarsan. Atanın iradəsinə təslim olub mühakiməni, rüsvayçılığı, ölüm əzablarını qəbul etmisən. Bizi ilahi hökmdən azad etmək üçün rüsvayçı ölümə getmisən. Bütün günahlarımızdan keç! Sənin Kəlamına qulaq asıb inanmağı bizə öyrət, qoy biz dəyişilək, Sənin sevdiyin kimi sevək, mühakimə qılıncından xilas olaq, həlim olub Sənin iradənlə istədiyin yerə gedək.

SUAL:

  1. İsanın tutulması nə deməkdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:16 AM | powered by PmWiki (pmwiki-2.3.3)