Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 222 (Watch!)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

11. Oyaq olun! (Matta 24:42-51)


MATTA 24:45-51
45 Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? 46 Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! 47 Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. 48 Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə, 49 öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa, 50 o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, 51 ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq.
(Mat. 25:21-23; Luka 12:41-46; 2Pet. 3:4)

Allahın övladları Onun istədiyini etdiklərinə görə sadiqdirlər. Onlar Məsihi Rəbb olaraq qəbul edib, Ona tabe olurlar, özlərini Onun qulları adlandırırlar. Onların Məsihlə münasibəti qorxu deyil, xilas olduqları üçün şükür əsasında qurulub. İmanlılar Məsihə məcburiyyətdən deyil, məhəbbətlə təslim olurlar. Onu ürəyinə qəbul edən adam sevinclə Ona itaət edər.

Məsih, ürəyini Ona qeydsiz-şərtsiz təslim edənləri Padşahlığında, yəni İmanlılar Cəmiyyətində xidmətə layiq görür. Ən mühüm xidmətlərdən biri, Rəbbin ailəsinin üzvlərinə ruhani qida verməkdir. Məsih səni məktəbində açıqca şəhadət verməyə, yoldaşlarına təşviq sözləri söyləməyə çağıra bilər. Ətrafında xilas Müjdəsinə ehtiyacı olan adamlar varmı? Zavodda sənin yanında işləyən iş yoldaşların çarmıx haqqında bilirlərmi? Dostların Xilaskarı tanıyıblarmı, sən onlara İsanın məhəbbətindən danışmısanmı? Sən öz xidmətində sadiqsənmi? Kiçik işlərdə sadiq qalmısansa, Rəbbin sənə çoxlu canları, müxtəlif xidmətləri tapşırar. Ondan istə ki, O səni xidmətində sadiq və müdrik eləsin, şübhələnmə, ruhdan düşmə, lakin dua, iman və ümidlə işini gör.

Müjdə yolunda xidmət edənlər zorakı bir rəisə deyil, xidmətçi və ya idarəçiyə oxşayar. Ağalıq etməkdənsə, Məsihin idarəçisi kimi Onun yolunu göstərər. Buna görə məsihi rəhbərləriniz “hər vaxt həyatınız üçün qayğı çəkirlər” (İbr. 13:17). Onları təyin edən, onlara səlahiyyət verən Məsihdir və Məsihdən başqa heç kəs səlahiyyətlərini onlardan götürə bilməz.

Müjdə yolunda xidmət edənlər Məsihin evi üzərindəki idarəçilər kimi Onun ailəsini vaxtı-vaxtında qida ilə təmin etməlidirlər. Onlara açarlar verilib və onlar Məsihin anbarından öz xeyri üçün heç nə götürməməli, özlərinin yox, Ağalarının ailəsinin qayğısına qalmalıdırlar. Ağanın satın aldığını ailəsinə verib paylamalıdırlar. “Vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” (Həv. 20:35) kəlamı məhz xidmətçilərə deyilib. Məsihə xidmət etməyə dəvət edildiyi halda, Allahın dəvətinə etinasız yanaşan və özü üçün yaşayan adamın vay halına! Öz cəmiyyətinin üzvlərini yaddan çıxarıb sevməyən adamın vay halına! Belə adam, Ağasının yaxın gəlişini unudan pis quldur.

Məsihin gəlişini gözləmək adamı tənbəllikdən, biganəlikdən qoruyur, ayıq və həlim vəziyyətdə saxlayır, daim fədakarlıqla xidmət etməyə ruhlandırır. Biz Məsihi gözləyəndə özümüzü təqdis etməyə və Onu qarşılamağa layiq vəziyyətdə olmağa can atırıq. Allahın Oğlunun gəlişini düşünən adam özünü, evini, cəmiyyətini – bütün həyatını nizama salır və sevinclə vəd olunanı əldə edəcəyini ümid edir.

Bu dünyanın qayğılarına başı qarışan, bəşəriyyətin tarixinin məqsədini unudan adamın ürəyi daşa dönür, onun yalnız özünə yazığı gəlir, başqaları ilə rəhmsiz rəftar edir. Rəbbin tənbəl qullarının vay halına! Rəbb onları məhv edəcək, hamının önündə cəzalandıracaq. Rəbbin yolunda xidmətə xor baxan adama keçmiş ruhani təcrübəsi də kömək etməyəcək, çoxlu duaları, səxavətli ianələrinin də xeyri olmayacaq. Məsih onların sadiq qalmalarını, ürəkdən Ona xidmət etmələrini istəyir. Məsih Özü həlim, fədakar, sadiq və itaətkar Qul idi.

Sən Rəbbin sənə tapşırdığı adamlara sədaqətlə xidmət edirsənmi? Yoxsa istəyirsən ki, hamı səni saysın və şərəfləndirsin? Sən Allahının gəlişini gözləyirsənmi? Yoxsa xudbin kimi yalnız öz qayğılarınla maraqlanırsan? Göy ilə yer arasında “neytral ərazi” yoxdur. Sən ya hədsiz sevinc içində Rəbbin yanında əbədi yaşayarsan, ya da qorxunc cəhənnəm zülmətində Rəbbə iman etməməyinin cəzasını çəkərsən – orada ağlaşma və diş qıcırtısı olacaq.

DUA: Ya Rəbb İsa, Etiraf edirəm ki, məni dəvət etdiyin, mənə tapşırdığın xidmətdə heç də həmişə sadiq və ağıllı olmamışam. Etinasızlığımı, çoxlu təqsirlərimi bağışla və qoy mən Müqəddəs Ruhunun qüvvəti ilə xidmətimə yenidən başlayım. Belə ki, mənim zəifliyimdə Sənin məhəbbətin işləsin və Sən böyük məhəbbətinlə mənə sadiq qaldığın kimi mən də Sənə sadiq qalım!

SUAL:

  1. Niyə Məsih bizə xidmətdə ayıq və oyaq olmağı əmr etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:10 AM | powered by PmWiki (pmwiki-2.2.109)