Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 219 (The End of the Worlds)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

9. Dünyanın axırı (Matta 24:32-36)


MATTA 24:32-36
32 Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. 33 Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır. 34 Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. 35 Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək. 36 Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir.
(Yeş. 51:6; Mat. 5:18; Həv. 1:7; Mark 13:28-32; Luka 21:29-33; 12:39, 40)

Məsih yerin, ayın, ulduzların məhv ediləcəyini xəbər vermişdir. Bundan əlavə, Müqəddəs Ruhdan ilham almış həvari Peter də 2-ci Məktubu 3:8-13-də bu barədə yazmışdır. Allah hədsiz mərhəməti ilə yeni göyü və yeni yeri yaradacaq və orada salehlik və sülh hökm sürəcəkdir. Məsihin ardınca gedənlər orada əbədi sevinclə bir ailə kimi Allahın hüzurunda yaşayacaqlar.

Məsihin sözlərini ürəyində saxla, çünki bu sözlər, bəşəriyyətin ən böyük xəzinəsidir. Bu sözlər bizi fanilikdən əbədiliyə, günahdan salehliyə aparır. Televiziyadan daha çox Məsihin Kəlamına qulaq as! Kəlamın qüvvəsinə iman et, Kəlama əməl et, o zaman sən Allahın yeni dünyasında iştirak edəcəksən. Bir yerə səfər etməli, ölkəndən qaçmalı, evinə düşən bombalardan canını qurtarmaq üçün bir sığınacaq yerinə getməli olsan, çantana qoyacağın ən önəmli şey pul, qızıl, pal-paltar deyildir – Müqəddəs Kitabdır, çünki onun içində, dünyada və axirətdə ruhuna qida verən kəlamlar yazılmışdır. Müdrik ol və Rəbbinin çap olunmuş Kəlamından heç vaxt uzaqlaşma. O sənə İncil Kitabının sağlam olduğuna dair zəmanət verir. Heç kəsin İncil Kitabını dəyişdirməyə gücü çatmaz, zira kainat büsbütün keçib getsə belə, Allahın sözləri əsla keçib getməz. Məsihin Kəlamı dəyişməzdir, çünki O Özü Allahın Kəlamıdır.

Xalqlar keçib gedər, ailələr də əbədi qalmaz, Allahın Kəlamı isə sadiq qalar və əsla dəyişməz. Bəli, Məsihin Kəlamı yerdən də, göydən də sabit və davamlıdır. Rəbbin dediyi hər sözün yerinə yetməsi labüddür (Yeş. 38:15). Biz Məsihin sözlərinə tamamilə güvənə bilərik. Göylərin təməli sarsılsa, yer dağılsa belə, Məsihin Kəlamı həmişəki kimi qüvvətli və təsirli qalacaqdır.

Etiraf etməliyik ki, Məsihin gəlişindən əvvəl Onun yolunu hazırlayacaq çoxlu olaylar baş verəcəkdir və bu olaylar barəsində tam ətraflı məlumatımız yoxdur. Yalnız ağılsız adam hər şeyi bildiyini iddia edər. Məsih Özü belə, Özünü o qədər aşağı tutmuşdu ki, Atadan başqa heç kəsin, o cümlədən Onun da kainatın sonunun zamanını bilmədiyini etiraf etdi. Lakin ölümdən diriləndən sonra ölümə və şeytana qalib gələn Məsih şəhadət etdi ki, göydə və yerdə olan bütün səlahiyyət Ona verilib. Müjdəçi Yəhya Patmos adasındakı vəhyində gördü ki, yalnız kəsilmiş Quzu son günlərin mənasını izah edən Vəhy Kitabının möhürlərini qırmağa layiqdir. Bəşəriyyətin tarixi həlim Məsihin əlindədir!

DUA: Ya Rəbb İsa, Sənə səcdə qılırıq, çünki Sən padşahların Padşahı və rəblərin Rəbbisən, bütün bəşəriyyətin tarixi Sənin əlindədir! Biganəliyimizi, etinasızlığımızı bağışla. Bizə kainatın sonunu düşünməyi öyrət, qoy biz Sənin gəlişinə hazırlaşaq və ruhdan düşməyək, lakin sevinc və şükürlə Sənə yaxınlaşaq! Bizə gələcəyin sirlərini açan sözlərin üçün Səni ucaldırıq. Sən bizim sarsılmaz ümidimizsən!

SUAL:

  1. İsa bizə əncir ağacı məsəli ilə nə öyrədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:10 AM | powered by PmWiki (pmwiki-2.2.109)