Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 214 (They Will Deliver You up to Tribulation)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

5. Sizi əziyyətə təslim edəcəklər (Matta 24:9-14)


MATTA 24:9-11
9 O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək. 10 Onda bir çoxu imandan büdrəyərək bir-birini təslim edəcək və bir-birinə nifrət edəcək. 11 Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq.
(Mat. 10:21-22; Yəh. 16:2; 2Pet. 2:1; 1Yəh. 4:1)

Məsih xalqlara, şəhərlərə, kəndlərə və digər məskənlərə sülhünü göndərir. Ona iman edənlər tövbə edib Məsihin Padşahlığına daxil olurlar, Müqəddəs Ruhun qüvvəsində pak həyat sürürlər, get-gedə qatılaşan zülmətdə parlayan işıqlar olurlar. Ancaq Allahdan daha çox pul arzulayan, qüdrət sahibi olmağa can atan, murdar ehtiraslara qapılan, həqiqi tövbəni rədd edən adamlar yaxşı olduqlarını düşünməkdən əl çəkmirlər. Onlar getdikcə Müjdənin xilasına qarşı ürəklərini kütləşdirir və nura nifrət edirlər. Onlar Məsihin elçilərinə kin bəsləyir, əvvəllər onlara rəhm edib dərdlərində onlarla çörək kəsmiş adamları öldürürlər. Şeytanın ruhu həmişə Allaha və Allahın Ruhundan doğulanlara qarşı durur.

Axır zamanda Məsihə qarşı nifrət artıb o yerə çatacaq ki, hakimiyyət sahibləri Məsihin ardıcıllarını məhkum edəcəklər və dünyadakı bütün fəlakətlərin təqsirini onların üstünə atacaqlar. Məsihilərə bütün millətlər nifrət edəcək, çünki pis olanın ruhu var gücü ilə Məsihin ardıcıllarını məhv etməyə çalışacaq.

Təəccüblənmə! Allah sənin vasitənlə bu nifrət dolu dünyada Öz qüdrət və məhəbbətini izhar edəcək, ancaq dünya səni rədd edib əzab çəkdirəcək; Məsihin düşmənləri səni evdən qova, sevinclə gülərək öldürə bilərlər. Bizə bu dünyada rahat həyat vəd olunmayıb. Məsih Səni əziyyət çəkməyə və ölməyə çağırır, ancaq heç kəs səni Onun sevincindən, səadətindən əsla məhrum etməyəcək.

Məsihi imanı iqrar etmək adama baha başa gəlir. “Bir çoxu imandan büdrəyəcək” – öncə öz məsihi imanında büdrəyəcəklər, sonra da tamamən imandan dönəcəklər. Onlar öz məsihi imanından şikayətlənməyə başlayırlar, sonra Məsihə məhəbbətləri soyuyur, onlar imanda qüsurlar tapır, axırda da üsyan edirlər.

Həqiqətən də, təqib zamanında hamının həqiqi siması üzə çıxır, quzu cildinə girən canavarlar maskalarını çıxardaraq əsil sifətlərini göstərirlər.

İmanlıya ən şiddətli əzab verən, bacı-qardaşların satqınlığıdır. Məsihin elçilərinin dünya tərəfindən təhqir edildiklərini anlamaq olar, lakin bacı-qardaşların hiyləgər davranışı, yalançı şəhadəti, bir-birini satması son dərəcə ağırdır. Sən heç vaxt bacına yaxud qardaşına kin bəsləmə. Onlar səndən üz döndərsələr belə, bil ki, onlar sadəcə olaraq şeytanın hiyləsinin qurbanı olublar. Onlar üçün dua et, onları sev, onlara döz, necə ki Məsih xain Yəhudaya çox dözdü və onunla son dəfə görüşəndə “Dostum, nə üçün gəlmisən?” dedi.

Şeytan insan cəhdləri ilə dünyanın xilasını elan edən, camaata “fəhlələr üçün cənnət”i vəd edən yalançılar vasitəsilə bu cür pis hadisələrin və qorxuların artması üçün zəmin yaradır. Bəziləri imanlıları müəyyən yemək, içki və paltar növlərindən imtina edərək saxta “müqəddəslik” yoluna cəlb edirlər. Məsihin çarmıxda göstərdiyi ilahi məhəbbətinə əhəmiyyət verməyən bütün yazıçı və filosoflar da adam aldadan yalançılardır, çünki çarmıxa çəkilmiş Məsihdən başqa xilas yolu yoxdur. Ruhları sına və çarmıxa çəkilmiş Məsihi ucaltmayan peyğəmbər və islahatçılara ürəyini açma!

DUA: Ey məhəbbət Rəbbi, Sənin sevdiyin və xilas etmək istədiyin itaətsiz və imansız adamlara verdiyin cəzalardan biz də əziyyət çəkirik. Onlar Sənin həqiqətini bilmir və qəbul etmək istəmirlər. Onları da, bizi də bağışla! Bizi onlara göndər və Müjdəni hikmət və qüdrətlə elan etməyimizə kömək et. Qoy onlar Sənə tərəf dönsünlər! Sən bəşəriyyətə qəzəblə cəza verəndə, qoy biz qorxmayaq, amma tövbə edib məhəbbətinə iman edənlərə xilasından və lütfündən danışaq!

SUAL:

  1. Axır günlərdə təqiblərin və bacı-qardaşların satqınlığının səbəbi nə olacaq?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:09 AM | powered by PmWiki (pmwiki-2.2.109)