Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 213 (God’s Wrath)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

4. Bəşəriyyət üzərinə gələn Allahın qəzəbi (Matta 24:6-8)


MATTA 24:6-8
6 Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. 7 Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. 8 Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.

Məsihin axır zamanda şagirdlərinə verdiyi ən mühüm öyüd-nəsihət sözü bu idi: “Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın!” Şagirdlər Rəbdən ikinci gəlişinin əlamətlərini bilmək istədilər, lakin İsa onlara birbaşa cavab vermədi, göylər ilə cəhənnəm arasındakı münaqişədə imandan dönən camaata qoşulub canını həlak etmək təhlükəsindən söz açdı.

Şeytan “yalançı məsihləri” ilə insanların imanını pozandan sonra xalqlar müharibələr, fəlakətlər girdabına qərq olacaqlar, dünyada qorxular, iztirablar çoxalacaq və insanlar Yaradanı yaddan çıxarıb öz problemlərində batıb qalacaqlar. Peter də gözünü Məsihdən çevirib üstünə gələn dalğalara baxanda batmağa başlamışdı. Sən qorxma, çünki Məsih yaşayır! O dirildi və O səninlədir! O səni hər gün xilas edəcək, daşıyacaq, qoruyacaq. O səni bütün dərdlərində qorxudan azad edəcək, çünki məhəbbətdə qorxu yoxdur (1Yəh. 4:18-21).

Məsihin dörd növ fəlakətlərdən danışmasına təəccüblənməyin: bunlar dünya müharibələri, get-gedə artan qıtlıq, yayılan xəstəliklər və viranedici zəlzələlərdir. Yalançı peyğəmbərlər və məğrur rəhbərlər sülhdən danışsalar da, bu fəlakətlər mütləq baş verəcək. Onlar həqiqətən sülh istəyir və bunun üçün çalışırlar, fəqət bilmirlər ki, müharibələr Allahın bizim günahlarımız üçün üstümüzə tökülən qəzəbidir. Yer kürəmizə bu cür zərbələrin gəlməsi labüddür, çünki bəşəriyyət getdikcə lovğalanır, öz ixtiralarına bel bağlayır, Yaradana əhəmiyyət vermir, zina və hər cür cinsi əxlaqsızlıqla məşğul olur. Biz bu gün Allahın mühakiməsinin bağlanğıcında yaşayırıq, amma kim Müjdəni eşidib tövbə edər?

Əgər sən xalqın içində sülh uğrunda mübarizə aparmaq istəyirsənsə, onda Rəbbə tərəf dön və Məsihi vəz et, çünki Allahla və insanlarla sülh içində yaşamağın yeganə yolu Odur.

İsa bizə xəbər verdi ki, xalqlarda zorakı inqilab və çevriliş ruhu artacaq. İtaətsizlik, üsyan və nifrət ideyası dünyadakı gənclərin əsas prinsipinə çevrilib. Zəmanəmizin kitablarında bu ideya yüksək amal kimi ucaldılır, lakin axırda bütün bunlar sadəcə olaraq camaatı məhvə aparır.

Bundan əlavə, dünyada qıtlıq artır. Qıtlığın çoxlu səbəbləri olsa da, hamısı insanın günahkarlığı ilə bağlıdır. BMT bəyan edib ki, hər il onlarla milyon adam asan müalicə olunan xəstəliklərdən və qıtlıqdan həlak olur. Çoxları Allahı tanımadan dünyasını dəyişirlər, çünki imanlılar rahat-rahat evlərində otururlar və Müjdənin təsəllisindən xəbərsiz olan xalqlara rəhmləri gəlmir.

Yer üzünün xudbinlik, imansızlıq və əxlaqsızlığın artmasından sarsılması təəccüblü deyildir. Alimlər zəlzələnin yer təbəqələrinin hərəkətindən əmələ gəldiyini təsdiq ediblər. Lakin zəlzələnin başlıca səbəbi, insanların xudbinliyi, eyş-işrətləri, sevgisizliyi, ateizmin artması, haqsızlıq və zülmün hökm sürməsi üçün Allahın qəzəbidir.

Bizim ruhumuz hər vəziyyətdə Allahın bizimlə olduğunu və hər şeyin üzərində hökmran olduğunu dərk etməkdən təsəlli tapmalıdır. Allah sadəcə olaraq bizim üçün təyin etdiyi şeyləri həyata keçirir. Buna görə biz Allahın iradəsini qəbul etməliyik. “Bunlar baş verməlidir”sə, biz də bunu elan edib qəbul etməliyik. Yeni bina tikməzdən əvvəl köhnəsini sökmək lazımdır, bunu da səs-küy, toz qaldırmadan, təhlükəyə məruz qalmadan etmək qeyri-mümkündür. “Sarsıla bilən, yəni yaradılmış şeylər aradan qaldırılacaq ki, sarsıla bilməyənlər daim var olsun” (İbr 12:27).

Rəbbi axtarın və yaşayacaqsınız! Müjdəni hikmətlə vəz edin və Allahın məhəbbətinin qüvvəti sizinlə olacaq. Müjdəsiz qalan yer üzünün vay halına! Çünki xalqlar ac qurdlar kimi bir-birinin üstünə atılacaqlar!

DUA: Ey Ata, xudbinliyimiz üçün bizi bağışla və qoy biz Oğlunun çarmıxını vəz edən sülhyaradanlar olaq! Bizə rəhm et, qoy biz Sənin nemətlərini ac insanlarla bölüşək, itmişlərə hikmətlə nur saçaq və ruhdan düşənlərə təsəlli verək. Dünyaya gələcək yalançılardan bizi qoru, axı bizi günahlarımızdan xilas edən yalnız Sənsən! Yeganə Xilaskar olan Oğlun bizə çox-çox lazımdır!

SUAL:

  1. Bəşəriyyət üçün ən böyük təhlükə nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:09 AM | powered by PmWiki (pmwiki-2.3.3)