Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 142 (Defilement Within and Without)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

e) Daxili və xarici paklıq barəsində (Matta 15:1-9)


MATTA 15:1-9
1 Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər: 2 «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?» 3 İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz? 4 Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. 5 Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə, 6 onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz. 7 7 Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir: 8 “Bu xalq dodaqları ilə Mənə hörmət edir, amma qəlbləri Məndən uzaqdır. 9 Boş yerə Mənə səcdə edirlər, insan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”».
(Çıx. 20:12; 21:17; Sül. 28:24; Yeş. 29:13; Mark 7:1-13; Luka 11:38; 1Tim. 5:8)

Yəhudi başçılar qəzəblənir və Məsihin ruhani səlahiyyətindən qorxurdular. Buna görə onlar Məsihi günahlandırmaq üçün şagirdlərində nöqsanlar axtarırdılar. Qüdsdən gələn ilahiyyatçılar Məsihi adət-ənənələri ilə mühakimə etmək üçün tələ qururdular.

Məsihin şagirdləri çörək yemədən öncə əllərini yumamaqları ilə ağsaqqalların Tövratın şərhindən meydana gəlmiş adət-ənənəni pozmuşdular. O ilahiyyatçılar da onlardan təmizliyə görə yox, adət-ənənələrinə görə şikayət etdilər. Çünki adət-ənənələrinə əsasən, əllərini yumayan adam murdar, duası və şəhadəti də batil sayılırdı. Beləliklə, onlar Tövratın şərhini bu cür qayda-qanunlar olmayan Tövratın özündən önəmli saymışlar.

Yəhudi imanlılar cəmiyyətinin başçıları olan ilahiyyatçılar və fariseylər möminliyi bir növ ticarətə döndərmişdilər. Məsihin Müjdəsinin düşməninə çevrilən bu adamlar Musanın Qanununa sadiq qalmaq bəhanəsilə Məsihə qarşı durdular, əsil məqsədləri isə insanların zehinləri üzərinə hökmran olmaq idi. Onlar alim və dünyəvi işlərdə fəal adamlar idi.

Ağsaqqallardan qalan adət-ənənəyə görə, insan tez-tez, xüsusilə çörək yemədən öncə əllərini yumalıdır. Onlar bu adət-ənənəni dini ehkama döndəriblər – yuyulmamış əllə yeməyə toxunmaq guya yeməyi murdar edirmiş. Fariseylər özləri bu adət-ənənəni yerinə yetirdikləri kimi, başqalarının da buna əməl etməsinə diqqətlə nəzarət edirdilər. Bu adət-ənənənin pozulması üçün fiziki cəza verilməsə də, o, Allaha qarşı bir günah sayılırdı. Ravvin Yoses “Əllərini yumadan çörək yemək zina qədər böyük günahdır” deyib. Ravvin Akiba həbsdə olanda, ona həmişə əllərini yusun və içsin deyə su gətirərdilər. Bir dəfə o çox su tökübmüş və əllərini yuyandan sonra içməyə suyu qalmadığını görüb deyibmiş ki, onun üçün ağsaqqallardan qalan adət-ənənəni pozmaqdansa ölmək yaxşıdır. Yəhudilər yeməkdən öncə əllərini yumayan adamla birlikdə əsla çörək yeməzdilər. Önəmsiz bir məsələyə bu qədər əhəmiyyət vermək bizə qəribə gələ bilər, ancaq bu gün biz imanlılar cəmiyyətini təqib edənlərin öz adət-ənənələrini nəinki səylə qoruduqlarını, həm də başqalarına qəbul etdirməyi çalışdırlarını görürük.

Məsih ilahiyyatçıların suallarına, adət-ənənələri pozmaq ittihamlarına cavab vermədi, ancaq onların özlərini öz şərhləri ilə Allahın əmrini pozmaqda günahlandırdı. Bununla O, bəlkə Ona tərəf dönərlər deyə onların gözlərini açmağa çalışdı. İsa onlara valideynləri üçün xidmətə necə xor baxdıqlarını başa saldı. Onlar Allahın əmrinin məhəbbətdən ibarət olduğunu unudub, ata-analarına məxsus olan pulu yığır, guya dini xidmətə sərf etdiklərini bəhanə gətirirdilər.

Məsih ilahiyyatçı və Tövrat alimlərini “ikiüzlülər” adlandırdı. Bu söz onların acığına gəldi, onlar qəzəbindən partlamaq dərəcəsinə gəldilər. Lakin Məsih onların ikiüzlülüyünü ifşa etməyə davam etdi, Yeş. 29:13-ü sitat gətirib elan etdi ki, onlar Allahı ürəkdən sevmədiklərinə görə, duaları boş sözlərdən ibarət idi. Onlar dualarını düşünmədən deyirdilər, mömin görkəm alsalar da, həqiqətdə dikbaş və qürurlu idilər. İbadətlərinin hamısı batil, gücsüz, xilasedici qüvvədən məhrum idi. Onlar öz-özlərini və ardıcıllarını aldadırdılar, başları Tövratdakı qanunlarına o qədər qarışmışdı ki, məhəbbəti önəmsiz sayıb, mənasız adət-ənələrini öyrədirdilər. Məsih bu ikiüzlüləri iki tərəfdən vəsf etmişdir:

İkiüzlü adam ibadətində Allaha yaxınlaşır, Onu şərəfləndirir, zahirən Ona pərəstiş edirmiş kimi görünür. “Farisey dua etmək üçün məbədə girdi...” Əslində, farisey “dünyada Allahdan məhrum” olanlardan heç də uzaq deyildir, amma Allaha yaxınlaşan xalqa mənsub adlanır. Başqalarına Allaha hörmət etməyi öyrədir, özü isə etmir. Onlar “mömin kimi görünüb bu yolun gücünü inkar edirlər” (2Tim. 3:5).

İkiüzlülər “insan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”. Yəhudilər Qanun şərhçilərinin şifahi ənənələrini eynən Allahın Kəlamı kimi müqəddəs sayıb, ehtiramla onlara riayət edirdilər.

Onlar Allahın mərhəməti və lütfünə əsaslanan xilas həqiqətini tanımamış, ürəkləri yenilənməmişdi. Məhəbbətdən məhrum olan əməlləri ilə salehliyi əldə etməyə cəhd etmişdilər. Çoxlu dualarına və böyük ianələrinə baxmayaraq, Allah onların məhəbbətdən məhrum olan ibadətini rədd etdi.

Əgər möminliyimiz batil qurbanlardan, batil dindarlıqdan ibarətdirsə, gör, bu nə qədər böyük yalandır! Təəssüflər olsun ki, bizim zəmanəmizdə batil dualar, vəzlər, ayinlər aşıb-daşır, bu cür mənasız ibadət “havaya yumruq vurmaq” kimidir. Adamın ürəyi Allahla olmayanda, nəticə belə olur. Boş söz danışanın ibadəti batildir (Yeş. 1:11). İkiüzlülər “külək qaldırdı, qasırğa alacaqlar” (Huşə 8:7). Batil şeylərə ümid bağlayırlar, buna görə mükafatları da batil olacaq!

Sən öz dualarını sınaqdan keçirməlisən. Məsihin qanı ilə təmizlənmiş, məhəbbət və səbirlə dolu yeni ürəyə nail olmusanmı? Bəşəri adət-ənənələrin qulluğundan azad olub yaşayan Allaha xidmət edirsənmi? Sən də mömin kimi görünənlərdənsənmi, yoxsa həqiqətən Allahı bütün ürəyinlə və bütün gücünlə sevirsənmi?

DUA: Ey Səmavi Ata, Sən dualarımıza, fikirlərimizə agahsan. Kor olduğumuza, sınaqlara düşdüyümüzə görə, Sənin müqəddəsliyin, məhəbbətin qarşısında pis və murdar olmağımıza baxmayaraq mömin kimi göründüyümüzə görə bizi bağışla. Şüurumuzu təmizlə və bizdə məhəbbətinlə dolu yeni ürək yarat, qoy biz fikrimizi toplayıb Sənə dua edək və ürəyimizdən gəlməyən sözləri dilimizə gətirməyək!

SUAL:

  1. Dindar yəhudilər ibadətlərində nə cür günah edirdilər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:52 AM | powered by PmWiki (pmwiki-2.3.3)