Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 140 (Peter Sinks Down)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

d) Peter batmağa başlayır (Matta 14:28-36)


MATTA 14:28-33
28 Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim». 29 İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsaya tərəf getdi. 30 Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. 31 İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?» 32 Onlar qayığa mindikləri zaman külək sakitləşdi. 33 Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar.
(Mat. 16:16; Yəh. 1:49)

Peter eşitdi ki, Məsih Rəbbin Özü olduğunu söyləyir. Peter bu ibarənin mənasını yaxşı bilirdi və buna inanırdı. Ancaq öz hisslərindən şübhələnərək suyun üstü ilə yeriyən Məsihin ilahililiyinə dair sübut istədi. Buna görə Rəbdən xahiş etdi, ona əmr etsin ki, suların üstü ilə yanına getsin.

Məsih Peterə bircə kəlmə söylədi: “Gəl!” Bu kəlmə sənə və mənə də bir çağırışdır. Məsihin şərikliyinə gəl! Özün üçün başqa məqsəd istəmə və bu dünyanın bütün təbii qüvvələrindən azad olacaqsan.

Zəifliyi və şübhələrinə baxmayaraq, Peter qayıqdan bayıra addım atmağa cürət etdi. Ayaqlarının suyun üstündə möhkəm dayandığına heyran olan Peter təəccüblə İsaya baxırdı. Su elə bil ki torpaq idi. İmanı qadir Yaradanın qüvvəsi ilə möhkəmləndi.

Peter suyun üstündə addım atdı, yeriməyə başladı. Birdən təcrübəli balıqçı kimi bütün təhlükələr yadına düşdü. Dənizin dibinin dərinliyini düşündü, fikri Məsihdən yayınıb təhlükələr üzərində cəmləndi. O, məqsədini – Məsihi gözdən buraxdı. O anda suya düşüb batmağa başladı.

Ey qardaş, səni Məsihdən yayındıran, başını qarışdıran hər şey səni özünə qul edir və sınağa çəkir. Ancaq Məsihə iman et və bütün insanları, hakimiyyətləri Onun yanında heç say! İsaya bax və heç vaxt Ondan gözünü çəkmə!

Peter batmağa başlayanda qorxuya düşüb “Ya Rəbb, məni xilas et!” deyə fəryad etdi. O artıq suyun üstü ilə yeriyən Məsihdən başqa heç nə görmürdü. İsa əlini uzadıb onu sudan çıxartdı. Məsih qorxuya təslim olan, imanda möhkəm durmayan şagirdini tərk etmədi. Onu sudan çıxartdı, batmasına yol vermədi. Məsihə iman edən Peterin ayaqları altındakı su yenə bərk oldu. Məsih dərhal onun harayına yetişdi.

Peter qayığa qayıdan kimi Məsih onu şübhələndiyinə, Rəbdən daha çox balıqçı təcrübəsinə güvəndiyinə görə məzəmmət etdi. İsa tam təslim olmamızı tələb edir. Çünki yalnız tam imanla Ona yaxınlaşdığımız zaman Onun qüvvəsi bizdə qələbə çalır. Bəs sən Allahın Oğlunun həqiqi Rəbb olduğuna inanırsanmı, Ona təslim olursanmı?

Qalan on bir həvarinin təəccübdən ağızları açıla qaldı, onlar bütün bu işlərə dəhşət hissi ilə baxırdılar. İsa qayığa daxil olanda külək kəsdi və elə sükut çökdü ki, elə bil onlar göyə düşdülər. Hamı ayağa durub təzim etdi, təbiət qüvvələri üzərində səlahiyyəti Olana səcdə qıldılar, qorxu və lərzə ilə “Doğrudan da, Sən Allahın Oğlusan” deyə iqrar etdilər. Çörəyin çoxalması möcüzəsi baş verən günün axşamı İsa suyun üstü ilə onlara yaxınlaşıb “Bu, Mənəm” dediyi zaman onlar ilk dəfə bu cür imanı iqrar etdilər. Şagirdlər nurlandılar, Allahın Öz Oğlu vasitəsilə onların arasına gəldiyini dərk etdilər.

Biz Məsihin qüvvəsi ilə bu dünyanın üzərində yüksəlirik, dünyaya qalib gəlirik, sularında batmaqdan hifz olunuruq. Başqa insanlar da, məsələn həvari Paul, Peter kimi imanla addım atdılar və sanki İsa ilə birlikdə suyun üstü ilə yeriyərək həyat sürdülər. Təhlükələr dağla kimi qalxarkən onlar Məsihin ardınca getdilər və onları heç nə Məsihin məhəbbətindən ayıra bilmədi (Rom. 8:25). Beləliklə, bu dünyanın dənizi o şüşədən olan bir dəniz kimi oldu ki, qaliblər onun üstündə durub batmırlar, ilahi nəğmə oxuyurlar (Vəhy 15:2-3).

DUA: Ey Səmavi Ata, təbiətin qüvvələrinin Sahibi olan Məsihi göndərdiyinə görə Sənə şükür edirik! Sənə baxmamışıq, amma zəlzələdən, qasırğadan, müharibədən, təbii fəlakətlərdən qorxmuşuqsa, Sən bizi bağışla. İmanımızı möhkəmləndir, qoy sağa-sola dönməyək və nəzərimiz həmişə Sənin sevimli Oğluna yönəlsin, qoy biz Ondan qüvvət alaq, rahatlıq tapaq, Onun bizimlə olduğuna görə hifz olunduğumuza əmin olaq! Sınağa düşüb çətinliklərlə qarşılaşanda isə Sənə üz tutub “Ya Rəbb, əlini uzadıb məni tut!” deyə nida edək və Sənin Oğlunun bizi ölüm təhlükəsindən necə xilas etdiyini görək! O zaman biz Onun ardınca gedəcək, Ona bağlanacaq, Ondan nümunə götürəcəyik və bu həqiqəti etiraf edəcəyik ki, Sən yaşayan Allahın Oğlusan!

SUAL:

  1. Niyə həvarilər İsaya səcdə qılandan sonra Onun Allahın Oğlu olduğunu iqrar etdilər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:52 AM | powered by PmWiki (pmwiki-2.2.109)