Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 139 (Jesus Walks on the Sea)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

c) İsa suyun üstü ilə yeriyir (Matta 14:22-27)


MATTA 14:22-27
22 Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə keçsinlər. 23 İsa camaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi. 24 Qayıq isə artıq qurudan çox stadi uzaqda idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi. 25 Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi. 26 Şagirdlər isə İsanın gölün üstü ilə yeridiyini görəndə «Bu bir kabusdur!» deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar. 27 Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»
(Mark 6:45-52; Luka 6:12; 24:37; Yəh. 6:15-21)

İsa istəmədi ki, Onun şagirdləri yeyib-doyan camaat kimi bir sınağa düşsünlər. Çünki xalqı maraqlandıran İsa deyil idi, zəhmətsiz əldə edilən çörək idi. İnsanların ürəkləri dəyişməmişdi, onlar hələ də Allahın Oğlundan çox özlərini sevirdilər.

İsa şagirdlərini xalqın təhlükəli meylindən uzaqlaşdırdı. Şagirdlər çörəyin özünü yox, möcüzənin mənasını düşünməli idilər. Sonra Məsih tənha bir yerdə dua etmək və bu möcüzəyə görə bütün şan-şöhrəti Atasına vermək üçün hamıdan ayrılıb çölə getdi. Bəli, Məsih Atasına minnətdarlığını bildirirdi. Bəs sən Atanın sənə verdiyi bütün bərəkətlər, nemətlər üçün Ona necə minnətdarlığını bildirirsən? Biz Allaha şükür edib səcdə qılanda qürur və lovğalıqdan azad oluruq.

Şagirdlər isə tezliklə gerçəkliyə qayıtdılar. Güclü külək əsdi, dalğalar qalxdı. Onlar hələ cənnətdə, Atanın məskənlərində deyil idilər, amma problemlər dənizinin ortasında idilər. Bu vəziyyətdə onlara elə gəldi ki, Xilaskar onlardan uzaqdır, çünki onlar İsanı görmürdü. Aradabir bizim həyatımızda da güclü küləklər əsir, bizi qaranlıq bürüyür, təhlükə əhatə edir, ancaq biz “qəfil fəlakətdən qorxmarıq” (Sül. 3:25).

Şagirdlər, yəqin ki, dua edib Xilaskarın adını çağırdılar, O da onlara ömür boyu yadlarından çıxmayacaq ibrət dərsi verdi. O gecə onlar yaşayan Allahı köməyə çağıranda, İsa onlara göründü. Şagirdlər imanla dua etmədiklərinə görə İsanı tanımadılar. Onu bir ruh sayıb dəhşətli haray qopardılar.

Sən dualarına cavab alacağına inanırsanmı? Yoxsa çətinlik və problemlərdən qorxuya düşürsən? Sən Məsihi görməsən belə, O sənə yaxındır. Ona iman et və əbədi olaraq hifz olunacaqsan.

İsa qorxuya düşmüş şagirdlərə: “Bu, Mənəm” deyə elan etdi. Əhdi-Ətiq xalqı bu ibarəni yaxşı bilir: Rəbb, Özü barədə məhz belə demişdir (Çıxış 3:13-14). Məsih çörəyi çoxaltmaqla kifayətlənmədi, həm də ardıcıllarına əhdinə sadiq olan Rəbb olduğunu bildirdi və onları qorxudan azad etdi.

DUA: Ya Rəbb İsa, Səni ucaldırıq, çünki Sən camaatın “çörək padşahı” olmaqdan imtina etdin və bizə lütfünlə əfv və salehlik vermək üçün alçalıb çarmıx yolunu tamamladın. Sən bizim çörəyə, yaxud pula görə yox, Səni sevdiyimizə görə ardınca getməyimizi istəyirsən, Sənin sadiq Rəbb olduğuna və bizi bu zil qaranlıqda tərk etməyəcəyinə inanmağımızı istəyirsən!

SUAL:

  1. Müqəddəs Kitabda “Bu, Mənəm” ibarəsi nə mənaya gəlir?

www.Waters-of-Life.net

Page last modified on May 23, 2023, at 05:50 AM | powered by PmWiki (pmwiki-2.3.3)