Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 099 (Fundamental Principles of Preaching)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

a) Müjdənin vəz edilməsinin əsasları (Matta 10:5-15)


MATTA 10:11-12
11 Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. 12 O evə girərkən ev sakinlərini salamlayın. 13 Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin...

Məsih həmişə Atasının Ruhunun verdiyi istiqamətdə xidmətini planlaşdırırdı və hər hansı şəhərə və ya kəndə girmədən öncə dua edirdi ki, evində qalacağı ləyaqətli adam ona bildirilsin. Əlbəttə, o seçilmiş insanlar özləri saleh deyil idilər, lakin ürəklərindəki şəri dərk edərək pozulmuş xasiyyətlərinə görə iztirab çəkdiklərindən Allahın Padşahlığına və elçilərini qəbul etməyə layiq görülmüşdülər. Sən də xidmətə başlayanda Allahdan özünü saleh sayan, özündən razı, yaxud varlı-dövlətli adamlara deyil, peşmançılıq çəkənlərə göndərməsini dilə. Allahın lütfünü tanımağa can atan insanlar barışıq Müjdəsini qəbul edir. Yoxsul adam çörəyini səninlə bölüşər, o ki qaldı varlılara, çox bilmişlərə, güclülərə, qürurlulara, onlar sənə ehtiyacları olmadığını düşünürlər. İnsan dara düşəndə, vicdan əzabı çəkəndə xilası qəbul etməyə hazır olar, çünki Rəbb onun ürəyini sülh toxumları üçün hazırlayıb.

Orada ləyaqətli kimdirsə”, yəni kimin simasında Allah qorxusu əks olunursa, kim ona verilən nurdan, bilikdən yaxşı istifadə edibsə, belə adamın yanında qal. Əslində, hətta ən yaxşı adamlar belə özlərinə görə Müjdəni eşitməyə layiq deyillər, ancaq bəziləri Rəbbin elçilərinə qulaq asarlar və mirvariləri ayaqları ilə tapdalamazlar.

Rəbb bizi yalnız maraq üçün, boş və faydasız söhbətlər etmək məqsədilə çağıran adamların dəvətini rədd edib salehlik üçün susayanları axtarıb tapmaqda kömək edəcək. Məsih bizə ilk öncə Rəbbin Ruhunun bizi yönəltdiyi adamlara diqqət verməyi məsləhət görür. Məsih bizə varlı deyil, ləyaqətli; yüksək mövqeyə yox, üstün mənəviyyata malik olan adamları axtarmağı əmr etmişdir.

Bu cür qardaşlıq mərkəzindən artıq o yerlərdə yaşayan digər insanların yanına getmək olar. Bizi qəbul edən xeyirxah ev yiyəsi də bizimlə getsə, yaxşı olar, çünki o, oradakı insanları və vəziyyəti tanıyır.

Məsihdən istə ki, sənin şəhərinin hər rayonunda Onun qüvvəsi ilə çoxlu imanlıların yığılacağı müjdəçilik mərkəzi açılsın. Sən özün ruhani oyanış xidmətində fəal iştirak edib, ətrafındakı insanlar üçün sülh mənbəyi olmusanmı?

Xalqın “Sülh olsun!” (bizim “Salaməleyküm”) salamı məsihilərin dilində Müjdəyə çevrilib. Məsihi imanlı bu salam ilə adama Allahın sülhünü, Səmavi Padşahlığın sülhünü arzulayır. Məsih bu sözlərə belə məna qazandırıb: sülhü ləyaqətliyə də, ləyaqətsizə də - hər kəsə arzulamaq olar. Allah Məsih vasitəsilə hamıya sülhü, barışığı bəxş etmək istəyir və Müjdə elan edildikdə bu barışığa çağırış səslənir. Lakin Allah hər adamın ürəyini bilir və gizli olan hər şeyi görür. Ev layiq olsa, sənin xeyir-duanın meyvəsini yeyəcək, əsk təqdirdə isə sənə heç bir zərər dəyməyəcək, xeyir-duan özünə qayıdacaq.

Bizə hər kəs haqqında yaxşı düşünmək, tanıdığımız adamlara görə dua etmək, onlarla nəzakətlə rəftar etmək, qalan hər şeyi isə Allaha tapşırmaq yaraşır. Qoy Allah Özü bizim xeyir-duamızı onlara buraxsın və ya onların əlindən alsın. Allahın Ruhunun dediyini eləyən xeyir-dua alacaq, Allahın sülh və mərhəmətinə qarşı ürəyini daşa döndərən isə buna görə mühakimə ediləcək.

MATTA 10:13-15
13 (Əgər ev) layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. 14 Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15 Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq.
(Yar. 19:1-29; Həv. 13:51)

Camaat İsanın Müjdəsini qəbul etmədikdə, qapısını israrla döymək lazım deyil, çünki Allahın məhəbbəti heç kəsi məcbur etməz, qüvvəti ancaq sülhə və həqiqətə can atanların, məcburən yox, öz istəyi ilə onu qəbul edənlərin ürəklərində olur. Kimisə zorla tabe etmək imanımıza ziddir. İmanımız, insanı iqna etmək və insanın məsuliyyətini tanımaq prinsipləri üzərində qurulub.

Bir insan, ailə, şəhər, yaxud xalq Məsihi və elçilərini bir az da olsa rədd edirsə, ondan sakitcə ayrıl ki, onunla birlikdə mühakimə olunmayasan. Barışıq Müjdəsini rədd edən Allahı rədd edər.

Hökm günü mütləq gələcək və Müjdəni rədd edənlər, bu gün gülmələrinə baxmayaraq, o gündə cavab verməli olacaqlar. Bu gün xilas yolunu öyrədən təlimi eşitmək istəməyənlər gələcəkdə Hakimin həlak olmaları barədə hökmünü eşitməyə məcbur olacaqlar. Onların mühakiməsi o günə qədər təxirə salınıb.

Müjdəni rədd edənlərin mühakiməsi, Sodom və Homorranın mühakiməsindən belə qorxunc olacaq. Sodomun əbədi alovda yanmaq cəzasını alacağı bildirilir. Böyük xilasa xor baxanların aqibəti ondan da pis olacaq. Sodom və Homorranın sakinləri çox pis idilər. Onların günah kasasını dolduran təqsiri o idi ki, onlar iki mələyi qəbul etmədilər, onlarla pis rəftar etdilər, sözlərinə qulaq asmadılar. Bununla belə, hökm günündə onların vəziyyəti Məsihin xidmətçilərini qəbul etməyən, sözlərinə qulaq asmayan adamların vəziyyətindən daha yaxşı olacaq. Məsihi rədd edənlərin üzərində Allahın qəzəbi olacaq, onlar öz hallarını düşünəndə vicdan əzabı çəkəcəklər. Əbədi həyatı qəbul etmək fürsəti var ikən ölümü seçən adamlar Məsihin sözlərini yada salıb dəhşətə gələcəklər. İsrail xalqının Allahın göndərdiyi peyğəmbərləri qəbul etməməsi Sodom günahından da pis sayılırdı. Allahın onlara göndərdiyi Oğlunu, bəşər olmuş Kəlamın Ruhunu qəbul etməmələri isə bundan qat-qat çox böyük günahdır.

Müjdəni qəbul etməyən insanları tərk etməmişdən, özünü yoxla, bəlkə bir anlaşmazlıq olub, yaxud onlar sənin kobud və ya hikmətsiz davranışına görə Məsihi qəbul etmirlər. Başqalarını büdrətməmək üçün əvvəlcə özünə bax və tövbə et.

Məsih bu sözlərlə hökm gününün həqiqətən olacağını və o qorxunc gündə insanın yalnız Onun Müjdəsi ilə xilas ola biləcəyini təsdiq etdi. Müjdəyə iman edənləri rədd edən, onlara qarşı duran adam Allahın hökmünün zahir olacağı gündə özü üçün qəzəb toplayır.

DUA: Ey müqəddəs Ata, Sənin Oğlun bizi sülhyaradan olmağa çağırıb. Bizə ağıl-kamal və hikmət ilə həyat sürməyi öyrət, səhv işlərimizi bağışla! Bizə səmimi dost, qardaş-bacı ver, şəhərimizin hər rayonunda müjdəçilik mərkəzi açılsın və belə mərkəzlərdən cansız səhraya diri su axsın!

SUAL:

  1. Allahın sülhünü qəbul edən kimlərdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:44 AM | powered by PmWiki (pmwiki-2.2.109)