Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 078 (The Two Ways)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
4. Səmavi Padşahlığın Konstitusiyasının yekunu (Matta 7:7-27)

c) İki yol (Matta 7:13-14)


MATTA 7:13-14
13 Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14 Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
(Mat. 19:29; Luka 13:24; Həv. 14:22)

Allah səni Ona yaxınlaşmağa dəvət edir. Lakin Onun hüzuruna aparan cənnət qapısı haradadır? Məsih “qapı Mənəm” dedi. İsada bəşər olmuş Allahın məhəbbətini qəbul etmədən heç kəs cənnətə daxil olmayacaq. O sənin günahlarını Öz üzərinə götürdü. Sən Onun vasitəsilə günahdan azad olaraq Allaha yaxınlaşa bilərsən. Öz günahlarından xilas olmasan, dar qapıdan girə bilməzsən. Biz Ona günahlarımızı etiraf etməliyik və O bizi pak və müqəddəs edəcək. Çarmıx, göyə aparan qapıdır.

Enli yolda sən çox azadlıq taparsan. Bu yola aparan qapı taybatay açılıb, sən bütün ehtiraslarınla bu qapıdan keçə bilərsən və heç bir şey sənin istədiyin kimi xəyallara dalmağına, kef eləməyinə, həyatdan zövq almağına mane olmayacaq. Bu yol çox enli olduğuna görə burada “ürəyinin istədiyi ilə, gözlərinin gördüyü ilə getmək” (Vaiz 11:9) mümkündür. Enli yolda çoxlu cığırlar var, bunlar bir-birindən çox fərqlidir, hətta bir-birinə ziddir və enli yoldan gedənlər istədiklərini seçməkdə tam azaddırlar, həqiqətdə isə bütün bu cığırlar eyni enli yolda yerləşir.

Bu qapıdan girən, bu yolla gedən çoxdur. Biz çoxlarını izləsək, böyük şər edəcəyik, bəşəriyyətin əksəriyyətiylə bir yol getsək, səhv yolla gedəcəyik. İnsan üçün axınla getmək, hamı kimi etmək təbiidir, ancaq biz onlarla birlikdə mühakimə olunmaq və cəhənnəmə düşmək istəyirikmi? Axı o insanlar bizimlə birlikdə cənnətə getmək istəmirlər! Əgər xalqın əksəriyyəti həlak yoluna düşürsə, biz onlardan ağıllı olmalıyıq.

İsanın yolu heç asan deyildir, həmişə ayıq olmağı tələb edir. O, hər iki tərəfdə uçurumlar olan dağ cığırına bənzəyir, diqqətsiz səyahətçi uçuruma düşə bilər. Sən isə təhlükədən qorxma, Rəhbərin İsa Məsihin ardınca get, uçuruma düşməmək, lakin zirvəyə çatmaq, həyatının məqsədi olan Allah-Taalaya qovuşmaq üçün iman ipi ilə Məsihə bağlan!

Məsihin ardınca gedənlər azdır, çünki insanlar bilmirlər ki, Onun məhəbbətinin yolu çox gözəldir. İnsanlar yalançı ehtirasların, xəyalların yoluna düşürlər, qürurlanaraq Allahın əmrlərini pozurlar, enli yolda dolaşırlar və özlərini rəhmli Xilaskara ehtiyacı olmayan yaxşı və saleh adamlar saya-saya uçurumun dibinə düşürlər. Allahsız həyat sürən insanların əsil sevinci, ürək şadlığı olmur. Onlar yeyib-içirlər, zina edirlər, lakin onların yolu düz əbədi həlaka aparır.

Bəs sən haraya gedirsən? Hansı yolu tutursan? Allaha aparan yolumu, yoxsa hiyləgərə aparan yolu? Cavab verməyə tələsmə, çünki Məsihin zəmanəsində yaşayan mömin fariseylər də inanıblar ki, cənnətə giriş bileti artıq onların ciblərindədir. Papirosdan, içkidən əl çəkmiş, abırlı geyinən, müntəzəm olaraq dua edən, çox vaxt gecə-gündüz oruc tutan, ianə və qurban verən, uca səslə Rəbbə şəhadət edən adamlar olublar. Bütün bunlara baxmayaraq, onların zahiri ibadətinin xeyri olmayıb, əksinə, onlar cəhənnəm oduna hamıdan çox yaxınlaşıb. Fariseylər öz təqsirlərini anlamayıb, tövbə etməyiblər, nəticədə açıq-aşkar qürura təslim olublar. Onlar öz salehliklərini car çəkəndə, şeytan sevinə-sevinə onları cəhənnəmə aparıb.

Ensiz yola çıxdığımız “qapı”, iman həyatımızın başlandığı təzələnmədir. Biz təzələnəndə günahlı həyatdan qurtarıb lütf həyatına giririk. Bu, “dar qapı”dır, çünki onu tapmaq və ondan keçmək çətindir. Bu, iki qayanın arasındakı keçidə oxşayır. Rəbb sənə yeni ürək və yeni ruh verəcək, ancaq sən köhnə olan hər şeyi qoyub getməlisən. Canının meyilləri dəyişilməli, daxildən və xaricdən gələn çoxlu hücumlara qarşı durmalısan. Bütün dünyaya qarşı mübarizə aparmaq, öz nəfsinə qarşı durmaqdan asandır. Ancaq biz mütləq öz nəfsimizə qarşı durmalıyıq. Bu qapı, “dar qapı”dır, çünki keçmək üçün əyilməliyik, uşaq kimi olmalıyıq. Qürurumuz yox olmalı, biz özümüzdən, bu dünyadan imtina etməliyik, köhnə mənliyimizi üzərimizdən çıxarmalıyıq, Məsihlə birlikdə olmaq üçün hər şeyi tərk etməyə hazır olmalıyıq. Bu qapı hamı üçün dar olduğu halda, bəziləri üçün daha dardır. Varlı adamlar, illərlə dinə qarşı mübarizə aparanlar üçün o, xüsusilə dardır. Bəli, qapı dardır, lakin Allaha şükür ki, bağlı deyildir və orada hər tərəfə fırlanan odlu qılınc qoyulmayıb; lakin yaxında o, qoyulacaq! (Mat. 25:10).

Bu məsələ tamamilə aydındır, bizim qarşımızda iki yol, iki aqibət var: həyat və ölüm, xeyir və şər arasında seçməliyik. İndi sən bu haqda düşün və hansı yolu tutacağına qəti qərar ver. Hər şey onsuz da lap aydındır və mübahisə etməyə dəyməz. Heç kəs yolunun enli və rahat olduğuna görə könüllü olaraq darağacına getməz; və heç kəs çirkli və narahat olduğuna görə saraya, taxta aparan yolu rədd etməz. Lakin çoxları ruhları ilə belə ağılsız rəftar edirlər! Artıq yubanma, tərəddüd etmə, dar qapıdan gir, səmimi dualarla, səylə bu qapını döy və o, sənə açılacaq! Düzdür, bizə əvəzsiz olaraq verilən lütfün köməyi olmadan biz özümüz ensiz yolu tuta bilmərik, ancaq bunu da deyək ki, bu lütf, onu axtaran və ona təslim olan adamlara verilir. Təzələnmə əziyyətli işdir, lakin çox vacibdir və Allaha şükürlər olsun ki, səy göstərənlər üçün bu iş heç də mümkünsüz deyildir (Luka 13:24).

Bəs sən, ey qardaşım, Məsihlə birlikdə çarmıxda ölmüsənmi, Onunla birlikdə dirilib həyatının təzələnməsinə nail olmusanmı? Xilaskarını böyük sevinclə gözləyirsənmi? Yoxsa çox murdar olduğunu, əzaba getdiyini hələ dərk etməmisən və özün üçün, ehtirasların üçün yaşayırsan? İsaya tərəf gəl! Həqiqətən, O, Allaha aparan qapıdır və Ondan başqa yol yoxdur.

DUA: Ey əzəmətli Ata, Sən müqəddəs məhəbbətsən. Başqalarına əhəmiyyət vermədən özümü düşündüyümə görə məni bağışla. Mənə kömək et, çarmıxa çəkilmiş Oğluna sığınım, qoy O məni ağır yükümdən azad etsin və mən bütün Sənin övladlarınla birlikdə müqəddəslik yolu ilə sülhümüzün Hökmdarının ardınca gedim! Qoy mən bütün qorxu və sınaqların içərisində Sənə yaxınlaşım, çünki Sənin Oğlun bizə yaxınlaşıb yeni əhdini bizimlə bağlamışdır!

SUAL:

  1. Niyə Allaha aparan qapı dar və yol enlidir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:39 AM | powered by PmWiki (pmwiki-2.2.109)