Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 071 (Fasting Joyously)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
2. İbadət barəsində (Matta 6:1-18)

e) Sevinclə oruc tutmaq barəsində (Matta 6:16-18)


MATTA 6:16-18
16 Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 17 Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. 18 Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
(Yeş. 58:5-6)

Məsih burada xüsusi növ orucdan danışır. Bəzi dindar yəhudilər könüllü bir təqdim olaraq müəyyən vaxtlarda oruc tutmağı öz öhdələrinə götürürdü. Kimi həftədə bir dəfə, kimi iki dəfə, digərləri isə daha az – yalnız ciddi səbəb olduqda oruc tuturdular. Onlar oruc tutduqları zaman günəş batıncaya qədər heç nə yemirdi, ancaq axşam da çox az yemək yeyirdilər. Məsih fariseyi “həftədə iki dəfə” oruc tutduğuna görə deyil, oruc tutması ilə qürurlandığına görə məzəmmətləyib (Luka 18:12).

Oruc, dua, zəkat və həcc canını xilas etməz, Məsih bizi çarmıx ölümü ilə əvəzsiz olaraq xilas edir və lütfü ilə təzələyir. Məsih Öz Ruhundan sənin ürəyinə tökmüşdür və sən oruc, həcc və ibadət vasitəsilə müqəddəslikdə artmazsan. Çünki Məsih səni büsbütün təmizləyib və Onun Ruhu Allahın Özüdür. Biz Məsihlə şəriklikdə olanda, Allahın hüzuru, qüvvəsi bizi doldurur.

Tutduğumuz orucun məqsədi nədir? Salehliyə nail olmaq, özümüzü təmizləmək deyil, peşmançılıq göstərmək, tövbə etmək və başqaları üçün yalvarmaqdır. Əslində, oruc sənin daxili varlığının duasıdır. Mədənin əzələləri aclıqdan sıxılanda, ruhun Allaha yaxınlaşar, canın ağır yükündən azad olar, iman, dua və şükür ilə qaynayar. Həqiqətən oruc tutan adam Allahın lütfünün dərinliyinə daxil olur, dünyəvi şeylərdən qurtararaq ilahi şeylərə şərik olur.

Oruc tutmaq yaxşı adətdir. Lakin təəssüflər olsun ki, bu gün məsihilər bu adətə az əhəmiyyət verirlər. İncildə yazılıb ki, Xanna “oruc tutub dua edərək” (Luka 2:37) Allaha xidmət edirdi. Erkən məsihilər tez-tez dua edirdilər (Həv. 13:3; 14:23). Orucla biz özümüzdən imtina etdiyimizi, cismani təbiətimizi öldürdüyümüzü, özümüzə müqəddəs hökm verdiyimizi, Allahın əli altında özümüzü aşağı tutduğumuzu ifadə edirik. Ən qüvvətli məsihilər belə gündəlik çörəyə layiq olmadıqlarını və heç nə ilə fəxr edə bilmədiklərini etiraf etməlidirlər. Orucla adam öz bədənini, cismani ehtiraslarını özünə tabe edər, fəal ruhani intizamda məşq edər, çox yemək isə insanı tənbəl və zəif edər. Paul “aclıqlarda” idi, yəni tez-tez oruc tuturdu, buna görə də “bədənini məcburən özünə qul edirdi”.

Lakin oruc tutanda ehtiyatlı olmaq lazımdır. Qoy ruhun insanın xəyalları, uydurmaları ilə yox, Allahın Kəlamı ilə dolu olsun. Şeytan oruc tutan imanlının yanına gələndə özünü yalandan müqəddəs və qayğıkeş göstərir, necə ki İsaya da orucun sonunda yaxınlaşdı. Səni xilas edən oruc deyil, ancaq Allahın Kəlamıdır; Kəlam orucu sənin imanının ayrılmaz hissəsi edir və sən Rəbdən böyük qüvvə əldə edirsən.

İkiüzlülər qəlbini sındırmadan, alçalmadan oruc tutduqlarını göstərirdilər, halbuki orucun məğzi qəlbən alçalmaqdır. Onların orucu əsil orucun parodiyası, zahiri görünüşü, kölgəsi idi. Orucun məğzini tanımamışdılar. Zahirən özlərini aşağı tutan adamlar kimi görünürdülər, həqiqətdə isə belə deyildilər. Onlar Allahı aldatmağa cəhd etdilər və bu, Allaha qarşı ən böyük pislik olub. Allahın istədiyi oruc belə deyil ki, insan özünü alçaldır, qamış kimi başını əyir, əyninə çul geyir, başına kül tökür. Buna oruc deyiriksə, çox səhv edirik (Yeş. 58:5).

Onlar oruc elan edib özlərini elə aparırdılar ki, hər kəs onların oruc tutduqlarını bilirdi. Onlar evdə tək qalmaq əvəzində bayıra çıxırdılar. Başları aşağı əyilmiş, üzləri qəmgin, yerişləri ağır idi. Onlar özlərini tamam başqa cür aparırdılar, hamı onların nə qədər tez-tez oruc tutduqlarını, çox mömin və əzabkeş olduqlarını görürdü.

İnsanlara daha mömin görünmək üçün oruc tutduğunu bildirmə. Özünü həmişəki kimi apar. Nə qədər kədərli və ac olduğunu göstərmə. Yaxşı geyin, çünki oruc tutduğun zaman Allah səninlə ünsiyyətdə olur və səni Məsihin təntənəsinə şərik edir. O zaman Allahın hüzurunda sevinclə dolarsan və mömin həyat sürərsən.

Dua edən, oruc tutan, İncil Kəlamını dərindən araşdıran adama Allah Özünü tanıdır. Bu, vəhyin ən yüksək səviyyəsidir. Sən Məsihin həyatında Atanı görərsən, çünki Məsih Özü dedi ki, “Məni görən, Atanı görmüş olur”. Onu olduğu kimi görmək bizim ürəyimizin arzusudur.

Sən Allahın Məsihin ardıcıllarında məskən saldığını dərk edirsənmi? Onlar Müqəddəs Ruhun məbədidir və bu Ruh oruclara və ya dualara görə gəlmir, yalnız İsanın lütfünə görə gəlir. Oruc tutan adam Məsihin qüvvəsini başqalarına çatdırır. Sən Müjdəni yaymaq üçün nə qədər çox səy göstərirsənsə, dua edib oruc tutmaqda da bu qədər səy göstərməlisən, çünki qaranlıq qüvvələri ayrı-ayrı insanlar üzərində hökmranlıq edir və bu şər qüvvələrini təkcə imanla dua edərək və oruc tutaraq qovmaq mümkündür.

Oruc yeməkdən və içkidən imtina etməklə məhdud deyil. Sən həmçinin murdar əxlaqsız filmlərə baxmaqdan, papiros çəkməkdən və hər cür boş şeydən imtina etməlisən. Oruc tutaraq qənaət etdiyin pulu Atanın Padşahlığının yayılmasına təqdim edə bilərsən. Bu cür işlərdən imtina etmək orucdan, yəni yeməmək və içməməkdən daha mühümdür. Vaxtını və gücünü Allaha ver, özünü göstərməkdən əl çək və görərsən ki, başqalarında Allahın izzətinin səmərəsi yetişəcək.

DUA: Ey Ata, Sən xeyirxah Ruhunla bizdə məskən salmaq istəyirsən. Biz sevinclə Sənə səcdə qılırıq, cuşa gəlib şükür edirik, çünki Sən bizi Səninlə ünsiyyətə dəvət etmisən. Səni razı salan həyat sürməyi, başqaları uğrunda dua etməyi, şadlıq və inamla oruc tutmağı bizə öyrət, qoy çoxları xilasa və əbədi həyata nail olsunlar!

SUAL:

  1. Əhdi-Cədiddə orucun mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:38 AM | powered by PmWiki (pmwiki-2.3.3)