Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 051 (Purpose of the Sermon on the Mount)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi

b) Dağüstü vəzin məqsədi: Allahın Qanununun yerinə yetirilməsi (Matta 5:13-16)


MATTA 5:14-16
14 Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. 15 Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. 16 Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
(Yəh. 8:12; Fil. 2:14-15; Yəh. 15:8; Ef. 5:8-9)

Məsihin lütfü nə qədər böyükdür! Məsih ardıcıllarında şəfqətli məhəbbətinin nurunu və müqəddəs həqiqətinin şüalarını parlatmışdır. Düşünmə ki, səndə olan nur sənin özündən qaynaqlanır. Bu, Rəbbin ənamıdır. İnsanlardan qorxaraq ilahi ənamını gizlətmə, çünki Məsih sənə bu qaranlıq dünyada nur saçacağına dair böyük ümid verdi. Yanan kirbitə bənzədiyindən utanma, axı qaranlıq gecədə kirbitin kiçik odu da bir kilometr uzaqlığından görünür. Bir yerdə yığılan məsihilər dağın zirvəsində qurulan şəhərə oxşayırlar; onlar göydə işıq saça-saça, yolunu azmış gəmilərə dinc limana yol göstərən saysız-hesabsız ulduzlar kimidirlər.

Məsih səni qaranlıq içində yaşayanlara nur olmağa dəvət edir. O səni dəyişdirib səndən Rəbbin gözəlliyini elan edən şahid edəcək, sən öz evində, məktəbində, iş yerində, cəmiyyətində Onun adını elan edəcəksən. İmansız adamlar arasında çalışan bir imanlı, iş yoldaşlarından əziyyət çəkirdi. Onlar o imanlının əxlaqını pozmağa çalışaraq daima pis sözlər danışırdılar. Dostları o adama günahdan uzaqlaşmaq üçün işdən çıxmağı məsləhət gördükdə, o belə cavab verirdi: “Mən orada tək deyiləm. Məsih mənim yanımdadır, O məni qoruyur və məni əsla tərk etməyəcəyini vəd edir. Mən olduğum yerdə O da mənimlə birlikdədir, buna görə mən şərdən qorxmaram!”

İlahi Padşah sənə cəsarətli olmağı və daxilində olan nuru saçmağı buyurur. Gizlənmə, insanlardan qaçma, lakin Rəbbin elçisi kimi qonşularının, iş yoldaşlarının yanına get, onlarla danış. Görəsən, iş yoldaşların gün boyunca sənə baxanda nə görürlər? Məsih səndən nur saçırmı?

Məsih səni pak həyat sürməyə çağırır ki, insanlar sənə baxanda Allahın yaxşılığını, qüvvətini görüb şükür etsinlər, hərəkətlərinə görə Allahın Ruhunun səndə olduğuna inansınlar.

Məsihin ardıcılları dünyanın nuru kimi parlayırlar və onları tanıyan hər kəs onlara baxır. Bəziləri onlara heyran olur, onları tərifləyir, onlara görə sevinir və onlardan nümunə götürür; başqaları isə onlara paxıllıq və nifrət edir, qınayır, incitməyə çalışır. Buna görə bütün imanlılar başqa insanların qarşısında ağıl-kamalla davranmalıdırlar. Onlar Allahın bu dünyaya verdiyi ənamı öz nümunəsi ilə göstərirlər. Dünyadakı insanlar biz məsihilərə diqqətlə baxırlar, buna görə biz bütün pis işlərdən uzaq durmalıyıq.

Allah sənə Onun Ata adını izzətləndirməkdə iştirak etmək fürsətini verir. Dağüstü vəzdə biz ilk dəfə bu böyük sirri görürük ki, Allah Atadır! Müqəddəs Olan bizdən uzaq və qorxunc deyildir. Məhəbbət bizə "Ata" ismi ilə gəlir. O bizi Müqəddəs Ruhun qüvvəsi ilə Atanın Ata, İsanın Oğul olduğuna inandırır. Sən öz davranışınla ya insanları Müqəddəs Üçlükdə vahid olan Allaha cəlb edirsən, ya da onları imandan uzaqlaşdırırsan. Şübhəsiz ki, təbiətcə sən kiçikliyindən bəri günahkarsan, qaranlıq övladısan, lakin Məsihin Ruhu səni nur övladına çevirir. Bu Ruh sənin sözlərində və əməllərində görsənir. Kaş bu gözəl kəlam sənə sə aid ola: “Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar” (1Yəh. 4:16).

Nurumuz xeyirxah işlərimizlə parlamalıdır. Əməllərimizə görə insanlar Məsih barəsində yaxşı düşünməyə başlaya bilərlər. Biz başqalarının gözünə girmək üçün xeyirxah iş etməməliyik, amma başqaları üçün faydalı olanı etməliyik. Rəbb bizə gizlində dua etməyi öyrədir, Allahla münasibətlərimiz Allahla bizim aramızda qalmalıdır. Həyatımızın insanlara zahir olan tərəfinə gəlincə, onun imanımıza uyğun gəlməsi və tərifə layiq olması üçün çalışmalıyıq (Fil. 4:8). Dostlarımız xeyirxah işlərimizi “eşitməli” deyil, “görməli”dirlər; o zaman onlar inancımızın boş sözlərdən və iqrardan deyil, gerçək qüvvədən ibarət olduğunu anlayacaqlar.

Bəs nurumuz nə üçün parlamalıdır? Niyə insanlar xeyirxah işlərimizi görməlidirlər? Əlbəttə ki, bizim ucalmağımız üçün deyil, göylərdə olan Atamızın ucalması üçün. Ali məsqədimiz Allahın izzətlənməsidir və biz etdiyimiz hər işdə həmişə bunu yadda saxlamalıyıq. Özümüz Allahı izzətləndirməklə kifayətlənməməliyik, başqa insanlar da səmavi Atamızı ucaltsınlar deyə, onları imana gətirməyə var gücümüzlə çalışmalıyıq.

Xeyirxah işlərimizin nəticəsində başqa insanlar Atamız Allahı izzətləndirə bilərlər. Qoy onlar sənin xeyirxah işlərini görüb səndə Allahın lütfünün qüvvəsini görsünlər və səndə olan möminlik nuruna görə Allahı izzətləndirsinlər. Qoy yaxşı davranışını görüb məsihi inancının üstünlüyünü dərk etsinlər, həqiqətə iman etsinlər və xeyirxah işlərdə, müqəddəs Allahı izzətləndirməkdə səndən nümunə götürsünlər.

Bəzi ölkələrdə imanlılar öz imanlarını açıqca elan edə bilmirlər, lakin heç bir söz demədən, müqəddəs davranışları ilə öz Xilaskarları, Səmavi Ataları barədə şəhadət verə bilirlər.

DUA: Ey Səmavi Ata, Sən pak, müqəddəs, kamil Nursan! Sevimli Oğlun İsanı dünyamıza parlayan nur kimi göndərdin. Biz qaranlıqda idik, lakin Sənin Oğlunun Ruhu bizi nurlandırdı. Qoy sənin nurun ətrafını şölələndirsin və çoxlu insanlar günahlardan azad olub Sənin kimi gözəl nur olsunlar! Əzəmətli xilasına görə Səni izzətləndiririk. Yalvarırıq, bizə yol göstər ki, nurda gəzək! Qoy heç kəs bizim davranışımıza görə imandan uzaqlaşmasın, amma Səni bizdə görsün! Amin.

SUAL:

  1. Sən bu dünyada necə nur ola bilərsən?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:34 AM | powered by PmWiki (pmwiki-2.2.109)