Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 031 (Call to Repentance)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
B - Vəftizçi Yəhya Məsihin yolunu hazırlayır (Matta 3:1 - 4:11)

1. Tövbəyə çağırış (Matta 3:1-12)


MATTA 3:11
11 Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək.
(Yəh. 1:26, 27, 33; Həv. 1:5, 8; 2:1-4)

Vəftizçinin xidməti insanları tövbə və vəftiz edərək, Müqəddəs Ruhu verən Məsihin yolunu hazırlamaqdan ibarət idi. Əhdi-Ətiqdə bir peyğəmbərlik vardır ki, gələcək Məsihin Padşahlığında xalq suda yuyularaq və Müqəddəs Ruhu qəbul edərək təqdis ediləcək (Yer. 31:31-34; Yez. 36:24-28). Yalnız Məsihin Müqəddəs Ruhla vəftiz etməyə qadir olduğuna şəhadət edən Yəhya, İlahi Məsihin Şəxsinə açıqca işarə edən nida edənin səsi idi.

Yəhya, vəftizinin tövbə üçün olduğunu və insanın həyatını dəyişdirə bilməyəcəyini bilirdi. Yəhyanın xidməti insanın xəstəliyini aşkara çıxarır, lakin sağalda bilmirdi. Bu ayədə Vəftizçinin Məsihi həvəslə gözlədiyini görürük, çünki Məsih Müqəddəs Ruhla məsh olunub. Yalnız Məsih şəfa verməyə və pozğunluğu dünyadan götürməyə qadir idi. O bütün tövbə edənləri, qəlbi sınmış olanları Müqəddəs Ruhla vəftiz edəcək, İlahi varlığı ilə dolduracaq, onları Səmavi Padşahlığa yaraşan, məhəbbət dolu insanlar edəcək. Möminlik maskası arxasında gizlənən ikiüzlülər isə Allahın lütfünə xor baxacaqlar və Məsih onları Allahın qəzəbinin əbədi oduna təslim edəcək.

Vəftizçi Yəhya Əhdi-Ətiqin son günlərində yaşayır, Əhdi-Cədidin astanasında dururdu. O, Musanın Qanunu əsasında Allahın qəzəbi barədə vəz edirdi. Lakin peyğəmbərlərin ən böyüyü olan bu adam, tövbə edənləri xilas edəcək və şər dolu dünyaya Allahın həyatını bəxş edəcək lütfkar Rəbbin gəldiyini görürdü.

Günahlarını etiraf edərək tövbə edənlərə vəd olunan Müqəddəs Ruh Allahın Özüdür. Günahlarını Allahın qarşısında açıqca etiraf edən, günahlarından əl çəkməyə hazır olan hər kəs Məsihdən bol əfv və səmavi qüvvə alır. Allah Özü belə günahkar insanın daxilində məskən salır və Müqəddəs Ruhu ilə onu Öz övladı eləyir.

Müqəddəs Ruhla vəftiz olmaqdan qorxma, çünki bu Ruh Allahın məhəbbəti, lütfü, əbədi həyatıdır və O, Məsihi izzətləndirir.

Məsihin ucalığını əvvəldən tanımış olan Yəhya özünü Məsihə xidmət etməyə belə layiq olmayan, ağasının ayaqqabısını daşıyan quldan belə aşağı səviyyədə olan insan sayırdı. Vəftizçi özü həqiqi tövbənin bəhrəsini gətirən çox həlim insan idi. Ardıcıllarına Müqqəddəs Ruhu göndərən Məsihin gəlişini bütün ürəyi ilə arzulayırdı.

Sadiq xidmətçilər, onların gücü çatmayanı onlar üçün və ya onların vasitəsilə edə bilən, onlardan daha böyük olan Məsihdən və onların zəifliyində Məsihin gücünün tamamlanmasından təsəlli tapırlar.

Məsihin çox şərəfləndirdiyi insanlar öz gözlərində əhəmiyyətsiz və təvazökar olurlar, Məsih ucalsın deyə özlərini alçaldırlar, Məsih hər şey olsun deyə, özlərini heç edirlər!

DUA: Ey müqəddəs Ata, Biz özümüzü Sənin məhəbbətinlə müqayisə etdiyimiz zaman, xudbin görünürük. Bizi bağışla, çünki mərhəmətimiz az, qəlbimiz inadkardır. Müqəddəs Ruhdan doğulmuş Məsihini göndərdiyinə və biz Müqəddəs Ruhu qəbul etməyə layiq olaq deyə Məsihin bizim üçün öldüyünə görə Sənə şükür edirik! Tövbə edən hər imanlını təzələ ki, Məsihin Ruhu ilə dolsun və Onun həlimliyinə, lütfünə, məhəbbətinə nail olsun!

SUAL:

  1. Niyə Məsih bizi Müqəddəs Ruhla vəftiz etməyə qadirdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:26 AM | powered by PmWiki (pmwiki-2.3.3)