Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 010 (The Wrath of God against the Nations)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)

1. Bütün millətlərə qarşı Allahın qəzəbi göydən aşkar olur (Romalılar 1:18-32)


ROMALILAR 1:18-21
18 Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur. 19 Çünki Allah haqqında məlum olan şeylər onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib. 20 Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür. 21 Adamlar Allahı tanıdıqları halda Ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü.

Romadakı imanlılar cəmiyyətinə həlim, sevən, atəşin salamını çatdırdıqdan və Müjdənin əsas mövzusundan – Məsihdə olan Allahın salehliyindən bəhs etdikdən sonra, Paul əsaslı araşdırmasının birinci hissəsinə başlayır: Paul, adamların haqsızlıqlarına qarşı Allahın ədalətli qəzəbinin göydən aşkar olduğunu elan edir. Bizim yaşadığımız dövr lütf dövrü olduğu kimi, həmçinin Allahın qəzəbi dövrüdür. Bu qəzəb, bu gün baş verən olayların səbəbi, zəmanəmizin sirridir! Allahın əxlaqsızlığa qarşı nifrəti və insanların günahlarının ədalətli qisası zəmanəmizin nişanəsidir. Müqəddəs Olanı tanıyan hər kəs Onun qəzəbindən dəhşətə gəlir! Allahın müqəddəsliyini bir zərrə qədər tanımayan adam özünü də tanıya bilməz. Allahın izzəti fonunda insanın təqsiri bariz şəkildə təzahür edir.

Allah insanları Öz surətində yaratdı. Lakin insanlar qürurlanıb axmaq oldular, Allahdan müstəqil olmağı seçdilər. Bununla belə, Allahın səbri böyükdür, O, axmaq asiləri həlak etmədi, amma Ona tərəf dönmələrini, Ona şükür etmələrini, Rəbb və Yaradanlarına tabe olmalarını gözlədi! Fəqət onlar özlərini Allahdan daha çox sevdilər, inadkarcasına Allahdan uzaq qaldılar və axırda ruhən kor oldular. Artıq müqəddəs Olanın izzətini hiss etməyən bu adamlar şərə təslim olub, öz-özlərini murdarladılar, bir-birinin xilas olmasına mane oldular, öz haqsızlıq və günahlarını doğru yol saydılar.

İnsanlar günaha batmasna baxmayaraq təbiətdəki möcüzələri düşünərək Allahın var olduğunu dərk edə bilərlər. Bitkinin tərkibini, nüvənin qüvvəsini, saysız-hesabsız əzəmətli ulduzları, onların nəhayətsiz fəzada yerləşdiyi ecazkar nizamı öyrən və əbədi, hikmətli, qüdrətli Xaliqə səcdə qıl! Öz ruhunun gözəlliyini, vicdanının həssaslığını, ağlının yaradıcılığını düşün... gündə yüz min dəfə bütün bədəninə qan göndərən ürəyinin döyüntüsünə qulaq as! Bütün bu möcüzələr öz-özlüyündən olmur, Yaradandan gəlir!

Təbiətdə Allahın izzətini görməyən, dərk etməyən adam varmı? Allahın əzəməti, qüdrəti, izzəti barədə düşünmək istəməyən adam varmı? Ətrafımızda olan hər şey Onun böyük izzətinə şəhadət edir. Lakin sürət və materializm üzərində qurulan zəmanəmizdə insanlar Allahın açıq xətti ilə yazılmış olan təbiət kitabını oxumağa vaxt tapmırlar!

Yaradana hörmət etməyən, varlığına şükür etməyən, izzəti önündə baş əyməyən adam Müqəddəs Ruhun hikmətindən məhrum olur, axmaq və kor olur, heyvan kimi maddi, dünyəvi, fani şeylərin ardınca qaçır. Beləcə insan onu Öz surətində yaradan Allahın surətini itirir. Ey qardaşım, Allaha məhəbbət və qorxu ilə həmd et, çünki O səni Öz surətində yaratdı, sənin burnuna həyat nəfəsi üfürdü! Sən Ona məxsussan və Onsuz yaşaya bilməzsən!

Allaha həqiqətdə ibadət etməyən hər kəs qibləsini itirmiş kafir kimidir, yolunu azmış, vicdanını boğmuş, özünə haqsızlıq etmişdir. Belə adam yalanı həqiqət kimi qələmə verir və Allah haqqındakı biliyi təhrif edir. Sən isə Rəbdən sənə əsil iman verməsini istə və başqa insanlara da Allahın var olduğuna inanmaqda kömək et, çünki Allahın izzətinə iman etməyən, mərhəmətinə həmd etməyən adamlar, hər cür allahsızlıq və haqsızlıq ucbatından göydən aşkar olan Allahın qəzəbində həlak olacaqlar!

DUA: Ey hər şeyə qadir olan müqəddəs Allah, bizi yaratdığına, ən yaxşı surətdə var etdiyinə görə Sənə şükürlər olsun! Sənə qeyri-ciddi yanaşdığımız, layiq olduğun kimi Sənə həmd etmədiyimiz üçün bizi bağışla. Bizə kömək et ki, Sənə tərəf dönək, Sənin var olduğunu açıqca elan edək, gündən-günə Sənin məhəbbətində qalaq, daim Səni ucaldaq və adamların tövbə etməsi və Sənə tərəf dönməsi üçün onların hər cür allahsızlığı və haqsızlığı ucbatından göydən aşkar olan ədalətli qəzəbini elan edək!

SUAL:

  1. Niyə Allahın qəzəbi göydən aşkar olur?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:43 AM | powered by PmWiki (pmwiki-2.3.3)