Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 077 (Strengthening of the Churches of Syria and Anatolia)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

2. Suriya və Anadoludakı cəmiyyətlərin möhkəmləndirilməsi: Timoteyin xidmətə seçilməsi (Həvarilərin İşləri 16:1-5)


HƏVARİLƏRİN İŞLƏRİ 16:1-5
16:1 Paul Derbe və Listraya gəldi. Listrada Timotey adlı bir İsa şagirdi var idi. Onun anası imanlı bir Yəhudi, atası isə Yunan idi. 2 Listra və Konyadakı imanlı bacı-qardaşlar onun barəsində xoş sözlər deyirdi. 3 Timoteyi özü ilə aparmaq istəyən Paul bu şəhərlərdəki Yəhudilərə görə onu sünnət etdi. Çünki hamı onun atasının Yunan olduğunu bilirdi. 4 Onlar şəhərbəşəhər gəzib-dolaşır, Yerusəlimdəki həvarilərlə ağsaqqalların qərara aldığı qaydaları imanlılara deyir və göstərirdi ki, bunlara riayət etsinlər. 5 Beləliklə, cəmiyyətlər imanda güclənir və sayı günbəgün artırdı.

Paul gözəl Tarsus şəhərindən, oradakı stadion və universitetlərdən ayrılıb yüksək Toros dağlarına çıxdı. Anadolunun isti və quru yaylalarında uzun məsafədə piyada yol getdi. Uzun və çətin yoldan sonra Derbeyə gəlib-çatdı. Bu müjdəçinin öz cəmiyyətləri üçün can yandırdığını görürük. Səyahət edərkən cürbəcür təhlükələrdən qorxmayan Paul sevimlilərini görməyə can atırdı. Məsih bizi ondan da çox sevir və bizimlə birləşmək istəyir, çünki O, çarmıxda öləndə bizi satın almışdır və buna görə biz bilirik ki, O, tez gələcək.

Derbedə Paulla Sila imanlıları möhkəmləndirdilər və onlara görə dua edən Antakyadakı cəmiyyət haqqında danışdılar. Yerusəlimdəki ilk imanlılar cəmiyyətinin təsdiq etdiyi Qanundan azadlıqlarını onlara izah etdilər. Onların sözləri rəsmi xarakter daşıyırdı, çünki Sila o cəmiyyətin göndərdiyi bir üzvü idi. O bir peyğəmbər kimi Müqəddəs Ruhdan elan etdi ki, başqa millətlərdən olanlar Qanuna əməl etmədən lütflə yeni həyata nail olurlar. Onlar insan əməllərindən asılı olmayaraq, yalnız İsaya iman edərək əvəzsiz olaraq Müqəddəs Ruhun qüvvəsini qəbul edirlər. Bu sözlər çox böyük, radikal və mənalı idi, bunu eşidənlərin hamısı yeni əhddən qaynaqlanan Lütf Ruhuna ürəklərini açdı.

İki müjdəçi Listraya gələndə orada Timotey adında bir gənc ilə tanış oldu. Timotey Paulun birinci müjdəçi səyahətində o şəhərdə daşqalaq edildiyi zaman imana gəlmişdi. Bu gəncin atası yunan, anası isə yəhudi idi. O, yeni imanlı olsa da, atəşin məhəbbəti və böyük müdrikliyi ilə seçilirdi və həvarilərdən səlahiyyət almazdan öncə belə, cəmiyyəti ruhlandırır, birləşdirir, inkişaf etdirirdi. Bundan əlavə o, Konyadakı bacı-qardaşlara baş çəkirdi. Beləcə bütün məsihilər onu Məsihin sadiq xidmətçisi kimi tanıyırdı.

Paul Müqəddəs Ruhda bu gənc adamın ona kömək edə biləcəyini hiss etdi və onunla birlikdə səyahətlərə dəvət etdi. Həqiqətən, Timotey qədər Paula sadiq qalan başqa adam olmayıb. Paul onu Rəbdə sadiq oğlu adlandırıb. Timotey Filipidə, Korinfdə və başqa yerlərdə olan imanlıların ruhlarını möhkəmləndirirdi və həvarilər bir yerdə çox qala bilməyəndə, həvari Paulun başladığı işi Timotey başa çatdırırdı (Fil. 2:20; 1Kor. 4:17). Paul vəfat etdikdən sonra Timotey, çox güman ki, Efesdəki böyük cəmiyyətdə həvarini əvəz edən bir rəhbər oldu və həvarinin Məktublarında buyurduğu işləri orada yerinə yetirirdi. Bu Məktublar Cəmiyyətin inkişaf etdirilməsi üçün əsas təlimatlar oldu və indiyədək qalmaqdadır.

Paul bu fəal gənci səyahətində onun yoldaşı olmağa dəvət edəndə bir problemlə üzləşdi: Timoteyin anası yəhudi, atası isə yunan idi. Yəhudi qanununa əsasən, belə nikah qeyri-qanuni sayılırdı və buna görə Timoteyin özü qanunsuz doğulmuş sayılırdı. Paul Timoteyi sünnət edəndə, salehlik əldə etməsi və ya təqdis olunması üçün deyil, yəhudilər üçün “büdrəmə daşı” olmaması və məzəmmətlənməməsi üçün etdi. Beləliklə, bu gənc adam yəhudiliyi qəbul edib öz anasının xalqına daxil olan bir adam sayıldı. Ondan sonra Timotey yəhudilərin ictimai həyatında iştirak edə bilirdi. Eyni zamanda o, yunan idi və yunanlara da Müjdəni vəz edə bilirdi. Timoteyin sünnət olunması geriyə bir addım, Qanunun əsarətinə qayıdış deyil idi, əksinə, məhəbbətdə irəliləyiş idi. Paul Timoteyi yalnız yəhudilərə görə sünnət etdirdi. Müjdə müəyyən qayda-qanunla məhdud deyildir; Müjdə sidq ürəkdən xidmət edən fədakar məhəbbətlə yayılır.

DUA: Ya Rəbb İsa Məsih, Sənə şükürlər olsun, çünki Sən Timoteyin yenidən doğulmasını gerçəkləşdirdin, onu Sənin ruhani oğluna döndərdin və Müqəddəs Ruhunun ənamları ilə doldurdun! Bunu ona görə etdin ki, Timotey Sənin cəmiyyətlərini inkişaf etdirsin, uzun və ağır müjdəçi səyahətlərinə hazır olsun. Bizə kömək ol ki, biz də Sənin ardınca gedək, sədaqətlə Sənin Cəmiyyətinin qurulmasında iştirak edək və xidmət üçün vaxt var ikən Sənin adına canları qazanaq!

SUAL:

  1. Timoteyin sünnəti lazım idimi? Nə üçün?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:21 AM | powered by PmWiki (pmwiki-2.3.3)