Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 075 (Apostolic Council at Jerusalem)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)

B - YERUSƏLİMDƏKİ HƏVARİ MƏCLİSİ VƏ ONUN NƏTİCƏLƏRİ (Həvarilərin İşləri 15:1-35)


HƏVARİLƏRİN İŞLƏRİ 15:22-29
22 Buna görə bütün imanlılar cəmiyyəti ilə həvarilər və ağsaqqallar razılığa gəldi ki, öz aralarından adamlar seçib Paul və Barnaba ilə birlikdə Antakyaya göndərsin. İmanlı bacı-qardaşlar arasında rəhbərlik edən Barsabba adlanan Yəhuda ilə Silanı seçdilər. 23 Onların əlinə bu məktubu verib göndərdilər: 24 «İmanlı qardaşlarınız olan biz həvarilərlə ağsaqqallardan Antakya, Suriya və Kilikiyada yaşayan, başqa millətlərdən olan bacı-qardaşlara salam! Eşitdik ki, bizlərdən bəzi adamlar yanınıza gəlib sözləri ilə sizi lərzəyə salaraq düşüncələrinizi qarışdırıblar. Lakin bunu onlara biz tapşırmamışdıq. 25 Ona görə də aramızdan bəzi adamları seçib sevimli dostlarımız Barnaba və Paulla bərabər sizin yanınıza göndərməyi yekdilliklə qərara aldıq. 26 Hər ikisi Rəbbimiz İsa Məsihin adı uğrunda canını təhlükəyə atıb. 27 Qərarımıza müvafiq sizin yanınıza Yəhuda ilə Silanı göndəririk ki, eyni şeyləri sizə şifahi olaraq şərh etsin. 28 Müqəddəs Ruh və biz vacib olan bu qaydalardan başqa sizin üstünüzə heç nəyi yükləməməyi lazım bildik: 29 Bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməyin; əxlaqsızlıqdan da özünüzü uzaq saxlayın. Bunlardan qaçsanız, düz edərsiniz. Salamat qalın».

Məclislər adətən iştirakçıların razılaşdığı rəsmi qərarlarla bitir və belə qərarlar yazılı surətdə qeyd edilir. Məsihi Cəmiyyətinin ilk ümumi Məclisinin yekunları nə idi?

1) Qərar çıxaran heyət barədə məlumat. Qərar yalnız həvarilər deyil, ağsaqqallarla həvarilər tərəfindən verilib və yalnız bu iki qrup deyil, bütün Cəmiyyət qərardan məsuliyyət daşıyıb, çünki bütün Cəmiyyət Məsihin bölünməz Bədənidir. Bütün Cəmiyyətin razılaşmadığı hər bir qərar çoxlu əziyyətlərə, dərdlərə və problemlərə səbəb olur.

2) Qərarın ünvanlandığı şəxslər barədə məlumat. Qərar təkcə paytaxt Antakyadakı imanlılar cəmiyyətinə ünvanlanmayıb, eləcə də Antakyanın ətrafındakı kiçik cəmiyyətlərə, bütün Suriyada, İskəndərun və Adanada olan cəmiyyətlərə ünvanlanıb. Yerusəlimdəki cəmiyyətin üzvləri bu cəmiyyətdəkiləri bacı-qardaş adlandırıblar. Bununla onların hamısının Səmavi Atanın Padşahlığında eyni hüquqlara malik olduğunu bildiriblər. Bu söz bütün fərqləri, problemləri aradan götürüb, çünki yəhudi mənşəli imanlılar başqa millətlərdən olan imanlıları bacı-qardaş sayırdılar.

3) Bu qərarın mahiyyəti Məsihin xilasından qaynaqlanan sevinc və sülh idi. Yerusəlimdəki qardaşların uzaqlarda yaşayan məsihiləri salamladığı bu “salam” sözünün əsas mənası məhz xilas, sevinc və sülhdür. Bizim vəz etdiyimiz Müjdə sülh və sevincdən ibarətdir. Qanun, tövbə, məzəmmət bizim Müjdəmiz deyildir, biz sizə sevinciniz üçün Məsihin xilasını yayan xidmətçilərik.

4) Bu qərardan aydın oldu ki, Antakyadakı cəmiyyətə gəlmiş qanunpərəst müəllimlər Yerusəlimdəki cəmiyyət tərəfindən göndərilməyib və belə bir tapşırıq almayıblar. Onlar özbaşına öz fikirlərini yaymağa gediblər. Cəmiyyət bu qanunpərəstlərin bacı-qardaşlar arasında çox iztirablara və bölünmələrə səbəb olduğuna təəssüf etdiklərini bildirdi. Yerusəlim məclisinin qərarında bu barədə heç bir şey yazılmayıbsa da, Paul daha sonra qanunpərəstlər haqqında yazıb onları yalançı qardaşlar adlandırmışdı (Qal. 2:4). Biz bircə bunu oxuyuruq ki, Yerusəlimdəki həvarilər onları o təlimləri yaymağa göndərməyiblər və Qüdsdə baş verən birinci məclis onların müstəqil fəaliyyətinə razılıq verməyib.

5) Ən maraqlısı odur ki, məclisin iştirakçıları bir əqidə formulası, dəqiq təlimlər tərtib etməyiblər, ancaq yekdilliklə qərara gəliblər ki, cəmiyyətlərə məclisin qərarını izah etsin deyə imanda möhkəm olan iki adamı seçsinlər. Çünki təkcə yazılmış sözlər yetərli deyil idi, bunlar Allahın xidmətçilərində təcəssüm edən Kəlamına əsaslanmalı idi. Buna görə Yerusəlimdəki məclisin iştirakçıları yeni əmrlərlə birlikdə bu əmrlərin şərhini də göndəriblər, amma bu şərh qalın cildlərdə deyil, Müqəddəs Ruhla dolu olan qardaşlarda idi.

6) Yeni əhd peyğəmbərləri olan bu iki qardaş yola çıxanda Barnaba ilə Paul da onlarla birlikdə idi. Yerusəlimdəki cəmiyyət artıq Barnaba ilə Paula hörmət etdi, onları qüsursuz olaraq tanıyıb sevimli dost adlandırdı. Onlar layiq idilər, çünki Allah məhəbbəti onların ürəklərinə Müqəddəs Ruhla tökülüb. Məhəbbət, sevinc, sülh və xilas Allahın adamları və cəmiyyətlərinin əsası və qüvvəsidir. Bu iki həvarinin şəhadəti məhz belə məziyyətlər üzərində qurulurdu. Onlar Məsihin adı və Cəmiyyəti uğrunda həyatlarını təhlükəyə salırdı. Burada Məsihin Özü barədə dediyi sözlər yada düşür: “Mən gəlmədim ki, Mənə xidmət etsinlər, gəldim ki, Özüm xidmət edim və çoxlarını satın almaq üçün Öz canımı fidyə verim”. Bu, Allah məhəbbətinin əsas bəhrəsidir. O bizi həlak olanlar uğrunda özümüzü fəda etməyə çağırır, necə ki Məsih günahkarlar uğrunda Özünü fəda edib. Məsihiliyin əsas mənası budur.

7) Ondan sonra şərh edilməsi çətin olan bir cümlə oxuyuruq. Yerusəlimdəki rəhbərlər, “Müqəddəs Ruh və biz bu qərarı vermişik” dedilər. Müqəddəs Ruh onlara öyrətmişdir ki, Qanundan azad olan məsihi cəmiyyəti Allahın iradəsinə tamamən uyğun gəlir və cəmiyyətin üzvləri bu yeni qərarları ilə Allahı razı salırlar. Müqəddəs Ruhun qüvvəsi ilə bu qərarda iştirak edən hər kəs özünü bu qərardan Müqəddəs Ruh qədər cavabdeh sayırdı. Onlar könüllü olaraq bu qərardan məsuliyyəti öz üzərinə götürüblər. Müstəqillik ruhu onlara hökmran deyil idi, amma onlar Rəbbin xidmətçiləri və Allahın sirli niyyətini yerinə yetirən idarəçiləri idi (1Kor. 4:1).

8) Sonra onlar Antakyadakı cəmiyyətin üzvlərinə yazıblar ki, dinləri qarışdırmaqdan özlərini gözləsinlər və bütlərə qurban təqdim etməsinlər, hər cür murdarlıqdan uzaq olsunlar və boğularaq öldürülmüş heyvanların ətini və qan yeməsinlər. Bu şərtlərlə onlar yəhudi mənşəli məsihilərlə ünsiyyətdə ola bilərdi. Bu əmr xilas üçün deyil, müqəddəslərin şərikliyi üçün verilmişdir.

SUAL:

  1. Yerusəlimdəki həvari məclisində qəbul edilmiş qərarın əsas məzmunu nə idi?

HƏVARİLƏRİN İŞLƏRİ 15:30-35
30 Beləliklə, adamlar yola düşüb Antakyaya getdi və camaatı bir yerə yığıb məktubu onlara verdi. 31 İmanlılar ucadan oxunan məktubun ürəkləndirici sözlərindən sevindilər. 32 İkisi də peyğəmbər olan Yəhuda və Sila bir çox danışıqlar apararaq imanlı bacı-qardaşları ürəkləndirib ruhən möhkəmləndirdi. 33 Bir müddət orada qalandan sonra onları göndərənlərin yanına qayıtmaq üzrə bacı-qardaşlar tərəfindən əmin-arxayın yola salındılar. 34 Amma Sila orada qalmaq istədi. 35 Paulla Barnaba Antakyada qalıb xeyli başqa adamla birlikdə Rəbbin kəlamını öyrədərək Müjdəni yaydılar.

Barnaba ilə Paulun Yerusəlimə gəlməsinin nəticəsində Məclis Antakyaya məktubu çatdırıb oxuyacaq iki qardaşı göndərməyi qərara aldı. Yəhuda və Sila peyğəmbərlər idi. Onlar, yəhudi mənşəli və başqa millətlərdən olan məsihilər arasında kamil sülh və qarşılıqlı anlayış yaradan Müqəddəs Ruhdan birbaşa ilham alaraq öyrədərdi.

Antakyadakı cəmiyyətdə sülh və sevinc hökm sürürdü və imanlıların fikri müqəddəs borcunda – dünyaya Müjdəni yaymaqda idi. Şeytan daima cəmiyyətləri fərqli təlimlərinə görə bölərək sarsıtmağa çalışır və eləcə də imanlıları dünyaya Müjdəni yaymaq məqsədindən yayındırmağa çalışır. Lakin tərəflər Həqiqət Ruhunun məsləhətinə tabe olanda birliyi qorumağı bacarır və ən böyük ilahi tapşırığı yerinə yetirməyə üstünlük verirlər: dünyaya Müjdəni yayır, itmişləri xilas edir, axtaranları Müqəddəs Ruhla doldururlar.

Hər imanlılar cəmiyyətinin qarşısında duran sual belədir: siz başqaları ilə mübahisə edirsinizmi, yoxsa Müjdəni danışırsınız? Öz aranızdakı problemləri həll etməyə tələsin, çünki Rəbbiniz sizi ixtilaflara çağırmayıb, ətrafınızda xilas Müjdəsini yaymağa çağırıb. Yoxsa siz inadkarlığınız və qürurunuzla Məsihin zəfər yürüşünə mane olmaqmı istəyirsinizmi?

DUA: Ya Rəbb İsa Məsih, Müjdəni çox yavaş yaydığımıza görə bizi bağışla! İmanlılar Cəmiyyətindəki ixtilafları həll etmək üçün kifayət qədər müdrik olmadığımızı bağışla, qürurumuzdan, inadkarlığımızdan keç, qoy biz öz şərəfimizi axtarmayaq, amma Sənin Padşahlığını birgə yayaq, adını izzətləndirək, zəfərini elan edək və qoy ətrafımızda çox insan xilas olsun!

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:18 AM | powered by PmWiki (pmwiki-2.3.3)