Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 016 (Edification through the Ministry)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

7. Həvarilər camaata nəsihət verərək xidmət edirlər (Həvarilərin İşləri 2:37-41)


HƏVARİLƏRİN İŞLƏRİ 2:39-41
39 «...Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür». 40 Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun». 41 Onun sözünü qəbul edənlər vəftiz oldu. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu.

Peter bu təlaşa düşmüş, tövbə edən camaata elan etdi ki, onlar sidq ürəkdən Rəbbə tərəf dönsələr, imanla vəftiz olsalar, Məsihin Padşahlığına qəbul ola bilirlər. Bütün bunlar Müqəddəs Ruhu almaq üçnü şərt idi və həvari onlara bunu öyrədib, Allahın məhəbbətinin böyüklüyünü izah etdi. O dedi:

“Müqəddəs Ruhu qazanmaq olmaz, O, bəxşiş olaraq verilir. Allahın onun ürəyində məskən salmasına layiq olan insan yoxdur. Məsih Öz qanı bahasına bizim üçün bu uca hüququ əldə etmişdir. O, çarmıxda ölməsəydi, heç kəs Müqəddəs Ruha layiq olmayacaqdı. Lakin O öldü və bütün insanların təqsirlərini aradan götürdü. İndi hər kəs heç çətinlik çəkmədən Müqəddəs Ruhu qəbul edə bilər, o şərtlə ki, o, günahlarını dərk etsin, peşman olub, etiraf etsin və onlardan əl çəkəcəyinə qəti qərar versin. Müqəddəs Ruh müqəddəsdir, sənin murdarlığınla, yalanlarınla əsla barışmaz. Bu Həqiqət Ruhu daim Oğulu izzətləndirər və sənin qürurlanmağına yol verməz. Sən Onun səsinə itaət etsən, Allahın Oğlu Məsihə iman etsən, kəffarə qurbanını qəbul etsən, saleh və müqəddəs sayılacaqsan. Nə qədər özünü Məsihə təslim etsən, ürəyini Onun Ruhunun məhəbbətinə açsan, o qədər Allahın qüvvəsi ilə dolacaqsan. Müqəddəs Ruhun səsinə qarşı durma, çünki O səni Ata Allahın surətinə dəyişdirmək istəyir. O rəhmli olduğu kimi sənin də rəhmli olmağını istəyir. Müqəddəs Ruh səni Allahın surətinə döndərmək məqsədi ilə təqdis edir.

Atanın verdiyi vəd yalnız yəhudilər üçün deyildir, Allahın dəvətini eşidib, Xilaskara iman gətirən və günahlı keçmişlərinə görə tövbə edən bütün insanlar üçündür. Bu, insanın dərisinin rəngindən, zəkasından, irqindən, keçmişindən, həyat təcrübələrindən asılı deyildir; insanlar arasında fərq yoxdur, Müqəddəs Ruh uşağı valideyndən, kişini qadından, varlını kasıbdan ayırmır, amma tövbə edərək Məsihin çarmıxını qəbul edən hər kəs Allah tərəfindən övladlığa götürülür, vahid Oğlu Məsihi tanıyır, Onun dolğunluğuna şərik olur. Budur, Müqəddəs Ruh indi səni və milyonlarla insanı Məsihin xilasına nail olmağa çağırır. Zəmanəmizin şüarı, Müqəddəs Ruhun bütün insanlara verdiyi Ata Allahın ailəsinə daxil olmaq dəvətidir. Amma kim bu dəvəti eşidəcək? Kim gələcək? Kim günahlarını dərk edəcək və Məsihə iman edib, böyük qüdrətində yaşayacaq?

Peter və o biri həvarilər çox insanla söhbət etdilər, xilasın sirlərini anlatdılar, şübhələrini dağıtdılar, ürəklərindəki pisliyi ifşa etdilər və onları Allahın böyük məhəbbətinə inandırdılar. Müqəddəs Ruhdan nurlandırılan həvarilər bütün insanlara “əyri nəsil” dedilər. Saleh insan yoxdur. Hər kəsin yolu əyri, varlığı pozğundur. Bu dünyada saleh və düzgün adam yoxdur. Hamı yalana, haqsızlığa, hiyləyə, fırıldağa, nifrətə, qatilliyə, paxıllığa və mənfəətpərəstliyə meyillidir.

Bununla belə, Müqəddəs Ruh bizi bədbinlikdən azad edir, Məsih İsaya çağırır, xudbinliyimizdən xilas edir. O, dünyanı islah etmir, amma imanlıları daxili varlıqlarında dəyişdirir. Sənin ilk öncə xasiyyətini dəyişdirməyə yox, xilas olmağa ehtiyacın var. Çünki sən başqa insanlar kimi yolunu azmısan və Allahın qəzəbindən həlak olursan. Həvari Peter səni “bu əyri nəsildən xilas olmağa” çağırır. O demir ki, sən “yarı əyri, yarı xilas olmuş halda qala bilərsən”, yaxud “Sadəcə Məsihə iman et və rahat-rahat günah etməyə davam edə bilərsən”. Xeyr! Əllinci Gün bayramından bəri Müqəddəs Ruh dünyada yaşayır və Məsih Ona həqiqətən iman edən hər kəsi Öz qüvvəsi ilə xilas edir. Çarmıxda xilas tamamlanmışdır və sən əgər Məsihin məhəbbətinə iman edərək qüvvətinin şüalarına ürəyini açsan, Müqəddəs Ruh bu gün səndə bu üstünlüyü gerçəkləşdirəcək.

Məsihin Cəmiyyətinin doğum günündə Müqəddəs Ruhun dəvətini eşidənlərin sayı üç minə çatmışdı. Bəşəriyyətin tarixində belə nəticəyə nail olan vaizlər az olub, halbuki Peter savadsız bir balıqçı olduğu halda, Allahın Özü onun dili ilə danışdı və onun xidməti çox böyük nəticə verdi.

Təlaşa düşmüş insanlar o saat tövbə edib İsaya iman gətirdilər, çünki Müqəddəs Ruh ürək gözlərini açdı və zehinlərini nurlandırdı. Maraqlıdır ki, həvarilər onlara bir az daha düşünsünlər deyə “sınaq müddəti” təyin etmədi, onların geriyə dönməsinə şərait yaratmadı, nə də ki dərhal Allahın Kəlamını dərindən öyrətməyə tələsmədi, ancaq onları həmin o gündə mümkün qədər tez su ilə vəftiz etdilər! Onlar bilirdilər ki, camaatın imanı sadəcə olaraq ağılla həqiqəti təsdiq edən səthi iman, yaxud ruhani şeylər barədə ağıllı fikir deyil idi, lakin Müqəddəs Ruh imanlılara lütfünü göstərmiş, tövbə etməyənləri isə mühakimə etmişdi. Peter vəzində çox açıq şəkildə imanımızın əsaslarını: Məsihin həyatı, çarmıxı, dirilməsi, göyə qalxması və Atanın sağında oturmasını elan etdi. O həmçinin bu həqiqətləri dərk edən, onlara inanan, Məsihin adı ilə vəftiz olunaraq özünə münasibətdə ölən imanlılarda Müqəddəs Ruhun yaşaması həqiqətini təsdiqlədi. Belə imanlılar dərhal Müqəddəs Ruhu almağa layiqdirlər.

DUA: Ya Rəbb İsa Məsih, Sənə səcdə qılırıq! Biz əyri və pozğun olduğumuza baxmayaraq Müqəddəs Ruhun bizdə məskən salması əsil möcüzədir. Bütün günahlarımızı bağışladığına, bizi təmizlədiyinə görə Sənə minnətdarıq! Bizi Öz həqiqətin və məhəbbətin ilə doldur, qoy biz tam həlimliklə bütün insanları Sənin ardınca getməyə çağıraq! Sən hər kəsi xilas etdin və hər kəsə Müqəddəs Ruhu almaq hüququnu verdin. Bizi möhkəm və canlı imanla doldur! Amin.

SUAL:

  1. Kimlər və nə üçün Müqəddəs Ruhu almağa layiqdir?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:56 PM | powered by PmWiki (pmwiki-2.3.3)