Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 024 (Herod’s Attempt to Kill Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

4. Hirodun İsanı öldürmək cəhdi (Matta 2:12-23)


MATTA 2:12-15
12 Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. 13 Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». 14 Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. 15 Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım».
(Huşə 1:11)

Şeytan Məsihi və Onun ardınca gedənləri məhv etmək istəyir. Lakin Allah seçdiyi Körpəni, çarmıxda xidmətini tamamlayacaq olan Məsihi qoruduğu kimi, Allahın Öz iradəsi ilə gerçəkləşdirdiyi xilasa heç kəs nə mane ola bilər, nə də onu gecikdirə bilər, çünki Allah-Taala Öz elçilərini sona qədər qoruyar! Allah Özü bu mömin münəccimlərə röyada dedi ki, hiyləgər Hirodun yanına qayıtmasınlar. Güman ki, bu röyanı görən onlardan biri deyil idi, onların üçü də eyni gecə yuxuda bu xəbərdarlıqı eşidiblər və bu röyanın Rəbbin işi olduğunu dərk ediblər. Bəlkə də onlar hələ Hirodla və ali məclislə görüşərkən onların üzlərindən yağan hiyləni, istehzanı, nifrəti sezmişdilər. Axırda münəccimlər gizlicə İordan vadisindən keçən yoldan geri qayıtmağı qərara aldılar. Kim iman vasitəsilə Məsihlə ruhani əlaqəyə giribsə, o səma ilə əvvəl ağlına belə gəlməyən ünsiyyət qurmağa nail olur.

Yusif rahatlıq tapa bilmirdi – münəccimlərin ziyarəti və hədiyyələri onu narahat edirdi. Yuxuya getməzdən əvvəl dua edərək, Allahdan ona yol göstərməsini istəyirdi və Allah ona Öz izzətli mələyi vasitəsilə ailəsinin məruz qaldığı böyük təhlükədən xəbər verdi – padşah Hirod balaca Padşahı məhv etmək əzmindəydi. Allah o zalımın hiyləsini bilərək, Yusifə ailəsi ilə birlikdə Misirə getməli olduğunu açıqladı.

Yusif ikinci dəfə insanlardan daha çox Rəbbinə imanla itaət etdi. Gecə yarısında durdu, Məryəmi oyatdı və onlar Körpə İsa ilə birlikdə qaçdılar. Gecə ikən Xevrona çatdılar. Oradan cənuba doğru getdilər, səhra yolu ilə Misirə tərəf səyahət etdilər. Müjdəçi Matta onların yolda çəkdikləri əziyyətlər barədə heç nə yazmayıb, piyada yoxsa heyvanlara minərək getdiklərindən də xəbər verməyib. O ancaq şəhadət etdi ki, Allahın məsləhəti tədricən həyata keçirilir və heç bir şey ona əsla mane ola bilməz.

Bəziləri bu ayələrdə Körpənin adının anasından öncə çəkildiyinə diqqət yetirirlər: «Qalx, Körpə ilə anasını götür…». Çünki Körpə baş qəhrəmandır. Məryəm də burada Yusifin arvadı olaraq deyil, Körpənin anası olaraq adlandırılır və bu Məryəm üçün ən böyük şərəfdir. Yusif, Kənan torpağında qul kimi satılaraq qardaşlarının qəzəbindən canını qurtaran o qədim Yusif kimi deyil idi. Misirdə onlar Rəbbin məbədindən və məbəddəki ibadətdən uzaqda idilər. Onların ətrafı bütpərəstliklə dolu idi, lakin Allah orada da onlara görünürdü, çünki O «qurban deyil, mərhəmət istəyir». Onlar Rəbbin məbədindən uzaqda olsalar da, məbədin Rəbbi onlarla idi. Saleh adamlar Allahın ibadətə dair qanunlarından uzaqlaşmağa və hiyləgər adamlarla oturub-durmağa məcbur olurlar, amma bu, günah deyil. Lakin o adamlarla birlikdə bütpərəstlikdə iştirak etmək günahdır.

Allahın övladlarının Misirdə, qərib ölkədə, köləlik diyarında olmaları heç təəccüblü deyildir. Ancaq Allah onları axtaracaq və mütləq oradan çıxardacaq. Onlar Misirdə gizlənirlər, lakin Allah onları orada tərk etmir. Allahın seçdiklərinin hamısı bir zamanlar təbiətçə Allahın qəzəbinə düçar idi, ruhani Misirdə doğuldu, ancaq təzələndikdən sonra Misirdən azadlığa çıxmağa çağırılırlar.

Münəccimlərin hədiyyə verdiyi qızılda Allahın Körpənin qayğısına qalmasını görmək mümkündür. Allah onları səyahət etmək üçün kifayət qədər pulla təmin etmişdi. Rəbb həmişə Öz övladlarının qayğısına qalır, kəskin ehtiyac vaxtında onlara kömək edir.

İsa b.e.ə. 4-cü ildə Hirod ölənə qədər ailəsi ilə Misirdə qaldı. Hirodun ölüm tarixi İsanın miladi təqvimin başlanğıcından əvvəl doğulmasını bir daha təsdiq edir. Bu gün biz bilirik ki, iqumen Kiçik Dionisi b.e. 533-cü ildə təqvimini düzəldərkən səhvə yol verib: Məsih "sıfırıncı ildə" deyil, miladi tarixin başlanmasından 7-8 il əvvəl anadan olub.

Matta bizə tarixin daha dərin anlayışını göstərdi: Əhdi-Ətiq xalqı Allahdan Misiri tərk etmək çağırışını aldığı kimi, eyni şəkildə Allah Öz Oğlunu qürbətdən Öz doğma torpağına qayıtmağa çağırdı. Bu ayədə İsadan Matta Müjdəsində ilk dəfə "Allahın Oğlu" kimi bəhs edilir. Bu şəhadət Müjdəçinin cəsur olduğunu bildirir, çünki yəhudilər bu cür sözləri küfr sayırdı və belə danışan adamın daşlanmasını tələb edirdilər. İsa Allahın Oğlu ola-ola məğrur və amiranə xarakterə malik deyildir. O kiçikliyindən bəri rədd olunub, qüdrət sahibləri tərəfindən təqiblərə məruz qalıb, kündür (izzət) ilə birlikdə mirranın (əziyyətlərin) olduğunu uşaqlığından Öz təcrübəsində görüb. Çətin vaxtlarından əvvəl Onun qayğısına qalan Səmavi Atası, qürbətdə yaşaya bilməsi üçün Ona kifayət qədər qızılı göndərmişdi.

DUA: Ey Ata, Sənə səcdə qılırıq, ey Rəbbimiz İsa Məsih, Sənə də səcdə qılırıq, çünki daim Sənə qarşı dura biləcək padşah və ya rəhbər yoxdur! Sən qəlbimin sirlərinə agahsan, Sənin Oğlunun düşmənləri ilə bir sırada olmayım deyə, məni yoxla və təmizə çıxart! Qoru məni, ya Rəbb, mən Sənin sevimli Oğluna məhəbbət bəslədiyimə görə rədd olunduqda, təqiblərə və nifrətə məruz qaldıqda, Sən məni Öz himayəndə saxla!

SUAL:

  1. Allah körpə İsanı və valideynlərini Hirodun əlindən necə xilas etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:24 AM | powered by PmWiki (pmwiki-2.3.3)