Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 049 (First Meeting Between Paul and the Apostles)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

7. Paulun Yerusəlimdəki həvarilərlə ilk görüşü (Həvarilərin İşləri 9:26-30)


HƏVARİLƏRİN İŞLƏRİ 9:26-30
26 Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdidir. 27 Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını necə cəsarətlə bəyan edib. 28 Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan edirdi. 29 O yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdi. 30 İmanlı bacı-qardaşlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər.

Luka həvarilərin ardıcıl və təfsilatlı tarixini yazmayıb, lakin ayrı-ayrı fərdlərin həyatında baş vermiş, Kitabının mövzusu üçün önəmli olan olayları nəql edib. Çünki onun bu Kitabı həvarilərin bütün fəaliyyətlərinin ardıcıl xronikası olaraq deyil, Müjdənin Yerusəlimdən Romaya qədər yayılmasının təsviri olaraq nəzərdə tutulmuşdur.

Həkim Luka Paulun Dəməşqdən qaçandan sonrakı illərdə nə ilə məşğul olmasından bircə kəlmə yazmayıb. Həvarinin Qalatiyalılara Məktubundan (1:17-24) onun üç il Ərəbistanda qaldığını öyrənirik. Çox güman ki, Paul orada ərəb dilini öyrənib, öz əlləri ilə işləyib və Müjdəni vəz edib. Lakin Paulun o illəri harada keçirdiyi, oralarda imanlılar cəmiyyətləri qurub-qurmadığı, Ali Şuranın adamlarından gizlənib-gizlənmədiyi, Ərəbistandakı yəhudilərə Müjdəni vəz edib-etmədiyi barədə heç bir məlumatımız yoxdur.

Yalnız onu bilirik ki, üstündən təqribən üç il keçəndən sonra Paul Yerusəlimə getdi və orada həvarilərlə əlaqə qurmağa çalışdı. Lakin təəssüf ki, onun ölümə təslim etdiyi adamlar yadda qaldığından, heç kəs onunla görüşmək istəmədi. Bəlkə də, bəziləri elə bilmişdi ki, Dəməşqin yaxınlığındakı olay Cəmiyyətin düz ürəyinə zərbə endirmək, həvariləri tutmaq və İsəvi hərəkatını dayandırmaq üçün hazırlanmış bir hiylə idi. Ey Məsihin yolunu tutmuş əziz qardaşımız, Şaulun başına gələnləri sən də yaşasan, təəccüblənmə. Ola bilir ki, başqa məsihilər səni qəbul etmir, sənə inanmır, səndən qorxur. Bir yandan da ailən və köhnə dostların səni təqib edir. Bu əziyyətləri öz həyatının dönüş nöqtəsində iman sınağı olaraq Rəbdən qəbul et. Bunların vasitəsilə sən tamamən Rəbbə güvənməyi öyrənəcəksən, çünki yazılıb: “O adam lənətlidir ki, insana güvənir, bəşərin gücünə arxalanır”.

İsa Öz qulunu əsla tərk etməyib, lakin imanlı kipriot Barnabanın ürəyinə ona kömək etmək arzusu qoydu. Əvvəlcə Cəmiyyəti təqib edən bu adamla görüşən Barnaba onun şəhadətliyinə qulaq asdı və keçmiş düşməninə inandı. Dəməşqin yaxınlığında Məsihin ona zühur etdiyinə və onun əqlən dəyişildiyinə tamamilə əmin olan Barnaba axırda Şaulu həvarilər ilə görüşdürməyə cəsarət etdi, Şaul üçün imanlı qardaşlarla ünsiyyətə aparan qapını açdı. Barnaba, imana gəlmiş düşmən ilə Cəmiyyət arasındakı körpü oldu. Məsih sənə də bəzi bacı-qardaşlar verəcək, onlar sənin yanında olacaqlar, sənə inanacaqlar, illər uzunu səni dəstəkləyəcəklər. Ancaq sən həmişə bunu yadda saxla ki, səni xilas edən onlar deyil, Məsihdir; yalnız O, səni kamilləşdirən Rəbb və Xilaskardır. Yalnız Ona ümid bağla!

Şaul, Rəbbin ona necə zühur etdiyini, izzətini öz gözləri ilə gördüyünü, səsini eşitdiyini və İsanın adı ilə Müjdəni yaydığını Peterlə Yəhyaya anlatdı. İsa onu seçib, Dəməşq yolunda çağırdı, buna görə o, yəhudilər tərəfindən təqib edildi, hədələndi. Paulun ilk həvarilərə verdiyi bu cəsarətli şəhadəti və davamlı ünsiyyəti sayəsində onların arasında inam dolu münasibətlər yarandı.

Onlar Paulun keçmişdə törətdiyi qətl cinayətlərini, Cəmiyyətin çox əziyyət çəkməsinə, göz yaşı tökməsinə bais olduğunu bağışladılar. Rəbb onları bağışladığı kimi bağışladılar. O günlərdə bu Allah adamları arasında yaranmış dostluq münasibətləri, Cəmiyyətin salehlik, Qanun və lütf ilə xilas barəsində mühüm mübahisələrdən sarsıldığı zamanlarda da möhkəm qaldı. Şaulun həvarilərlə görüşdüyü bu qısa müddət (on beş gün) məsihiliyin inkişaf etməsində önəmli rol oynamış və yəhudi məsihilər ilə başqa millətlərdən olan məsihilərin arasındakı bölünmənin qarşısını almışdır. Yəhudi və başqa millətlərdən olan məsihilər bir Ruhda və bir qüvvədə birgə yaşayırdılar.

Eyni zamanda Qanun alimi olan Paul, keçmişdə Stefanı tələyə salmış mütəfəkkir “ellinləşmiş” yəhudilərlə mübahisə etdi. Çox oxumuş Paul onların tənqidlərini təkzib edir və İsanın vəd olunmuş Məsih və Allahın Oğlu olduğunu Tövratdan sübut edirdi. Buna görə qəzəblənən yəhudilər Paulu öldürmək qərarına gəldilər. Onların gözündə Şaul imandan dönmüş, amansızcasına məhv edilməyə layiq bir adam idi.

Həvarilər və imanlılar cəmiyyətinin üzvləri cəmiyyətə qarşı şiddətli təqiblərin qarşısını almaq üçün Paulun şəhəri tərk etməsində təkid etdilər. Onu liman şəhəri Qeysəriyyəyə aparıb yola saldılar. Paul Kiçik Asiyanın cənub-şərqində yerləşən doğma Tarsus şəhərinə getdi. Tarsusda nisbətən uzun müddət yaşadı. Ola bilsin ki, Paul Suriyada Müjdəni yaymağa başladı, lakin bu barədə dəqiq məlumatımız yoxdur (Qal. 1:21).

DUA: Ey yaşayan Rəbb İsa, imanımızın təməli, himayədarımız və ümidimiz olduğuna görə Sənə şükür edirik! İmanlıları öyrət ki, onların Banisi və Kamilləşdiricisi olaraq Sənə göz diksinlər!

SUAL:

  1. Şaul hələ Cəmiyyətə qəbul olunmamışdan əvvəl, keçmiş dostları tərəfindən təqib olunduğu zaman Məsihdən necə təsəlli aldı?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:39 AM | powered by PmWiki (pmwiki-2.2.109)