Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 274 (Christ’s Command to Teach Sanctification)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
YEDDİNCİ HİSSƏ - İsanın ölümdən dirilməsi və böyük tapşırığı (Matta 28:1-20)

9. Məsihin müqəddəs həyatı öyrətmək əmri (Matta 28:20)


MATTA 28:20
20 ...sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin…
(Mat. 5:17-20; 7:21-27)

Məsih həvarilərinə bütün xalqlara Müjdəni yaymağı, Ona iman edənləri vəftiz etməyi tapşırandan sonra, iman edib vəftiz olanların ruhən böyüməsi, Tövrat və İncili dərindən tanıması üçün onlara təlim öyrətməyi, onları imanda möhkəmləndirməyi əmr etdi.

İsa istəyir ki, imanda böyüməyimiz, çətin günlərdə təsəlli almağımız, Ona fəal xidmət etməyimiz üçün Onun sözlərini əzbərdən öyrənək, şüurumuzu onlarla dolduraq. İsanı sevən adam əmrlərinə əməl edir. Biz Məsihi şərəfləndirmək, izzətləndirmək üçün hər gün tövbə etməli və Məsihin ayələrindən birini əzbərləməliyik.

Bilik yetərli deyildir. Biliyimizi həyatda əməli şəkildə tətbiq etməliyik. Buna görə Rəbb İsa bizə İncilə yaraşan tərzdə həyat sürməyi əmr etdi. İsa dedi: “Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin” (Yəh. 13:34). Məsih Qanunun ürəyidir, özüdür. Onun məhəbbəti bizim məhəbbətimizin meyarıdır. Biz xilas olmaq üçün sevmirik, çünki İsa Məsihin qanı sayəsində artıq xilas olmuşuq. Lakin İsa istəyir ki, biz Onun surətinə dəyişilək və Onun lütfü ilə təqdis edilərək Onu sevək, Onun bizi sevdiyi məhəbbətinə görə şükür edək, necə ki O dedi: “Düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin” (Mat. 5:44). O həmçinin belə dedi: “Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz” (Mat. 6:14-15). Bundan əlavə, İsa dedi: “Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək” (Mat. 7:1-2).

Məsihin Əhdi-Cədiddə yazılmış min əmrinə ciddi yanaşan adam İsa kimi sevmədiyinə görə vicdan əzabı çəkir. Məsihin əmrləri bizi tövbəyə gətirir, qürurumuzu sındırır. Biz özümüz öyrətdiyimizə əməl etmiriksə, başqalarını necə öyrədə bilərik?

Padşahların Padşahı tələb edir ki, biz Onun əmr etdiyi hər şeyə riayət edək və əmrlərini başqalarına öyrədək. Sən Məsihin əmrlərini bilmədən, başqalarına necə öyrədə bilərsən? Dörd Müjdədə Məsihin Qanununu öyrəndiyimiz zaman 1000-dən artıq əmr və qayda-qanunlarını tapırıq. İsa bu əmrləri ailə üzvlərimizə, cəmiyyətimizə, dost-tanışımıza öyrətməyimizi tələb edir. Bununla biz xilası qazanmırıq, xilas üçün xeyirli və saleh işlərimizi çoxaltmırıq, amma xilas üçün Məsihə şükür edirik, çünki O, çarmıxda bizim üçün xilası tamamlayıb. İsa Öz Qanununun qayəsini belə izah edib: “Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun” (Mat. 5:48). Onun Qanununu öyrənən, araşdıran, ona əməl edən adam qürurunu sındırar və daim tövbədə yaşayar, çünki saleh insan yoxdur (Rom. 3:9-20). Məsihin bütün əmrlərinə riayət etməyə çalışan adam artıq ikiüzlü həyat sürə bilməz, özünü başqalarından üstün saya bilməz, lakin özünü aşağı tutar və hər gün Xilaskarından əfv və güc diləyər. Hər gün Rəbbin əmrlərinə riayət etməyə çalışmaqla yanaşı, bunları başqalarına da öyrədər.

DUA: Müjdənə görə Sənə şükürlər olsun, ya Rəbb İsa. Sən bizi xilas etdin, bizə salehliyini bəxş etdin. Bizə kömək ol ki, biz Sənin əmrlərinə riayət edək, onları ürəyimizdə saxlayaq və başqalarına öyrədək. Çoxlu əmrlərinə əhəmiyyət verməmişiksə, bizi bağışla və bizi əmrlərində qüvvətləndir ki, biz özümüz əməl etmədiyimizi başqalarına öyrədə-öyrədə, onları büdrətməyək! Həyatımızda hər cəhətdən təqdis olunmaqda, Müqəddəs Ruhun qüvvəsiylə Sənin ardınca getməkdə bizə kömək ol!

SUAL:

  1. Məsihin əmrlərindən neçəsini tanıyırsan? Onlara riayət edirsənmi və onları başqalarına öyrədirsənmi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:22 AM | powered by PmWiki (pmwiki-2.2.109)