Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 207 (The Eighth Woe)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

10. Səkkizinci “vay halınıza!” (Matta 23:29-33)


MATTA 23:29-33
29 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz. 30 “Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz. 31 Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz. 32 Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın! 33 Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız?
(Yer. 26:20-23; Mat. 5:12; Həv. 7:52)

İsanın zəmanəsində xalqın başçıları, şəhadətləri uğrunda şəhid edilən peyğəmbərlərə əzəmətli məqbərələr tikirdilər. Bu yaxşı əməlləri ilə onlar gələcək cəzadan qaçacaqlarını umurdular. Rəbbin bu sadiq qullarını öldürən o başçıların əcdadları idi, indi isə qatillərin nəsli ata-babalarının günahını, rüsvaylığını yumağa çalışaraq, şəhid edilmiş salehlərə gözəl heykəllər inşa edirdilər. Ancaq ikiüzlülərin bu cəhdlərinə heç sevinməyən Məsih onları “peyğəmbərləri öldürənlərin övladları” deyə adlandırdı. Məsih mühakimə sözləri ilə ikiüzlüləri ayıltmağa, tövbə edib Ona tərəf dönməyə vadar etməyə çalışdı. Lakin onlar ata-babalarının şər yolunu tutaraq, İsanı öldürtdülər və beləcə Allahın mühakiməsinə düçar oldular.

Rəbb İsa özlərini saleh sayan bu adamları müqəddəs qəzəblə “ilanlar, gürzələr” adlandırdı. Onlar qədim ilan olan şeytanın nəsli idi, ürəkləri yalan, hiylə və zəhərlə dolu idi. İsa onlara inadkarlıqlarının və tövbə edib Ona tərəf dönmək istəməmələrinin axırı barədə xəbərdarlıq etdi.

Biz Rəbb İsaya minnətdarıq ki, Allahın qədim xalqından minlərlə adam Onun dəvətini eşidəndə tövbə etdi və Müqəddəs Ruhun tökülməsi ilə yeniləndi. Onun həvarilərinin şəhadəti və duaları bizi canlandırır, yeni həyat və ümid verir, çünki biz görürük ki, Məsih onlarda qədim ilanın ruhunu məğlub etdi və onlar diri su mənbəyi oldular, paklıq, həqiqət, məhəbbətlə doldular. İmanlılar Cəmiyyəti bu möhkəm təməl – həvarilərin Məsihdə, Məsihin də həvarilərdə olması təməli üzərində qurulmuşdur.

Məsih bu gün hələ də ilk öncə məsihi adını daşıyan şəhər və kəndlərə “Vay halınıza!” deyərək, nöqsanlı məhəbbət və imanda etinasızlıq barədə xəbərdarlıq edir. Biz məsihilər ürəkdən tövbə edib müqəddəs İsaya xidmət etmiriksə, Onun həyatı ilə yaşamırıqsa, həlimlik, lütf və imanla həyat sürmürüksə, vay halımıza!

DUA: Ey müqəddəs Səmavi Ata, Sən müqəddəssən və Sənin hökmlərin ədalətlidir. Böyük səbrinə görə Sənə minnətdarıq! Bizə ürəkdən tövbə etməyi öyrət, qoy biz və bütün dostlarımız qəlbimizi sındıraq və gələcək qəzəbə düçar olmayaq! İkiüzlülük və qürurdan bizi qurtar! Bizdə təmiz ürək yarat və daxilimizə yenidən sədaqət ruhunu ver! Bizi Öz hüzurundan atma və Müqəddəs Ruhunu bizdən götürmə!

SUAL:

  1. Niyə İsa zəmanəsinin dindar adamlarını mühakimə edirdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:08 AM | powered by PmWiki (pmwiki-2.2.109)