Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 132 (Parable of the Mustard Seed and Parable of the Leaven)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
2. Məsih Səmavi Padşahlığın ruhani böyüməsi barədə məsəllərlə öyrədir (Matta 13:1-58) -- İsanın sözlərinin üçüncü məcmuəsi

c) Xardal toxumu və maya məsəlləri (Matta 13:31-35)


MATTA 13:31-32
31 İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. 32 Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur».
(Yez. 17:23; Mark 4:30-38; Luka 13:18-19)

Kirbit kiçik olduğu halda çox böyük şeylər yandıra bilər. Allahın Kəlamı da belədir. O, bütün dünyanı yandıran alova səbəb olan kiçik qığılcım kimidir. Məsih bizi Allahın Kəlamına yönəldir; Kəlam yavaş-yavaş işləsə də, heç nə onun qarşısını ala bilməz. Məsihin adına və xilasa şəhadət edən hər kəs çox səbirli olmalıdır, çünki çarmıx barəsindəki təlim yeni həyat meydana gətirməyə qadirdir. Dünyada müxtəlif təlimlər öyrədən, insanı ucaldan, çarmıxın qüvvəsini etibardan salan çoxlu kitablar var. Bununla belə, dünyada İncil qədər çox yayılan başqa kitab yoxdur, çünki hər gün dünyada milyonlarla insan bu Kitabdan qüvvə, təsəlli, əbədi həyat alır.

Məsih Özünü əhəmiyyət verilməyən xardal toxumuna bənzədir ki, o bitəndə yekə ağac kimi böyüyür və bütün xalqlarda səmərə verir. Məsihin yayılmış ideyaları vasitəsilə dünya mədəniyyətlərinə dolayı təsiri, dərk etdiyimizdən qat-qat çoxdur. Ağacın budaqlarına qonan quşlar ağacın hissəsi deyildir. Onlar uçub gəlir, budaqlara qonub yarpaqları dimdikləyir, lakin ağacın özündən qüvvət almırlar. Məsihdə qalmayan, lakin Ondan faydalanan insanlar da belədir. Məsihə iman edib Kəlamını dərindən araşdıran adamın ürəyində sülh, sevinc və həqiqət əmələ gəlir.

MATTA 13:33-35
33 İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır». 34 İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki, 35 peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: «Ağzımı məsəllərlə açacağam, dünya yaranandan bəri gizli qalan şeyləri bəyan edəcəyəm».
(Mark 4:33-34; Luka 13:20-21; Zəb. 78:1-2)

Qadın una maya qoyur ki, xəmirin dadı yaxşı olsun. Biz də ürəyimizə Kəlamı xəzinə kimi “qoymalı” və Kəlam vasitəsilə təqdis olunmalıyıq (Yəh. 17:17).

Maya xəmiri çörəyin bişirilməsi üçün yararlı etdiyi kimi, Allahın Kəlamı da pozulmuş adamı yararlı və saleh edir. Məsih bizimlə məşğul olmasa, biz pis, tənbəl, xudbin adam olaraq qalırıq, ancaq Müqəddəs Ruh bizi yoxsulların dərdinə şərik olan, bizi incidənlərə görə dua edən xidmətçi edir. Maya səssizcə, sakitcə, hiss edilmədən işini gördüyü kimi, Müqəddəs Ruh da imanlıların ürəyində sakitcə işləyir.

Allahın Kəlamı olmasa, dünya yoxsul, zəif, itmiş halda qalar. Lakin bu Kəlamda Allahın bütün qüvvəsi, Onun Padşahlığının ənamları gizlənir. Müqəddəs Kitab saf qızıldan qiymətlidir. Müqəddəs Kitabdan çoxlu ayələri əzbərlə və əsla tükənməyən, əbədi həyatda davam edən xəzinəni əldə edəcəksən. Bu sözlər səndə bir qüvvə olacaq və çoxlarını dəyişdirib, onlara bol sevinc və səadət verəcək.

Maya una fəal təsir göstərir, xəmiri acıdır: “Allahın kəlamı canlı və təsirlidir” (İbr. 4:12). Maya tədricən işini görsə də tez görür, Kəlam da həmçinin. Adam hiss etməsə də, Kəlam ona təsir edir (Mark 4:26). Bununla belə, təsiri güclüdür və öhdəsindən gəlmək qeyri-mümkündür. O, səssiz-küysüz işini görür, axı Müqəddəs Ruh belə işləyir. Maya xəmirin içində gizli şəkildə mövcuddur və bütün dünyanın “xəmiri” acıyanda, buna heç bir qüvvə mane ola bilməyəcək! Bu işdən heç kəs baş aça bilməz, lakin bütün xəmir tədricən acıyır.

DUA: Ey Ata, Öz Kəlamını ürəyimizə və evlərimizə əkdiyinə görə Sənə şükür edirik. Kəlamının Sənə boş yerə qayıtmayacağına, amma güclü təsir göstərərək daşa dönmüş ürəkləri yumşaltdığına və çox meyvə verən canlı ağaclara döndərdiyinə inanırıq. Bizim xalqlarımızı Müqəddəs Ruhla “acıt”! Bizdən başla – ailələrimizi də təqdis et, qoy biz ağıllı və xeyirxah insanlar olaq!

SUAL:

  1. Xardal toxumu və maya məsəlləri bizə nə öyrədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:51 AM | powered by PmWiki (pmwiki-2.2.109)