Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 116 (Unity of the Holy Trinity)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

c) Müqəddəs Üçlüyün birliyinin zühurü (Matta 11:25-27)


MATTA 11:25-27
25 O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. 26 Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. 27 Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz.
(Yeş. 29:14; Luka 10:21-22; Yəh. 17:25; 1Kor. 1:18-29; Fil. 2:9)

Bu ayələr bizə İsanın Səmavi Atasına necə dua etdiyini göstərir. Biz İsanın bu duasında ürəyini, Allahla münasibətini görürük. Bu duanı dərindən düşünərək Allahın Oğlunun həyatının “Ən Müqəddəs Yerinə” daxil olub Oğulun Atasına tabe olduğunu müşahidə edir, Müqəddəs Üçlüyün birliyi daxilindəki söhbətlərindən birini eşidirik.

İsanın çox sevdiyi xalqı tərəfindən təhqir və rədd edildiyindən kədərlənməyinə baxmayaraq, O, Səmavi Atasına həmd etdi, dərin minnətdarlığını bildirdi. İsa Onunla pis rəftar etdiklərindən, Onu rədd etdiklərindən şikayət etmədi, Haqq-Taalanın hər vəziyyətə tam hökmran olduğuna inandı, Onun dediyinə tabe oldu, Onun müqəddəs adını ucaltdı.

Məsih Allaha Ata adı ilə müraciət etdi, çünki İsa Onun Ruhundan doğulub, əzəldən Allahla birlikdə var Olandır. O hər zaman Allahla birdir, daima məhəbbətində sabit qalır. Həqiqətən, Allah Ata, Oğul və Müqəddəs Ruh olan bir Allah kimi Özünü tanıtmışdır.

Məsih Atasına Rəbb dedi, necə ki Davud peyğəmbərlik etmişdir: “Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək sağımda otur»” (Zəb. 110:1). İsa bilir ki, Atası hər şeyə qadir Olandır. İsa bu sirri dərk edir: Allah Atadır, İsa da Oğuldur. Bu sirr dünyanın bilikli və savadlı adamlarından gizli qalır. Bütün məktəblər, universitetlər, fəlsəfələr, məzhəblər öz cəhdləri ilə Müqəddəs Üçlüyün birliyini dərk edə, xilası qəbul edə və Müqəddəs Ruhla dola bilməzlər. Şübhəsiz, Məsih bütün insanları cənnətə aparmaq istəyir.

Həqiqətən, şükür bütün iztirablı, həyəcanlı fikirlərə layiqli cavabdır, bizə təskinlik verə biləcək təsirli bir çarədir; ruhdan düşən adam üçün ən yaxşı dərman həmd oxumaq, Rəbbi alqışlamaqdır. Həmd-şükür bizə kədərdən, məyusluqdan şəfa tapmaqda kömək edir. Biz çıxış yolu görməyəndə, qorxuya qapılanda, Rəbbə pənah gətirək, Ona bu sözlərlə müraciət edək: “Ey Ata, Səndən razıyam!” Allaha şükür edək, çünki hər şey Onun əlindədir!

Duada Özündən imtina edən İsa Allahın qüdrətinə şərik oldğunu təsdiq edir. Oğul Atasının iradəsinə görə itaətkar olduğuna görə Atası Ona yerdə və göydə bütün səlahiyyəti verdi. İsanın səlahiyyətinin sirri Ata Allahı tanımasındadır. Ata Allahı yalnız Onunla və Onda yaşayan, xilas planında iştirak edən şəxs tanıyır. Səmavi Ata birdir, Məsih də Onun məhəbbətinin surəti, varlığının lövhəsidir. Yalnız Məsih Allahı tanıyır. Heç bir peyğəmbər Allahı həqiqətən tanımayıb, təkcə Məsih tanıyıb, çünki Məsih Onun varlığından doğulub və Müqəddəs Ruhunun dolğunluğunu Özündə daşıyır. İsadan başqa heç kəs Allahı həqiqətən olduğu kimi tanıya bilməmişdir, çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır.

Atanı və Oğulu tanımaq insan ağlı üçün qeyri-mümkündür. Yalnız Müqəddəs Ruh insana bu sirri açır. İnsan təbii olaraq iman gətirə bilməz, Allahın Öz lütfü ilə ona ilham verib həqiqəti açmasına ehtiyacı var. Sən də, qardaşım, öz cəhdlərin, dualarınla Allahı dərk edə bilməzsən. Allah Özü sənə yaxınlaşar, səni axtarar və qüvvətləndirər. İsanın dəvəti ilə ruhani gözlərin açılar.

Əbədi Müjdənin sirləri, dünyəvi elm və fəlsəfədə şöhrət qazanmış bir çox “müdrik və dərrakəli adamlardan” gizli qalmış və hələ də qalmaqdadır. Ən böyük alimlərdən, ən güclü siyasətçilərdən bəziləri Müjdənin sirləri qarşısında ən çox cahil olurlar. “Dünya öz müdrikliyi ilə Allahı tanımadı” (1Kor. 1:21) və həqiqətən də Müjdə “yalan yerə «bilik» adlanan” (1Tim. 6:20) elmin hücumlarına düçar olmuşdur. Dünyəvi, maddi şeylərdən yaxşı başı çıxan adamlar çox vaxt ruhani şeyləri anlamırlar. Bəziləri təbiəti tədqiq edir, siyasəti dərindən öyrənirlər, lakin Səmavi Padşahlığın sirlərini bilmirlər.

Cahillər ilə uşaqlar arasındakı bu fərq Allahın işidir. Allah Özü bunu müdrik və dərrakəli adamlardan gizlətmişdir. Allah onlara başqalarından artıq ağıl, bəşəri elm və bilik verib, lakin onlar qürurlanıblar və özlərindən başqa heç nə görməyiblər. Bu səbəbdən Allah haqlı olaraq tövbə və vəhy Ruhunu onlara vermir. Onlar Müjdəni eşitdikləri halda, Müjdə onlara qəribə gəlir. Onların cahillik və ağılsızlıqlarının səbəbkarı Allah deyildir, lakin Allah onları öz iradələrinə təslim edir və onlar öz günahları tərəfindən cəzalandırılır, beləcə Allahın ədaləti zühur edir. Onlar əldə etdikləri müdriklik və dərrakə ilə Allahı izzətləndirsəydilər, Allah onlara daha böyük həqiqəti də açacaqdı. İndi ki onlar öz ehtiraslarına qulluq edirlər, Allah da onların ürəklərindən bu biliyi gizlədib.

Biz oxuyuruq ki, Allah Onun Ata olmasını anlamaq istəyənlərə bu sirri açır. O həqiqətən də bütün insanların xilas olmalarını istəyir, ancaq insanlar Ata, Oğul və Müqəddəs Ruhu qəbul etmək istəmirlər və Allahın lütfünə qarşı dururlar. İnsanlar Məsih üçün ürəklərini açmasalar, Məsih onlara hazırladığını verə bilməz.

DUA: Ey Səmavi Ata, Sənə alqışlar olsun, çünki Sən Məsihin yer üzündəki xidməti zamanında sadə uşaqlara Özünü Məsihdə tanıtdın, tövbəyə ehtiyacı olmadıqlarını düşünərək sirləri dərk etməyə çalışanlara isə yox. Bizi dəvət etdiyinə, gözlərimizi açdığına, ürəklərimizi nurlandırdığına və vahid Allah olan Ata, Oğul və Müqəddəs Ruhu tanımağı bizə nəsib etdiyinə görə Sənə şükür edirik! Evlərimizdə, ölkəmizin məktəblərində bir çoxlarının ürəklərini aç ki, inadkar olub həlak olmasınlar!

SUAL:

  1. Məsih necə Allah Onu tanıdığı kimi həqiqətən Allahı tanıyır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:47 AM | powered by PmWiki (pmwiki-2.2.109)