Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 089 (Christ’s Authority)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

7. Məsihin günah bağışlamaq və şəfa vermək səlahiyyəti (Matta 9:1-8)


MATTA 9:1-8
1 İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. 2 Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». 3 Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». 4 Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? 5 Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 6 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» 7 Xəstə qalxıb evinə getdi. 8 Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi.
(Çıx. 34:6-7; Zəb. 103:3; Mark 2:1-12; Luka 5:17-26)

Məsih xəstəliklər, təbiət qüvvələri və pis ruhlar üzərində qələbə çalır və eləcə də günahları bağışlayır. Əvvəlki hadisələrdə gördüyümüz kimi, ümumiyyətlə xəstəliyin, xaosun, ölümün səbəbi günahdır, çünki günah bizi Allahdan və Allahın sülhündən uzaqlaşdırır. Rəbdən uzaq yaşayan adam mütləq günah işlədər. Həvari Paul bizə öyrədir ki, hamı günah edib, Allahın izzətindən məhrum olub (Rom. 3:23).

Bu əhvalatda Məsih xəstənin vicdan əzabı çəkdiyini gördü və öncə onu təqsirkarlıq hissindən azad etmək, sonra ona şəfa vermək istədi. Ancaq bunun üçün günahkar öz ürəyini şəfaya açmalı idi. Xəstəni İsanın yanına dörd dostu daşımışdı. Xəstənin və dostlarının imanını görən İsa xəstəni imanda bir “oğlu” adlandırdı, günahlarından keçdi və bütün təqsirlərini bağışladı. Günahkar adam o saat saleh sayıldı və lütf ilə Allahın bir oğlu oldu.

Məsih xəstəyə yatağını götürməyi əmr edərək tamamilə şəfa tapdığını göstərdi. O artıq yataqda daşınmayacaqdı, lakin özü öz yatağını götürüb daşıyacaqdı. İsa ona evinə getməyi əmr etdi, çünki o, neçə ildir ağır yük olduğu ailəsinə bundan sonra kömək olacaqdı. İnsanlardan izzət qazanmağa çalışanlardan fərqli olaraq, İsa bu adamı hamıya göstərmək üçün Öz yanında saxlamadı.

Günahların bağışlanmasında zahir olan Allahın məhəbbəti necə əzəmətlidir! Məsih Öz sözü ilə səni də azad edibmi? Bu sualın cavabı sənin həyatında bütün diplomlardan, şəhadətnamələrdən, imtahanlardan daha önəmlidir. Günahlarının bağışlanmasına əmin olmaq üçün çarmıxa çəkilərək sənin günahlarını daşıyan, sənin uğrunda canını kəffarə qurbanı olaraq təqdim edən Məsihə baxmaq lazımdır. Ona iman edən hər kəs saleh sayılır, Onun məhəbbətini qəbul edən hər kəsin ürəyinə xilas gəlir!

Məsihin iflic olan bu adamın bütün günahlarını bağışlaması Tövrat alimlərini hiddətləndirdi, onlara küfr kimi gəldi. Onlar İsanın ilahiliyinə inanmadığından, Onuin son dərəcə böyük günah etdiyini düşündülər və bu günaha görə Onu daşa tutmaq istədilər. Məsih onların fikirlərini bilirdi, necə ki hər kəsin ağlında və ürəyində olanı bilir. Pis fikirlər adamlardan gizli olsa da, əzəli Kəlam olan Məsihin qarşısında çılpaq və açıq-aşkardır.

O vaxt Məsih onlara Haqq-Taalanın Oğlu olduğunu demədi. O onların bu böyük möcüzə barəsində götür-qoy etmələri üçün Özünü “Bəşər Oğlu” adlandırdı. Onun xidmətkar, şəfa verən, Xilaskar Şəxsində Allahın səlahiyyəti yaşamışdır.

Məsih düşmənlərini rədd etmədi, lakin Özünün əsil Bəşər Oğlu, günahlarını bağışlamağa səlahiyyəti olan Şəxs olduğunu sübut etdi. İflic olan adamın şəfa tapacağını əvvəlcədən xəbər verən İsa xəstəyə dönüb sözünü söylədi və Onun ilahi sözündən xəstənin bədəninə qüvvə gəldi və o həm şəfa tapdı, həm də ruhən dirçəldiyini, təzələndiyini hiss etdi. Qalxıb yatağını götürərək Məsihin uca səlahiyyətini təsdiqlədi.

Gəlin, İsanın bizə şəfa verməsi üçün bir-birimizi daşıyaq, o zaman biz günahlarımızın bağışlanmasına nail olub ruhani iflicdən şəfa tapacağıq, çarmıxa çəkilmiş Olanın gücü ilə fəal xidmətlə dolu yeni həyat üçün diriləcəyik və Nazaretli İsanın qüdrət və əzəmətinə şəhadət edərək Onun yolunda çalışacağıq.

DUA: Ey Ata, Sənə görə cuşa gəlib sevinirik, çünki Sənin Oğlun bütün günahlarımızı bağışlayıb çarmıxda yox etdi! Biz Səni ucaldırıq, məhəbbətinə səcdə edirik, Sənin Padşahlığının xilasından hələ xəbərsiz olan itmişlərin xilası üçün yalvarırıq. Mühitimizdə salehliyə can atan adamları ayaqların altına gətiririk, məhəbbətini görməyən korlar üçün vəsatət edirik. Duamızı eşit, şəfa ver, xilas et, rəhm et!

SUAL:

  1. İsa iflic olan adamın günahlarını necə bağışladı?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:41 AM | powered by PmWiki (pmwiki-2.2.109)